Azərbaycan Xəzərin
hüquqi statusunun
müəyyənləşdirilməsi istiqamətində fəal
iş aparır
Tərəflər bu məsələni
müzakirə etmək üçün yaxın günlərdə
Aşqabadda toplaşacaqlar
Bizi birləşdirən Xəzər
dostluq, əməkdaşlıq dənizidir. Xəzər dənizinin
hüquqi statusunun müəyyən edilməsi istiqamətində
çox fəal işlər gedir, ekspert qrupları işləyir.
Ümid edirəm ki, gələcək dövrlərdə bu
istiqamətdə əməli nəticələr əldə
olunacaqdır. Bu günə qədər Xəzərin
hüquqi statusunun müəyyən edilməməsi
aramızda olan dostluq əlaqələrinə heç bir təsir
göstərmədi. Münasibətlərimiz çoxşaxəlidir.
Əlbəttə, biz çox istərdik ki, Xəzərin
hüquqi statusu tezliklə öz həllini tapsın və bu
istiqamətdə səylərimizi davam etdirəcəyik.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Düşünülmüş,
ardıcıl və məqsədyönlü xarici siyasət həyata
keçirən Azərbaycan Respublikası regional məsələlərdə
qarşıya çıxan problemlərin aradan
qaldırılması istiqamətində səylərini əsirgəmir,
mühüm təşəbbüslərlə
çıxış edərək əsaslı təkliflər
səsləndirir, buna görə də region və dünya
ölkələrinin rəğbətini qazanır. Xəzərin
statusunun müəyyənləşdirilməsi məsələsində
də dövlətimiz obyektiv mövqedən
çıxış edərək beynəlxalq ictimaiyyətin
diqqətini özünə cəlb etmişdir.
Xəzərin
hüquqi statusunun təyin edilməsi ilk növbədə
region ölkələri, o cümlədən Avrasiya məkanı
və bütövlükdə dünya üçün
mühüm əhəmiyyət kəsb edən məsələdir.
Çünki Xəzər dənizində mövcud olan zəngin
təbii ehtiyatların istismarı dünyanın enerji təhlükəsizliyinə
çox önəmli töhfə verir. Bu regiondan hasil edilən
neft və qaz demək olar ki, enerji bazarında həlledici təsirə
malikdir. Digər tərəfdən, müasir iqtisadi maraqlar
Şanxaydan başlayaraq Londona qədər uzanan nəqliyyat dəhlizinin
tezliklə reallığa çevrilməsini tələb edir.
Bu yol isə Xəzərdən keçərək, Azərbaycan
ərazisi vasitəsiylə Avropaya yük
daşınmasını təmin edəcək. Yəni Xəzəryanı
ölkələrin bir-birilə dostluq və əməkdaşlıq
münasibətlərinin yüksək səviyyədə
olması bütün dünya dövlətlərinin
marağındadır.
Rəsmi
Bakı Xəzər dənizindən istifadə edilməsi,
onun ehtiyatlarının qorunması ilə bağlı, gəmiçilik
və balıq ovu, mineral ehtiyatların mənimsənilməsi,
ətraf mühitin qorunması məsələlərinin tənzimlənməsi
barədə mümkün qədər tez razılığa gəlməyin
bütün tərəflər üçün faydalı
olduğu qənaətindədir. Xəzərin statusunun göl
və ya dəniz kimi müəyyən edilməsi (onların
milli sektorlara bölünməsi tamamilə fərqlidir)
sahilyanı ölkələrin öz iqtisadi layihələrini
heç bir maneə olmadan reallaşdırmasını təmin
edəcəkdir. Ancaq problem ondadır ki, Xəzəryanı
qonşularımızın bəziləri milli
yurisdiksiyanın çox geniş əhatəli sahilyanı
zonaya şamil olunmasını təklif edirlər, bu halda Xəzər
praktiki olaraq azad dəniz olmayacaqdır. Bu, bir qədər
ifrata varmaqdır, çünki hətta, okeanı da
götürsək, dəniz hüququna dair Konvensiyada ərazi
sularının sahildən məsafəsinin maksimum 12 mil
olması nəzərdə tutulur.
Konkret
olaraq qonşu İran İslam Respublikası Xəzəri
unikal qapalı su hövzəsi hesab edir və bununla da beynəlxalq
hüquqda unikal qapalı su hövzəsinin hüquqi rejimi
anlayışı olmadığından bəzən
danışıqlarda nəticə almaq mümkün olmur.
İranı qane etməyən əsas məsələ Xəzərin
milli sektor bölgüsündə bu ölkəyə
düşən payın onun iddia etdiyi kimi 20 faiz deyil,
yalnız 14 faiz olmasıdır. Burada yenidən xatırladaq
ki, Azərbaycan, Rusiya və Qazaxıstan öz aralarında Xəzərin
dibini orta xətt prinsipi çərçivəsində
bölüb. Bu yolla Xəzərin 19 faizi Azərbaycanın, 19
faizi Rusiyanın, 29 faizi isə Qazaxıstanın payına
düşür. Xəzərin dibinin bu qaydada bölünməsini
Türkmənistan da mümkün sayır, amma yarımadaların
və adaların sərhədini nəzərə almamaq şərtini
irəli sürür. Bu zaman Türkmənistan ilə Azərbaycanın
mövqeyi 150 milyon barrellik neft ehtiyyatına malik olan Kəpəz
yatağında toqquşur. Artıq emosional münasibətlər
dövrü geridə qalıb və 2010-cu il iyul ayından
Türkmənistan böyük həcmdə olmasa da, enerji
ehtiyatlarının Avropaya ixracı istiqamətində Azərbaycan
ilə işbirliyi qurub və bu mənada gələcəkdə
yeni əməkdaşlıq perspektivlərinin mövcudluğu
mövqeləri daha da yaxınlaşdıra bilər. İrana
gəldikdə isə onun Xəzərin hər bir ölkəyə
20 faiz olmaqla bərabər bölünməsi məsələsində
israr etməsi danışıqlarda ortaq mövqeyə gəlməyi
çətinləşdirir. Qeyd olunmalıdır ki, hər
bir dövlətin sahilindən 12 dəniz mili, yəni 16
kilometrlik məsafə onun daxili sularıdır və dövlət
sərhədi hesab olunur. İran isə bunu nəzərə
almaq istəmir. Qonşu ölkənin 20 faiz paya iddiası isə
o deməkdir ki, dənizin Azərbaycan Respublikasına aid 200
kilometrlik böyük bir hissəsi İrana
"bağışlanmalıdır" ki, bu da yolverilməzdir.
Bizim
mövqeyimiz belədir ki, Xəzər orta xətt prinsipi ilə
milli sektorlara bölünməlidir. Dənizin milli sektorlara
bölünməsi keçmiş SSRİ-nin praktikasına və
1970-ci ildə qəbul olunmuş bölgüyə əsaslanır.
Məsələnin mahiyyətini daha yaxşı anlamaq
üçün xatırladaq ki, 1921-ci və 1940-cı illər
də daxil olmaqla bu dənizə nəzarət edən iki
dövlət - keçmiş Sovet İttifaqı və
İran arasında 10-dan çox müvafiq müqavilələr
imzalanmışdır. İmzalanan sonuncu sənədə əsasən,
Astara-Həsənqulu xətti üzrə Xəzərin cənubda
bölgüsü müəyyənləşdirilmişdi. Digər
tərəfdən, hələ 1970-ci ildə SSRİ Neft
Nazirliyinin qərarı ilə Xəzərin milli sektorlara
bölünməsi həyata keçirilmişdir. Həmin
dövrdə rəsmi Tehran bölgünün bu cür
aparılmasına etiraz etməmişdir. 1991-ci ildə Sovetlər
Birliyi dağıldıqdan sonrakı dövrdə regionda
dörd müstəqil dövlətin yaranması Xəzərin
hüquqi statusuna yenidən baxmağı tələb etdi.
Aparılan
ikitərəfli danışıqlar nəticəsində
1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında
yeraltı sərvətlər üzrə suveren
hüquqların həyata keçirilməsi məqsədi ilə
Xəzərin şimal hissəsində dəniz dibinin
bölünməsi haqqında saziş, 2002-ci ilin mayında isə
həmin sazişə müvafiq protokol imzalandı. Azərbaycan
tərəfi ulu öndər Heydər Əliyevin rəhbərliyi
ilə hələ əvvəldən Xəzərin statusu ilə
bağlı məsələlər müzakirə edilərkən
beynəlxalq hüququn prinsip və normalarını əsas
götürürdü. Bu istiqamətdə aparılan ikitərəfli
danışıqlar nəticəsində 2001-ci il noyabrın
29-da və 2003-cü il fevralın 27-də Qazaxıstan ilə
Azərbaycan arasında Xəzər dənizinin dibinin
bölünməsi haqqında saziş və ona müvafiq
protokol imzalanmışdır. 2001-ci ildə Rusiya Prezidenti
Vladimir Putinin Azərbaycan Prezidenti Heydər Əliyevin dəvəti
ilə Bakıya etdiyi səfər çərçivəsində
Azərbaycan ilə Rusiya arasında 20 sənəd
imzalanmışdı ki, onlardan biri də Xəzərin dibinin
milli sektorlara bölünməsi, su səthinin ticarət və
qarşılıqlı əməkdaşlıq
baxımından ümumi istifadədə qalmasını ehtiva
edən Birgə Bəyannamə idi.
Bundan
sonra 2003-cu il mayın 14-də Qazaxıstan, Azərbaycan və
Rusiya arasında Xəzər dənizinin həmsərhəd
hissələrinin bölünməsi xəttinin qovuşma
nöqtəsinə dair saziş imzalanmışdır.
2003-cü ilin noyabrında isə Xəzəryanı dövlətlər
Xəzərin dəniz mühitinin qorunması üzrə
Çərçivə Konvensiyasını imzalayıblar. Onu
da xatırladaq ki, Xəzəryanı ölkələrin
dövlət başçılarının ilk sammiti 2002-ci
ildə Aşqabadda baş tutmudu. Aşqabad sammitindən sonra
tərəflərin heç bir razılığa gələ
bilmədiyini görən, regionda sabitliyi gözü
götürməyən bəzi siyasi qüvvələr
dünya mətbuatında çox bədbin proqnozlarla
çıxış etmişdilər. Hətta, Xəzərə
heç bir dəxli olmayan Ermənistan siyasətçiləri
sevincək olmuşdular ki, guya "Xəzərdən qan iyi gəlir".
Təbii ki, onların sevincləri çox da uzun çəkmədi.
Xəzəryanı
dövlətlərin sülh və mehriban qonşuluq şəraitində
yaşamaq kimi ümumi səyləri Azərbaycan
Respublikasının, İran İslam Respublikasının,
Qazaxıstan Respublikasının, Rusiya Federasiyasının və
Türkmənistanın 2007-ci il oktyabrın 16-da Tehran zirvə
görüşündə qəbul etdikləri 25 bənddən
ibarət Bəyannamədə əksini tapmışdır. Həmin
sənədin imzalanması sahilyanı ölkələrin əməkdaşlığı
tarixində əlamətdar hadisə olmuşdur. Bu sənəd
geniş əhatəli əməkdaşlıq məsələləri
üzrə qarşılıqlı fəaliyyətin dərinləşməsi
və Xəzər hövzəsində təhlükəsizliyin
möhkəmlənməsi üçün etibarlı əsas
yaratmışdır. Tehranda keçirilən zirvə
görüşündən sonra Xəzəryanı ölkələr
arasında iqtisadi, siyasi, mədəni, ətraf mühitin
mühafizəsi və digər sahələrdə əlaqələrin
daha da genişləndiyi müşahidə olunmuşdur.
Tehran
zirvə görüşündə mühüm əhəmiyyətə
malik Bəyannamə imzalansa da, həmin sənəd
başdan-başa danışıqların davam etdirilməsini
və müzakirələrin səmərəliliyinin
artırılması zərurətini ehtiva edirdi. 2010-cu il
noyabrın 18-də Xəzəryanı dövlətlərin
Bakı sammitində isə artıq tərəflər
razılığa gəlməyə daha yaxın olmuşlar. Əbəs
deyil ki, tədbirdən əvvəl sahilyanı ölkələrdəki
mütəxəssislərin hamısı Bakı sammitinin Xəzərdə
sülhün, təhlükəsizliyin təmin edilməsi, əməkdaşlığın
dərinləşdirilməsi üçün yeni mərhələ
olacağına ümid edirlər. Ekspertlərin həmin
inamını dövlət başçılarının
Bakıda verdiyi bəyanatlar və sammitdə səsləndirdikləri
fikirlər də təsdiq edirdi.
Sammit
iştirakçıları Xəzərdə Təhlükəsizlik
sahəsində əməkdaşlığa dair Saziş və
prezidentlərin birgə Bəyanatını imzaladılar. Xəzərdə
təhlükəsizliklə bağlı irəli sürülən
təkliflər və əldə olunmuş razılaşmalar
Xəzəryanı ölkələr üçün
böyük əhəmiyyət kəsb edən məsələdir.
Regionda sülh və təhlükəsizliyin qorunub
saxlanılması, Xəzərin hərbisizləşdirilmiş
su hövzəsinə çevrilməsi Azərbaycanın da,
digər ölkələrin də maraqlarına uyğundur. Təhlükəsizlik
sahəsində əməkdaşlığa dair Saziş Xəzərdə
sülh və əmin-amanlıq yaratmaq ideyasına xidmət
edir. Bu mühüm sənədlərin imzalanmasından sonra
dövlət başçıları mətbuat
üçün bəyanatlarla çıxış edərək
yüz minlərlə insanın Bakı sammitindən gözlədiyi
nəticələri açıqladılar. Bəyanatların
sonuncusu səslənənədək kimsə gözləyirdi
ki, Bakı sammitində də əvvəlki sammitlər kimi
fikir ayrılıqları, mövqelərin müxtəlifliyi və
ya hansısa xoşagəlməz məqamlar olacaqdır. Ancaq
sammitin mənfi nəticələrini gözləyənlər
həmin nəticələri görmədilər. Bakı
sammitinin əhəmiyyətli nəticələrindən biri də
o idi ki, tərəflər Xəzərin hüquqi statusu
haqqında Konvensiyanın hazırlanması istiqamətində
işlərin ardıcıl şəkildə aparılması
məsələsində siyasi iradə nümayiş etdirdilər.
Onu
da deyək ki, keçən il noyabrın 22-23-də Astanada
Konvensiyanın hazırlanması üzrə xüsusi
işçi qrupun 30-cu iclası keçirilib. Bu məsələyə
dair növbəti danışıqlar sentyabr ayınadək
Aşqabadda keçiriləcəkdir. Azərbaycanın xarici
işlər nazirinin müavini Xələf Xələfov deyib ki,
beştərəfli formatda keçirilən
danışıqlarda ümumi məsələlər
müzakirə edilir, statusla bağlı Konvensiya layihəsi
üzərində iş aparılır. Bundan əlavə, həm
Türkmənistan, həm də İranla ikitərəfli
formatlarda müzakirələr də qüvvədə
qalır. Bu sahədə nümayəndə heyətlərinin
fəaliyyəti davam etdirilir. Xəzərin statusu ilə
bağlı danışıqların potensialı hələ
tükənməyib və məsələnin həll edilməsi
üçün bu potensialdan istifadə ediləcəkdir.
Yeri
gəlmişkən, Avropa İttifaqı Azərbaycanda və
Türkmənistanda hasil olunan qazı birbaşa idxal etmək
üçün Transxəzər qaz kəmərinin çəkilməsi
məsələsini bu gün də gündəmdə
saxlayır. Brüsseldə belə hesab edirlər ki, Xəzər
dənizi hüquqi statusunun təyin olunmaması bu layihənin
qarşısında maneə ola bilməz. Avropalı rəsmilərin
fikri belədir ki, boru kəməri Azərbaycan və Türkmənistan
ərazisindən keçəcəkdir və bu məsələ
Xəzərin statusundan asılı deyil. Qeyd olunur ki, digər
Xəzəryanı dövlətlərin bu tikintini
dayandırmağa haqqı yoxdur. Əlbəttə,
adıçəkilən boru kəmərinin inşası
ekoloji baxımdan yüksək keyfiyyət standartlarına
müvafiq olacaqdır. Azərbaycan Prezidenti İlham Əliyevin
qeyd etdiyi kimi, ölkəmiz enerji resurslarının nəqli
ilə bağlı çoxşaxəli fəaliyyət
göstərir. Biz enerji təhlükəsizliyi məsələlərinə
töhfəmizi verməyə çalışırıq. Azərbaycanın
neft-qaz resurslarının dünya bazarlarına müxtəlif
yollarla çatdırılması üçün bizdə
müasir infrastruktur yaradılmışdır. Bu infrastruktur
qonşu ölkələrin maraqlarının təmin edilməsi
üçün də təqdim oluna bilər. Yəni, bir
sözlə, biz tranzit imkanlarımızı qonşular
üçün təqdim etməyə hazırıq.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 4.