Azərbaycanın
inkişaf strategiyası uğurla
həyata keçirilir
Ulu
öndər Heydər Əliyevin inkişaf
strategiyasının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilməsi nəticəsində
hazırda makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir.
Dövlət başçısının rəhbərliyi
altında reallaşdırılan və ilk növbədə
sosialyönümlü problemlərin kompleks həllinə
geniş imkanlar açan səmərəli islahatlar, imzalanan
mühüm fərman və sərəncamlar Azərbaycanda
müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə
xidmət etməklə yanaşı, dünya miqyasında
respublikamızın mövqelərini daha da möhkəmləndirmişdir.
Bu
inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən
biri isə onun çoxcəhətli xarakterə malik
olması, özəl sektorun tərəqqisinə xüsusi
diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki,
hazırda ölkədə sahibkarlığın mükəmməl
hüquqi bazası yaradılmış, sahibkarlara müasir
dövlət dəstəyi sistemi
formalaşdırılmışdır.
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda regionların inkişafı ilə yanaşı, sahibkarlığın dinamik yüksəlişinə də xüsusi önəm verilir. Proqrama əsasən, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəldilməsinə də yönəldilir. Dövlət Proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısının ölkədə sahibkarlığın inkişafı istiqamətində atdığı addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab edilən sahibkarlığın inkişafı sosial-iqtisadi sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin kompleks həllində mühüm rol oynayır. Ötən illər ərzində sahibkarlığın hüquqi bazasının sistem halına gətirilməsini təmin edən qanunlar və bir sıra digər mühüm normativ sənədlər qəbul edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda infrastrukturun yeniləşdirilməsinin, respublikanın müxtəlif bölgələrində modul tipli elektrik stansiyalarının qurulması dövlətin özəl sektora dəstəyinin real təzahürüdür. Sahibkarlara dövlət tərəfindən ayrılan güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin qarşısının alınması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan qanunun qəbulu iş adamları tərəfindən razılıqla qarşılanır.
Ötən illər ərzində
ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti iqtisadiyyata 100 milyard dollara yaxın investisiya yönəldilməsinə imkan vermişdir. Əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son
illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə
artmışdır. 2000-ci ildə 47,5 faiz
paya malik daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi
həcmində 75,7 faiz paya
malik olmuşdur. Eyni zamanda xarici investisiyalar da son 10 il ərzində
4,7 dəfə artmışdır. Hazırda özəl
sektorun dinamik inkişafı nəticəsində
ÜDM-in istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən təmin
edilir.
Bütövlükdə, son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft
sahələrinin inkişafına
və ölkə iqtisadiyyatının diversifikasiyasına,
eləcə də bu sahələrdə mövcud müəssisələrin
maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş
tədbirlər nəticəsində
son 5 ildə ÜDM-də
qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş,
neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Azərbaycan hökumətinin həyata
keçirdiyi düşünülmüş
uğurlu siyasət və əldə olunan yüksək nailiyyətlər beynəlxalq
maliyyə institutları,
elmi-tədqiqat mərkəzləri,
eləcə də, nüfuzlu nəşrlər
tərəfindən təqdir
olunmaqdadır. Respublikamızın mühüm nəqliyyat-kommunikasiya
infrastrukturları yaradaraq
bölgədə əsas
tranzit məkanlarının
mərkəzinə çevrilməsi,
beynəlxalq ticarət
sisteminə inteqrasiyası,
strateji nəqliyyat dəhlizlərinin yaradılması
üçün təşəbbüskar
kimi çıxış
etməsi və digər amillər dünyanın ən nüfuzlu nəşrlərinin
aparıcı mövzularına
çevrilmişdir. Xüsusilə də Azərbaycan hökumətinin neft gəlirlərini nəhəng
infrastruktur layihələrinin
reallaşmasına sərf
etməsi xarici ölkələrin tədqiqat
mərkəzləri tərəfindən
təqdir olunur, ölkəmizin iqtisadi-sosial
həyatında mühüm
dəyişikliklərə səbəb olduğu diqqət mərkəzində
saxlanılır.
Hakimiyyətin mütəmadi olaraq gördüyü işlər
barədə xalqa hesabat verməsini idarəçilikdə müsbət
ənənə kimi formalaşdıran Azərbaycan
Prezidenti İlham Əliyev də məhz praqmatik liderlik keyfiyyətləri sayəsində qısa müddətdə respublikamızı
bütün sahələrdə
sürətli inkişaf
yoluna çıxarmışdır. Prezident İlham
Əliyevin inkişaf etdirdiyi mükəmməl
iqtisadi konsepsiyanın
həyata keçirilməsi
nəticəsində Azərbaycan
keçid iqtisadiyyatını
arxada qoymuşdur.
Qeyd etdiyimiz kimi, bu dinamizm, iqtisadiyyatın
strukturundakı keyfiyyət
dəyişikliyi, sosial
islahatların tamamilə
modernizasiyası yeni iqtisadi modelin doğurduğu pozitiv tendensiyaların məntiqi
nəticəsidir.
İqtisadiyyatın modernləşməsi sosial
strukturların da yeni innovasiyalara uyğunlaşmasını tələb
edir və bu istiqamətdə də pozitivlik artmaqdadır. Xüsusən də, hər il adambaşına
düşən ümumi
daxili məhsulun artımı sosial hədəflərə səmərəli
şəkildə çatmağa
imkan verir. Son 10 ilin ümumi
makroiqtisadi dinamikasına
nəzər salsaq, hər ay ÜDM-in və strateji valyuta ehtiyatlarının artımını
görmək olar.
Həm ÜDM-in, həm
də milli məhsulun adambaşına
düşən hissəsinin
yüksəlməsi isə
ölkəmizin "orta
gəlirli ölkələr"
qrupuna daxil olması üçün
əlverişli zəmin
yaradır.
Ümumiyyətlə, 2000-2011-ci illərdə və bu ilin ilk yarısında respublikamızın sıçrayışlı inkişafını xarakterizə edən mühüm makroiqtisadi göstəricilər əldə olunmuşdur. XXI əsrin birinci onilliyində Azərbaycanda iqtisadi inkişaf 4,5 dəfə artmışdır. Bu illər ərzində dövlət büdcəsinin vəsaitlərində artım 15 dəfədən çox, investisiya xərcləri 106 dəfə, strateji valyuta ehtiyatları isə 35 dəfə artmışdır. Qeyd olunan dövrdə əhalinin gəlirləri 5 dəfədən çox, bank aktivləri 15, əhalinin əmanətləri isə 37 dəfə çoxalmışdır. Bundan başqa, ölkəmizin ixrac gücü 17 dəfədən çox yüksəlmişdir.
Son illər sosial sahədə bütün seqmentlər üzrə sıçrayışların baş verməsi cəmiyyətin zənginliyinə aparan siyasi xəttin mükəmməlliyinin göstəricisidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təmkinli, qətiyyətli və çevik mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası daha da genişlənib və əhalinin rifah halının yaxşılaşması bu siyasətin əsas məzmununu təşkil edib. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da impuls verib. Sosial siyasətin başlıca məzmunu respublikamızın maliyyə imkanlarının yaxşılaşması müqabilində davamlı olaraq maaş və pensiyaların artırılmasından ibarətdir. Büdcə artımları ilə bağlı həyata keçiriləcək sosial müdafiə tədbirləri nəticəsində, ilk növbədə, əhalinin əməkhaqlarının artırılması nəzərdə tutulur. Müasir dövrdə dövlət büdcəsi hər bir dövlətin inkişafının mühüm göstəricisi, belə demək mümkünsə, tərəqqisinin meyarı sayılır.
Hazırda 42 milyard dollar həcmində güclü maliyyə resurslarına malik olan Azərbaycan hökuməti sosial siyasətlə bağlı addımlar atarkən bunun digər makroiqtisadi təsirlərini də nəzərdən keçirir və sosial sferada ölçüb-biçilmiş, düşünülmüş təmkinli qərarlar qəbul edir. Yəni, əməkhaqqı artımının istehlak bazarında ciddi fəsadlara yol açmamasını nəzərə alan hökumət kifayət qədər rasional, eyni zamanda, təmkinli sosial müdafiə tədbirləri həyata keçirir.
Prezident İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf siyasətinə uyğun olaraq gələcəkdə də Azərbaycanın davamlı inkişafı təmin ediləcək. Həmçinin, qarşıdakı illərdə makroiqtisadi sabitlik qorunub saxlanılacaq, ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcək, iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə, neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaq.
Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası isə davam etdirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
İstehsal proseslərində yeni texnologiyaların tətbiqində, keyfiyyətli və rəqabətqabiliyyətli yerli istehsalın formalaşmasında və ölkə iqtisadiyyatının qlobal bazarlara inteqrasiyasında xüsusi əhəmiyyət kəsb etməsi, həmçinin qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, regionların sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması və əhalinin rifah səviyyəsinin daha da yüksəldilməsində rolu baxımından xarici ticarət ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritetlərindən hesab olunur. Müstəqillik illərində ölkəmiz xarici ticarət sahəsində böyük nailiyyətlər əldə etmiş, idxal edilən texnoloji avadanlıqlarla yeni istehsal müəssisələri qurulmuş, texnoloji infrastruktur yenilənmiş və gücləndirilmiş, son nəticədə qlobal bazarlarda rəqabətqabiliyyətli olan yerli məhsul ixracı artmışdır.
Son illərdə regionların, qeyri-neft sektorunun inkişafı məsələsi dövlət büdcəsinin formalaşdırılması prosesində də diqqət mərkəzində saxlanılır. Bu, dövlət büdcəsinin hazırlanması zamanı da nəzərə alınmışdır.Belə ki, 2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri də yüksəlmişdir - bu məqsədlə 5777,1 milyon manat vəsait ayrılmışdır. Mütəxəssislərin fikrincə, dövlət əsaslı vəsait qoyuluşu xərclərinin artırılması hazırkı mərhələdə sosial tələbat kimi ortaya çıxmışdır. Belə ki, müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası, yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir.
İsaq HƏSƏNZADƏ
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 3.