Sumqayıt hadisələrini ermənilər zərgər dəqiqliyi ilə hazırlamışdılar

 

İngilis jurnalisti Skotlan Lidder hələ 1919-cu ildə yazırdı ki, daşnak üçün öldürülmüş erməni çox qiymətlidir. Belə hadisədən necə lazımdırsa o cür istifadə edilsə, o, təbliğat işində çox xeyir verə bilər. 1988-ci ildə Dağlıq Qarabağ münaqişəsinin başlanğıcında erməni-daşnak faşistlərinin yeni fitnəkarlıq obyekti kimi Sumqayıt şəhəri seçildi. Sumqayıt köhnəlmiş texnologiya və avadanlıqlarla işləyən kimya zavodlarının yerləşdiyi sənaye şəhəri idi.

Xalq arasında Sumqayıt "ölü şəhər", "ekoloji cəhənnəm" adlanırdı, kasıbların, axtaranların toplaşdığı fəhlə şəhəriydi. Əhalinin böyük bir qismi yataqxanalarda, "gecə qondular"da yaşayırdı. Lakin Sumqayıtda milli etnik zəmində içəridən, öz-özünə törənə biləcək münaqişə ovqatı, infeksiya ocağı yox idi. Sumqayıt o vaxtadək sovet mətbuatında birlik, həmrəylik, beynəlmiləl şəhər, kimyaçılar şəhəri, gənclik şəhəri kimi təbliğ olunurdu. Sumqayıtdan çox-çox uzaqlarda isə - İrəvanda, Moskvada, Parisdə, Los-Ancelesdə fəaliyyət göstərən erməni-daşnak faşistləri zaman-zaman hazırladıqları məkrli, məqsədyönlü, məxsusi qantökmə planları barədə düşünür, məqam gözləyirdilər. Milli-etnik münaqişə və millətçilik qasırğasının istiqamətini Azərbaycanın bu dinc şəhərinə yönəltməyin, çatılmış ocağa neft tökməyin vaxtı tamam oldu. Azərbaycanlılar üçün gözlənilmədən baş verən Sumqayıt fitnəkarlığı heç də təsadüfi deyildi. Sumqayıt hadisəsi SSRİ DTK-da məskən salan və xaricdə sovet imperiyasının dağılmasında maraqlı olan qüvvələrin erməni-daşnak faşistlərinin iştirakı ilə düşünülüb-daşınılan bir aksiya idi. Bu fitnəni törədənlər sovetlər məkanında milli münaqişəni qızışdırmaq və bu zəmində imperiyanı dağıtmaq niyyəti güdürdü. Erməni-daşnak faşistləri isə Azərbaycandan növbəti dəfə torpaq qoparmaq planlarını həyata keçirmək üçün Sumqayıt fitnəsini törətmişdilər.

Milli-etnik münaqişənin tərəfləri kimi ermənilərlə azərbaycanlıların üz-üzə qoyulması gözlənilən idi. Sovetlər məkanında bu, optimal bir seçim idi. Erməni-azərbaycanlı münaqişəsinin tarixi kökləri vardı. Bu münaqişə ocağı erməni-daşnak faşistləri tərəfindən həmişə çatılı ocaq, tətiyi ayaqda odlu silah kimi saxlanılırdı. Ermənilər həm də bu cəhətdən ən kəmfürsət xalq kimi tanınırdı. Təxribat, iğtişaş, intriqa, qalmaqal törətməkdə usta olduqları bəlliydi. Azərbaycanlıları qarət və talan etmək fürsətlərini heç zaman əldən verməmişdilər. Qədim, çoxmillətli, birgəyaşayış mədəniyyətinə, zəngin dini tolerantlıq ənənəsinə malik humanist Azərbaycan xalqını münaqişəyə çəkmək, torpaqlarımızın bir qismini ələ keçirmək niyyətinə düşmüşdülər.

Sumqayıt fitnəsinə Qorbaçovun ikiüzlülüklə bəyan etdiyi xuliqanlıq zəminində baş verən bir aksiya kimi baxmaq olmaz. Hadisələrin mahiyyətinə varmaqla, tədqiq və təhlil etməklə onun kökündə nələrin durduğunu açıq-aşkar görməmək mümkün deyil. Bu fitnəkarlıq mərkəzin nəzarəti altında, erməni-daşnak faşistlərinin təşkilatçılığı və zorakılıqları, öz maraqlarını həyata keçirmək məqsədilə törədilmişdi. İstintaqı bütünlükdə Moskvanın - Qalkinonun əməkdaşlarının aparması, cinayətin öz motivinə deyil, tamam başqa səmtə yönəldilməsi, daha doğrusu, təşkilatçılarla bağlı cinayət işinin başlanılması tələblərinin üstündən sükutla keçilməsi, araşdırmanın ancaq talançılıq və Qorbaçovun diktəsi ilə xuliqanlıq zəminində köklənməsi çox şeydən xəbər verirdi.

Hər vəchlə Moskva istintaqçıları tərəfindən Sumqayıt fitnəkarlığının erməni-daşnak faşistləri tərəfindən törədilməsinə dəlalət edən faktlar gizlədilir, hadisələrin ermənilər tərəfindən təşkilinə dəlalət edən ifadələr, izahatlar aradan çıxarılırdı. Ermənilərin qətlə yetirilməsinin əsas təşkilatçısı, iştirakçısı və icraedicisi olan daşnak terrorçusu E.Qriqoryanın DTK-nın əlaltısı olması və DTK əməkdaşı Eseyanın diktəsi altında ifadələr verməsi heç də təsadüfi deyildi. Hadisələrdən bir gün əvvəl və talançılıq zamanı qatilin iki qara plaşlı adamla görüşməsi və onlardan təlimat alması faktları istintaq zamanı qətiyyən araşdırılmamışdı. Çünki məqsəd tamam başqaydı: ictimai şüurda azərbaycanlıların vəhşi, panislamist, pantürkist, ən başlıcası isə demokratik dəyişikliklərin əleyhdarları kimi stereotipini yaratmaq idi.

Sumqayt fitnəsi Qorbaçovun xeyir-duası ilə erməni-daşnak faşistləri tərəfindən törədiləcək və aparılacaq terror müharibəsinə qabaqcadan bəraət qazandırmaq məqsədi güdürdü. Bu fitnənin törədiləcəyini bilənlər və təxmin edənlər ehtiyatlarını bəri başdan görmüşdülər. Şəhərin məlumatlı erməniləri 2-3 ay öncə əmanət kassalarından pullarını çıxarmış, özlərinin və yaxınlarının təhlükəsizliyini təmin etmək üçün bir neçə gün əvvəlcədən etibar etdikləri yerlərə köçmüşdülər. Varlı ermənilər həmin günlər ərəfəsində ailəlikcə şəhəri, bir çoxu isə hətta Azərbaycanı tərk etmişdilər. Daşnak agentləri terrorçular tərəfindən qətlə yetiriləcək ermənilərin şəxsiyyətlərini, ünvanlarını qabaqcadan müəyyən etmişdilər. Bu ölüm siyahısına o ermənilərin adları daxil edilmişdi ki, məhz onlar "Böyük Ermənistan" yaratmaq xülyasını qəbul etməmiş, Daşnaksütyun partiyasına üzv yazılmamış, onun hesab fonduna pul köçürməmiş, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasına biganə yanaşmışdılar.

Daşnak terrorçuları fürsəti əldən vermədilər. Ermənistan SSR-dən qovulmuş minlərlə azərbaycanlıların toplaşdığı Sumqayıtda yaranan sosial-siyasi gərginlikdən məharətlə və yetərincə istifadə etdilər. Onlar öz soydaşlarını öldürməklə məkrli niyyətlərini həyata keçirmək, törətdikləri qanlı aksiyanı azərbaycanlıların ayağına yazmaq, vəhşi türk obrazı yaratmaq, azərbaycanlıları "1915-ci il genosidinin" davamçıları kimi qələmə vermək niyyətlərini reallaşdırmaq istədilər. Onlar azərbaycanlıları son nəfərinədək qovmaq üçün Ermənistanda gərginlik yaratmağa nail oldular. Təbliğat maşınını işə salmaq üçünsə qabaqcadan hazırlıq işləri görmüşdülər. Sumqayıt hadisəsi baş verməzdən 2-3 gün öncə şəhərin müxtəlif rayonlarında gizlənmiş daşnak rejissorları videokameralarla, səsyazma avadanlıqları ilə silahlanmış muzdlu reportyorları Sumqayıtda yerləşdirmişdilər. Azərbaycan dilini mənimsəmiş təxribatçı qadın və kişilər isə Qafandan qovulan didərginlərə qoşularaq Sumqayıta göndərilmişdilər. Onlar daşnakların azğınlığından, başlarına olmazın oyunlar açılmasından, kürəklərinə xaç damğası basılmasından, namuslarına təcavüz olunmasından o ki var danışmış, adamları şəhərdəki ermənilərdən intiqam almağa çağırmışdılar. Təxribatda iştirak edənlər üçün ucları çarxa verilən dəmir armatur çubuqları da hazırlanmışdı. Təxribatçıların özləri isə yönəltdikləri terror aktının icraçılarına və iştirakçılarına çevrilmişdilər.

Fitnəkarlar hadisə günü özləri qabağa düşmüş, nəzərdə tutulan ermənilərə divan tutmuşdular. Hadisələr zamanı müxtəlif maşınlarla yeniyetmə və gənclərə siqaret, araq, narkotik maddələr paylayanların da olduğu qeydə alınmışdı. Fitnənin törədilməsi ərəfəsində Sumqayıtda çoxlu gəlmələr peyda olmuş, hadisələr başlanandan bir gün sonra isə gizli şəkildə aradan çıxmışdılar.

Ümumiyyətlə, Sumqayıt fitnəsi əvvəldən zərgər dəqiqliyi ilə həyata keçirilən təxribat aksiyası olmuşdu. Sumqayıt fitnəsinin əsas təşkilatçısı, iştirakçısı və icraçısı kimi daşnak terrorçusu Eduard Qriqoryanın seçilməsi də təsadüfi deyildi. Zahirən o erməniyə yox, rusa oxşayırdı. Qonşuları isə onu ləzgi Paşa kimi tanıyırdılar. Çox uğurlu bir seçim idi. Əlaltıları terror qrupunun rəhbəri kimi ona itaətkarlıq göstərmişdilər. Sumqayıtda yaşayan ermənilərin siyahısı da məhz onda olmuşdu. Adlarının qabağında plyus, minus işarələri qoyulmuşdu. Nəzərdə tutulan ermənilər də məhz onun əli və ya təhriki ilə qətlə yetirilmişdilər.

Beləliklə, daşnak terrorçuları Qriqoryanın, silahdaşı Ohanyanın, onların əlaltıları, Samoylovun, Pavlovskinin rəhbərliyi altında 26 erməni, 6 azərbaycanlı qətlə yetirilmişdi. Daşnak təxribatının baş tutmasına xidmət edən Qorbaçov güruhu da öz rolunu oynamışdı. Hadisələrin qarşısını almaq təşəbbüsü qəsdən yubadılmış, bir gün sonraya saxlanılmışdı. Bu azmış kimi, Moskva istintaqı da öz əlinə almışdı. 7 ermənini bilavasitə öz əli ilə qətlə yetirməsi sübuta yetirilən daşnak terrorçusu E.Qriqoryanın kimliyi elan edilmişdi. Onu Moskvada azadlığa buraxmışdılar. Hazırda İrəvanda yaşayır. Digər daşnak terrorçusu Ohanyan, daşnak muzdluları Samoylov, Pavlovski isə bəri başdan yuxarıların təzyiqi və sifarişiylə azadlığa buraxılmışdı. Adları isə uzun müddət KİV-lərdən gizlədilmişdi. Heç bir sübut-dəlil olmadan Əhməd Əhmədov SSRİ Ali Məhkəməsinin qərarı ilə güllələnmişdi. Bu haqsızlıqlara görə Ə.Əhmədovun vəkili, rus millətindən olan Yaşinoğlu güllələnən ata Əhmədovun ürəkləri partlamışdı. Ümumiyyətlə, daşnak terrorçusu Eduard Qriqoryanın rəhbərliyi, təşkilatçılığı və iştirakı altında gedən Sumqayıt iğtişaşında 32 nəfər qətlə yetirilmiş, 400 nəfər yaralanmışdı. Daşnakların təbliğat maşını isə öz işini gördü. Videoya alınan fraqmentlər elə həmin gün xaricə ötürüldü, uzaq-uzaq ölkələrin televiziya kanallarında nümayiş etdirildi. Filmlər Avropa və Amerikanın erməni kaloniyaları olan bütün ərazilərində nümayiş etdirilmişdi. Sumqayıt fitnəkarlığından bir gün sonra Xankəndidə uydurma "Sumqayıt genosidi" qurbanları üçün əvvəlcədən hazırlanmış abidənin açılışı olmuşdu. Üç gün sonra isə DQMV-nin kinoteatrlarında Sumqayıt hadisələrinə həsr olunmuş film nümayiş etdirilmişdi. Ermənilərin düzəltdikləri bu şou-tamaşaya 10 manatdan biletlər satılmış, vəsaitin silah alınacağına sərf ediləcəyi bildirilmişdi. İntiqam hissi qızışdırılmış, əhali psixoz hala gətirilmişdi. "Sumqayıt soyqırımı" deyilən əfsanə erməni-daşnak faşistlərinə həm DQMV-yə yiyələnmək, həm də Ermənistan adlanan Qərbi Azərbaycanın aborigen əhalisini yurdlarından qovmaq üçün lazım idi. Sumqayıt fitnəsi Azərbaycan əleyhinə ehtirasları qızışdırmaq üçün bir zəmin olmuşdu.

O vaxtkı Azərbaycan rəhbərlərinin öz xalqına etinasız münasibət bəsləməsi, Kreml qabağında itaətkar kölə qulluğunda durmaları da xalqımıza çox baha başa gəlmişdi. Respublikanın hakimiyyət orqanlarının ən böyük suçu kimin-kim olduğunu aydınlaşdırmaq üçün Sumqayıt fitnəkarlığında məsuliyyətə cəlb olunanların işinə açıq məhkəmə prosesində baxılmasını tələb etməməsi olmuşdu. Moskvanın istintaqı öz əlinə alması respublika prokurorluğuna etimadsızlığın təzahürü kimi rəhbər orqanlar tərəfindən pislənməmiş, etirazla qarşılanmamışdı. Halbuki 20 iyun 1988-ci ildə Xankəndidə vilayət sovetinin növbədənkənar sessiyasında iştirak edən, Sumqayıt hadisələri zamanı komendant olan rus generalı Krayev Sumqayıtda əvvəlcədən planlı aparılmasını, cinayətin burada gedən hadisələrlə əlaqəsi olduğunu bildirmişdi.

Bu gün isə hadisələrdən 24 il sonra heç kimə sirr deyil ki, Sumqayıt fitnəsi erməni-daşnak faşizminin təbliğat maşınını işə salmaq üçün, azərbaycanlılara qarşı bütün dünyada nifrət doğurmaq üçün məqsədli şəkildə törədilmişdi. 4 il sonra bu vəhşi qaniçənlər Xocalıda törətdiyi misilsiz soyqırımı ilə öz xislətini olduğu kimi göstərdi.

 

 

Əlisahib ƏROĞUL,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 4.