Azərbaycanda insan hüquq və
azadlıqlarının qorunması daim
diqqət mərkəzindədir
Biz ölkəmizdə
demokratiyanın, insan hüquqlarının inkişafına və
qorunmasına çox böyük əhəmiyyət veririk...
Əlbəttə, çox vacibdir ki, bu sahədə həm
beynəlxalq təşkilatlar tərəfindən, eyni zamanda,
bu sahə ilə bilavasitə məşğul olan qurumlar tərəfindən
vahid meyarlar tətbiq olunsun. Biz, əlbəttə, gələcək
fəaliyyətimizdə də Azərbaycanda həm siyasi, həm
iqtisadi, həm də sosial islahatları davam etdirəcəyik,
insan hüquqlarının qorunması üçün
bütün lazımi tədbirləri görəcəyik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Azərbaycan dövlət müstəqilliyini
bərpa etdikdən sonra demokratik proseslərin inkişafına
xüsusi önəm verildi. İnsan hüquq və
azadlıqlarının təmin
edilməsi ölkəmizdə
gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi dövlətin diqqət mərkəzində
saxladığı prioritet
məsələlərdən biri olub. Bu hüquqlar gündəlik
həyatımızda öz
real təminatını almaqla
yanaşı, həm də hüquqi normativ sənədlərdə
öz əksini tapıb.
1993-cü ilin ikinci yarısında xalqın təkidli xahişi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev əsas insan hüquq və azdlıqlarının qorunmasını ali vəzifə kimi qarşıya qoydu. Ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edirdi. Bu sahədə riskli və prinsipial addımlar atmaqdan da çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır. Ölüm cəzasının ləğv edilməsi həm də nüfuzlu beynəlxalq təşkilatların, əsasən də Avropa Şurasının bu quruma üzv dövlətlər qarşısında müəyyənləşdirdiyi başlıca tələblərdən idi. Avropa Şurasının 1983-cü ildə qəbul etdiyi İnsan Hüquqlarına dair Konvensiyanın 6 saylı protokolunda ölüm hökmünün yolverilməzliyi birmənalı olaraq əksini tapmışdır. Ölüm hökmünün ləğvi tələbi, şübhəsiz, təşkilatın insan hüquq və azadlıqlarına, insanın yaşamaq hüququna necə yüksək dəyər verdiyinin əyani təzahürüdür. Bu məsələ müstəqil Azərbaycanın Konstitusiyasında da təsbit olunub.
Qüdrətli şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Ali qanunumuzun 54 maddəsində insan hüquq və azadlıqlarının qorunması öz əksini tapıb. Bu Konstitusiyanı insan hüquqlarının qorunması, qanunların aliliyinin bərpa edilməsi və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımından Heydər Əliyevin şah əsəri adlandırmaq olar. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması, demokratik prinsiplərin daha geniş şəkildə tətbiqi, əhalinin həyat səviyyəsinin durmadan yaxşılaşdırılması, onların öz fikirlərini sərbəst ifadə etmələri üçün həyata keçirilən tədbirlər, mitinq, küçə yürüşləri və digər aksiyaların keçirilməsi üçün yaradılan sərbəstlik ölkəmizi beynəlxalq aləmə daha sürətlə inteqrasiya edirdi.
Müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci ildə ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilmiş Konstitusiyada ölüm hökmü cəzası tam ləğv edilənədək yalnız dövlətə, insan həyatına və sağlamlığına qarşı xüsusilə ağır cinayətlərə görə müstəsna cəza tədbiri kimi göstərilmiş və daimi cəza növü kimi nəzərdə tutulmamışdır. Bundan başqa, 1996-cı ilin mayında Milli Məclis Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsünü dəstəkləyərək yaşı 65-dən çox olanların ölüm cəzasından azad olunması ilə bağlı qərar qəbul etmiş, eyni zamanda, ölüm cəzasının tətbiqini nəzərdə tutan cinayətlərin sayı qanunvericilikdə 33-dən 12-yə endirilmişdir. Ölüm hökmü tam ləğv olunmazdan əvvəl bu məsələ cəmiyyətdə geniş ictimai müzakirəyə çıxarılmış, beynəlxalq təşkilatlarla, xüsusilə də Avropa Şurası ilə geniş məsləhətləşmələr aparılmışdır.
Ulu öndər Heydər Əliyev 1998-ci il yanvarın 22-də ölüm hökmünün ləğv olunması haqqında təşəbbüslə çıxış edib. Bununla bağlı Milli Məclisə müraciətində cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək idealları rəhbər tutmaqla ölkədə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəldiyini bildirmiş, bu tarixi bəyanatın zəruriliyini əsaslandırmışdır. Milli Məclis dövlət başçısının ölüm hökmü ilə əlaqədar təklifini dəstəkləmiş, 1998-ci il fevralın 10-da tarixi qərar qəbul etmişdir. Ölüm hökmünün ləğvi ilə Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşdü. Ulu öndər ölüm hökmünü ləğv etməklə bəşəri humanizmə və beynəlxalq hüquq normalarına sadiqliyini bir daha nümayiş etdirdi. Təsadüfi deyil ki, amerikalı məşhur siyasi xadim Zbiqnev Bjezinski 1998-ci ildə etdiyi çıxışlarının birində demişdir: "Heydər Əliyev zəngin dövlətçilik və idarəetmə təcrübəsi əsasında qısa müddətdə Azərbaycanda insan hüquqlarının ən yüksək səviyyədə təmin edilməsinə nail olub".
Azərbaycanda insan hüquqlarının qorunmasi sahəsində Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu tədbirlər sonrakı illərdə də davam etdirildi. Ölkəmizin konkret inkişaf mərhələsinə uyğun olaraq insan hüquqlaının müdafiəsi sahəsində həyata keçirilən tədbirlərin səmərəliliyini artırmaq məqsədi ilə dövlət proqramı hazırlanmışdır. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər nəzərdə tutulur.
Azərbaycan Prezidentinin "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" 1998-ci il 22 fevral tarixli fərmanından irəli gələn məqsəd və vəzifələri nəzərə alaraq ulu öndər həmin ilin iyun ayının 18-də İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramını təsdiq etdi. Proqramda Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ hüquqi aktların insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil proqramları üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər əks olunub. Məhz bundan sonra ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunması istiqamətində görülən fundamental tədbirlər davam etdirildi və bu sahədə çox ciddi nailiyyətlər əldə edildi. "Azərbaycan Respublikası öz həyatını demokratik prinsiplər əsasında quraraq daim çalışacaqdır ki, insan hüquqlarının qorunmasına əməl edilsin" - deyən ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli humanizm siyasətinin real və qanunauyğun nəticəsi kimi, Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi yönündə yeni keyfiyyət dəyişiklikləri baş verdi. Eyni zamanda, bu sahədə əldə edilən nəticələr hüquqi dövlət quruculuğuna töhfə verən əhəmiyyətli faktor kimi çıxış etdi. Bu proses sonrakı illərdə də davam etdirildi. Heydər Əliyevin təşəbbüsü ilə 1998-2002-ci illərdə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Qanun, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olundu və "Avropa insan hüquqları konvensiyası" təsdiq edildi.
Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş humanizm ənənələri bu gün də yüksək səviyyədə davam etdirilir. Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin humanizm prinsipləri, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyi tədbirlər beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Son 17 ildə imzalanan 52 əfv fərmanı ilə 5500-ə yaxın məhkumun azadlığa buraxılması ölkəmizdə əsas insan hüquq və azadlıqlarının qorunması Avropada nümunə kimi göstərilir.
Səhvindən səmimi peşmançılıq hissləri keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb.
Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu qısa müddətdə tam sübuta yetirmiş dövlətimizin başçısı İlham Əliyev hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən Prezident İlham Əliyev vaxtaşırı əfv sərəncamları imzalayır. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.
İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. "Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı"na müvafiq olaraq, BMT-nin "Minilliyin inkişaf məqsədləri"nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır. Dövlət başçısının təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün Azərbaycan Respublikasında qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir. Ölkədə formalaşmış qanunyaradıcı təcrübə göstərir ki, qanunların hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr rəhbər tutulur, habelə bir çox qanun layihələri onların hazırlanması prosesi zamanı insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatların ekspertizasına təqdim olunur, onların rəyi nəzərə alınmaqla qəbul edilir.
Azərbaycan Respublikası insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur.
Onu da qeyd edək ki, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı" nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilmişdir. Məsələn, ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət üzrə naziri Eamon Gilmor bu sənəd barəsində təəssüratını bildirərkən demişdir: "ATƏT Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində atılan addımları, xüsusən də insan hüquq və azadlıqlarının qorunması ilə bağlı qəbul olunmuş Milli Fəaliyyət Planını yüksək qiymətləndirir".
Azərbaycan Prezidenti İlham Əliyev əsas insan hüquq və azadlıqlarının qorunmasını daim diqqətdə saxlayaraq digər sərəncamlar da imzalamışdır. Dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən, iyunun 18-i "Azərbaycanda İnsan hüquqları günü" elan edilib. Sərəncamda ulu öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib. Məhz bunun əsasında 18 iyun tarixi "Azərbaycanda İnsan hüquqları günü" elan olunub.
Bütün bunlar Azərbaycanda insan hüquqlarının etibarlı təminatına və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini göstərir. Dünyanın insan hüquqları sahəsində ixtisaslaşmış nüfuzlu təşkilatları, ekspert və analitikləri də bu faktları yüksək qiymətləndirir, Prezident İlham Əliyevin insanpərvər və humanist dövlət rəhbəri olduğunu xüsusi olaraq vurğulayırlar. Ölkəmizdə ardıcıl imzalanan əfv fərmanları Azərbaycanın demokratik imicini daha da möhkəmləndirir, dövlətimizin insan hüquqları üzrə ixtisaslaşmış mötəbər beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT, Avropa Şurası və digər nüfuzlu qurumlarla münasibətlərinin intensivləşdirilməsindən xəbər verir. Bu istiqamətdə atılan addımlar Azərbaycanın demokratik və hüquqi dövlət quruculuğu sahəsində uğurlarını şərtləndirən mühüm amillər kimi qiymətləndirilir və ölkəmizdə əsas insan hüquq və azdlıqlarının qorunması nümunə kimi göstərilir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 1.