Azərbaycan mədəniyyəti XXI əsrdə

 

Azərbaycan xalqının tarixi qədim olduğu qədər müasirdir. Yeni minilliyin ilk on iki ilində Azərbaycanın mədəni mənzərəsinə baxsaq nə müşahidə edərik? 2000-ci ildən günümüzə qədər Azərbaycan mədəniyyətində həm milli irsin qorunub saxlanılması, həm də onun dünya mədəniyyətinə inteqrasiya etməsi istiqamətində bir çox dövlət sənədləri hazırlanmış və çoxsaylı tədbirlər həyata keçirilmişdir. Son illər ölkəmizdə hazırlanmış mədəni proqramlarda dövlətin mədəniyyət siyasətinin əsas istiqamətləri öz ifadəsini tapmışdır. Bunlar ölkənin mədəni potensialının dəyərləndirilməsindən, mənəvi irsin qorunmasından, milli adət-ənənələrimizin saxlanılmasından və inkişaf etdirilməsindən ibarətdir.

Ümummilli lider Heydər Əliyev 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman, 2003-cü lldə isə "Azərbaycan dövlət dili haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" sərəncam imzaladı. Bu tarixi sənədlər Azərbaycanın siyasi həyatında və mədəniyyəti tarixində mühüm hadisə oldu.

Öz azadlığı, müstəqilliyi və xoşbəxt gələcəyi haqqında düşünən xalq heç vaxt ana dilinin rolunu və əhəmiyyətini unutmur. Çünki ana dili, dövlət dili təkcə ünsiyyət vasitəsi olmayıb, həm də milli mədəniyyətin inkişafı deməkdir. O xalqlar bəşəriyyətin inkişafına böyük töhfəsini verə bilir ki, onlar öz mədəniyətini, dilini qoruyub saxlaya bilirlər. Dünyanın ən kamil, mükəmməl dillərindən biri sayılan Azərbaycan dilinin inkişafı, təkmilləşməsi milli müstəqilliyimizin və dövlətçiliyimizin yüksəlişi ilə bilavasitə bağlıdır. XXI əsr Azərbaycan ədəbi, bədii, elmi dilinin yüksək inkişaf edən və çiçəklənən dövrüdür.

Bu gün dünyanın müxtəlif qitələrinə və ölkələrinə səpələnən azərbaycanlıların sayı 50 milyondan artıqdır. Dünya azərbaycanlılarının vahid bir dili var: Azərbaycan dili. Dil millətin bütövlüyünün və tamlığının təsdiqidir.

Azərbaycan dilinin inkişafı, onun tətbiqi sahəsinin genişləndirilməsi və yabançı təsirlərdən qorunması, dilin saflığı, təmizliyi istiqamətində ulu öndər Heydər Əliyevin yeritdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 23 may 2012-ci ildə ölkə rəhbəri "İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" sərəncam imzaladı. Sərəncamda deyilir:

"Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin müstəqilliyinin başlıca rəmzlərindən biridir. ... Bu gün onun qorunması və qayğı ilə əhatə olunması müstəqil Azərbaycanın hər bir vətəndaşının müqəddəs borcudur". Bu proqram sənəd uzun illər ana dilimizin inkişafına töhfə verəcək.

2001-ci ildə Bakı şəhərində Dünya Aazərbaycanlılarının I Qurultayı keçirildi. 2002-ci ildə isə "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu sənəd dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması işini daha da sürətləndirdi. Soydaşlarımızın öz tarixi vətəni ilə əlaqələrinin genişləndirilməsi təmin edildi. Ölkəmizin tariximüasir həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinə diaspor təşkilatlarımız daha geniş cəlb edildi.

Heydər Əliyevin azərbaycançılıq təlimində tarixiliklə müasirliyin vəhdəti əsas yer tutur, azərbaycançılıq ideologiyası üç təməl ideyanı-dövlətçilik, vətənpərvərlik və ənənələrə sadiqlik prinsiplərini özündə birləşdirir. Azərbaycan Respublikası xarici ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələri dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edir. Prezident İlham Əliyevin rəhbərliyi altında azərbaycançılığın ümummilli ideologiya olaraq möhkəmlənməsi istiqamətində dövlət siyasətinin bütün sahələrində ardıcıl addımlar atılır.

Diaspor quruculuğu işinin təkmilləşdirilməsi üçün 2006-cı ildə Azərbaycan Prezidenti sərəncam imzaladı. Həmin sərəncama əsasən, 2006-cı ildə Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı keçirildi. 2011-ci ildə isə dünya azərbaycanlılarının III qurultayı keçirildi. Qurultay iştirakçılarının qarşısında duran vəzifələr belə müəyyənləşdirildi: Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycanın Ermənistanın təcavüzünə məruz qalması və Dağlıq Qarabağ məsələsinin həllində dünyanın tutduğu birtərəfli mövqeyin araşdırılması istiqamətində ciddi işlər görmək, dünyada mədəniyyətimizi təbliğ etmək.

2002-ci ildə Bakı şəhərində xarici ölkələrin turizm şirkətlərinin iştirakı ilə Beynəlxalq Turizm Sərgisi təşkil olundu və həmin dövrdən başlayaraq Azərbaycan beynəlxalq səviyyədə turizm hərəkatında təmsil olunmağa başladı. Ümummilli lider Heydər Əliyevin 2002-ci il 27 avqust tarixi sərəncamı ilə Azərbaycan Respublikasında "2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" təsdiq olundu.

2004-cü ildə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" haqqında Prezident İlham Əliyev fərman imzaladı. Fərman ölkə iqtisadiyyatının, o cümlədən turizm sahəsinin inkişafı yolunda mühüm addım oldu. Hazırda Azərbaycan turizmi yüksələn xətlə inkişaf etməkdədir. 2009-cu ildə Bakı şəhərində 8-ci Beynəlxalq Turizm Sərgisi keçirildi. Bundan əlavə, "2009-2018-ci illərdə Azərbaycan Respublikasında turizmin inkişafı üzrə Dövlət Proqramı" ölkəmizdə yaxın gələcəkdə bu sahənin əsas inkişaf istiqamətini müəyyən etdi.

2004-cü ildə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva musiqi irsinin qorunmasında və mədəniyyətlərarası dialoqun əldə olunmasında xidmətlərinə görə YUNESKO-nun xoşməramlı səfiri seçildi. Heydər Əliyev Fondunun 2005-ci ildən həyata keçirdiyi "Azərbaycan muğamları" layihəsi çərçivəsində 24 virtuoz muğam ustadının ifaları toplanmış "Qarabağ xanəndələri" musiqi albomu dünyada böyük maraqla qarşılanan ilkuğurlu oldu. Fond tərəfindən 2008-ci ildə hazırlanan "Muğam ensiklopediyası" qədim musiqi irsimizin qorunması və inkişafı ilə bağlı sanballı nəşr kimi dəyərləndirilir. Fondun dəstəyi ilə Beynəlxalq Muğam Mərkəzinin inşası, 2005-2007-ci illərdə respublika muğam müsabiqələrinin, 2009-cu ildə dünyanın 11 ölkəsinin iştirak etdiyi Beynəlxalq Muğam Festivalının keçirilməsi qədim ifaçılıq ənənələrini inkişaf etdirərək gənc istedadlı xanəndələri üzə çıxarmaq və muğam sənətini dünyada təbliğ etmək məqsədi daşıyırdı. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya 2006-cı ildə sivilizasiyaların yaxınlaşdırılmasındakı fəaliyyətinə görə İSESKO-nun da xoşməramlı səfiri adı verildi. 2008-ci ildə "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Bakıda keçirilən beynəlxalq forumda Mehriban xanım Əliyevaya "İslam Konfransı Təşkilatının humanitar məsələlər üzrə xüsusi elçisi" diplomu verildi. İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək tituluna layiq görülən ilk qadın məhz Azərbaycanın birinci xanımıdır.

2007-ci il noyabrın 17-də Prezident İlham Əliyev Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ildə isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. 2010-cu ildə mayın 29-da "Ginnes" dünya rekordları təşkilatı Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etdi. Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində Azərbaycanın dünya birliyi üçün etibarlı tərəfdaş olduğunu bildirən Prezident İlham Əliyev gələcəkdə yeni layihələr icra olunacağını, ölkəmizin heç bir xarici yardımdan asılı olmadığını, təhlükəsizliyin təmin edildiyini bir neçə ildən sonra Azərbaycanın beynəlxalq donor ölkəyə çevriləcəyini diqqətə çatdırdı. 2007-ci ildə millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü və müraciəti əsasında YUNESKO-nun Ümumdünya İrs Komitəsi Qobustan Dövlət Tarix-Bədii Qoruğunun Dünya Mədəni İrs Siyahısına daxil edilməsi ilə bağlı yekdilliklə qərar qəbul etdi. Bu, mədəni irsimizin dünyaya tanıdılmasında mühüm başlanğıc oldu. Həmin il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Qobustan Dövlət Tarix-Bədii Qoruğu ərazisində yerləşən tarixi və mədəni sərvətlərin qorunması haqqında" mühüm əhəmiyyət kəsb edən sərəncam imzaladı. 2007-ci ildə həmçinin mədəniyyətimizin hamisi, professor Nərgiz Raşayevanın rəhbərliyi ilə "Üns" teatrının fəaliyyətə başlaması yaddaqalan hadisə oldu. 2007-ci ilin son ayında isə mədəni həyatımızda daha bir yenilik hadisəyə çevrildi. Heydər Əliyev Fondu Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın baş redaktoru olduğu beynəlxalq "Baku" jurnalının Moskvada təqdimatı oldu. Son on iki ildə Azərbaycanın mədəni həyatında baş verənlərin xronologiyası göstərir ki, XXI əsrin əvvəlləri Azərbaycan mədəniyəti üçün çox uğurlu olmuşdur. 2009-cu ildə Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi və bu yöndə 100-ə yaxın tədbirin həyata keçirilməsi milli mədəniyyətimizin İslam düunyasına yaxınlaşmasına və daha da zənginləşməsinə xidmət etmişdir. Belə tədbirlər qeyri-müsəlman ölkələrinin də İslam mədəniyyətinə marağını artırır və sivilizasiyalararası dialoqun inkişafına müsbət təsir göstərir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə "Mədəniyyətlərarası Dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forumun, İslam Konfransı Təşkilatı turizm nazirlərinin Bakı konfransının və bu kimi neçə-neçə tədbirlərin ölkəmizdə keçirilməsi qeyd olunan siyasətin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Həmin il Bakı şəhərində "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Azərbaycan bu silsilədən tədbirlərin keçirilməsində yüksək, müasir təşkilatçılıq bacarığı nümayiş etdirmişdir. Azərbaycanın mədəni həyatında mühüm rol oynayan tədbirlərdən biri də 2009-cu ildə Bakıda Beynəlxalq Muğam Mərkəzində keçirilən "Muğam aləmi" beynəlxalq festivalı olmuşdur. Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilən muğam festivalında Azərbaycanla yanaşı, dünyanın onlarla ölkəsi də təmsil olunmuşdur. Dənizkənarı Milli Parkın ərazisində inşa edilən Azərbaycan və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin tikintisiböyük mədəniyyət hadisəsi idi.

2009-cu ildə 8 nəfərdən ibarət nümayəndə heyəti aşıq musiqisi ilə əlaqədar konsert vermək üçün Fransanın ParisStrasburq şəhərlərində olmuşdur. Bundan başqa, aşıqlarımız 2009-cu ildə Böyük Britaniyanın paytaxtında və bir sıra iri şəhərlərində geniş konsert proqramları ilə çıxış etmişlər. Azərbaycanın XXI əsrdə də mədəniyyət sahəsində böyük nailiyyətlər əldə etməsi onun beynəlxalq nüfuzunun artmasının daha bir göstəricisinə çevrilmişdir. Qısa zaman ərzində respublikamızın bir çox maddi və mənəvi mədəniyyət nümunələrinin - Qobustan qaya rəsmlərinin, Azərbaycan muğamlarının, xalçalarımızın, aşıq sənətimizin, "Kitabı- Dədə Qorqud" dastanlarının, xalqımızın ən qədim bayramı olan Novruzun bir neçə Azərbaycan klassikinin irsinin YUNESKO-nun Mədəni İrs Siyahısına daxil edilməsi qədim və zəngin Azərbaycan mədəniyyətinin beynəlxalq təşkilatlar və ictimaiyyət tərəfindən tanınmasının, xalqımızın dünya mədəniyyətinə daha da yaxınlaşmasının əsas yollarından biridir.

Bakıda daha bir beynəlxalq mədəniyyət tədbiri - Ümumdünya Mədəniyyətlərarası Dialoq forumu keçirildi. Nüfuzlu siyasi liderlərin və beynəlxalq təşkilatların rəhbərlərinin qatıldığı forum müzakirə olunacaq məsələlərin əhəmiyyətliliyi baxımından çox ciddi məclis idi. Forum məşhur "Euronevs" telekanalı vasitəsilə həm canlı olaraq, həm də xülasələr şəklində on dildə dünyaya yayımlandı.

2009-cu il Azərbaycanda "Uşaq ili" elan olundu. "Uşaq ili" çərsivəsində dövlətin uşaq gənclər siyasəti sahəsində bir sıra problemlər həll edildi. 2010-cu il "Ekologiya ili", 2011-ci il isə "Turizm ili" elan edildi.

Neft gəlirlərindən qüdrətlənən, böyüyən ölkəmiz qeyri-neft sahələrini inkişaf etdirir, müasir dünyanın ən əlverişli gəlir sahəsi hesab edilən turizmi genişləndirir. 2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açıldı. Bu, dünyada analoqu olmayan bir hadisə idi. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxananın açılması dünyanın diqqətini yenidən ölkəmizin uğurlarını görməyə yönəltdi.

Ölkəmizdə "Şahdağ" qış-yaz xizək kurortu yaradılır. Hazırda "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevrilməkdədir. Turizmlə bağlı dövlət siyasəti sayəsində Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq. Azərbaycan turizm üçün çox cəlbedici ölkəyə çevriləcəkdir. Əsrarəngiz təbiətimiz, Xəzər dənizi, möhtəşəm dağlar, çaylar, bulaqlar, meşələr, açıq səma altında təbii muzeylər, qədim insan məskənlərinin izləri bizim böyük mədəni-tarixi sərvətimizdir. Amma bunlar dövlət qayğısı olmadan maddi mənəvi dəyərə çevrilə bilməz.

2009-cu ildə Azərbaycan Respublitkasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. 2010-cu ildə "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" Prezident İlham Əliyev sərəncam imzaladı. Dövlət başçısının sərəncamı ilə jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrıldı. 2011-ci ildə Parisdə Azərbaycanın 18 modern rəssamının 33 əsərinin nümayiş olunduğu "Odlar yurdu Azərbaycanın müasir əsərləri" sərgisi açıldı. Bakıdakı Müasir İncəsənət Muzeyində sərgilənən bu əsərlərin Fransa ictimayyətinə təqdim edilməsi qədim tarixə milli mədəni dəyərlərə sahib olan ölkəmizin müasir incəsənətinin tanıdılması təbliği baxımından mühüm addım oldu. Parlaq orijinal ideyaları əks etdirən sərgi özünün ritmi, plastikası, forması ilə Avropanın diqqətini çəkdi. Həmin ildə daha möhtəşəm naliyyətimiz isə Avropanın ən böyük mahnı yarışmasında birincilik əldə etməyimiz oldu. Beləliklə, Avropanın nəzərləri Azərbaycana yönəldi. Bu il isə qalib ölkə kimi "Eurovision-2012" musabiqəsinə böyük uğurla ev sahibliyi etdik paytaxtımızda əsl beynəlxalq bayram mədəniyyət ehtişamı yaşandı. Gələn il isə ölkəmizin süni peyki orbitə çıxacaq. Mütəxəsislərin fikrincə, Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması üzrə işlər plan əsasında gedir. 2013-cü ildə artıq peykin xidmətlərindən istifadə olunacaq. "Azersat" adlı ilk telekommunikasiya peykinin buraxılması layihəsi tariximizdə böyük hadisə olacaq. Azərbaycan bütün sahələrdə olduğu kimi, kosmik arenada da inkişaf edəcək. Azərbaycanın son on iki ildə qazandığı siyasi, iqtisadi, sosial, mədəni yüksəliş teatrlarımızın da inkişafına səbəb olub. Teatr sənətinin kökləri xalqın mədəni fəaliyyəti, dünyagörüşü ilə bağlıdır. Bu gün Azərbaycan peşəkar teatrı sənət yolunun yeni bir mərhələsini yaşayır. Prezident İlham Əliyevin sərəncamı ilə teatr binaları təmir bərpa etdirilir, onların dünya teatr səhnəsinə uyğun olaraq fəaliyyət göstərmələrinə hər cür şərait yaradılır.

Azərbaycan Respublikasının dünyanın azad, demokratik, maddi və mənəvi baxımdan zəngin dövlətləri sırasında öz layiqli yerini tutmasına hesablanmış milli siyasətin nəticəsi olaraq xalqımız artıq dünyanın bütün coğrafi məkanlarında tanınır və sevilir. Azərbaycan xalqının ruhunun məhsulu olan mədəniyyəti onun sivil dünya ilə inteqrasiyasına, humanitar yaxınlaşmasına xidmət edir.

Prezident İlham Əliyevin bu sahədə hərtərəfli inkişaf üçün göstərdiyi diqqət və qayğı, qəbul etdiyi qərarlar bir daha təsdiqləyir ki, ölkə başçısı öz xalqının dünyada layiq olduğu səviyyədə təmsil olunması üçün normal şərait yaradır.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin dediyi kimi, Azərbaycan tarixi dövlətlərin, mədəniyyətlərin və mentalitetlərin kəsişdiyi yerdir: "Azərbaycanda İslam dünyasına aid memarlıq və ənənələr, Avropa mədəniyyətinə aid balet, opera və muzeylər vardır". Xalqın böyüklüyü həm də öz zəngin mədəniyyətini qoruyub inkişaf etdirmək bacarığı ilə ölçülür. Özünəməxsus memarlıq, xalçaçılıq, təsviri sənət, musiqi və digər bədii yaradıcılıq sahələri nümunələri Azərbaycan xalqının dünya mədəniyyəti xəzinəsinə bəxş etdiyi incilərdir. Ümummilli lider Heydər Əliyevin söylədiyi öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz" kəlamı çağdaş həqiqəti ifadə etməklə bərabər, həm də yeni nəsilləri misilsiz milli-mədəni sərvətlərimizi qorumağainkişaf etdirməyə çağırır.

 

 

Natəvan DƏMİRÇİOĞLU,

Azərbaycan Beynəlxalq Radiosunun

şöbə müdiri, yazıçı-publisist

 

Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 5.