O, məşhur Seyidovlar nəslindən idi

 

(əvvəli qəzetin 9 avqust 2012-ci il tarixli sayında)

 

Tanınmış ictimai xadim Bağır Seyidzadənin anadan olmasının 100 ili tamam olur

 

Filologiya elmləri namizədi Əsgər Zeynalov bu barədə yazır: Bağır Seyidzadə Poliqrafiya və Nəşriyyat İdarəsini yaradanlardan biri idi və müəyyən müddət ona başçılıq etmişdi.

1959-cu ildə Bağır Seyidzadə nümayəndə heyətimizin başçısı kimi Çində Azərbaycan günlərində iştirak etmişdi. Sonralar o, "Çin təəssüratları" adlı kitab yazıb və nəşr etdirir. Jurnalistlər İttifaqının üzvü kimi jurnalistlik və tərcüməçilik fəaliyyətini genişləndirir. Məsul vəzifələrdə işləməsinə baxmayaraq, həqiqət naminə etiraf etməliyik ki, onun Azərbaycan dilinə gözəl tərcümə etdiyi kitablar özündən sonra qoyub getdiyi ən qiymətli xatirədir.

Bunlar "Görkəmli adamların həyatı" silsiləsindən N.Muravyovanın "V.Hüqo", Leopold İnfildin "Evarist Qalua", Pestalotsinin "Seçilmiş pedaqoji görüşlər" kitabları idi. Təəssüf ki, həmin kitablar tərcüməçiyə baha başa gəldi".

İlyas Tapdığın "Məmməd Arazın məktubları" adlı xatirələrində Bağır Seyidzadə ilə bağlı çox maraqlı sətirlər var. İlyas Tapdıq yazır: "Mən onda Məmmədə məktub yazıb bildirdim ki, məni işdən çıxarıblar. Kitabımla bağlı bütün şəhəri bürüyən söz-söhbətlə şəxsən maraqlanan MK-nın o vaxtkı katibi Nazim Hacıyev 1960-cı ilin payızında məni yanına çağırdı. Yığıncaqda mədəniyyət nazirini möhkəm danladı. Çox mötəbər və xeyirxah bir insanın - Baş Nəşriyyat İdarəsinin rəhbəri Bağır Seyidzadənin himayə etməsi sayəsində üç aydan sonra məni vəzifəmə bərpa etdi".

Bu fakt gözdən düşmüş bir şair üçün qorxub-çəkinmədən ağız açmış Bağır Seyidzadəni çox gözəl xarakterizə edir, onun nüfuz sahibi, yüksək hakimiyyət dairələrində sözünün kəsəri olduğundan xəbər verir.

Sonra Azərinformda işləməyə başladı. Dilarə Seyidzadə bunu belə xatırlayır: "Bu, sadəcə xoşbəxt bir təsadüf idi. O vaxtlar qardaşım Fuad Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində oxuyurdu. O, gənc memarların müsabiqəsinə təqdim edəcəyi işin tərtibatı ilə məşğul idi. Böyük bir planşetin fotoşəklini çəkməliydi, ona görə də böyük fotokağız axtarırdı. Atam dedi ki, Qurviçin yanına get. Ən yaxşı kağız AzərTA-dadır (AzərTAc). Amma kimin oğlu olduğunu demə. Qurviç çox yaxşı insandır, o, sənə kömək edər. Qurviç isə soyadı eşidər-eşitməz Bağır Seyidzadənin oğlu olub-olmadığını soruşmuşdu. Yəni, atam jurnalistikada tanınmış sima idi. Sonra Qurviç MK-ya təqdimat yazır və atam onun müavini olur. O vaxtlar mən artıq formalaşmış bir insan idim. Tarix İnstitutunda işləyirdim və bütün bunlara tarixçi gözü ilə baxırdım.

O, mədəniyyət nazirinin müavini işləyəndə biz onunla bütün tamaşalara, filmlərə baxmağa gedirdik. O, Moskvanın yaradıcı ziyalıları, o cümlədən Çuxrayla yaxından dostluq edirdi. Bizi daim müxtəlif tamaşaların və filmlərin müzakirəsinə cəlb edirdi. AzərTA-dakı işindən, sözün əsl mənasında, zövq alırdı. Səhər saat 4-5-də evə qayıdanda daxilən işıq saçırdı. Gecələr mənasız hesab etdiyim məsələlərə görə durmadan ona zəng edən, daim nə isə soruşan cavanlar çox xoşuna gəlirdi. Mən hiddətlənirdim, o isə deyirdi ki, bunlar çox məsuliyyətli məsələlərdir. Bütün jurnalistlər - İsrafil Nəzərov, Xasay Vəzirov, Nəsir İmanquliyev "Gənc işçi" qəzetində işləmiş, ilk addımlarını bu gənclər qəzetində atmışdılar. Cəmil Əlibəyov elə hey deyirdi ki, Bağır Seyidzadə mənim müəllimimdir. Atam Vətənini, məşğul olduğu işi, doğma jurnalistikanı çox sevirdi.

Bağır Seyidzadə Azərinform üçün əsl tapıntı oldu. Direktorun müavini olması ilə yanaşı, həmçinin tərcümə şöbəsi müdirinin vəzifələrini icra edir, bəzən qəzetin nömrəsinə gedən materialları özü tərcümə və redaktə edirdi. O, həm özünə, həm də əməkdaşlara qarşı çox tələbkar idi. Prinsipial əhəmiyyət daşıyan, yaradıcılıqla bağlı məsələlərdə əsla güzəştə getmirdi. Çox sürətlə yüksək səviyyədə tərcümə edir, mətni birbaşa makinaçıya diktə edirdi. Həmin mətn sonradan heç bir əhəmiyyətli düzəliş olmadan birbaşa mətbuata gedirdi.

Bağır Seyidzadənin ümdə arzusu vardı. O istəyirdi ki, ictimai-siyasi ədəbiyyatın tərcüməsində doğma Azərbaycan dilindən geniş istifadə olunsun, səriştəli mütəxəssislər mürəkkəb siyasi terminlərin analoqunu tapmaqla tərcümə problemlərini həll etsinlər.

Azərinformun qocaman əməkdaşı, əməkdar mədəniyyət işçisi Ənvər Quliyevin dediyi kimi, onun leksikonunda "bilmirəm, bacarmaram" sözləri yox idi. O, canlı ensiklopediya idi.

Bir də o istəyirdi ki, jurnalistika fakültəsinin tərcümə sahəsində ixtisaslaşan tələbələri qəzet və jurnal, radio və televiziya redaksiyalarında, nəşriyyatlarda staj keçib orada təcrübə toplasınlar.

Bağır Seyidzadənin Azərinformdakı fəaliyyətini onunla işləyənlər çox dəqiq səciyyələndirmişlər: "Ömrünün son illərini operativ siyasi materialların tərcüməsinə həsr etmiş Bağır Seyidzadəni AzərTAc-ın tərcüməçilik məktəbində müstəsna örnək olan bir insan kimi xatırlayırlar. Bağır müəllim öz tərcümələrində dilə çox həssas yanaşırdı. O, Azərbaycan dilinin gözəlliyindən, zənginliyindən geniş istifadə edirdi".

Azərbaycan tərcümə məktəbinin baniləri arasında Bağır Seyidzadənin adı xüsusi ehtiramla çəkilir, çünki onun bu sahədə xidmətləri çox böyükdür.

Dilarə Seyidzadənin xatirələrindən: "Mən Azərbaycanın XX əsrin əvvəlindəki ictimai-siyasi həyatı mövzusunda dissertasiya yazırdım. Əsas mənbə o dövrün mətbuatı idi. Atam məni "Füyuzat", "İrşad", "Həyat" qəzetləri ilə işləməyə məcbur edirdi. Bütün bunlar ərəb hərfləri ilə olduğundan çətinlik çəkirdim. Axı həmin qəzetlərin dili köhnə Azərbaycan dili idi, mən isə rus bölməsində oxuyurdum. Atam üçün hər şey çox asan olduğundan biz onunla bu işdə sıx əməkdaşlıq edirdik. Atam mənə çox kömək etdi.

Ailəmizdə belə idi. Nənəm, anamın anası bizimlə yaşayırdı. Nənəm bizimlə, elə anamla da Azərbaycan dilində danışırdı. Atam işdən gələndə biz rus dilinə keçirdik. Atamla ədəbiyyatdan, tarixdən danışırdıq. O, Ali Partiya Məktəbini bitirmişdi. Məndə onun fərqlənmə diplomunun surəti var, bütün fənlərdən əla qiymətlərdir. Atamın fenomenal yaddaşı vardı. O, sanki gördüklərinin fotoşəklini çəkirdi, yəni görmə yaddaşı əla idi. Çox oxuyurdu, sonradan oxuduqlarının hamısını yaddaşında canlandıra bilirdi. O, təbiətən istedadlı insandı, ən qiymətli xüsusiyyəti laqeyd qala bilməməsiydi. Uşaqları necə böyüyür, necə oxuyur, nə ilə maraqlanır, nə kimi arzuları var - bunların hamısında yaxından iştirak edirdi. Lakin heç bir məcburiyyət yox idi. Memar olmaq istəyirsən - memar ol, tarixçi olmaq istəyirsən, buyur, tarixçi ol".

Xeyirxah və incə qəlbli ziyalı Bağır Seyidzadəyə hansı yüksək mövqelərdə durmasından asılı olmayaraq, heç vaxt vəzifəli şəxs kimi yanaşmır, ona hörmət bəsləyir, onu bir şəxsiyyət, heç bir çətinliyə baxmayaraq, hər an yardıma tələsən təmiz adam kimi qiymətləndirirdilər. O, heç vaxt heç kimə səsini ucaltmazdı, hətta qarşısında qəbahəti olan işçisi dayansaydı belə. Bu və ya digər dərəcədə onunla əlaqədar olan hər kəs bu faktı təsdiq edər.

Onun gərgin zəhmət və səbr tələb edən, məhrumiyyətlər və təlatümlər dolu coşqun həyatı ona gətirib çıxardı ki, ömrünün 55-ci ilində 20 dəqiqə ərzində qızının qolları arasında geniş infarktdan keçindi. Ölümü ailəsini, doğmalarını şoka salmaqla yanaşı, bütün kollektiv üçün böyük itki idi.

O, bazar günündən bazar ertəsinə keçən gecə vəfat etdi. Onlar xarici jurnalistləri qəbul etməliydilər. Yazı makinasına hətta ağ vərəq də qoyulmuşdu. O, mətni diktə etməliydi, eynəyi də elə buradaydı. O, AzərTA-nı, bu zəhmətsevər kollektivi, bir an boş dayanmağa imkan verməyən, sualı suala calayan, hər şeylə maraqlanan fərasətli cavanları çox sevirdi.

Bağır Seyidzadənin əməyi layiqincə qiymətləndirilmişdi. O, "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüş, Qırmızı Əmək Bayrağı və "Şərəf nişanı" ordenləri ilə təltif edilmişdi. Bağır Seyidzadə ilə birlikdə işləyən insanlar, bir qayda olaraq,onun dostlarına, məsləkdaşlarına çevrilirdilər.

Dilarə xanım atasının yüksək vətənpərvərliyindən danışarkən, onun əsgərlərin döyüş ruhunu yüksəltmək üçün Səməd Vurğunun rəhbərlik etdiyi bir qrup Azərbaycan ziyalısı ilə birlikdə Novorossiysk cəbhəsində 416-cı, 77-ci və 223-cü diviziyalarda olduğunu xatırlayır. Onlar özləri ilə incəsənət xadimlərini, müğənniləri aparır, konsertlər təşkil edir, mühazirələr oxuyurdular. Bağır Seyidzadə Səməd Vurğunla birlikdə Tiflisdə vətənpərvərlik mitinqində iştirak etmişdir. Onların gücü təbiətlərinin odlu-alovlu olmasında, düzgün hərəkət etdiklərinə əmin olmalarında idi. Onlar buna inanırdılar, öz nitqləri və inamı ilə insanları coşdurur, öz ardınca aparırdılar. Bu, bir növ daxili tələbat, daxili güc idi. O, bütün bunları dönə-dönə təkrarlamaqla deyil, öz şəxsi nümunəsində uşaqlarına təlqin etmək istəyirdi.

Bağır Seyidzadənin xanımı, həyatın bütün ağrı-acısını onunla bölüşən ömür-gün yoldaşı, yaxın qohumu idi. Əsl məhəbbətə, dərin qarşılıqlı hörmətə söykənən bu nikah sanki göylərdə kəsilmişdi. Ağıllı və gözəl, ixtisasca həkim olan Qeys xanım Nəsirova həqiqi mənada həyat dostu idi. Müsəlman ailələrinin əksəriyyətində olduğu kimi, övladlarına ciddi tərbiyə verir, sadə və böyüklərə hörmət ruhunda böyüdürdü.

Bağır Seyidzadə ailəsini çox sevən insanlardan idi. Birinci badəni də həmişə həyat yoldaşının sağlığına qaldıraraq deyirdi ki, evinin xanımı onun ən yaxın dostudur. Üç övladı vardı: oğlu Fuad, qızları Dilarə və Xoşqədəm.

Övladlarının hansı kitabları oxuduqlarına biganə qala bilmirdi. Ev kitabla dolu idi. Kitabları rəflərdə toz basmırdı. Onlar sadəcə tamaşa üçün nəzərdə tutulmamışdı. Uşaqlar bu kitabları oxuyur, sonra oxuduqlarını birlikdə müzakirə edirdilər. Bağır Seyidzadə övladlarını kinoya aparmağı, onlarla birlikdə film seyr etməyi sevirdi.

Dilarə Seyidzadənin xatırladıqlarından: "Ailəmizin ən sevimli bayramları Yeni il və Novruz idi. Yeni ildə bütün ailə masa başına yığışardı. Atam saat 11-dən 12-dək yola saldığımız ilə, bu il gördüyümüz işlərə yekun vurar, saat 12-dən 1-dək qarşıladığımız ildə görəcəyimiz işlərdən danışardı.

Atamın 1967-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi mərasimində söylədiyi nitqin yazısı qalmışdı. O vaxt bir neçə görkəmli xadim, ziyalı seçilmişdi. Onlar, o cümlədən atam xalqa müraciət etmişdilər. Daha bir maraqlı məqam. Biz Fuadla məktəbdə oxuyanda o, anama demişdi ki, səhər yeməyi, qələmdan, qələm və sair ləvazimat üçün hər ay bizə, - Xruşşov islahatlarından əvvəlki dövr idi, - 100 manat pul verəcəkdir. Artıq həyatda olmayanda bir vaxtlar əsərlərini çox tərcümə etdiyi Cani Rodari Moskvaya gəlmişdi. Bu barədə "Pionerskaya pravda" qəzeti yazmışdı. Cani Rodari Pionerlər Evinə gəlib bizdə uşaqlara nə qədər pul verildiyi barədə maraqlanmışdı. Hamı hiddətlənmişdi ki, uşaqlara necə pul vermək olar? Cani Rodari isə "uşaqları pul istəməməyə uşaqlıqdan öyrətmək lazımdır" cavabını vermişdi.

Bağır Seyidzadənin böyük övladı Fuad hərtərəfli istedadlı və bacarıqlı uşaq idi. O, yaxşı oxuyur, gözəl rəsm çəkirdi. Həm valideynləri, həm də müəllimləri ona böyük ümid bəsləyirdilər. Sonralar Fuad Seyidzadə gənc olmasına baxmayaraq, Azərbaycanın aparıcı memarlarından biri oldu.

Dilarə xanım "Fuad Seyidzadə. Xatirələr karvanında" kitabında yazır: "Mikayıl Hüseynov, Həsən Məcidov, Ənvər Qasımzadə, Qəzənfər Əlizadə və bir çox başqaları onu çox sevirdilər. Onu böyük qayğı ilə yanaşdığı gənclər sevirdilər. 1968-ci ildə ulu öndər Heydər Əliyevin göstərişi ilə Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsində xüsusi smeta-layihə bürosu yaradılanda onun rəhbəri Fuad təyin edildi. Fuad ətrafına sanballı kollektiv toplamağa başladı. Kadrların seçimində bir meyar vardı: istedad və çalışqanlıq.

Gözəl zövqü ilə fərqlənən Fuad onu ətrafdakılara da aşılamağa çalışırdı".

O, zərif, cəlbedici və xarizmatik bir insan, əsl estet idi. Onu yaxından tanıyan insanların fikrincə, zahirən soyuqqanlı olsa da, daxilən səmimi, məğrur, sadə, zərif, azad həyata vurğun, coşqun təbiətli bir insandı. Qaudi, Le Karbyuzye, Rayt, Mis van der Roe arxitekturasının, sözün əsl mənasında, məftunu idi. Qərbin texnoloji nailiyyətlərindən, azadlığından və demokratiyasından heyranlıqla danışardı.

Təəssüf ki, Fuad Seyidzadə işlərini yarımçıq, arzularını nakam qoyub həyatdan tez köçdü. Özündən sonra yeganə oğlu Ülvi qaldı. Onun tərbiyəsində Dilarə xanım yaxından iştirak etdi. İndi Ülvi gözəl ailə sahibidir: ömür-gün yoldaşı Cəmilə xanım və iki gözəl oğlu - Mirfuad və Mirmusa.

Seyidovlar nəsli dünyaya istedadlı insanlar bəxş etmişdir.

Bağır Seyidzadənin qardaşlarından biri Məmməd Miriyev iqtisadi ədəbiyyat tərcüməçisi idi.

Digər qardaşı İbrahim Seyidov Moskvada, məşhur aviakonstruktor A.Yakovlevin başçılıq etdiyi təyyarə zavodunun direktor müavini idi, yəni "YAK" təyyarələri istehsal edirdi. Müharibə illərində aviazavodun Novosibirskə köçürülməsinə İ.Seyidov başçılıq etmişdi. A.Yakovlev İbrahim Seyidovla birgə fəaliyyətindən "Aviakonstruktorun xatirələri" kitabında yazmışdır.

1934-cü ildən Moskvada "Kaliumun torpaqdan yuyulması" mövzusunda dissertasiya müdafiə edən Həsən Seyidov bu sahədə ilk azərbaycanlı mütəxəssis olur. Sonralar Kənd Təsərrüfatı Nazirliyində yüksək vəzifələrdə işləyir, MK-nın katibi, Nazirlər Soveti sədrinin birinci müavini və s. kimi yüksək dövlət vəzifələri tutur.

Bağır Seyidzadənin bacıları Hüzrə və Firuzə seçdikləri sahələrdə - torpaqşünaslıqda və baytarlıqda peşəkar mütəxəssislər idi.

Azərbaycanın ilk qadın mühəndislərindən biri Zəhra Seyidova idi. O, ötən əsrin 30-cu illərində Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra məsul bir vəzifənin öhdəsindən şərəflə gəlmiş, qida sənayesində konstruktor-texnologiya bürosu yaratmış və uzun illər orada çalışmışdır.

Bağır Seyidzadənin daha bir bacısı Azərbaycanın ilk qadın travmatoloq alimi, professor Həqiqət Seyidovadır. Altı ixtiranın və 114 elmi işin müəllifi olan Həqiqət Seyidova layiqli davamçılar nəsli yetişdirmişdir.

Seyidovlar nəslinin iki nümayəndəsinin - Həqiqət xanımın və Hüseyn Seyidzadənin adları Azərbaycan Ensiklopediyasında yer almışdır.

Azərbaycanda ilk rəngli filmin çəkilişi kinorejissor Hüseyn Seyidzadənin adı ilə bağlıdır. O, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda A.Kuleşovun və S.Eyzenşteynin emalatxanasında təhsil almışdır. Kino sənətinin V.Petrov, S.Yutkeviç, Q.Aleksandrov, M.Rom, V.Pudovken kimi adlı-sanlı ustadları ilə işləmişdir.

Onun çəkdiyi kinofilmlər arasında S.Rəhmanın dahi Üzeyir Hacıbəylinin ölməz musiqili komediyası əsasında yazdığı ssenari üzrə "O olmasın, bu olsun", genişformatlı "Koroğlu", "Yenilməz batalyon", "Dəli Kür", "Qaynana" kimi filmlər Azərbaycan kino sənətinin qızıl fonduna daxildir. Bu siyahını davam etdirmək olar.

Seyidovları tanıyanlar bir ağızdan bildirirlər ki, onların hamısı nəcib, istedadlı, əməksevər insanlardır. Harada yaşayırlarsa yaşasınlar, harada çalışırlarsa çalışsınlar, ömür yollarında nə qədər çətinlik və maneələrlə üzləşsələr də məğrur "azərbaycanlı" adını şərəflə daşımış, bütün ömürlərini Vətənə və xalqa xidmətə həsr etmişlər.

Hazırda bu nəslin yaşlı nümayəndələrindən estafeti almış yeni nəsil böyüməkdədir. Kim bilir, bəlkə də Seyidovlar nəslinin şanlı nümayəndələrinin gələcək yolunu işıqlandıracaq yeni ulduzu Azərbaycan üfüqündə məhz onlar yandıracaqlar.

 

 

Tamilla NURİYEVA

 

Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 6.