Vətəndaşların
təhlükəsizliyi etibarlı şəkildə təmin
olunur
(əvvəli qəzetin
9 avqust 2012-ci il tarixli sayında)
Faktlar göstərir ki, cəmiyyətdə ictimai
asayişi pozan, əhalinin rahatlığına qarşı təhlükə
törədən, milli təhlükəsizliyə təhdid
yaradan hallar ölkəmizə qarşı informasiya müharibəsidir. Azərbaycanın
sürətli sosial-iqtisadi, mədəni inkişafını
gözü götürməyən bəzi ölkələr
informasiya müharibəsində din amilindən ölkəmizə
qarşı vaxtaşırı istifadə etməyə
çalışırlar.
Məsələn, orta məktəbdə şagird
qızların hicab qalmaqalı, qeydiyyatdan keçməmiş
İslam Partiyasının üzvlərinin guya dövlət
qurumları tərəfindən
sıxışdırılması və s. bu kimi böhtan
xarakterli məlumatların qonşu ölkələrin kütləvi
informasiya vasitələrində
işıqlandırılmasını Azərbaycana
qarşı informasiya müharibəsinin bir forması kimi dəyərləndirmək
olar. Respublikamızda dini vəziyyət və dindarlara
münasibətlə bağlı reallığı əks
etdirməyən yazıların bəzi yerli qəzetlərdə
işıqlandırılması da bu qəbildəndir. Yəni
KİV-lərdə Azərbaycanın reallığını əks
etdirməyən bu cür məqalələrin dərc
olunması da xaricdə fəaliyyət göstərən
antiazərbaycan qruplarına ölkəmizə qarşı
informasiya müharibəsində din amilindən istifadə etmək
üçün təkan vermiş olur.
Göründüyü kimi, ölkəmizin milli təhlükəsizliyinə
dinlə bağlı olan təhdidlər müxtəlifyönümlüdür. Bunların
içərisində hazırki şəraitdə maddi və
mənəvi cəhətdən xarici ölkələr tərəfindən
dəstəklənən icazəsiz fəaliyyət göstərən
bəzi dini-siyasi qrupları ən təhlükəli hesab etmək
olar. Beynəlxalq təcrübə göstərir
ki, bu cür qruplar milli və dini ekstremizmə və terrorizmə
meyilli olduqlarına görə onların fəaliyyəti cəmiyyətin
sabitliyi üçün daha çox təhlükə
yaradır ki, bunları da milli təhlükəsizliyə
qarşı təhdid hesab etmək olar.
Azərbaycan dünyəvi, sivil bir dövlət olaraq həmişə
dini ekstremizmə qarşı çıxmış, dini
dözümsüzlüyü pisləmiş və bu sahədə
başqa dövlətlərlə əməkdaşlıq
etmişdir. Azərbaycan terrorizmə, dini ekstremizmə
qarşı mübarizə aparan ölkələrlə əməkdaşlığa
üstünlük verir. Prezident Administrasiyanın rəhbəri,
akademik Ramiz Mehdiyev 2011-ci il sentyabrın
21-də Rusiyanın Yekaterinburq şəhərində
keçirilən təhlükəsizlik məsələlərinə
cavabdeh olan yüksək vəzifəli şəxslərin beynəlxalq
görüşündə iştirak etmişdir. Dünyanın 65 ölkəsinin nümayəndələrinin
iştirak etdiyi bu beynəlxalq toplantıda bir çox aktual məsələlər,
o cümlədən beynəlxalq informasiya təhlükəsizliyi,
təbii və texnogen fəlakətlər zamanı əməkdaşlıq,
transmilli cinayətkarlığa qarşı mübarizə məsələləri
müzakirə edilmişdir. Bu beynəlxalq
görüşdə akademik Ramiz Mehdiyev "Millətlərarası
düşmənçilik və dini dözümsüzlüklə
əlaqədar böhranlı vəziyyətlərdə
ekstremizmin təzahürlərinə qarşı mübarizə
sahəsində beynəlxalq əməkdaşlığın
fəallaşdırılması problemləri"
mövzusunda məruzə ilə çıxış
etmişdir. Öz məruzəsində ekstremizmin
mahiyyətini elmi cəhətdən izah edən Ramiz Mehdiyev
qeyd etmişdir ki, "Ekstremizmə ən ümumi formada
müxtəlif məsələlərə ifrat
baxışların tərəfdarı olmaq kimi tərif
verilir. Lakin ekstremizm, sadəcə, radikal
baxışların ifadəsi deyildir. Çox
vaxt o ciddi cinayətlər törədilməsinə səbəb
olur."Akademik Ramiz Mehdiyev ekstremizmin çoxsaylı
formaları arasında milli və dini ekstremizmi ən təhlükəli
forma hesab edərək bunu aşağıdakı kimi əsaslandırmışdır:
"Ekstremizmin çoxsaylı formaları arasında ən təhlükəli
formalar kimi milli və dini ekstremizmi qeyd etmək
lazımdır. Onların dağıdıcı
potensialı olduqca böyükdür, çünki onlar
böyük insan qruplarını, hətta bütöv
xalqları da əhatə edə bilər".
Dini
ekstremizmin genişlənərək, radikal qruplarla birləşərək
cəmiyyətdə sabitliyi pozmağa, ictimai təhlükəsizliyin
təmin olunmasına mənfi təsir göstərərək
sosial vəziyyəti kəskinləşdirməyə
çalışdığını vurğulayan akademik
dini-siyasi ekstremizmin cəmiyyət üçün
yaratdığı təhlükəni aşağıdakı
kimi şərh etmişdir:
"Bu gün müxtəlif ekstremist qruplar öz məqsədləri
üçün radikal dini ideyalardan istifadə etməklə
dünyəvi və demokratik dövlət quruluşunu dəyişməyə
yönəlmiş fəaliyyəti həyata keçirməyə
çalışırlar. Onlar cəmiyyətdə
sabitliyi pozmağa, dini və sosial vəziyyəti kəskinləşdirməyə
çalışırlar".
Qeyd edək
ki, dinin siyasiləşdirilməsi, yaxud siyasi fəaliyyətdə
dindən istifadə, dini ayrı-seçkiliyi yaratmaq, başqa
dinlərə qarşı nifrət təbliğ edilməsi
bir çox ölkələrdə, o cümlədən
Avropanın inkişaf etmiş ölkələrində də
müşahidə olunur. Məsələn, 2011-ci il 22 iyul tarixində Norveçdə 32
yaşlı Andreas Breyvikin törətdiyi dini-siyasi xarakter
daşıyan terror aktını buna misal göstərmək
olar. KİV-in məlumatına görə, əvvəlcə
Oslo şəhərinin hökumət binasının yerləşdiyi
məhəllədə böyük partlayış törədən
A.Breyvik, sonradan polis paltarı geyərək Utoya adasına gəlmiş,
burada yerləşən gənclərin yay düşərgəsində
toplantı keçirən çoxsaylı gəncləri
güllələmişdir. Bu terror aktı zamanı 80-ə
yaxın adam qətlə yetirilmişdir.
Siyasi müşahidəçilərin fikrinə görə,
Avropada müsəlmanların sayının artmasını təhlükə
kimi qəbul edən 32 yaşlı terrorçu qeyri-Qərb
ölkələrindən gələn müsəlmanlara
Norveçdə sığınacaq verən Sosial-Demokrat
Partiyasını düşmən hesab edərək, onlara
qarşı terror törətmişdir. Siyasi
müşahidəçilərin rəyinə görə,
terrorçu özü bu fikri məhkəmədə etiraf
etmişdir.
Qeyd edək ki, Norveçdə islamofobiyanı dəstəkləyən
siyasi təşkilatlardan biri Tərəqqi Partiyasıdır
ki, bu partiyanın siyasi baxışları A.Breyvikin siyasi
baxışları ilə üst-üstə düşür. A.Breyvik vaxtilə
həmin partiyanın üzvü olmuş, sonradan partiya
sıralarından çıxmışdır.
Terrorçu öz siyasi baxışlarını törətdiyi
cinayətdən bir az əvvəl Londonda
çap etdirdiyi 630 səhifəlik "Avropa müstəqillik
deklarasiyası" (2011) adlı kitabında şərh
etmişdir. Məhkəmə zamanı A.Breyvik Qərbi
Avropanın müsəlmanların əlinə keçməsinin
qarşısını almaq üçün bu cinayəti
törətdiyini bildirmişdir. O, Avropanı xilas etmək
üçün öldürmək istədiyi adamların
siyahısında Böyük Britaniyanın sabiq baş naziri
Toni Bleyer, Britaniya şahzadəsi Çarlz, Almaniya kansleri
Angela Merkel, Fransanın sabiq Prezidenti Nikola Sarkozi və digər
nüfuzlu şəxslərin adları olduğunu
vurğulamışdır. A.Breyvik internetə yerləşdirdiyi
videoçarxda özünü orta əsr cəngavərləri
ilə müqayisə etmiş və başqalarını da
"səlib yürüşçüsü" olmağa,
Avropanın islamlaşdırılmasına qarşı və
marksizmə qarşı mübarizə aparmağa
çağırmışdır.
Buradan göründüyü kimi, Norveç kimi
Avropanın inkişaf etmiş bir ölkəsində baş
verən bu müdhiş cinayət hadisəsi dini
dözümsüzlük, başqa dinlərə qarşı
nifrət təbliğ edən hadisə kimi insanların
şüuruna daxil olmuş, əsasən müsəlmanlara və
multikulturalizm siyasətinə qarşı yönəldilmişdir. Bu faktlar bir
daha onu göstərir ki, terrorçuların, dini ekstremistlərin
vətəni yoxdur. Belələri istənilən
bölgədə cinayət törədə bilər. Bəzi radikal dini qruplar əvvəlcə təbliğat
metodundan yararlanaraq əhalinin həssas təbəqələrini
öz tərəflərinə çəkir, sonra isə
onları müxtəlif təxribatlara sövq edirlər.
Akademik
Ramiz Mehdiyev Yekaterinburqdakı toplantıda son vaxtlar Azərbaycanda
da dini ekstremizmlə, terrorçuluqla məşğul olan bəzi
təxribatçı qrupların fəaliyyəti haqqında məlumat
vermiş, onların zərərsizləşdirildiyini bildirərək
demişdir: "Məsələn, son illərdə Pakistanda
Şimali Vəziristan ərazisində "Əl-Qaidə"
düşərgələrində hazırlıq
keçmiş qanunsuz silahlı dəstənin üzvləri məhkum
edilmiş, "Sumqayıt camaatı" terror qrupu zərərsizləşdirilmişdir.
Bundan əlavə, dini təmayüllü
"Ceyşulla", "Hizbut-Təhrir", "Əl-Qaidə
Qafqaz", "İmam Mehdinin Şimal ordusu" və
başqa terror təşkilatlarının özəkləri ləğv
edilmiş, həmin təşkilatların 189 üzvü cinayət
məsuliyyətinə cəlb olunmuşdur.
Qeyd etdiyim faktlar ona dəlalət edir ki, millətçi
ekstremizmlə bərabər, dini ekstremizm Azərbaycanın
milli təhlükəsizliyi üçün ciddi risklərdir". Buradan məlum
olur ki, Azərbaycanda fəaliyyət göstərmiş təxribatçı
qruplar beynəlxalq terror şəbəkələri ilə əlaqədar
olmuş və xarici ölkələrdə yerləşən
terror qrupları tərəfindən idarə olunmuşdur.
Ancaq təəsüflə qeyd etmək lazımdır
ki, zaman-zaman insanlar bu ülvi və bəşəri
missiyanı tamam başqa məcrada inkişaf etdirərək,
dini, mədəniyyəti siyasi amallara xidmət etdirməyə
çalışmışlar. Xüsusən də
son vaxtlar bu prosesi daha intensiv müşahidə edirik. Dini liderlərin şəxsiyyətlərinin təhqiri,
dinlərin digər din mənsubları tərəfindən təhqir
olunması, müqəddəs kitabların
yandırılması və birinin digərinə qarşı
yalan və böhtanlarla çıxış edilməsi kimi
faktlar bu proseslərin əleyhinə mübarizənin
aktuallığını və vacibliyini göstərir.
Azərbaycanda dini tolerantlıq mədəniyyəti tarixən
yüksək olmuşdur. Azərbaycanda dinlərin bərabər və
sülh içində yaşaması tarixin bütün mərhələlərində
müşahidə olunmuşdur. Bütün
dinlər bərabər hüquqlu olaraq cəmiyyətin
inkişaf prosesinə eyni istiqamətdə öz töhfələrini
vermişlər və bu gün də bu missiyanı həyata
keçirməkdədirlər. Əlbəttə,
bu, İslam dininin bütün insanlara təbliğ etdiyi
ümumbəşəri və humanist dəyərlərin bəhrəsidir.
Biz bu yanaşmanı bütün dini mətn və
kitablarda müşahidə edə bilərik. Səmavi dinlər öz müqəddəs
kitablarında sülhü, əminamanlığı və
sevgini insanlığa əsas amal kimi hər zaman tövsiyə
etmiş və bu da, təbii ki, öz növbəsində
insanlara, dinlərə, mədəniyyətlərə tolerant
şəraitdə yaşayıb-yaratmağı öyrətmişdir.
Dini ayrı-seçkiliyə rəvac verilməsi dinlərarası münasibətlərin qızışdırılması da dini ekstremizmə yol açır. Çox təəssüf ki, dinlərin təhqir olunması, başqa dinlərə qarşı düşmənçilik hisslərinin qızışdırılması orta əsrlərdə yox, ictimai şüurun, elm və texnikanın yüksək inkişaf etdiyi XXI əsrdə baş verir. Məsələn, amerikalı keşişin İslamın müqəddəs kitabı olan "Qurani-Kərimi" oda atıb yandırması bütün müsəlmanları hiddətləndirmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva 2011-ci ilin aprel ayında Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bu hadisənin dinlərarası münaqişənin qızışdırılmasına təkan verdiyini pisləyərək demişdir: "Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlər də tapılır. Bizim hər birimiz müxtəlif dinə mənsubuq və bu dinlərin dəyər sistemləri olduqca yaxındır. Biz müxtəlif dinlərdə bir Tanrıya dua edirik və dualarımızın mahiyyəti də eynidir. Lakin biz bu gün insanlıqdan kənar və ağlasığmaz bir faktla üzləşirik. Özünü din xadimi adlandıran biri müqəddəs kitabı - "Qurani-Kərim"i oda atıb yandırır. Nədir belə hərəkətin adı? Nədir onun məqsədi? Hansı siyasi qüvvələrin sifarişidir bu? Belə insanlar kimə və nəyə xidmət edirlər? Lakin biz belə bir dəhşətli halın, hadisənin dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənməsi ilə də rastlaşmadıq. Nəticədə cəzasız qəddarlıq bir az da, daha da dəhşətli qəddarlıqla nəticələndi və biz bunun da şahidi olduq".
Bu istiqamətdə BMT-nin Baş Assambleyasının "Dinlərin təhqir olunması əleyhinə mübarizə" adlı A\ RES\ 65/224 saylı Qətnaməsində bu məsələlərin gündəmə gətirilməsi təqdirəlayiq davranış və hərəkətdir. Bu gün BMT-yə üzv olan bütün ölkələrin qətnaməyə qoşulması və bu istiqamətdə bəzi önəmli addımların atılması gecikmiş bir davranış olsa da, ancaq bu dövr üçün olduqca vacib bir addımdır.
Azərbaycan Respublikasının da bu qətnaməyə
qoşulması sevindirici və təqdirəlayiqdir. Dinlərin
tolerant şəraitdə yaşaması və ümumbəşəri
dəyərlər kontekstində inkişaf etməsi
baxımından Azərbaycanın tutduğu mövqe və izlədiyi
siyasət bir model kimi bu gün dünyaya təqdim edil
Sakit HÜSEYNOV,
AMEA Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun
dinşünaslıq və
mədəniyyətin fəlsəfi
problemləri
şöbəsinin müdiri, fəlsəfə
elmləri doktoru
Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 5.