Ədəbiyyatımızda
deportasiya mövzusuna həsr olunmuş əsərlərə
bir baxış
(əvvəli qəzetin
11 avqust 2012-ci il tarixli sayında)
Ümumiyyətlə, mənə elə gəlir
ki, bütün şairlər, yaradıcı insanlar heç
zaman rahatlıq bilməyən ən narahat insanlardır.
"Gəldim" qoşmasında da şairin ruhu
narahatdır və o, bu əzab-əziyyətə son
qoymağa can atır. O bilir ki, torpaqdan qaçanlar,
uçanlar, cücərib boy verənlər yenə də
sonda torpağın özünə qayıdır.
Çünki torpaq insanı harada olursa-olsun, özünə
çəkir. Heç şübhəsiz ki, vətəndaş
şair üçün "Torpaq nə deməkdir?" fəlsəfəsi,
anlamı doğmadır, daha həssas bir mövzudur. Şair
üçün dünya çox böyük olsa da yenə də
son dayanacaq, son nöqtə, son mənzil doğulduğu Vətən
torpağıdır:
Demə, bu diyardan doyub gedirəm,
Sabahın sirrini duyub gedirəm.
Qəlbimi bu yerdə qoyub gedirəm.
İsti yuva, tüstülənən
od-ocaq,
Gəl öpüşək, halallaşaq,
ayrılaq.
Şair Məcnun Göyçəlinin də
şeirləri deportasiya hadisələrini özündə
daha canlı və obrazlı şəkildə əks etdirən
ədəbi nümunələrdəndir. Bu mənada onun
İntiqam Ocaqlının eyni adlı şeirinə nəzirə
yazdığı "Hardasan, hardasan, ay ev yiyəsi"
şeiri diqqəti cəlb edir, oxucunu daha çox
düşündürür. Bu şeir təkcə yurdunu itirən
Ermənistan azərbaycanlılarının, qarabağlıların
deyil, bütün 50 milyonluq Azərbaycan türkünün dərdi,
faciəsidir. Şair bu şeirdə İrəvanda,
Göyçədə, Ağbabada, Dərələyəzdə,
Vedidə, və digər qədim yurd yerlərimizdə
ocaqları sönən, təndiri qalanmayan,
qapısını-bacasını tikan basmış
soydaşlarını haraylayır:
Qərib gecələrə baş qoyub
dağlar,
Çaylar hönkürtülü, bulaqlar
ağlar.
Hər ocaq başında bir zümzümə
var!
Döyür pəncərəni xeyli var nədən?
Allahlı dünyanın Allahsız səsi,
Hardasan, hardasan, ay ev yiyəsi?
Bir soraq varmı gör Turan elindən,
Yollar qəm bağladı durna telindən!
Gül bülbüldən küsüb,
çəmən gülündən.
Zirvədə təklənib qıy vuran
qartal,
Daşlara çırpılır
ünü, hikkəsi,
Hardasan, hardasan, ay ev yiyəsi?
Gücü qələminə söykənib
dərdini yazmağa çatan bir şairin "Bir soraq
varmı gör Turan elindən"- deyə böyük
türk dünyasına səslənişi, Oğuz birliyinin
yenidən var olub, bir olub yüksəlməsinə olan
inamı şeirin sonuncu bəndində yurda dönmək arzusu
ilə səsləşərək bədii sözün təsir
dairəsini daha da gücləndirir.
Aradan 24 il keçməsinə baxmayaraq, o
yurd yerlərinə dönmək, sönmüş ocaqları
yandırmaq, qurumuş bulaqların gözündən öpə-öpə
onları yenidən cana gətirmək tək bir şair qəlbinin
yox, bütün yurd həsrətlilərinin ən
böyük arzusudur. Çünki o yerlər bizə uca
Allahın bəxş etdiyi, hər daşı, qayası,
gülü, çiçəyi ilahi sehrlə, İlahi
harmoniya ilə köklənmiş doğulandan ta ölənədək
əbədi sığınacaq yerlərimizdir. Məcnun
Göyçəli də o yurda qayıdışı, o yurda
dönüşü və elə o yurdlarda da Haqqa
qovuşmağı belə arzulayır:
Demirəm ki, dünyanın,
Nazıyla güldür məni.
Allahım, zəlil eylə,
Vətəndə öldür məni.
"Bəziləri onları, millətimin
iki yüz minə yaxın yerindən-yurdundan didərgin
edilmiş övladlarını sadəcə
"köçkünlər" adlandırmağı məsləhət
gördülər. Xatirlərinə dəyməmək
üçün belə bir yumşaq söz işlətməyi
münasib bildilər. Əslində isə onlar köçməmişdilər.
Onları zorla, silah gücünə, qanlarını tökə-tökə
yurdlarından, yuvalarından didərgin salmışdılar.
Dağlara, meşələrə səpələnmiş azərbaycanlılara,
nəhayət, mərkəzi hökumətimizin
"humanist" başçılarının "rəhmi"
gəldi, vertolyotlar göndərdilər, ələ keçənləri,
sağ qalanları daşıyıb Azərbaycan
torpağına tökdülər. İndi özünüz
deyin: Bunlara "köçkün" adı vermək
olarmı? Adam durduğu yerdə min illərlə
yaşadığı, ulu əcdadlarının sümükləri
basdırılmış torpaqdan köçərmi?
Özü də kənd-kənd, oba-oba!
Bəziləri dedilər ki, onlar
"qaçqınlar"dır. Sadəcə,
yurd-yuvalarını atıb gələnlərdir. Adam o zaman
yurd-yuvasını ürəyi ağrımadan atıb
başqa yerə gedər ki, torpağa bağlı olmasın,
Vətən, el-oba qədri bilməsin, onun həsrətini
çəkməsin, yurdun hər daşı, hər qarışı,
axar-baxarı üçün burnunun ucu göynəməsin!
Bızim xalq torpağa, Vətənə bağlı
xalqdır. O, hər saatla yurdundan-yuvasından ayrılan deyil!
Onları ayırdılar. Zorla, fitnə-fəsadla! ...Həmin
səhnəni ömür boyu unuda bilmərəm".
("Didərginlər" toplusu. Bakı, Gənclik, 1990.
İsmayıl Şıxlı. Su axan yerdən bir də axar.)
Dərbənddən Təbrizə,
Borçalıdan İrəvana, Qarabağdan Kərkükə
qədər uzanan dərdlərimiz bütöv Azərbaycanın
bir parçası olan Borçalının şair oğlu,
xalq şairi Zəlimxan Yaqub da köçkünlüyün,
didərginliyin mənəvi iztirablarını sazın
"Dilqəmi"sində belə çatdırır:
Göyçə dərdi
göyüm-göyüm göynəyən,
Sızım-sızım sızıldayan
yaramdı.
İndən belə kirpik çalmaz
gözlərim,
İndən belə yuxu mənə
haramdı.
Göyçə dərdi - talan olan
varımız,
İlxı yoxdu, sürü yoxdu, naxır
yox.
Bu torpağın yaddaşında,
yadında,
Bizdən ötrü əvvəl vardı,
axır yox!
"Göyçə dərdi"
dastanı ədəbiyyatımızda bizdən sonra gələn
nəsillərə xalqımızın başına gətirilənləri
xatırlamaq, unutmamaq üçün bir yaddaş
möhürüdür. Dastanda 1988-ci ildəki ictımai-siyasi
hadisələri bir qaçqının, bir yurd itirənin
dilindən şair bunları deyir:
Qaçdıq, qaçqın dedilər!
Köçdük, köçkün dedilər!
Küsdük, küskün dedilər!
Susduq, miskin dedilər!
Hamı ağ günə
çıxdı,
Bizə pisgün dedilər!
Hər nəyi dedilərsə,
Yaman kəskin dedilər.
Bizə gəlmə dedilər,
Bizə yamaq dedilər.
Evimizin içində
Bizə qonaq dedilər.
İnsanın son mənzili olan qəbir
evinin dağılmasına, onun təhqir olunmasına rəvac
verənlərə bütün bəşəriyyət nifrətlə
yanaşıb, hətta onu, bu gün dünyaya atom
başlıqlarının ucunda demokratiya atanlar da tənqid
edib, adına beynəlxalq səviyyədə vandalizm deyiblər.
Lakin 1988-ci ildən sonra, demək olar ki, Ermənistanda
yaşayan azərbaycanlıların, türklərin
ata-babalarının qəbirləri yerlə-yeksan olunmuş və
tarixdən silinmişdir. Zəngibasarda, Gümrüdə,
Calaloğluda, Göyçədə, İlməzlidə,
Cücəkənddə qədim tarixə malik məscidlər,
dini abidələr erməni vandalizminin qurbanı olmuşdur.
Bu vandalizm bun gün Gürcüstanla Ermənistan sərhədində
yerləşən qədim memarlıq abidəsi övliya
Hacı Xəlil türbəsindən və dədəmiz Ələsgərin
də məzarından yan ötməmiş, ermənilər
onun da qəbrinə əl uzatmışdılar:
Gözləri yol çəkən, Ələsgər
dədə,
Dağlarda təklənən qəbrinə
qurban!
Bəd gəldi bizlərə bu vaxt, bu vədə.
Döz, bu da zamandı, səbrinə
qurban!
Heç xeyir taparmı sənə toxunan,
Ara qarışdıran, pəl vuran olub.
Deyirlər ruhuna dəyən, toxunan,
Deyirlər qəbrinə əl vuran olub.
Mənim taleyimi, mənim eşqimi,
Döyən çox olsa da, duyan az oldu.
Nəsimi, Füzuli məzarı kimi.
Sənin də məzarın əlçatmaz
oldu.
Təkcə körpələr yox, balacalar
yox,
Qəbirlər özü də yetim
olarmış.
və yaxud:
Səsinə bir mahal yığılan kəsin,
Yanında bir nəfər həyanı
yoxdur.
- misralarında şairin daxilən çəkdiyi
vicdan əzabı, "biz ki, bir zaman belə deyildik" fikri
poemanın bütünlüklə məğzini təşkil
edir.
Bu gün ədəbi publisistikamızda da
deportasiya mövzusu əsas sütunlardan birini təşkil
edir. Flora Xəlilzadənin, Budaq Budaqovun, Teymur Əhmədovun,
Sabir Rüstəmxanlının, Qara Namazovun, Qafar
Çaxmaqlının, Qərib Məmmədovun, Eldar
İsmayılın, Aqil Abbasın və bir çox ziyalıların
publisistikasında yurd yerlərinə dönmək arzusu boy
verir, hətta həmin əsərlərdə özünü
biruzə verən yeni-yeni ideyalar da günün tələbləri
ilə səsləşir və bizə o yurd yerlərinə
dönmək üçün qol-qanad verir. Qərib Məmmədovun
"Qərbi Azərbaycan və yaxud Azərbaycanın qərbi
haradır?!" məqaləsi müasir
tarixşünaslığımız, siyasi və ictimai fikir
tariximiz üçün maraqlı olan məqamlarla izlənilir.
Hazırda belə ruhda və belə elmi sambalda olan məqalələrin
toplu şəklində hazırlanması üçün
müəyyən addımlar atmışıq.
Budaq Budaqov və Qiyasəddin Qeybullayevin
"Ermənistanda Azərbaycan mənşəli toponimlərin
izahlı lüğəti"nin, "Qərbi Azərbaycan ədəbi-bədii,
publisistik toplusu"nun, İ. Vəlizadə və B. Muradov tərəfindən
yazılmış "Ermənistan azərbaycanlılarının
soyqırımı" kitabının, Hidayətin "Burdan
min atlı keçdi" kitabının, "Didərginlər"
toplusunun, Salman Qazinin "İtirdiyim yerlər "adlı
şeirlər kıtabının işıq üzü
görməsi başımıza gələn deportasiyalara ədəbi-bədii
yanaşma, dəyərləndirmə baxımından çox
qiymətlidir.
Şair Əli Vəkil tərəfindən
min zəhmət bahasına tərtib edilən "Ədəbi
İrəvan" almanaxı bu gün Azərbaycanın
müxtəlif yerlərinə səpələnmiş Ermənistandan
olan şairlər və yazıçılar üçün
ədəbi bir töhfədir.
Ümumiyyətlə, son dövr ədəbiyyat
tariximizdə deportasiya mövzusu ədəbi polemikalara səbəb
ola biləcək bir baxış bucağı kimi son dərəcə
maraq doğurur. Bu mənada filologiya elmləri namizədi Təyyar
Salamoğlu Azərbaycan ədəbiyyatının
tanınmış simalarından olan Mövlud
Süleymanlının "Köç" əsərinə
həsr etdiyi "Azərbaycan-erməni münasibətləri
tarixi müstəvisində" adlı məqaləsində əsəri
təhlil edərək siyasi xronologiyanı elə gözəl
sərgiləyir ki, insan əsərin bədii
gücünün ecazına düşür.
"Köç" əsərindəki təsvirlərdən
məlum olur ki, müəllif Azərbaycan xalqının son
200 illik bir tarıxinin bədii səciyyəsini vermək məqsədini
əsas götürmüş və Azərbaycan
xalqının öz milli varlığını, tarixi
torpaqlarını qorunmaq üçün əsrlər boyu
yadellilərə qarşı mübarizə
apardığını, saysız qurbanlar verdiyini, erməni-Azərbaycan
qarşıdurmasının bu gün üzdə görünən
keyfiyyətləri ilə bitmədiyini, onun köklərinin dərinlərə
getdiyini əsrlərdən keçib, bugünkü vəziyyətə
gəlib çıxdığını aydın şəkildə
açıb göstərmişdir. Hətta müsahibələrinin
birində xalq şairi Bəxtiyar Vahabzadə Mövlud
Süleymanlı yaradıcılığı və xüsusən
də "Köç" romanı haqqında belə bir
maraqlı fikir söyləmişdir: "Mövludun dilindən
yoxdur, onun dili şəkərdir, baldır, çox şirin
adamdır və kökə bağlıdır. Əsərində
intiusiya ilə bunu hiss edib, "Köç" romanında
köç başlayanda dədə-babalar elə yerdə dayanıb
ki... Bu, təsadüfi dayanmaq deyil. Bunun ulu babaları orda
yaşayıb, qan yaddaşı, harda türk varsa, orda
köç var. Çox gözəl və psixoloji əsərdir.
. "Köç" romanının müəllifi mənim
tələbəm olub, amma onun əsəri məni
ağlatdı, hönkürdüm. Köçümdən
danışırdı, qan yaddaşımdan xəbər
verirdi. Təsəvvür elə ki, el bir yerdə köç
salıb yaşayandan sonra babalarının ayaq izlərini
tapırlar".
Ermənistan adlı qədim
oğuz-türk yurdu haqqında "Yurd yeri" adlı silsilə
televiziya verilişləri hazırlayan yazıçı
Miraslan Bəkirlinin də yaradıcılığında bu
gün oxucunu intiqama səsləyən, dədə-baba
ocaqlarına dönmək arzusunu tezləşdirən, o yerlərdən
ruhumuzda, qanımızda, canımızda gətirdiyimiz ellik adətlərimizi,
mənəvi dəyərlərimizi unutmamağa səsləyən
motivlər üstünlük təşkil edir.
Əslən Ermənistandan olan, o yerlərdə
doğulan və 1988-ci il hadisələrindən sonra
deportasiyaya məruz qalan gənclərimizin deportasiya
mövzusuna müraciət etmələri, bəlkə də
çoxlarının belə üzünü görmədikləri
öz dədə-baba yudlarına həsr etdikləri şeirlərin,
nəsr əsərlərinin yazılması onların
doğma yurd yerlərinə dönmək arzusunun ən bariz
nümunəsidir.
Bu mənada deportasiya antologiyasını
yaratmaq üçün əlimizdə xeyli material var və
biz bu antologiya vasitəsilə gələcək nəsillərimizlə
keçmişimiz arasında əbədiyaşar bir
körpünün əsasını qoymuş olarıq.
Deportasiyaya həsr olunmuş ədəbi-bədii nümunələrin
müxtəlif dillərə tərcümə olunması, həmin
əsərlərin qəhrəmanlarına abidələrin
ucaldılması, onların bir çox ölkələrdə
yayımlanması da beynəlxalq ictimaiyyət
qarşısında bizim haqlı mövqeyimizin müdafiə
olunmasına xidmət edən bir vasitə kimi dəyərləndirilə
bilər.
Hafiz HACXALİL
Xalq qəzeti.-
2012.- 12 avqust.- S. 4.