London Olimpiadasında Azərbaycanın
möhtəşəm qələbəsi: 1 gündə 2
qızıl medal
Toğrul Əsgərov və Şərif
Şərifov Olimpiya çempionu oldular
Londonda
XXX Yay Olimpiya Oyunlarının 14-cü gününün
yarışlarına yekun vurulduqda qəti surətdə
aydın oldu ki, Azərbaycan Olimpiadanın sonuncudan əvvəlki,
15-ci gününə 7 medalla - 2 gümüş və 5
bürünc mükafatla başlayacaq. Boksçularımız
Teymur Məmmədovla (91 kq-dək) Məhəmmədrəsul
Məcidovun (91 kq-dan yuxarı) yarımfinalda italiyalı rəqiblər,
müvafiq surətdə Klemente Russo və Roberto Kammarelli ilə,
demək olar, bərabər səviyyədə keçən
görüşlərdə məğlubiyyətləri təmsilçilərimizə
buna qədər özlərinə təmin etdikləri
bürünc medalları daha yüksək əyarlı
mükafatlara dəyişməyə imkan vermədi.
Həmin
gün Aliyə Qarayeva bədii gimnastların yarışlarında
gürzlər və lentlə hərəkətlərin
icrasında bir gün əvvəl həlqə və topla təmrinlərdə
olduğu kimi, uğurla çıxış edib
çoxnövçülüyün yekununda finala
çıxdı. Təsnifat mərhələsində
gimnastımızın nəticəsi yalnız ilk iki yeri tutan
rusiyalı olimpiya çempionu Yevgeniya Kanayeva və onun həmvətəni
Darya Dmitriyevanın göstəricilərindən geri qaldı.
Çoxnövçülüyün final mərhələsi dünən keçirilmişdir. Qarayeva təsnifat yarışlarında qazandığı yüksək üçüncü mövqeyi özündə saxlamaq və hətta nəticəsini bir qədər də yaxşılaşdırmaq əzmində idi. Azərbaycan gimnastı, eləcə də Kanayeva və Dmitriyeva ilə yanaşı, final mərhələsinə daha yeddi nəfər Silviya Mitva (Bolqarıstan), Lyubov Çerkaşina (Belarus), koreyalı Son Yen Ce, Ukrayna təmsilçiləri Alyona Maksimenko və Anna Rizatdinova, polyak İoanna Mitroş, israilli Neta Rivkin vəsiqə qazanmışdılar. Bədii gimnastika yarışlarının çempionu, gümüş və bürünc mükafatçıları bu on rəqibin mübarizəsində müəyyənləşmişdir. Gimnastımız A.Qarayeva yarışları 4-cü yerdə başa vurmuşdur.
Olimpiadanın 14-cü günündən sonra hesabında 2 gümüş və 5 bürünc mükafat olan Azərbaycan yığması medal qazanmış 82 ölkənin siyahısında 50-ci mövqedə idi. Türkiyə 5 medalla (2+2+1) 30-cu pillədə irəliləyirdi. Cədvələ əvvəlkitək ABŞ komandası başçılıq edirdi - 94 (41+26+27). İkinci yeri Çin tuturdu - 81 (37+25+19), liderlər üçlüyünü Böyük Britaniya tamamlayırdı - 57 (25+15+17).
Sərbəst üsulla güləşən Əşrəf Əliyev (74 kq-dək) birinci dövrədə Yaponiya idmançısına qalib gəlib, səkkizdəbir finalda ikiqat dünya və üçqat Avropa çempionu rusiyalı Denis Tsarquşa uduzaraq Olimpiadada çıxışlarını başa vurduqdan sonra güləşin bu növündə dünən xalça üzərinə onun komanda yoldaşları Cəmaləddin Məhəmmədov (120 kq-dək), Şərif Şərifov (84 kq-dək) və Toğrul Əsgərov (60 kq-dək) çıxmışlar. Püşkə əsasən startda onlar müvafiq surətdə Rusiya, Türkiyə və Almaniya güləşçiləri ilə görüşmüşlər.
Dünənki yarışlarda sonuncu təmsilçimiz Hayle İbrahimov isə daha gec, 23:30-da mübarizəyə qoşulmuşdur. O, Londonun Olimpiya stadionunda 5000 metr məsafəyə qaçış yarışlarının final mərhələsində mübarizə aparmış və yarışları 9-cu pillədə başa vurmuşdur.
Dünənki yarışlar Azərbaycan
güləşçilərinin böyük
zəfəri ilə əlamətdar oldu. Sərbəst
üsulla güləşənlər - Toğrul Əsgərov finalda
rusiyalı Besik Kuduxov,
Şərif Şərifov isə puerto-rikalı Yusept Espinala qalib gələrək XXX Yay
Olimpiya Oyunlarında çempion
adını qazandılar və xalqımızı iki qızıl medalla
sevindirdilər.
* * *
İngiltərə
paytaxtında Olimpiya oyunları finişə bu gün
çatacaq. Olimpiadanın sonuncu günü iki idmançımız
yarış meydanına dəvət olunacaq. Bunlar sərbəst
üsulla güləşənlər Cəbrayıl Həsənov
(66 kq-dək) və Xetaq Qazyumovdur (96 kq-dək).
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2012.- 12 avqust.- S. 1.