İran XİN-in rəsmisi: Azərbaycan-İran əlaqələri son iyirmi ildə bütün eniş-yoxuşlara baxmayaraq dostluq münasibətlərinə əsaslanır

 

İran İslam Respublikasının xarici işlər nazirinin müavini Seyid Abbas Ərəqçi Azərbaycan-İran münasibətləri ilə bağlı bu ölkənin İRNA xəbər agentliyinə müsahibə vermişdir (http://www.irna.ir/News/80265914). Müsahibədə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasındakı əlaqələr, münasibətlərə zərər vuran amillər və kənar qüvvələrin maraqları, iki ölkənin əməkdaşlığının perspektivləri və digər məsələlərə toxunulmuşdur. "Azərbaycan-İran əlaqələri son iyirmi ildə bütün eniş-yoxuşlara baxmayaraq dostluq münasibətlərinə əsaslanır", - deyən S.A.Ərəqçi qeyd etmişdir ki, iki ölkə arasındakı tarixi, mədəni və dini bağlılıqlar, eləcə də, yaxın qonşuluq qarşılıqlı münasibətlərin əsasını təşkil edir. Cari ilin mayında keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsinə münasibətini bildirən nazir müavini demişdir ki, "Eurovision-2012" mahnı müsabiqəsinin keçirilməsi İranda bəzi dini dairələrdə narahatlığa səbəb olmuşdur. Çünki bu proqram çərçivəsində keçiriləcək tədbirlər haqqında bəzi şayiələr var idi...Həm İranı, həm də Azərbaycanı sevməyən bəzi dairələr vardır ki, iki ölkə arasında münasibətləri gərginləşdirmək məqsədi ilə belə şayiələr yayırlar".

Onun ötən ay Azərbaycan Respublikasına nəzərdə tutulmuş səfərinin təxirə salınmasının birbaşa protokol qaydaları ilə əlaqədar olduğunu bildirən nazir müavini qeyd etmişdir ki, Azərbaycan ilə İran arasında mövcud sualların hər biri qarşılıqlı anlaşmaya əsaslanan danışıqlar yolu ilə aradan qaldırılır və bu cür də davam etməkdədir.

 

 

Sabir ŞAHTAXTI

 

Xalq qəzeti.- 2012.- 10 avqust.- S. 2.