Adıgözəlovlar
və Azərbaycan musiqi mədəniyyəti
İyul ayının 28-i görkəmli sənətkar, xalq artisti, bəstəkar Vasif Adıgözəlovun xatirə günüdür. Azərbaycan musiqi mədəniyyətinə böyük töhfələr vermiş adıgözəlovlar nəslinin istedadlı nümayəndəsi, dirijor Yalçın Adıgözəlovla söhbətimizin maraqlı məqamlarını oxuculara təqdim edirik.
- Bu gün Zülfü Adıgözəlov nəsli böyük bir nəsil kimi tanınır. Vasif Adıgözəlov yaşasaydı 77 yaşı tamam olacaqdı. Düz 6 ildir vəfat edib. Mən bu nəslin həm də sənət sahəsində davamçısıyam. Üçüncü nəsil sayılıram. Bundan sonra musiqi sahəsində dördüncü nəsil olacaq, ya olmayacaq, bunu zaman göstərəcək. Çünki mənim övladlarım - nə oğlum, nə də qızım yolumu getmədilər. Bəlkə qardaşım Toğrulun uşaqları bu yolu davam etdirələr. Ailəmizdə ikinci Vasif Adıgözəlov da var. Qardaşım Toğrulun oğludur. Zülfüqar isə mənim oğlumun adıdır. Onlar başqa sənət seçdilər. Əlbəttə, çox istərdim ki, övladlarım bu sənətin davamçıları olsun. Vasif Adıgözəlov sənəti bir sıra ölkələrdə tanınır və qəbul olunurdu. Bir bəstəkar kimi də çox xoşbəxt idi. Çünki heç bir yazısı masada qalmadı. Nə yazdı, hamısı ifa olundu, səhnəyə qoyuldu. Bu sənətkar üçün böyük işdir və fəxrdir.
Mənim həyat fəlsəfəm bu nəslin sənətini ən yüksək pillədə qoruyub saxlamaqdır. Amma bu, o qədər asan deyil. Baxın, siz bəstəkar evinə gəlmisiniz. Bu evdə Süleyman Ələsgərov, Tofiq Quliyev, Zakir Bağırov, Ramiz Mustafayev, Oqtay Zülfüqarov, İbrahim Məmmədov, Musa Mirzəyev, Şəfiqə Axundova, Ağabacı Rzayeva kimi sənətkarlar olublar. Atam Azərbaycanda nə mükafat, nişan varsa hamısına layiq görülüb, ən əsası və ən vacibi isə xalqın sevgisini qazanıb...
Vasif müəllim mənə adını və sənətinin ən uca zirvələrində olan əsərlərini miras qoyub getdi. V. Adıgözəlov bizim üçün əvəz olunmaz ata idi. O, bir atanın oğluna edə biləcəyi hər şeyin ən yaxşılarını etdi, hətta, əlindən gəlməyəni belə etdi. Mən çox xoşbəxt bir insanam, çünki, atam mənim ən yaxın dostum idi. Münasibətimiz ata-oğul münasibətindən daha artıq idi. Burada, əlbəttə ki, həmkar olmağımızın çox böyük rolu var. Məsələn, Toğrul həkimdir. Anamın nəslinin davamçısıdır. Toğrul özü o sənəti seçdi. Amma mənim başqa seçimim yox idi. Gözümü açandan musiqi eşitmişəm. Dahi bəstəkarları, yazıçıları, şairləri görmüşəm. Və mənim yolum da belə cızıldı... Mən də, qardaşım da çalışırıq ki, atam bizə necə ata olubsa, biz də övladlarımıza atalıq vəzifəsini düzgün yerinə yetirək. Bu dünyanın qanunudur ki, heç bir övlad heç bir valideynə borcunu axıra qədər vermir. İlk növbədə atam bizim tərbiyəmizlə, təhsilimizlə, sağlamlığımızla ciddi məşğul olurdu. Biz evdə atamızın nəfəsindən çəkinirdik. O, çalışan vaxt biz evdə gəzmirdik. Anamız belə qanun qoymuşdu. Çünki bu evdə ən vacib insan atadır. Düzdür, ana müqəddəsdir, lakin, İslam dünyasında ailədə ata birinci yerdədir. Onun sözü qanun olmalı, hörmət olunmalıdır. Bu hörməti isə təbii ki, həyat yoldaşı saxlamalıdır.
Şeyx Şamildən soruşublar: -" Necə gəlib bu pillələrə çıxdın? Bu qədər millətin, bu
qədər xalqın sevgisini necə
qazandın?" Şeyx Şamil
də öz növbəsində belə cavab verib: -"Məni bu zirvələrə gətirən həyat
yoldaşımdır. İlk öncə
övladlarımın yanında hörmətimi saxladı. Daha sonra hörmətim
xalqıma yayıldı, -" deyə cavab
verib. Bütün
bunların hamısı ailədən gəlir. Evdə
qadının rolu çox
böyükdür. Bu
barədə anamız bizi çox
düzgün tərbiyələndirib. Masa üstünə yemək gələndə
ilk növbədə atamın
qabağına qoyulardı. Amma indi görürəm ki,
ailədə övlada, uşağa
daha çox hörmət
var. Ata artıq ikinci plandadır. Bu, məncə,
yanlışdır. Lakin bizim
evdə belə olmayıb. Atam bu dünyaya sənətini
qoyub getdi. Çox həyəcanlı bir
ömür yaşadı. Dünyanın bir sıra ölkələrində səfərdə
olub. Bir gün olmadı ki, əsər
yazmasın. Axırıncı əsərlərini belə son nəfəsinə qədər yazıb
qurtardı. "Çanaqqala
oratoriyası", "Natəvan operası", "Qarabağ şikəstəsi oratoriyası"
əsərlərinin hamısını tamamlaya
bildi. V. Adıgözəlov Dövlət
Filarmoniyasında 70 illik yubileyini
qeyd edən zaman,
atası Zülfü Adıgözəlova
həsr etdiyi "Segah
simfonik muğamını" səsləndirdim.
Atam demişdi ki, mən bu əsəri Şuşada - Qələbə günündə
səsləndirəcəyəm. Mən dedim
ki, ata, qoy bir dəfə səsləndirək,
hamı eşitsin. Qələbə günü bir daha səsləndirərik."
Düşünürəm yaxşı ki,
etdim . Şuşada Qələbə
paradı hələ qabaqdadır.
Zülfü Adıgözəlov
Zülfüqar Adıgözəlov 1898-ci ildə Şuşanın Qaradolaq kəndində anadan olmuşdur. 1927-ci ildə Şuşada muğam axşamlarının birində Zülfü Adıgözəlovun ifasını dinləyən Cabbar Qaryağdıoğlu onu Bakıya dəvət edir.
Z. Adıgözəlov pəsxan xanəndə idi. O, muğam dəsgahını tam şəkildə bəm və orta tessiturada özünəməxsus oxuma məktəbini yaratmışdır. Bu gün adlarını fəxrlə çəkdiyimiz Əbülfət Əliyev, Sahib Şükürov, Hacıbaba Hüseynov, Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Tələt Qasımov, neçə-neçə gənc istedadlı xanəndələr Zülfi məktəbinin istedadlı davamçılarıdır.
Zülfü Adıgözəlov Azərbaycanın görkəmli xanəndəsi, böyük muğam ustadı, təsnif və xalq mahnılarının təfsirçisi, mahir ifaçısı və müəllimi kimi tanınırdı. Xanəndənin ifa etdiyi və lentə, qrammofon valına yazdırdığı "Rast", "Mahur hindi", "Segah Zabul", "Bayatı-Şiraz", "Humayun" muğam dəsgahlarını və bir sıra təsniflər "Nəbi", "Mən gedirəm Zəngilana", "Dedim, bir busə ver", "Kəklik" və başqa bu kimi xalq mahnıları təkrarolunmaz musiqi xəzinəmizin nadir inciləridir. Məhz qədim klassik muğamlarımızı, təsnif və xalq mahnılarını oxuyarkən onların ənənəvi forma və quruluşunu saxlamaqla xanəndə özünəməxsus nəfəsləri, dəst-xətti ilə ifaçılıq sənətinə yeniliklər gətirmişdir.
Heç də təsadüfi deyil ki, Zülfü Adıgözəlovun xanəndə kimi ifaçılığının xüsusiyyətlərindən söz açan görkəmli şərqşünas alim, jurnalist Rafael Hüseynov yazır: "O, muğamların labirintlərinə kimi bələd idi, bir muğamın qapısından girib, muğamın ruhunu incitmədən, səslənmiş rəvanlığına xələl gətirmədən, elə gəldiyi rəvanlıqla əvvəlki muğama qayıdıb yoluna davam etdirə bilirdi."
Z.Adıgözəlov muğam dəsgahlarının ayrı-ayrı uyğun şöbələrini birləşdirərək mikrosilsilə kimi müstəqil şəkildə təsvir etmişdir. Bu baxımdan "Əraq-Pəncgah", "Hasar-müxalif", "Vilayəti-Dilkeş" muğamları gözəl örnəklərdir.
Zülfü Adıgözəlov
1963-cü ildə Bakı şəhərində vəfat etmişdir.
Vasif Adıgözəlov
Vasif Zülfüqar oğlu Adıgözəlov 1935-ci il iyul ayının 28-də Bakı şəhərində anadan olub. İlk musiqi təhsilini Konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində piano sinfində alıb. 1953-cü ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın siniflərində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən Radio və Televiziya Verilişləri Komitəsində musiqi redaktoru kimi əmək fəaliyyətinə başlayıb. Sonralar Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, M.Maqomayev adına Dövlət Filarmoniyasının baş musiqi redaktoru, A. Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru və s. vəzifələrdə çalışıb. 1972-ci ildən Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında əsas işçi kimi müəllimlik edib. 1990-cı ildə Azərbaycan Bəstəkarlar İttifaqının I katibi seçilib.
1973-cü ildə "Əməkdar incəsənət xadimi", 1988-ci ildə "Respublikanın xalq artisti" fəxri adlarına layiq görülmüşdür. 1989-cu ildə professor, 1990-cı ildə Dövlət Mükafatı laureatı adlarını almışdır. 1995-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Bakı Musiqi Akademiyasında xor dirijorluğu kafedrasına rəhbərlik etmişdir. V. Adıgözəlov Azərbaycan musiqi dünyasında 4 sinfoniyanın, 2 operanın, 5 musiqili komediyanın, 6 instrumental konsertin, 4 oratoriyanın, 3 kantatanın, kamera-instrumental musiqinin, kino-teatr musiqilərinin romans və mahnılarının müəllifidir.
Vasif Adıgözəlov 2006-cı
ildə Bakı şəhərində vəfat etmişdir.
Yalçın
Adıgözəlov
Yalçın Vasif oğlu Adıgözəlov 1959-cu ildə Bakı şəhərində anadan olub. O, pianoçu kimi Bülbül adına orta ixtisas məktəbini bitirərək, 1982-ci ildə Bakı Musiqi Akademiyasında fortepiano ixtisası üzrə professor Rauf Atakişiyevin sinfində təhsil almışdır. 1983-cü ildə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasına dirijorluq ixtisası üzrə daxil olmuşdur. 1984-1989-cu illərdə Leninqrad Konservatoriyasında opera simfonik dirijorluğu ixtisası üzrə maestro İ. A. Musindən dərs almışdır. Konservatoriyanı bitirdikdən sonra Bakı şəhərinə qayıtmış və Dövlət Filarmoniyası, Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrində dirijor kimi çalışmağa başlamışdır. 1991-1992-ci illərdə Vyana Musiqi Akademiyasında professor Karl Esterrayxerin yanında təcrübə keçmişdir. 1991-ci ildən 1998-ci ilədək Yalçın Adıgözəlov Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru olmuşdur. Bu kollektivlə həm doğma Vətəndə, həm də müxtəlif ölkələrdə klassik, simfonik və müasir bəstəkarların, xüsusilə də, Azərbaycan bəstəkarlarının əsərlərilə geniş konsert proqramının dirijoru kimi fəaliyyət göstərmiş, Qərb dinləyiciləri üçün kəşfə çevrilmişdir. 2001-ci ildən maestro Yalçın Adıgözəlov böyük opera teatrlarından biri olan İstanbul Opera və Balet Teatrının dirijorudur.
Y.Adıgözəlov Rusiya Milli Orkestri, Çaykovski adına Böyük Simfonik Orkestri, Sank-Peterburq Filarmoniyasının Orkestri, ABŞ, İspanya, Avstriya, Belçika, Rumıniya və digər ölkələrin bir çox aparıcı simfonik orkestrləri ilə əməkdaşlıq etmişdir. Dirijor M. Rostropoviç, N.Petrov, S.Stadler, İ. Moniqetti kimi çox tanınmış musiqiçilərlə bir səhnədə çıxış etmişdir. 1997-ci ildən Bakı Musiqi Akademiyasının dosenti kimi pedaqoji fəaliyyətlə məşğuldur. 2000-ci ildən Yalçın Adıgözəlov Bakı Musiqi Akademiyasının dirijorluq kafedrasının professorudur. 2004-cü ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vasif Adıgözəlovun "Natəvan" operasının musiqi rəhbəri və dirijoru olmuşdur. Mütəmadi olaraq konsertlərlə çıxış edir.
2012-ci il mayın 9-da Prezident Mükafatına layiq
görülmüşdür.
Zülfü Adıgözəlovun xatirələrindən
- Bu gün Azərbaycanın ustad xanəndələri Əlibaba Məmmədov, Ağaxan Abdullayev, Tələt Qasımov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov vaxtilə babam Zülfü Adıgözəlovun məktəbindən keçiblər. Hacıbaba Hüseynov Z.Adıgözəlovun yanında nağara çalırdı. Muğamın sirlərini babamdan öyrənmişdir. Daha sonralar böyük sənətkar oldu. Z.Adıgözəlov Qarabağ xanəndəlik məktəbinin nümayəndəsi olsa da, onu Abşeronda da çox sevirdilər. Çünki babam pəsxan olub. Amma Qarabağ xanəndələri zil səslə ifa edirlər. Məsələn, Xan əmi zil səslə ifa edirdi. Lakin babam pəsxan olduğu üçün Bakı kəndlərində ən əsası Nardaran, Saray, Maştağada onu çox seviblər. Hətta, babam müharibədən sonra bir müddət oxuya bilmədi. Onu kənd əhalisi toylarında sadəcə iştirak etmək üçün dəvət edirdilər. Deyirdilər ki, onun toyumuzda iştirakı belə bizim üçün bir şərəfdir. Bu gün də mən Bakı kəndləri ilə əlaqəni qırmıram. Babamın dostlarının çoxu dünyalarını dəyişsə də, hələ də əlaqə saxladığımız insanlar var. Bakı kəndlərində Zülfüqar adına çox rast gəlinir. Deyirlər ki, adımızı Zülfü Adıgözəlovun şərəfinə qoyublar...
Babamın xatirələrini hələ də Bakı kəndlərində qoruyub saxlayırlar. Onu böyük hörmətlə yad edirlər. Əlibaba Məmmədovun çox gözəl bir sözü var. Bu sözü o, mənə də, atama da deyib: - "Mənim qədər Zülfünü siz sevə bilməzsiz. Məndən çox Zülfünü sevən ola bilməz." Bu gün Ağaxan Abdullayev də babamın sənətini çox hörmətlə qoruyub saxlayır. Mənsum İbrahimov isə babamın nəfəslərindən çox istifadə edir.
Mən muğam sənətinə çox bağlıyam. Çünki atam Azərbaycan milli musiqisinə babama görə o qədər bağlı olub ki, mən də öz milli musiqimizə irsən bağlı olmuşam. Babamdan soruşublar ki, "ay Zülfü, sən özün xanəndə ola-ola, nəyə görə oğlunun birini pianoya, o birini skripkaya qoymusan?" Babam uzaqgörənliklə: "Tardı, kamançadı, muğamdı bunların hamısı onların qanında var. Ona görə də, qoy onlar Avropa sənətinə daha yaxın olsunlar," - deyə cavab verib. Atam dünya şöhrətli Qara Qarayevin sinfində təhsil aldı və bu zirvəyə qədər yüksəldi. Əmim Rauf Adıgözəlov isə Moskva Konservatoriyasına daxil oldu. Tkanovun sinifini bitirdi. Zülfü babam rəhmətə gedəndən sonra Rauf əmim oxumağa başladı. Çünki Rauf həmişə oxumaq istəyirdi. Lakin o, babamın yanında oxumağa cürət etmirdi. Ona görə də əmim bir müğənni kimi də tanınır. Çox təəsüf ki, o da dünyadan tez köçdü. Amma bu dünyada sənətlərini qoyub getdilər...
Azərbaycan musiqi sənəti, Azərbaycan mədəniyyəti qarşısında böyük xidmətlər göstərmiş Adıgözəlovlar ailəsi gələcək nəsillərə şərəfli bir örnək olacaqdır. Onların Azərbaycan musiqi sənətinə verdikləri böyük töhvələr tarixin qizil səhifələrində Günəş kimi parlayacaqdır.
Xəyalə ƏLİAĞAQIZI
Xalq qəzeti.- 2012.- 11 avqust.- S. 7.