Xüsusi Komissiyanın sədri Razim VƏLİYEV: Azərbaycanda SSRİ-dən qalan bank əmanətləri üzrə ödəmələrin verilməsi vaxtında başa çatdırılacaq

 

Prosesin başladığı tarixdən bu günədək 323 minə yaxın əmanətçiyə 185 milyon manatdan artıq vəsait ödənilib

 

Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və prosesə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri, Maliyyə Nazirliyi Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin direktoru Razim Vəliyevin "APA-Economics"ə müsahibəsi

- Azərbaycan Prezidenti İlham Əliyev 2012-ci il martın 14-də "Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında" fərman imzalayıb. Əhalini uzun müddətdir narahat edən bu məsələ ilə bağlı məhz bu dövrdə qərar qəbul edilməsinin səbəbi nədir?

- Məlum olduğu kimi, Azərbaycan dövləti o əmanətlərə görə heç bir hüquqi, yaxud mənəvi məsuliyyət və öhdəlik daşımır. Lakin sosial məsələlərin həlli daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Hesab edirəm ki, belə fərmanın qəbul edilməsi Azərbaycan Prezidentinin ölkə vətəndaşlarına qayğısının bariz nümunəsidir. Fərmanda da təsbit edildiyi kimi, müstəqillik əldə etdikdən sonra ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin inflyasiya nəticəsində ucuzlaşmış bank əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsi üçün şərait yaradıb. Məhz bu səbəbdən dövlət başçısı bu uğurların əldə edilməsində Azərbaycan vətəndaşlarının töhfəsini nəzərə alaraq, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə həmin bankın hüquqi varisi olan "Kapital Bank" ASC vasitəsilə fərdi birdəfəlik ödəmələrin verilməsi barədə belə bir fərman imzalayıb.

- Azərbaycanda həyata keçirilən bu proses digər postsovet ölkələrindən nə ilə fərqlənir?

- Postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variant məhz Azərbaycanda həyata keçirilir. İstər müddət baxımından - çünki cəmi 1 il 7 ay ərzində bütün kompensasiyalar ödəniləcək, istərsə də verilən məbləğ baxımından. Postsovet məkanında ən yüksək əmsal Azərbaycanda tətbiq edilir. Proses uğurla həyata keçirilir və yüz minlərlə insan artıq öz əmanətlərinə görə nəzərdə tutulan birdəfəlik ödəmələrini alıb.

- Razim müəllim, fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində sədrlik etdiyiniz Xüsusi Komissiyanın üzərinə mühüm vəzifələr qoyulub. Komissiyanın fəaliyyəti necə təşkil edilib?

- Fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması, müvafiq qərarların qəbul edilməsi və bu işlərə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyinin nəzdində yaradılan Xüsusi Komissiyanın tərkibi 7 aidiyyəti mərkəzi icra hakimiyyəti orqanından ümumilikdə 15 nəfər olmaqla formalaşdırılıb. Xüsusi Komissiya Bakı şəhəri Səməd Vurğun küçəsi, 112 ünvanında müvafiq inzibati bina ilə təmin edilib və komissiyanın fəaliyyəti üçün zəruri olan bütün maddi təminat məsələləri həll olunub. Xüsusi Komissiyanın fəaliyyətə başladığı iyun ayından etibarən avqustun 10-na olan məlumata görə, komissiyaya "Kapital Bank" ASC-dən itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlı 2 479 müraciət daxil olub. Müvafiq araşdırma aparıldıqdan sonra Xüsusi Komissiya 2 328 müraciət barəsində müsbət, digərləri barəsində isə əlavə araşdırılmalar aparılması üçün "Kapital Bank"ın müvafiq filiallarına qaytarılmasına dair qərar qəbul edib. Xüsusi Komissiyanın qərarları keçirilən iclaslarda şəffaf şəkildə komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və bütün iclasların nəticələrinə dair tərtib edilən protokollar saxlanılır. Məlumat üçün bildirmək istərdim ki, 2012-ci ilin martın 19-dan avqustun 10-dək Xüsusi Komissiyaya 851-ə yaxın ərizə, Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində fəaliyyət göstərən emanet_info@maliyye.gov.az ünvanına 902-dən artıq, fərdi birdəfəlik ödəmələrin verilməsi ilə bağlı yaradılmış "Qaynar xətt"ə isə 20 min 620-ə yaxın müraciət daxil olub. Həmin müraciətlər operativ şəkildə araşdırılaraq cavablandırılıb. Onu da qeyd etmək istərdim ki, birdəfəlik ödəmələrin verilməsi prosesi və Xüsusi Komissiyanın fəaliyyəti maliyyə naziri cənab Samir Şərifovun daim nəzarətindədir. Prosesin gedişi barədə mütəmadi olaraq Xüsusi Komissiya tərəfindən cənab nazirə məlumat verilir. Eyni zamanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi fəaliyyət qaydasına uyğun olaraq Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət edir. Məlumat üçün bildirim ki, indiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan bir neçə "Kapital Bank" əməkdaşı inzibati qaydada cəzalandırılıb.

- Xüsusi Komissiyada əmanətçilərin qəbulu işi hansı qaydada təşkil edilib?

- Vətəndaşların qəbulu üçün Xüsusi Komissiyada müvafiq şərait yaradılıb. Xüsusi Komissiyaya müraciət edən hər bir əmanətçi barədə məlumatlar və müraciətin məzmunu bunun üçün xüsusi ayrılmış kitablarda qeyd olunur. Sözügedən fərmanın 2,4 milyon əmanət hesabına şamil edildiyini nəzərə alsaq, Xüsusi Komissiyaya müraciət edən əmanətçiləri maraqlandıran məsələlər də bir çox sahəni əhatə edir. Məhz bu məsələlər nəzərə alınaraq Xüsusi Komissiyanın tərkibi müxtəlif dövlət orqanlarının nümayəndələrindən təşkil edilib. Xüsusi Komissiyaya müraciət edən hər bir əmanətçinin müraciətindən asılı olaraq həmin əmanətçi komissiyanın aidiyyəti üzvü tərəfindən qəbul edilir və əmanətçinin sualları qəbulu həyata keçirən şəxs tərəfindən cavablandırılır.

- Necə hesab edirsiniz, prosesin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə "Kapital Bank"ın mövcud resursları kifayət edirmi?

- "Kapital Bank" ölkəmizin bütün regionlarını əhatə edən geniş filial şəbəkəsinə malikdir. Buna baxmayaraq, əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsinin təmin edilməsi məqsədilə "Kapital Bank"ın nəzdində əlavə 143 məntəqə açılıb. Bu məntəqələrin 65-i Bakı şəhərində, 7-si Naxçıvan Muxtar Respublikasında, qalan 71-i isə ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərir. Eyni zamanda, problemli əmanətlər üzrə Bakıda, Naxçıvan Muxtar Respublikasında, Gəncədə və Sumqayıtda 6 xüsusi məntəqə yaradılıb.

- Əmanət kitabçalarını "Kapital Bank"ın müvafiq rayon filialına təqdim edərək qəbz almış vətəndaşların qəbzdə göstərilmiş tarix üzrə əmanət qalıqlarının ödənilməsində bəzən gecikmələr yaranır. Bu nə ilə əlaqədardır?

- Bəzən belə gecikmələr olur və bununla bağlı Xüsusi Komissiyaya da müraciətlər daxil olur. Qeyd edilən gecikməyə səbəb müraciət edən vətəndaşların say çoxluğu, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının hüquqi varisinin bir neçə dəfə təşkilati-hüquqi formasını dəyişməsi nəticəsində arxiv təsərrüfatının lazımi səviyyədə aparılmaması, habelə 20 il və daha artıq müddət saxlanılmış arxiv sənədləri əsasında tutuşdurma aparılmasının mürəkkəbliyi ilə bağlıdır. Mən bu məsələ ilə əlaqədar əmanətçilərdən bir az səbirli olmalarını xahiş etməklə yanaşı, bildirirəm ki, narahatlığa heç bir əsas yoxdur. Prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər operativ şəkildə həll edilir və nəzərdə tutulduğu kimi, əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonunadək tam şəkildə uğurla başa çatdırılacaq.

- Bir çox əmanətçinin adına bir neçə əmanət kitabçası üzrə hesablar var. Belə əmanət qalıqları olan əmanətçilərə ödəmələr hansı qaydada ödənilir?

- Qeyd etmək istərdim ki, belə hallar mövcuddur və Xüsusi Komissiyaya da bu cür müraciətlər daxil olur. Nəzərə almaq lazımdır ki, fərmanda fərdi birdəfəlik ödəmələrin məhz əmanətçilərə verilməsi nəzərdə tutulduğundan, ödəmələr eyni əmanətçinin hesablarında olan qalıqlar toplanmaqla hesablanıb verilir.

- Dağlıq Qarabağdan, yəni Xankəndi, Ağdərə, və Xocavənd rayonlarından olan əmanətçilər öz əmanətlərini almaq üçün hara müraciət etməlidirlər?

- Adları qeyd olunan rayonlardan olan Azərbaycan vətəndaşları öz əmanətlərini almaq üçün yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun "Kapital Bank" filialına müraciət edə bilərlər.

- Birdəfəlik ödəmələrin alınması üçün həmin hesabın bağlanması zəruridirmi? Ümumiyyətlə, ödəmələr hansı qaydada-nağd yolla, yoxsa digər hesablara köçürmə yolu ilə bankdan götürülə bilər?

- Birdəfəlik ödəmələrin alınması üçün həmin hesab bağlanmalıdır. Bunu əmanətçi öz ərizəsində göstərməlidir. Fərmanın tələbinə görə fərdi birdəfəlik ödəmə alınandan dərhal sonra həmin hesab bağlanır və əmanət müqaviləsinə xitam verilir.

- Xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşları olan əmanətçilər etibarnamə vasitəsilə fərdi birdəfəlik ödəmələri bankdan götürə bilərmi?

- Mövcud qanunvericiliyə uyğun olaraq təsdiq olunmuş və Azərbaycan Respublikası tərəfindən tanınan etibarnaməyə ona əlavə olunan digər müvafiq sənədlər təqdim edilməklə fərdi birdəfəlik ödəmə bankdan götürülə bilər.

- Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankından alınmış istiqrazlar və digər qiymətli kağızlara, habelə sığorta müqavilələrinə görə fərdi birdəfəlik ödəmə verilirmi?

- Bildirirəm ki, fərmana görə birdəfəlik ödəmə yalnız 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının əmanətçiləri olan və həmin bankın hüquqi varisi "Kapital Bank" ASC-də şəxsi əmanət hesablarının qalıqlarını saxlamış Azərbaycan vətəndaşlarına və ya onların vərəsələrinə verilir. Qeyd olunan qiymətli kağızlarda və sığorta qoyuluşlarında saxlanılan vəsaitlərə birdəfəlik ödəmələr şamil edilmir.

- Bildiyiniz kimi, əmanət qalıqlarını saxlamış əmanətçilərdən vəfat edənləri də var. Bu halda əmanətlərin qaytarılması hansı qaydada həyata keçirilir?

- Fərmana uyğun olaraq və mülki qanunvericiliyə əsasən, əmanətləri almaq hüququ Azərbaycan vətəndaşları olmuş vəfat etmiş şəxslərin respublikamızın vətəndaşları olan vərəsələrinə keçir. Vərəsəlik hüququ isə notariat kontorlarında rəsmiləşdirilir. Bu halda Mülki Məcəlləyə əsasən, ölmüş şəxsin vərəsəsi ola biləcək şəxslər miras qoyanın sonuncu yaşayış yeri üzrə fəaliyyət göstərən notariat kontoruna mirasın qəbuluna və vərəsəlik şəhadətnaməsinin verilməsinə dair ərizə ilə müraciət etməlidir. Notarius tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər, mirasın tərkibinin, vərəsələrin dairəsinin, vərəsələrin miras qoyanla qohumluq münasibətlərinin yoxlanılması, vəfat etmiş şəxsin vəsiyyətnamə qoyub-qoymaması, eləcə də vərəsəliyə çağırılmış şəxslərin mirası qəbul və ya ondan imtina etmələrinin araşdırılması, son nəticədə isə vərəsə və ya vərəsələrin müəyyən edilərək onlara qanun və ya vəsiyyət üzrə vərəsəlik şəhadətnamələrinin verilməsi həyata keçirilməlidir. Proses yetərincə mürəkkəbdir. Bu işdə notariat orqanlarının üzərinə böyük iş düşür. Hazırda notariuslar demək olar ki, gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Bizdə olan məlumata görə, cari ilin iyulun 1-dən başlayaraq o qədər də çox olmayan zaman ərzində notariuslar tərəfindən vərəsələrə 30 mindən artıq vərəsəlik şəhadətnaməsi verilib. Əmanətlərin qaytarılması müddətini nəzərə alsaq, bu rəqəmin artması gözlənilir.

- Artıq 2 aydan artıqdır ki, proses davam edir. Bu müddətdə əmanətçilərə verilən fərdi birdəfəlik ödəmələrin məbləği nə qədərdir və neçə əmanətçi indiyədək bu ödəmələrdən yararlanıb?

- Avqust ayının 10-na olan məlumatlara əsasən, "Kapital Bank" tərəfindən 322 822 əmanətçiyə ödənilən məbləğin həcmi təxminən 185 milyon manatdan artıq olub. Göstərilən tarixə struktur bölmələrə daxil olan müraciətlərin sayı 544 mindən artıq olub, o cümlədən "Kapital Bank"ın tərkibində yaradılmış mərkəzə 507 mindən çox müraciət daxil olub ki, onların 378,7 mini üzrə müsbət, 128,2 mini üzrə isə əlavə araşdırmalar aparılması üçün qərar qəbul edilib.

 

 

Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 3.