Cəlilabad: regional inkişafın aydın üfüqləri
"Cəlilabadın
inkişafı çox sürətlidir.
Şəhər simasını dəyişir, müasirləşir,
abadlaşır, gözəl binalar tikilir. Köhnə binalar
bərpa edilir. Bir
sözlə, inkişaf, dinamika
var və bu dinamika gələcək illərdə də
saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf
etməlidir və edəcəkdir".
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
A zərbaycanın fiziki-coğrafi xəritəsində özünün dağlı-aranlı geniş ərazisi ilə mühüm məntəqə kimi göstərilən Cəlilabad Bakıdan 200 kilometr cənubda yerləşir, 200-ə qədər kəndi əhatə edir, 200 min nəfər əhalisi var. Tərəqqidə olan bir rayondur. Son illərdə regionların inkişafı üzrə Dövlət Proqramına əsasən, həyata keçirilən tədbirlər nəticəsində Cəlilabadın siması tamamilə dəyişmiş, gözəlləşmişdir. İyul ayının 31-də bölgəyə növbəti dəfə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Cəlilabadda görülən işləri təqdir etmiş, buradakı çoxsaylı açılış mərasimlərinin ölkəmizin dinamik inkişafını təsdiqlədiyini vurğulamışdır.
Cəlilbadda, əsasən, aqrar
sahə inkişaf edir.
Emal və yeyinti sənayesi də genişlənir. Sosial obyektlərin
sayı artır, zəruri infrastruktur yaradılır. 2003-cü ildən bəri rayonda 25 minədək yeni iş yeri
açılıb. Bunun 14 minə
qədəri daimi xarakterlidir. Hələ Cəlilabadın iqtisadi potensialı tükənməyib, onu qarşıda böyük
perspektivlər gözləyir.
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev
2004-cü ildən indiyə
kimi beş
dəfə Cəlilabada
səfər etmiş,
Dövlət Proqramı
üzrə reallaşdırılan
tədbirlərlə maraqlanmış,
yeni obyektlərə xeyir-duasını vermiş,
rayonun inkişafına
hər vasitə ilə dəstək olmuşdur.
İyulun
son günü Cəlilabada
gələn dövlətimizin
başçısı burada
Heydər Əliyev adına Yaradıcılıq
Mərkəzinin, Olimpiya
İdman Kompleksinin,
"Cəlilabad Broyler"
ASC-nin yeni yem fabrikinin, Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil
yolunun və "Avanqard" MMC-nin un fabrikinin açılış
mərasimlərində iştirak
etmiş, şəhərin
mərkəzində yenidən
qurulmuş istirahət
parkını gəzmiş,
həmçinin şəhər
zirvəsində Bayraq
Meydanı və Gənclər Parkı ilə tanış olmuşdur.
Cəlilabadın mərkəzində, rayonun daxili imkanları hesabına tikilmiş Heydər Əliyev adına
Yaradıcılıq Mərkəzi
gözəl, orijinal memarlıq həlli ilə diqqət çəkir. Baş küçənin yaraşıqlı binalarından
ibarət ansambla asanlıqla uyuşur.
Azərbaycan Prezidentinin rəmzi
açılış lentini
kəsdiyi mərkəzin
ərazisi 1200 kvadratmetrdir.
İnşası bir il çəkib.
Mərkəzin ilk mərtəbəsində ümummilli liderin və cənab İlham Əliyevin Cəlilabada tarixi səfərlərini əks
etdirən fotoguşələr
böyük məhəbbətlə
hazırlanıb. Bu fotolar ulu öndərin
və dövlətimizin
başçısının rayonun sosial-iqtisadi inkişafına daim ciddi önəm verdikləri barədə dolğun təsəvvür
yaradır.
Birinci mərtəbədəki
"Cənub palitrası"
təsviri incəsənət
studiyasında rayon gənclərinin
rəsmləri və digər əl işləri nümayiş
etdirilir. Burada rəssamlığın sirlərinə dərindən
yiyələnmək üçün
müvafiq dərnək
fəaliyyət göstərir.
Gənclərə ağac üzərində
oyma, toxum və meyvə tumlarından müxtəlif
əl işlərinin
hazırlanmasının incəlikləri
də öyrədilir.
Mərkəzdə gənclərin milli
və müasir rəqslərin də sirlərinə yiyələnmək
imkanı var. Ən müasir avadanlıqdan istifadə olunmaqla kompyuter kursları da yüksək səviyyədə tədris
ediləcək. Fotostudiyada bu
sənətin tarixi və incəlikləri dərindən öyrədiləcək.
Bu dərnəkdə məşğul olanlar videoçəkilişlərin aparılmasını
da öyrənəcəklər.
Xarici dil studiyasında tədris linqvistik avadanlıq əsasında
dörd dildə aparılacaq. Xalçaçılıq
studiyasında qız-gəlinlər
qədim sənətin
ənənələri ilə
yaxından tanış
olacaq, çeşidli
çeşniləri, əriş-arğac
möcüzələrini mənimsəyəcəklər.
Mərkəzin ikinci mərtəbəsində
yerləşən muğam
studiyasına da cəlilabadlı gənclər
böyük maraq göstərirlər. Burada onlara məşhur xanəndələr və
tanınmış bəstəkarlar
haqqında ətraflı
bilgilər veriləcək,
dünya mədəni
irs siyahısında
müstəsna yer tutan Azərbaycan muğamının incəlikləri
tədris olunacaq. Yetkinlik yaşına çatan qızlar üçün
"Gənc analar"
studiyası da fəaliyyət göstərəcək.
Studiyanın üzvləri
ləziz xörəklər
bişirmək, ev işləri görmək üzrə təcrübəli müəllimlərdən
dərs alacaqlar. Mərkəzin orijinallığı ilə seçilən dərnəklərindən biri
də dəb studiyasıdır. Burada
gənc xanımlara toxuma və dərzilik: kəsmə-biçmə-tikmə
sənəti üzrə
vərdişlər öyrədiləcək.
Prezident İlham Əliyev mərkəzdə yaradılmış
şəraiti yüksək
qiymətləndirdi. Fikir mübadiləsində
diqqətə çatdırıldı
ki, ümumən respublikamızın bölgələrində
bu cür müasir mərkəzlərin
yaradılmasına böyük
tələbat var. Gənclərin
həm sənətləri
öyrənməsi, həm
də onların məşğuliyyəti, asudə
vaxtının səmərəli
keçməsi baxımından
belə mərkəzlərin
misli yoxdur. Dövlət
siyasətinə uyğun
olaraq bu yöndə tədbirlərin
daha intensiv səciyyə alacağı
bildirildi.
Cəlilabad şəhərinin mərkəzindəki istirahət parkı abadlıq-quruculuq işlərinin "zümrüd qaşı" adlanmağa layiq ecazkar bir guşədir. Bu parkda sanki şəhər gülümsəyir. Düz altmış il öncə salınmış parkı bir zaman sevimli xalq şairimiz Səməd Vurğun da vəsf edib. O vaxtdan ilk dəfədir ki, belə əsaslı yenidənqurma tədbirləri görülür. Ön tərəfində 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsinə abidə kompleksi ucaldılıb. Bildiyimiz kimi, faşizm üzərində qələbədə payı olanların xatirəsinə həmişə ehtiram göstərən, sağ qalanların xidmətlərini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev onların cəmiyyətdəki nüfuzunun daha da qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirmişdir. Bu insanlara və ailələrinə hərtərəfli dövlət qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısı parkda həyata keçirilən yenidənqurma işləri ilə tanış oldu. Diqqətə çatdırıldı ki, parkda Cəlilabad sakinlərinin, o cümlədən veteranların xoş istirahəti üçün hər cür şərait yaradılıb. Burada müxtəlif iaşə obyektləri də fəaliyyət göstərir. Yenidənqurma tədbirlərində müasirlik başlıca meyar götürülüb. İdmançıların məşq etməsi üçün parkda müvafiq qurğular yaradılıb. Bu qurğularda həndbol, voleybol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq mümkündür. Parkda çoxlu sayda dekorativ ağac, daş, gül və digər landşaft kompozisiyalarından ibarət guşələr göz-könül oxşayır. Burada milli memarlıq ənənəsi çağdaş təcrübə ilə məharətlə uzlaşdırılıb. Yeni işıqlandırma sistemi, yaşıl zolaqlar, rahat oturacaqlar, rəngarənglik layihənin mükəmməlliyini, işlərin zövqlə yerinə yetirildiyini sərgiləyir. Parkda yaradılmış şəraiti yüksək qiymətləndirən cənab İlham Əliyev tapşırıq və tövsiyələr verdi.
Cəlilabadlı gənclərin and yerinə çevrilən Bayraq Meydanı şəhərin ən uca nöqtəsində - 50 metrlik yüksəklikdə, özü də daxili imkanlar hesabına salınıb. Meydana gələn Prezidentə məlumat verildi ki, buradakı bayraq dirəyinin hündürlüyü 41, bayrağın uzunluğu 20, eni isə 10 metrdir... Üçrəngli, ay-ulduzlu bayrağımız dalğalandıqca sevən ürəkləri qürur və əzəmətlə döyündürür. Meydanın ətrafı lazımınca abadlaşdırılıb. Həndəvərdəki çox gözəl Gənclər Parkı iki hektarlıq ərazini tutur, başdan-başa yenidən qurulub. Kompleksə inşası davam edən üçmərtəbəli, 30 yerlik otel də daxil olacaq. Burada mədəni-kütləvi tədbirlərin və el şənliklərinin keçirilməsi üçün restoran da inşa edilib. Möhtəşəm şəlalə və fəvvarə kompleksləri qurulub. Gənclərlə iş üzrə əməli tədbirlərə əsl örnəkdir bunlar. Parkda uşaqlar üçün maraqlı attraksionlar quraşdırılıb. Bilyard, tennis, şahmat, dama və digər oyunlar üçün də özəl şərait yaradılıb. Yaşıllaşdırma işləri aparılarkən əvvəldən mövcud olan həmişəyaşıl bitkilər saxlanıb, minədək yeni dekorativ ağac və gül kolları əkilib. Müasir işıqlandırma sistemi axşamlar ətrafı çıraqbana döndərir. Qəndillər sanki bəzəkli nur ağaclarıdır. Bir sözlə, bu park da cəlilabadlıların sevimli istirahət məkanına çevrilmişdir. Zirvə, bayraq, şəhərin panoramı, sərinlik, əyləncələr unudulmaz təsir bağışlayır.
"İdman ili"ndə, Londonda XXX Yay Olimpiya Oyunlarının keçirildiyi günlərdə Cəlilabadda Olimpiya İdman Kompleksinin açılışı sakinlər, xüsusən də gənclər üçün əsl bayram oldu. Gənclər və idman nazirinin müavini İntiqam Babayev kompleks barədə məlumat verdi. Ələt-Astara magistral yolunun kənarında əzəmətlə boy göstərən, tikintisinə 2007-ci ildə başlanan kompleksin ərazisi 5 hektardır. Bu, əsl memarlıq incisidir. Qapalı idman salonunda 712 nəfər mini-futbol, basketbol, voleybol, güləş, cüdo, taekvondo və digər növlər üzrə yarışlara baxa bilər. Salonda yarışlar üçün hər cür şərait yaradılıb. Döşəməsi xüsusi texnologiya əsasında quraşdırılıb ki, bu da yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradır. İkinci mərtəbə də genişliyi və müasirliyi ilə diqqət çəkir. Burada iş otaqları və idman salonları yerləşir.
Azərbaycan Atıcılıq Federasiyasının quraşdırdığı pnevmatik tirdə Almaniya istehsalı olan avadanlıqdan istifadə edilib. Burada "Hörinq" şirkətinin texnologiyası əsasında atıcılıq növü üzrə idmançıların hazırlığı aparılır. İdman qurğusunda geniş trenajor salonu fəaliyyət göstərir. İdmanın 17 növü üzrə müxtəlif avadanlığın quraşdırıldığı kompleksdə arzu edənlər bilyard və stolüstü tennislə də məşğul ola bilərlər. Şahmat otağında eyni vaxtda 10 nəfərə bu qədim zəka oyununun sirləri öyrədiləcək. Divarda quraşdırılan lövhə vasitəsilə gənclərə şahmatın incəlikləri tədris ediləcək. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Cəlilabada ötən səfərlərindən biri zamanı burada ayrıca Şahmat Məktəbi də istifadəyə verilmişdir.
Kompleksin beşzolaqlı üzgüçülük hovuzu da ən müasir standartlara cavab verir. Hovuzun uzunluğu 25, eni 12,5 metrdir. Burada ən müasir nəmalma, havalandırma və istilik sistemi işləyir. Beş yüz kubmetrlik su tutumu olan hovuzun dərinliyi 1,2-1,8 metrdir. İstər üzgüçülər, istərsə də idmanın digər növləri ilə məşğul olanlar üçün ən müasir standartlara cavab verən paltardəyişmə otaqları, duş və sauna yaradılıb. Kompleksdə cüdoçular və taekvondoçular üçün də hərtərəfli şərait var. Kompleksin infrastrukturu mükəmməldir.
Kompleksin üçmərtəbəli mehmanxanası var. Konfrans zalı, mühafizə otağı, əlli nəfərlik yeməkxana, lüks və yarımlüks otaqlar göz oxşayır. Ərazidə süni örtüklü futbol meydançası, kənarında isə iki qaçış zolağı yaradılıb. Tribunalar 963 nəfərlikdir. Bundan başqa, tennis kortu, basketbol və voleybol meydançaları da var. Ərazidə yüzlərcə ağac və koldan ibarət yaşıllıq zolağa salınıb. Burada artezian quyusu qazılıb, su anbarları və qazanxana quraşdırılıb. Qrunt sularından mühafizə məqsədilə drenaj sistemi yaradılıb.
Dövlətimizin başçısı Cəlilabad Olimpiya İdman Kompleksi ilə tanış olduqdan sonra burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Kompleksin açılışından sevinc duyduğunu söyləyən cənab Prezident cəlilabadlıları bu münasibətlə təbrik etdi: "Bu, təkcə idman qurğusu deyildir. Bu, ümumiyyətlə rayonun inişafı üçün və Cəlilabadda gedən sürətli inkişaf üçün çox vacib olan obyektdir... Bizdə idman siyasəti yüksək səviyyədə aparılır. İdmançılarımız hazırda Londonda olimpiya oyunlarında yarışırlar. Biz onları oraya böyük ümidlərlə göndərmişik və əminəm ki, yaxşı nəticələr olacaqdır... Gələcəkdə Azərbaycanın idman şöhrətini daim yüksəklərdə saxlamaq üçün idmanın kütləviliyi daha da geniş şəkildə təmin edilməlidir. Bütün bölgələrdə yaradılan olimpiya idman kompleksləri məhz bu məqsədi güdür".
Sonra Cəlilabadda görülmüş işləri dəyərləndirən Azərbaycan rəhbəri rayonun sürətli və hərtərəfli şəkildə inkişafından məmnunluğunu çatdırdı. Əvvəlki səfərlərində Müalicə Diaqnostika Mərkəzinin, digər obyektlərin açılışında iştirakını xatırladı, Heydər Əliyev Seyrəngahının möhtəşəm bir mərkəzə çevrildiyini, parkların yenidən qurulmasını, Gənclər evi, Quşçuluq fabriki, taxıl anbarı, məktəb tikintisi, üzümlüklərin bərpası və sair işlərin sevindirici olduğunu nəzərə çatdırdı. Yolların əsaslı təmir olunmasına, su-kanalizasiya sisteminin yaradılmasına, qazlaşdırmanın isə nisbətən zəif aparılmasına diqqəti cəlb edən dövlət başçısı insanları narahat edən məsələlərin ard-arda həllini tapması üçün səylərin artırılacağını söylədi.
Cəlilabadın tanınan idmançı ailəsində böyümüş Azərbaycanın basketbol üzrə milli komandasının üzvü, Birinci İslam Ölkələri Olimpiadasının qalibi, on beş qat Azərbaycan çempionu Zaur Paşayev idmanın inkişafına göstərdiyi gündəlik qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirdi.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun dedikləri:
- Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vaxtaşırı Cəlilabada gəlməsi bizi hədsiz sevindirir. Dövlətimizin başçısının budəfəki səfəri də hər birimizin qəlbində dərin iz buraxmış, söylədiyi xoş sözlər bizi qanadlandırmış və daha böyük uğurlar qazanmağa ruhlandırmışdır. Sosial təyinatlı obyektlərlə yanaşı, yem və un fabriklərinin, Cəlilabad-Hamarqışlaq-Sadatlı kəndlərarası avtomobil yolunun açılışında iştirakı qürurgətirici faktlardır. Siz yolun açılışında sakinlərin necə sevindiklərini, necə fərəhləndiklərini kaş görəydiniz! Onlar dövlətimizin başçısına hədsiz razılıqlarını candan-könüldən ifadə elədilər.
Rayonumuza səfərindən iki gün sonra möhtərəm Prezidentimizin Cəlilabadda abadlıq-quruculuq işlərinin davam etdirilməsi, regional inkişaf Dövlət Proqramında müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məsədilə Ehtiyat Fondundan 2 milyon manat vəsait ayırması qayğı və diqqətin daha bir təzahürüdür. Biz bundan sonra da etimadı layiqli işlərlə doğrultmaqdan ötrü əllərimizdən gələni əsirgəməyəcəyik.
Bəli, Cəlilabadda qazanılan uğurlar ən yüksək səviyyədə yenidən bəyənilib təqdir olundu, qarşıdakı vəzifələrlə bağlı tapşırıq və tövsiyələr verildi. Qalır bunları da ciddi səylərlə reallaşdırmaq. İnanırıq ki, həmin vəzifələrin yerinə yetirilməsi üçün cəlilabadlılar bütün imkanlardan səmərəli istifadə edəcək, rayonun daha da abadlaşması və gözəlləşməsi üçün qüvvələri tam səfərbərliyə alacaqlar.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 5.