Mərdəkan Mədəniyyət
Sarayı əhalinin asudə vaxtının təşkilinə
diqqəti artırır
Bakı
şəhəri və onun ətraf qəsəbələrinin
inkişafına dair qəbul olunmuş Dövlət
Proqamında əhalinin asudə vaxtının səmərəli
təşkilinə də xüsusi yer
ayrılmışdır. Son vaxtlar bu qəsəbələrdə
yeni idman kompleksləri inşa edilir, müasir tipli parklar və
xiyabanlar salınır, mədəniyyət sarayları,
kitabxanalar və muzeylər öz fəaliyyətini daha da
genişləndirir. Mərdəkan Bakının əhalinin
sıx məskunlaşdığı qəsəbələrindəndir.
Ona görə də burada əhalinin asudə vaxtının səmərəli
təşkili həmişə diqqət mərkəzində
olmuşdur. Bu sahədə Mərdəkan Mədəniyyət
Sarayının böyük təcrübəsi var.
Mərdəkan Mədəniyyət Sarayı 1961-ci ildən fəaliyyət göstərir. 51 ildir ki, bu möhtəşəm bina öz əzəməti ilə diqqət mərkəzindədir. Burada mütəmadi olaraq respublika, şəhər, rayon tədbirləri keçirilir.
Mərdəkan Mədəniyyət Sarayında bu ilin ötən dövrü ərzində də bir sıra əlamətdar və tarixi günlərə həsr olunmuş ictimai-siyasi, mədəni-kütləvi, ədəbi-bədii, vətənpərvərlik tədbirləri keçirilmişdir. Belə ki, 40-a yaxın tədbirdə 6000-ə qədər tamaşaçı iştirak etmişdir. Hər il olduğu kimi, bu il də yeni il şənlikləri yüksək səviyyədə təşkil olunmuş, şənliklərdə iştirak edənlərin sayı 3500-dən çox olmuşdur. 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibəti ilə ədəbi-bədii gecə, Xocalı soyqırımının yad edilməsi mərasimi də yaddaqalan olmuşdur.
Yeni il şənliklərində aktiv iştirak edən Mərdəkan Mədəniyyət Sarayının kollektivi Çilov adasında məskunlaşmış sakinlərin uşaqları üçün bayram şənliyi keçirmiş, onlara bayram hədiyyələri təqdim etmişlər. 28 may NQÇİ-də belə tədbirlərin keçirilməsi ənənə halını almışdır. Təkcə Yeni ildə deyil, həmçinin "Novruz" bayramında da sarayın kollektivi Çilov adası sakinlərinin qonağı olur, milli bayram münasibəti ilə xonçalar, hədiyyələr paylanır, tədbir, sözün əsl mənasında, el şənliyinə çevrilir.
Bu il sarayın yaradıcı kollektivi H. Z. Tağıyev adına NQÇİ-də 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə konsert proqramı ilə çıxış etmiş, eyni zamanda, Novruz bayramı münasibəti ilə Şüvəlan qəsəbəsində yerləşən zəif eşidən uşaqlar üçün, xüsusi ümumtəhsil respublika internat məktəbində və 1saylı valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində bayram konserti keçirmişdir.
Ümumiyyətlə, bu il Novruz şənlikləri daha geniş miqyasda qeyd olunmuşdur. Xəzər Rayon İcra Hakimiyyəti mart ayının 20-dən 24-dək Polis Akademiyasında, H.Z. Tağıyev adına NQÇİ-də, sarayda gündə 4 seans olmaqla novruz şənlikləri təşkil etmiş və bütün bu tədbirlərdə sarayın folklor kollektivi geniş repertuarla çıxış etmişdir.
Qeyd etmək lazımdır ki, may ayının 14-də Mərdəkan Mədəniyyət Sarayında M.F. Axundzadənin həyat və yaradıcılığından bəhs edən filmin çəkilişi, iyul ayında isə M.Ə. Sabirin 150 illik yubileyi münasibətilə qiraət gecəsi və M. S. Ordubadinin 140 illik yubileyi ilə əlaqədar ədəbi-bədii gecə təşkil edilmişdir.
Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsinə həsr olunmuş "Gül bayramı"nda sarayın bütün yaradıcı heyəti fəal iştirak edərək Xəzər rayonunda, həmçinin paytaxtda silsilə tədbirlərdə iştirak etmişdir. Sarayın Xəzər rayonunda yerləşən hərbi hissələrində hamilik tədbirləri mütəmadi olaraq həyata keçirilir.
26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü münasibətilə sarayın yaradıcı kollektivi Qala və Zirə qəsəbəsində "N" saylı hərbi hissələrdə olmuş, konsert proqramı ilə çıxış etmişlər. Vətənpərvərlik ruhu ilə köklənmiş belə tədbirlər rayonun uşaq evlərində, internatlarda, əlillər pansionatında, bağçalarda, kitabxanalarda, istirahət düşərgələrində, muzeylərdə də keçirilir.
Mərdəkan Mədəniyyət Sarayı nəzdində fəaliyyət göstərən dərnəklərin işini qeyd etmək zəruridir. Sarayda instrumental ansambl, "Azərbaycan qartalları" və "Lalələr" rəqs ansamblı, nəfəsli alətlər orkestri, rəsm, keramika, bacarıqlı əllər, biçmə-tikmə dərnəkləri fəaliyyət göstərir.
Artıq 23 ildir ki, bu saraya Əliağa Mirzəyev rəhbərlik edir. Onun dediklərindən: "Hər şeyi insan faktoru müəyyən edir. İstər ictimai-siyasi, istərsə də əyləncəli proqram olsun, əgər tədbir tamaşaçı şüuruna, qəlbinə, hisslərinə təsir edərək onun təmizlənməsinə, saflaşmasına xidmət edirsə, deməli, istənilən nəticə əldə olunub".
Esmira Aslanova isə Mərdəkan Mədəniyyət Sarayında 28 ildən çoxdur ki, bədii rəhbər vəzifəsində çalışır. Onun dediklərindən: " Tədbir, necə deyərlər, asılqandan başlayır. Hər şey zövqlü tərtibatdan başlamış, hər uşağa, hər körpəyə həssas və qayğıkeş münasibət gözəl olmalıdır. Kütləvi tədbir keçirməyin özünəməxsus çətinlikləri vardır. Burada yüksək peşəkarlıq və məsuliyyət lazımdır. Bütün bunları illər ərzində özümdə tərbiyə edib, vərdişə çevirmişəm".
Mərdəkan Mədəniyyət Sarayının ərazisində 4 tərəfi əhatə edən yaşıllıqlar, şam ağacları, bəzək kolları, güllüklər göz oxşayır, xoş ovqat bəxş edir. Son zamanlar sarayın önündə açılmış köşkdə uşaqlar üçün minik maşınları, velosipedlər, yelləncəklər valideynlərin və balacaların marağına və rəğbətinə səbəb olub. Bu səliqəli xiyaban sakinlərin sevimli gəzinti və istirahət, uşaqların isə əyləncə yeridir. Burada istirahət vaxtı dadlı dondurma, müxtəlif çeşidli sərin sular, şirələr dadmaq olar. Pürrəngi çay, tennis, bilyard həvəskarları da unudulmayıb. İsti yay günlərində uca şam ağaclarının çətiri altında, xoş sərinlikdə stolüstü oyunlarla məşğul olmaq xüsusi zövq və ləzzət bəxş edən istirahətdir.
Bu yaxınlarda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin təşəbbüsü ilə keçirilən toplantıda Xəzər Rayon Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması məsələsi qaldırılmışdır. Xəzər Rayon İcra Hakimiyyətinin başçısının müavini Arif Balayev bu xeyirxah işi dəstəkləmiş, sarayın 3-cü mərtəbəsində yerləşəcək bu muzeyin rayonun mədəni həyatında mühüm hadisəyə çeriləcəyinə inam hissini ifadə etmişdir. Qeyd edək ki, artıq bu işə başlanmışdır və sözsüz ki, muzeyin yaradılması sakinlərin də ürəyincə olacaqdır.
Bu ilin sentyabrından isə sakinlərə daha bir töhfə təqdim olunacaq. Yeni tədris ilində Mərdəkan Mədəniyyət Sarayında Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə məktəbəqədər hazırlıq, ingilis dili, kompyuter, ifaçılıq sənəti, milli, müasir və bal rəqsləri, kiçik yaşlı uşaqlar üçün "Cocuq" uşaq studiyası kimi dərnəklər fəaliyyətə başlayacaq.
Heç şübhəsiz ki, sarayın kollektivi bu ili yüksək göstəricilərlə başa vuracaq.
M.MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 5.