Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir

 

Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Muxtar respublikada mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artırılmasına və ümumilikdə muxtar respublika iqtisadiyyatının dinamik inkişafına nail olunmuşdur.

Uğurlu iqtisadi siyasətin nəticəsi kimi cari ilin ilk yarısında da real sektorda və sosial sferada dinamik inkişaf meyilləri qorunub saxlanılmışdır.

Heç şübhəsiz ki, ötən dövrün ən mühüm hadisələrindən biri ölkə başçısı cənab İlham Əliyevin muxtar respublikaya səfərə gəlməsi oldu. Bu səfər zamanı ölkə başçısının cəmi bir gün ərzində 10 yeni obyektin - Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Fövqəladə Hallar Nazirliyinin inzibati binasının, Naxçıvan Şəhər Gömrük İdarəsi üçün yeni kompleksin, Sement Zavodunun, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət evinin, həmin qəsəbədəki "N" saylı hərbi hissədə qərargah binasının, Naxçıvan-Culfa magistral avtomobil yolunun, Culfa şəhərində Uşaq Musiqi Məktəbinin, Sərhəd Komendantlığının və Sərhəd Zastavasının açılış mərasimlərində iştirak etməsi inzibati ərazimizdə sürətli tərəqqinin əyani göstəricisidir.

Aparılan genişmiqyaslı quruculuq işlərini və təmin olunmuş dinamik tərəqqini yüksək qiymətləndirən ölkə başçısı cənab İlham Əliyev çətin şəraitdə əldə olunmuş bu inkişaf haqda belə qeyd etmişdir: "Naxçıvan blokada şəraitində yaşayır. Ancaq naxçıvanlılar bu blokadanı hiss etmirlər. Çünki həm Naxçıvanın rəhbərliyi çox böyük işlər görür, həm də Azərbaycan dövləti hər zaman olduğu kimi, Naxçıvana böyük diqqət göstərir".

Muxtar respublika iqtisadiyyatının bütün sahələrində əldə olunmuş uğurlu nəticələr sosial-iqtisadi inkişafı xarakterizə edən və əsas makroiqtisadi göstərici olan ümumi daxili məhsulun həcminin dinamik artmasına zəmin yaratmışdır. Belə ki, muxtar respublikada ilk dəfə olaraq yarımillik dövrdə ümumi daxili məhsulun həcmi 1 milyard ABŞ dolları səviyyəsini üstələmişdir. Ümumilikdə, bu göstərici bir il öncəyə nisbətdə 14 faiz artaraq 885 milyon 96 min manata, onun hər bir nəfərə düşən həcmi isə 14,2 faizlik artımla 2103,9 manata (2676,3 ABŞ dollarına) çatmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 30,8 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 23,6 faizlik xüsusi çəki ilə tikinti sektoru tutmaqdadır.

2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2012-ci ilin yanvar-iyun ayları ərzində sənaye məhsulunun həcmi 14,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 13,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,5 faiz, nəqliyyat sektorunda yük daşınması 10,6 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 6,5 faiz, o cümlədən mobil rabitə xidmətləri 5,7 faiz, pərakəndə əmtəə dövriyyəsi 17,5 faiz, əhaliyə göstərilən pullu xidmətlər 14,6 faiz, xarici ticarət dövriyyəsi 4,9 faiz, o cümlədən ixracın həcmi 6,3 faiz, əhalinin gəlirləri 4,8 faiz, hər bir nəfərə düşən gəlirlər 2,7 faiz, orta aylıq əməkhaqqı isə 8,9 faiz artmışdır.

 

Sənaye

 

Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər bazar iqtisadiyyatı mexanizmləri əsasında sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə, yerli və xarici investisiyaları, müasir texnologiyaları cəlb etməklə və qabaqcıl idarəetmə təcrübəsindən faydalanmaqla rəqabətədavamlı məhsul istehsal edən müəssisələrin, yeni iş yerlərinin yaradılmasına və nəticə etibarilə, iqtisadi qüdrətin artırılmasına yönəldilmişdir.

Uğurlu islahatların nəticəsidir ki, 2012-ci ilin yanvar-iyun ayları ərzində 402 milyon 338 min manatlıq sənaye məhsulu istehsal olunmuş və bu göstərici 2011-ci ilin müvafiq dövründəki səviyyəni 14,5 faiz üstələmişdir. Sənaye istehsalının 95,9 faizi malların, 4,1 faizi isə xidmətlərin payına düşmüşdür. Sənayenin dövlət sektorunda 29 milyon 392 min manatlıq, qeyri-dövlət sektorunda isə 372 milyon 946 min manatlıq məhsul istehsal olunmuşdur. İstehsal olunan sənaye məhsulunun 92,7 faizi özəl sektorun payına düşmüşdür.

Yerli istehsalın inkişaf etdirilməsi daxili bazarın qorunmasında, xaricə valyuta axınının qarşısının alınmasında və idxaldan asılılığın azaldılmasında mühüm rol oynayır. Məhz bu amil əsas götürülərək yeni sənaye müəssisələrinin yaradılması istiqamətində tədbirlər 2012-ci ilin yanvar-iyun aylarında da davam etdirilmişdir. Ötən dövr ərzində muxtar respublikada dövlət dəstəyi ilə 18 layihə üzrə istehsal və xidmət obyektləri istifadəyə verilmiş, iqtisadi fəaliyyətin müxtəlif sahələrində 70 layihə üzrə istehsal və xidmət obyektlərinin qurulması isə davam etdirilməkdədir.

Muxtar respublikanın müdafiə qabiliyyətinin və ordunun maddi-texniki bazasının daha da gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərə uyğun olaraq, 2012-ci ilin yanvar-iyun aylarında Naxçıvan Qarnizonu Hərbi Polisinin inzibati binasının təmiri başa çatdırılmış, Naxçıvan şəhərində hərbi hissənin qərargah binasının, hərbi xəstəxananın, bir yaşayış binasının tikintisi, tam orta məktəb və uşaq bağçası binalarının əsaslı təmiri davam etdirilmişdir.

"Naxçıvan" Sərhəd Diviziyasında yeni infrastruktur obyektlərinin inşası, Naxçıvan şəhərində hərbi şəhərcikdə bir qazanxananın tikintisi, dörd yaşayış binasında isə istilik xətlərinin çəkilişi davam etdirilmişdir.

Culfa rayonunda sərhəd komendantlığı və sərhəd zastavasının, Kəngərli rayonundakı hərbi hissədə qərargah binasının tikintisi başa çatdırılmış, Sədərək rayonunda sərhəd məntəqəsinin tikintisi, Kəngərli rayonundakı hərbi hissədə isə əsgər yataqxanasının təmiri davam etdirilmişdir.

 

Tikinti-quruculuq və su təchizatı tədbirləri

 

Muxtar respublikanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində irihəcmli investisiya qoyuluşları xüsusi rol oynamaqdadır. İnvestisiyaların tələb olunan həcm və keyfiyyətinin təmin edilməsi məqsədilə 2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 462 milyon 840 min manat həcmində investisiya yönəldilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 13,1 faiz çoxdur. İnvestisiya qoyuluşlarının 407 milyon 237 min manatı və ya 88 faizi tikinti-quraşdırma işlərində istifadə edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.

2012-ci ilin ilk yarımili ərzində Naxçıvan Muxtar Respublikasında tikinti və ya əsaslı təmirdən sonra ümumilikdə 181 müxtəlif təyinatlı obyekt, o cümlədən 8 elm və təhsil ocağı, 2 səhiyyə obyekti, 8 inzibati bina, 7 mədəniyyət obyekti, 3 hərbi obyekt, 2 idman obyekti, 18 istehsal və xidmət sahəsi, 7 subartezian quyusu, 14 kəhriz, 2 nasos stansiyası, 14 müxtəlif güclü transformator yarımstansiyası, 1 körpü və 95 digər infrastruktur obyektləri istifadəyə verilmiş, 255 infrastruktur obyektinin inşası və ya əsaslı təmiri hazırda davam etdirilir.

Həyata keçirilən irimiqyaslı infrastruktur quruculuğu tədbirləri çərçivəsində cari ilin yanvar-iyun ayları ərzində 13 yeni kənd mərkəzinin inşası davam etdirilmişdir.

Kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi, bu sahədə infrastrukturun inkişaf etdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində tədbirlər davamlı xarakter almışdır. Ötən dövr ərzində muxtar respublikada 3 yaşayış binasının əsaslı təmiri başa çatdırılmışdır. 5 yaşayış binasının tikintisi, 5 yaşayış binasının isə yenidən qurulması davam etdirilmişdir. Ötən dövr ərzində 2 qazanxana tikilmiş, hazırda 8 qazanxanada tikinti işləri aparılmaqdadır.

Əhalinin keyfiyyətli su ilə təmin edilməsi və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində muxtar respublikanın şəhər və rayon mərkəzlərinin və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya şəbəkələrinin tikintisi işləri aparılmaqdadır.

Bu müddət ərzində muxtar respublikada 14 kəhriz təmir olunmuş, digər 14 kəhrizin isə təmiri davam etdirilir.

Davamlı olaraq yüksələn əhali rifahı sakinlərimizin mənzil-yaşayış şəraitinin daha da yaxşılaşmasını şərtləndirməkdədir. 2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin şəxsi vəsaiti hesabına ümumilikdə 220 min 683 kvadratmetr yaşayış sahəsi tikilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 4,3 faiz çoxdur.

 

Kənd təsərrüfatı və yaşıllaşdırma tədbirləri

 

Aqrar sektorda fəaliyyət göstərən sahibkarlara güzəştli kreditlərin, yanacağa və motor yağlarına görə yardımların verilməsi, yeni texnika və avadanlıqların alınıb gətirilməsi, irihəcmli meliorativ tədbirlərin həyata keçirilməsi, anbarların inşası bu sahədə iqtisadi aktivliyi daha da gücləndirmişdir.

Ərzaq məhsulları istehsalını artırmaq, əhalini keyfiyyətli və təhlükəsiz ərzaqla təmin etmək, sahibkarlıq mühitini yaxşılaşdırmaq məqsədilə 2008-ci il sentyabr ayının 17-də qəbul olunmuş "2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artırılması sahəsində yeni istiqamətlər müəyyənləşdirmişdir.

Kənd təsərrüfatı üzrə ümumi inkişafı sürətləndirən mühüm amillərdən biri texnikadan istifadə səviyyəsinin və lizinq münasibətlərinin yüksələn dinamikasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərə uyğun olaraq, "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin xətti ilə 137 ədədi 2012-ci ilin yanvar-iyun aylarında olmaqla, cəmi 822 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq muxtar respublikaya gətirilmişdir. 2012-ci ilin yanvar-iyun aylarında əvvəlki illərdə gətirilən texnikalarla birlikdə 142 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası lizinq yolu ilə məhsul istehsalçılarına verilmişdir. Ötən dövr ərzində məhsul istehsalçıları 3 min 830 ton mineral gübrə ilə təmin olunmuşlar.

2012-ci ilin məhsulu üçün muxtar respublikada 60 min 118 hektar sahədə əkin aparılmışdır ki, bu da 2011-ci ilin məhsulu üçün əkilmiş sahədən 98,5 hektar çoxdur. Bu dövr ərzində taxılçılıq əsas əkinçilik sahəsi olmaqla diqqət mərkəzində saxlanılmışdır. 2012-ci ilin məhsulu üçün 34 min 965 hektar sahədə taxıl əkilmişdir ki, bunun da 29 min 263 hektarı payızlıq, 5 min 702 hektarı isə yazlıq taxıldır. Bir il öncəyə nisbətdə taxıl əkini sahələrinin həcmi 214 hektar artmışdır. Taxıl zəmilərinin 25 min 861 hektarında buğda, 9 min 104 hektarında isə arpa əkilmişdir. Taxıl biçini hazırda davam edir.

Cari ilin məhsul yığımı dövründə taxıl anbarlarına qəbul olunan buğdanın hər kiloqramı üçün 30 qəpiklik ödənişin müəyyənləşdirilməsi yenə də taxıl istehsalçıları üçün ən böyük stimullardan biri oldu.

Tələbata uyğun olaraq, kartofçuluğun inkişafında da müsbət dinamika saxlanılmış və 2012-ci ildə 2831 hektar sahədə kartof əkini aparılmışdır ki, bu da 2011-ci ildə əkilmiş sahədən 67 hektar çoxdur. 1 iyul 2012-ci il tarixə 569 hektar sahədən 7691,8 ton kartof yığılmışdır ki, bu da bir il öncəki göstəricini 2,5 faiz üstələmişdir.

Kənd təsərrüfatı sahəsinin inkişafında xüsusi rolu olan soyuducu anbarların yaradılması üzrə ümumi tutumu 2000 ton olan 1 soyuducu anbarın qurulması davam etdirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 14 fevral tarixli sərəncamı ilə təsdiq olunmuş "2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı" muxtar respublikada meyvə və tərəvəz istehsalının inkişaf etdirilməsini, yüksək istehlak xüsusiyyətlərinə malik yeni meyvə bağlarının əkilməsini, onların ixtisaslaşdırılmasını, yerli şəraitə uyğun unudulmaqda olan məhsuldar sortların bərpasını, müasir standartlara cavab verən texnologiyalar əsasında yeni meyvə və tərəvəz emalı müəssisələrinin yaradılmasını əsas məqsəd kimi müəyyənləşdirmişdir. Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası Sahibkarlığa Kömək Fondunun maliyyə dəstəyi ilə meyvə-tərəvəz məhsulları istehsalının artırılması məqsədilə sahibkarlara 1 milyon 345 min manat güzəştli kredit verilmiş və hazırda bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməkdədir.

Muxtar respublikada kənd təsərrüfatının digər perspektivli sahəsi heyvandarlıqdır. 1 iyul 2012-ci il tarixə qaramalın sayı 109 min 243 baş, xırdabuynuzlu heyvanların sayı 669 min 566 baş təşkil etmişdir ki, bu da bir il öncəki göstəricilərin müvafiq olaraq 1,3 və 1,8 faiz üstələnməsi deməkdir.

Məhsuldarlığın yüksəldilməsi tədbirlərinə uyğun olaraq, son dövrlər ərzində muxtar respublikaya 1316 baş damazlıq cins mal-qara gətirilmiş, süni mayalandırma işi daha da genişləndirilmişdir. Mal-qaranın baş sayının artımı ilə yanaşı, cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsullarının qənaətbəxş artımını təmin etmişdir. Cari ilin ötən dövrü ərzində 9923,6 ton ət, 44834,5 ton süd, 766,2 ton yun istehsal olunmuşdur ki, bu göstəricilər 2011-ci ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 3,2, 1,5 və 1,9 faiz artmışdır.

Yüksək tələbata uyğun olaraq, quşçuluğun da inkişafı davamlı olaraq dəstəklənməkdədir. 2012-ci ilin yanvar-iyun ayları ərzində quşçuluq sahəsində 6 yeni təsərrüfat fəaliyyətə başlamış, 6 quşçuluq təsərrüfatının isə yaradılması istiqamətində işlər hazırda davam etdirilməkdədir.

Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq, tələbatın əsas etibarilə yerli istehsal hesabına ödənilməsinə nail olunmuş, daxili bazarda məhsul bolluğu yaranmışdır. 2012-ci ilin yanvar-iyun aylarında muxtar respublikada 86 milyon 424 min manatdan çox kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz çoxdur.

Meliorasiya-irriqasiya sistemlərinin gücləndirilməsi və yeniləşdirilməsi istiqamətində 2012-ci ilin yanvar-iyun ayları ərzində 1 nasos stansiyasının, 7 subartezian quyusunun tikintisi, 1 nasos stansiyasının yenidən qurulması başa çatdırılmış, 1 nasos stansiyasının tikintisi və 1 nasos stansiyasının isə yenidən qurulması hazırda davam etdirilir. Bu dövr ərzində Şərur rayonunun Vərməziyar, Babək rayonunun Nehrəm və Culfa rayonunun Ləkətağ kəndlərində drenaj xətlərinin çəkilişi başa çatdırılmış, Şərur rayonunda Arpaçayda istiqamətləndirici bəndin çəkilişi, Axaməd kəndi ərazisində Araz çayı sahilində sahilbərkitmə işləri, Culfa rayonunun Saltaq və Şərur rayonunun Zeyvə kəndlərində drenaj xətlərinin çəkilişi işləri davam etdirilmişdir.

Meşə fondunun mühafizə olunması, bərpası, yeni meşəliklərin salınması istiqamətində aparılan tədbirlərin intensivliyi cari ildə də saxlanılmış, ilin əvvəlindən 268 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 262 min 250 ədəd ağac və bəzək kolu əkilmişdir.

 

Nəqliyyat, informasiya və rabitə, energetika

 

Muxtar respublikada nəqliyyat sisteminin dinamik inkişafına uyğun olaraq, yeni müasir yolların və yol qurğularının, körpülərin inşası və mövcud nəqliyyat növləri üzrə digər genişmiqyaslı infrastruktur tədbirləri həyata keçirilməkdədir. 2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada yük daşınması bir il öncəyə nisbətdə 10,6 faiz, sərnişin daşınması isə 8,9 faiz artmışdır. Yük və sərnişin daşınmasından bütövlükdə 19 milyon 882 min manatdan çox gəlir əldə edilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çoxdur.

İlin əvvəlindən muxtar respublikada avtomobil yollarının yenidən qurulması istiqamətində 32,4 kilometr uzunluğunda Naxçıvan-Culfa magistral avtomobil yolunun və həmin yolda 194 paqonometr uzunluğunda bir körpünün tikintisi, Naxçıvan şəhərində Xətai məhəlləsində 2 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində daxili avtomobil yollarının təmiri davam etdirilmişdir.

Kəngərli rayonunun Qıvraq qəsəbəsində daxili avtomobil yolunun, Şahbuz rayonunun Keçili kəndində avtomobil yolunda istinad divarının tikintisi başa çatdırılmış, Naxçıvan-Biçənək avtomobil yolunda istinad divarının tikintisi, Şərur rayonunun Qarxun kəndində avtomobil yolunun, Babək rayonunda Şəkərabad-Hacıvar, Ordubad rayonunda Biləv-Parağa, Culfa rayonunda Çeşməbasar-Boyəhməd, Naxçıvan şəhərində N.Tusi küçəsində avtomobil yollarının, Naxçıvan-Sədərək magistral avtomobil yolundan Təzəkənd-Çalxanqala-Qıvraq istiqamətində dairəvi avtomobil yolunun yenidən qurulması, Şahbuz rayonunun Kükü kəndində avtomobil yolunun genişləndirilməsi işləri davam etdirilmişdir.

Naxçıvançay üzərində körpünün, Kəngərli rayonunda Qıvraq-Püsyan, Şahbuz rayonunda Külüs-Keçili avtomobil yollarının yenidən qurulması, Ordubad rayonunda Biləv-Tivi avtomobil yolunun genişləndirilməsi işləri davam etdirilmişdir. Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır.

Bu dövr ərzində hava nəqliyyatının və dəmir yolunun ahəngdar işinin təmin olunması üçün müvafiq işlər aparılmışdır.

Muxtar respublikada informasiya cəmiyyətinə keçid çərçivəsində genişspektrli elektron xidmətlərin təşkili sosial-iqtisadi tərəqqinin sürətləndirilməsi üçün zəruri məsələlərdən birinə çevrilmişdir. Bu dövr ərzində informasiya və kommunikasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsi davamlı qaydada təşviq olunmuş, optik kabel magistrallarının inşası işi davam etdirilmiş, rəqəmsal televiziyanın yayımına başlanılmış, yeni poçt markaları tədavülə buraxılmış, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmişdir.

Ötən 6 ay ərzində Şərur və Sədərək rayonlarını əhatə edən 15 min 904 yer tutumlu, 25 ədəd üçüncü nəsil telefon stansiyalarından və ehtiyat idarəetmə sistemindən ibarət Yeni Nəsil Telekommunikasiya Sistemi istifadəyə verilmişdir. Genişzolaqlı internet xidmətlərinə qoşulmanın avtomatlaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası İnternet Mərkəzində yeni sistem yaradılmış, internet kartları hazırlanaraq satışa buraxılmışdır. 2012-ci ilin ilk yarımili ərzində 1299 ədəd yeni stasionar telefon sabit şəbəkəyə qoşulmuş, muxtar respublika üzrə hər yüz ailəyə düşən stasionar telefon aparatlarının sayı 66-ya çatmışdır. 1 iyul 2012-ci il tarixə aktiv istifadə olunan mobil telefonların sayı 429 min 448 ədədə çatmış və beləliklə də, əhalinin hər 100 nəfərinə düşən mobil telefonların sayı 102 ədəd təşkil etmişdir. Cari ilin yanvar-iyun aylarında muxtar respublikada informasiya və rabitə xidmətlərinin həcmi 21 milyon 408 min manat olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,5 faiz çoxdur. Ümumi informasiya və rabitə xidmətlərinin 85,8 faizi və ya 18 milyon 361 min manatı mobil rabitənin payına düşmüşdür. Bir il öncəyə nisbətdə mobil rabitə xidmətlərinin həcmi 5,7 faiz artmışdır.

Enerji təhlükəsizliyi ilə bağlı görülən tədbirlərin nəticəsidir ki, bu gün muxtar respublikada yaradılmış elektrik stansiyaları elektrik enerjisinə olan daxili tələbatı tam ödəməklə yanaşı, elektrik enerjisinin ixracına imkan yaratmışdır.

Ötən dövr ərzində Şərur rayonunda 20,5 mVt gücündə Arpaçay, Ordubad rayonunda 36 mVt gücündə Ordubad Su Elektrik stansiyalarının inşası davam etdirilmişdir. Babək rayonunda 132/110 kilovoltluq "Araz" elektrik yarımstansiyasında 50 mva gücündə yeni 132/110 kilovoltluq transformatorun quraşdırılması işləri başa çatdırılmış, Naxçıvan şəhərində "Naxçıvan" elektrik yarımstansiyasının yeni avadanlıqlarla təchiz edilməsi və başqa əraziyə köçürülməsi işləri davam etdirilmişdir. İlk 6 ay ərzində muxtar respublikada 14 ədəd müxtəlif güclü transformator yarımstansiyası quraşdırılmış və 29,5 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətləri çəkilmişdir.

Təbii qaz təminatı üzrə 1 iyul 2012-ci il tarixə muxtar respublikada 79 min 406 əhali abonenti mavi yanacaqla təmin olunmuşdur. Bu dövr ərzində Naxçıvan-Sədərək yüksəktəzyiqli və Naxçıvan-Cəhri-Şahbuz ortatəzyiqli qaz xətlərinin tikintisi davam etdirilmişdir.

 

Sahibkarlıq fəaliyyəti, əhalinin gəlirləri və məşğulluq məsələləri

 

Sahibkarlığın inkişafına yönəldilmiş məqsədyönlü islahatlar sahibkarlıq subyektlərinin say tərkibinin davamlı artımını təmin etməkdədir. 2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada 10 hüquqi və 775 fiziki şəxs qeydiyyata alınmışdır ki, bu da iqtisadi aktivliyin yüksələn səviyyəsini səciyyələndirməkdədir.

Muxtar respublikada sahibkarlıq subyektlərinə səmərəli maliyyə dəstəyinin göstərilməsi mexanizmi formalaşdırılmış və 2012-ci ilin yanvar-iyun aylarında bank və kredit təşkilatları tərəfindən sahibkarlara 32 milyon 894 min 900 manat həcmində kreditlərin verilməsi təmin olunmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 24,9 faiz çoxdur. Yerli istehsalın inkişafı strategiyasına uyğun olaraq, hazırda muxtar respublikada 317 növdə məhsul istehsal olunmaqdadır. Bu məhsulların 114 növü ərzaq, 203 növü qeyri-ərzaq məhsullarıdır. 105 növdə ərzaq, 199 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə 304 növdə məhsula olan tələbatın yerli istehsal hesabına ödənilməsi təmin edilmişdir.

2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikada əhalinin gəlirləri bir il öncəyə nisbətdə 4,8 faiz artaraq 691 milyon 260 min manata, onun hər bir nəfərə düşən həcmi isə 2,7 faizlik artımla 1643,2 manata çatmışdır.

Bu dövr ərzində orta aylıq əməkhaqqının məbləği 358,4 manata çatmışdır ki, bu da bir il öncəki səviyyədən 8,9 faiz çoxdur.

1 iyul 2012-ci il tarixə muxtar respublikanın ərazisində fəaliyyət göstərən bank strukturlarında 5345,7 min manat həcmində əhali əmanəti mövcud olmuşdur ki, bu da bir il öncəki göstəricini 1036,8 min manat və ya 24,1 faiz üstələmişdir.

Yüksək iqtisadi fəallıq şəraiti məşğulluq məsələlərinin də səmərəli həllinə geniş imkanlar açmaqdadır. 2003-cü il oktyabr ayının 1-dən 1 iyul 2012-ci il tarixədək muxtar respublikada 55 min 957 yeni iş yeri yaradılmışdır ki, bunun da 39 min 769-u və ya 71,1 faizi daimi iş yerləridir. 2012-ci ilin ilk yarımili ərzində yaradılmış 6917 yeni iş yerinin 6714-ü və ya 97,1 faizi daimi iş yerlərinin payına düşür.

 

İstehlak bazarı, xarici ticarət, bank işi və sığorta fəaliyyəti

 

Əhalinin alıcılıq qabiliyyətinin güclənməsi əldə olunmuş başlıca iqtisadi uğurlardandır. 2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikanın istehlak bazarında əhaliyə 417 milyon 871 min manat həcmində istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricidən 17 faiz çoxdur.

Əhalinin yaşayış standartlarının daha da yüksəldilməsi məqsədilə 2012-ci ilin ilk yarımili ərzində Naxçıvan şəhərində Mebel Salonu və Culfa Gömrük İdarəsinin ərazisində ilk rüsumsuz ticarət mağazası yaradılmış, Şərur rayonunun Dərəkənd, Danyeri, Qarxun, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Yuxarı Əylis, Behrud, Biləv, Culfa rayonunun Ləkətağ, Milax, Kəngərli rayonunun Çalxanqala və Şahbuz rayonunun Ağbulaq kəndlərində xidmət mərkəzlərinin tikintisi işləri hazırda davam etdirilməkdədir.

Yerli istehsal potensialının davamlı olaraq gücləndirilməsi strategiyası, idxaləvəzləyici və ixracyönümlü məhsul istehsalının ciddi şəkildə dəstəklənməsi bu dövr ərzində iqtisadi siyasətin əsas istiqaməti kimi saxlanılmış və bu sahədə mühüm nailiyyətlər əldə olunmuşdur. Yerli istehsal potensialının güclü inkişafına uyğun olaraq, artıq muxtar respublikaya ərzaq idxalı əsasən məhdudlaşmışdır. İdxalın tərkibində əsas yeri sənayeləşmə proseslərinin intensivliyinə uyğun olaraq müasir texnologiyalar tutmaqdadır. Bu proses ötən dövrlərdə olduğu kimi, ilin əvvəlindən də qorunub saxlanılmışdır. Belə ki, cari ilin ilk 6 ayında muxtar respublikada xarici ticarət dövriyyəsinin həcmi 183 milyon 261 min ABŞ dollarına çatmaqla bir il öncəki göstəricini 4,9 faiz üstələmişdir. Xarici ticarət dövriyyəsinin 35 milyon 55 min dollarını və ya 19,1 faizini idxal, 148 milyon 206 min dollarını və ya 80,9 faizini isə ixrac təşkil etmiş və 113 milyon 151 min ABŞ dolları həcmində müsbət saldo yaranmışdır. Son bir il ərzində idxalın həcmi 0,3 faiz azalmış, ixracın həcmi isə 6,3 faiz artmışdır.

İqtisadi münasibətlərin, təsərrüfat əlaqələrinin dərinləşməsi bank işinin daha da güclənməsini şərtləndirmişdir. 1 iyul 2012-ci il tarixə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 14 min 191-ə çatmışdır ki, bunun da 11 min 526-sı və ya 81,2 faizi aktiv hesablardır. Cari ilin ötən dövrü ərzində açılmış 2057 bank hesabının 2032-si və ya 98,8 faizi aktiv hesab olmuşdur.

Bu dövr ərzində sığorta işi də üstün istiqamət kimi saxlanılmış və 2012-ci ilin yanvar-iyun aylarında muxtar respublikada bütün sığorta növləri üzrə daxilolmalar 2253,6 min manat olmuşdur ki, bu da 2011-ci ilin yanvar-iyun aylarındakı müvafiq göstəricidən 1473,5 min manat və ya 2,9 dəfə çoxdur.

Cari ilin ilk altı ayı ərzində sığorta hadisələri ilə əlaqədar sığorta ödəmələrinin həcmi 1022,5 min manat olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 62,3 faiz üstələmişdir.

 

Təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və turizm

 

Əvvəlki dövrlərdə olduğu kimi, cari ilin ötən dövrü ərzində də təhsil sahəsində infrastruktur quruculuğu tədbirləri intensiv xarakterli olmuşdur. 2012-ci ilin yanvar-iyun aylarında Naxçıvan Dövlət Universitetinin pedaqoji, təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin binasının yenidən qurulması davam etdirilmişdir. Naxçıvan şəhərində 936 şagird yerlik 17 nömrəli tam orta məktəbin, 608 şagird yerlik Naxçıvan Qızlar Liseyinin və Culfa rayonunun Yaycı kəndində 774 şagird yerlik 1 nömrəli tam orta məktəb binalarının yenidən qurulması başa çatdırılmış, Şərur rayonunun Yuxarı Aralıq, Dərəkənd və Danyeri, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Behrud və Parağa, Culfa rayonunun Ləkətağ, Kəngərli rayonunun Çalxanqala və Şahbuz rayonunun Ağbulaq kəndlərində tam orta məktəb binalarının tikintisi, Naxçıvan şəhərində 10 nömrəli, Babək rayonunun Nehrəm kəndində 1 nömrəli, Şərur rayonunun Qarxun və Qorçulu, Ordubad rayonunun Yuxarı Əylis və Şahbuz rayonunun Biçənək kəndlərində tam orta məktəb binalarının yenidən qurulması, Babək rayonunun Şəkərabad və Hacıvar, Ordubad rayonunun Çənnəb, Culfa rayonunun Boyəhməd kəndlərində tam orta məktəb binalarının və Ordubad şəhərində M.Füzuli adına tam orta internat məktəbi binasının təmiri davam etdirilmişdir.

Naxçıvan şəhərində hər biri 280 yerlik olan 1 və 3 nömrəli uşaq bağçaları binalarının tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində 13 nömrəli uşaq bağçasının və Ordubad şəhərində uşaq bağçasının tikintisi, Sədərək rayonunun Sədərək kəndində uşaq bağçası binasının yenidən qurulması davam etdirilmişdir.

Culfa şəhərində Uşaq Musiqi Məktəbi binasının tikintisi, Şərur rayonunun Yuxarı Daşarx kəndində Uşaq Musiqi Məktəbi binasının yenidən qurulması başa çatdırılmış, Naxçıvan şəhərində Ə.Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbinin və Kəngərli rayonunun Çalxanqala kəndində Uşaq Musiqi Məktəbinin binalarının tikintisi davam etdirilmişdir.

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi binasının yenidən qurulması və Naxçıvan Muxtar Respublikası Kompyuter Təlim-Tədris Mərkəzinin Ordubad rayon filialının binasının təmiri davam etdirilmişdir.

Səhiyyə sahəsində genişmiqyaslı infrastruktur quruculuğu tədbirlərinə uyğun olaraq, cari ilin ilk altı ayında Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının və Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzinin yenidən qurulması başa çatdırılmışdır.

Babək Rayon Mərkəzi Xəstəxanasının, Şərur rayonunun Danyeri, Babək rayonunun Kərimbəyli, Ordubad rayonunun Yuxarı Əylis və Kəngərli rayonunun Çalxanqala kəndlərində həkim ambulatoriyası binalarının tikintisi davam etdirilmişdir.

Aztəminatlı ailələrdən olan xəstələrə yönəldilmiş xüsusi sağlamlıq layihələri cari ilin ilk altı ayı ərzində də davam etdirilmiş, 25 nəfər xəstədə ürək əməliyyatı, 45 nəfər xəstədə koronarangioqrafiya manipulyasiyası aparılmış, 22 nəfər xəstənin ürək damarlarına stend qoyulmuş, 138 nəfər xəstədə müxtəlif növ göz əməliyyatları, 27 nəfər xəstədə isə digər əməliyyatlar aparılmışdır.

Davamlı olaraq yaxşılaşan əhali rifahı demoqrafik vəziyyətə də öz müsbət təsirini göstərmiş, 1 iyul 2012-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətdə 8576 nəfər və ya 2,1 faiz artaraq 422 min 854 nəfər təşkil etmişdir. 2012-ci ilin yanvar-iyun aylarında 5218 körpə doğulmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 24 nəfər çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hər 1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı 1,2 nəfərdən 0,6 nəfər səviyyəsinə enmişdir.

Sosial siyasətin başlıca istiqamətlərindən biri kimi pensiya və müavinətlərin səmərəli maliyyələşdirilməsi təmin olunmaqdadır. 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondu tərəfindən pensiya və müavinətlərin ödənilməsinə 50 milyon 283 min manat vəsait yönəldilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 35,2 faiz çoxdur. Bu dövr ərzində pensiya və müavinətlərin ödənişi üçün tələb olunan vəsaitin 45 faizi məcburi dövlət sosial sığorta haqqı kimi muxtar respublikada toplanmışdır.

Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan vətəndaşlar xüsusi qayğıyla əhatə olunmuş, 2012-ci ilin yanvar-iyun aylarında muxtar respublikada adambaşına aylıq gəlirləri ehtiyac meyarından aşağı olan ailələrə 1 milyon 737 min manatdan çox ünvanlı dövlət sosial yardımı ödənilmişdir. Ümumilikdə, bu dövr ərzində Naxçıvan Əlillərin Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud olan 120 nəfərin, Naxçıvan Uşaq Bərpa Mərkəzində 18 yaşadək sağlamlıq imkanları məhdud olan 122 uşağın müalicəsi təşkil edilmiş, 56 nəfər əlil müxtəlif sanatoriyalara yollayışlarla təmin edilmişlər.

Ötən dövr ərzində Naxçıvan şəhərində sosial qayğıya ehtiyacı olan bir ailə üçün fərdi yaşayış evinin tikintisi başa çatdırılmış, Şərur rayonunun Aşağı Yaycı, Yengicə, Babək rayonunun Aşağı Uzunoba, Şəkərabad, Culfa rayonunun Boynəhməd, Gülüstan, Şahbuz rayonunun Külüs, Sədərək rayonunun Qaraağac kəndlərində və Kəngərli rayonunun Qıvraq qəsəbəsində sosial qayğıya ehtiyacı olan ailələr üçün hər birində bir ədəd fərdi yaşayış evinin tikintisi davam etdirilmişdir.

Bədən tərbiyəsi və idman infrastrukturunun müntəzəm əsasda yaxşılaşdırılması həyata keçirilən gənclər siyasətinin mühüm tərkib hissəsidir. Naxçıvan şəhərində stend və sportinq atıcılığı meydançasının, Sədərək Rayon Uşaq-Gənclər Şahmat Məktəbi binasının tikintisi başa çatdırılmış, Babək rayonunun Babək qəsəbəsində Şahmat Məktəbi binasının, Naxçıvan şəhərində Stend və Sportinq Atıcılığı Mərkəzinin tikintisi davam etdirilmişdir.

2012-ci ilin yanvar-iyun aylarında mədəniyyət obyektlərinin inşası və bərpası üzrə genişmiqyaslı tədbirlər aparılmış, Kəngərli rayonunun Qıvraq qəsəbəsində Heydər Əliyev Mədəniyyət və İstirahət Parkının, Mədəniyyət evinin tikintisi başa çatdırılmış, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanının tikintisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin binalarının yenidən qurulması, Bəhruz Kəngərli Muzeyinin əsaslı təmiri davam etdirilmişdir.

Ordubad rayonundakı Sabirkənddə məscidin tikintisi başa çatdırılmış, Culfa rayonunun Əbrəqunus kəndində məscidin tikintisi, "Əshabi-Kəhf" Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin təmiri və Naxçıvan şəhərində Qədim qala tarixi abidəsinin bərpası davam etdirilmişdir.

C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı binasının yenidən qurulması başa çatdırılmış, Şahbuz rayonunun Ağbulaq kəndində Uşaq İstirahət Mərkəzinin tikintisi davam etdirilmişdir.

Muxtar respublikada turizm məlumat bankının hazırlanması və digər turizm informasiya mərkəzləri ilə işgüzar münasibətlərin yaradılması, ən əsası isə tarixi və digər turizm obyektlərinin tanıdılması, turist səfərlərinin təşkili istiqamətində aparılan işlərin səmərəliliyini artırmaq məqsədilə Naxçıvan Turizm İnformasiya Mərkəzinin yeni binası istifadəyə verilmişdir.

2012-ci ilin yanvar-iyun ayları ərzində muxtar respublikaya ölkəmizin digər bölgələrindən və xarici ölkələrdən ümumilikdə 164 min 465 nəfər turist gəlmiş, tarixi və dini turizm, ekoturizm, sağlamlıq və kənd turizmi aparıcı mövqe qazanmaqla əhəmiyyətli dərəcədə canlanmışdır. Bu dövr ərzində Heydər Əliyev Su Anbarı və Uzunoba Su Anbarı ərazilərində yeni çimərliklər yaradılmışdır.

 

Hüquq-mühafizə orqanları ilə iş

 

Hüquq-mühafizə orqanlarının iş şəraitinin daha da yaxşılaşdırılması və bu sahədə infrastrukturun yenilənməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Pasport-Qeydiyyat və Miqrasiya Şöbəsinin, Naxçıvan Şəhər Gömrük İdarəsinin inzibati binasının və köməkçi infrastrukturlarının tikintisi başa çatdırılmış, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsinin inzibati binasının tikintisi davam etdirilmişdir.

Naxçıvan şəhər və Babək rayon prokurorluqlarının inzibati binalarının tikintisi başa çatdırılmış, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin binalarının təmiri davam etdirilmişdir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Alayında avtomobil parkının tikintisi davam etdirilmişdir.

Aparılan təhlillər bir daha sübut edir ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş iqtisadi inkişaf strategiyasının bu gün uğurla davam etdirilməsi sayəsində muxtar respublikanın sosial-iqtisadi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulmuş, real sektorun və sosial sferanın tərəqqisi üçün ciddi əsaslar yaradılmışdır.

 

 

Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 3-4.