Azərbaycan
idmançıları XXX Yay Olimpiya Oyunlarındakı uğurlu
çıxışları və nailiyyətləri ilə
ölkəmizin sürətli inkişaf edən
dövlət olduğunu bütün
dünyaya nümayiş
etdirə bildilər
Müsahibimiz Yeni Azərbaycan
Partiyasının sədr müavini- icra katibi, Milli
Məclisin deputatı Əli Əhmədovdur
-
Əli müəllim, ilk olaraq, sizin Azərbaycan
idmançılarının London Yay Olimpiya
Oyunlarındakı uğurlu iştirakını qiymətləndirmənizi
istərdik...
- Məlum
olduğu kimi, dünyanın ən böyük idman tədbirlərindən
biri olan XXX London Yay Olimpiya Oyunları başa çatıb.
Bildiyiniz kimi, Azərbaycan idmançıları da bu olimpiadada
iştirak edib və yüksək nəticələrə nail
olublar. İkisi qızıl olmaqla, ümumilikdə, 10 medal
qazanmış idmançılarımız hər bir azərbaycanlıya
sevinc bəxş ediblər. Bu böyük qələbə
münasibətilə ilk növbədə,
idmançıları təbrik etmək istəyirəm.
Çünki, onlar, həqiqətən, əzmkarlıqları
ilə Azərbaycan vətəndaşlarının öz
ölkələrilə qürur duymasında haqlı
olduqlarını sübut etdilər. Hesab edirəm ki,
böyük idman qələbəsilə bütün Azərbaycan
vətəndaşlarını da təbrik etmək olar.
Çünki, bizim idmançıların ifasında,
onların böyük fədakarlığı nəticəsində
əldə olunmuş qalibiyyət bütövlükdə, Azərbaycanın
qələbəsidir.
Mən,
eyni zamanda, idman ictimaiyyətini, həmçinin, London Olimpiadasında
böyük uğurların əldə olunmasına töhfələr
vermiş və əziyyət çəkmiş hər bir
insanı təbrik edirəm. Əlbəttə ki, Londonda
qazanılan uğurların kökündə Azərbaycanda
idmana olan yüksək qayğı dayanır. Ölkə rəhbəri,
Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin
idmana bilavasitə qayğısı və dəstəyi, bu sahənin
inkişafında əldə olunan nailiyyətlər və nəticələr
sonda dünyanın ən mötəbər
yarışında Azərbaycanın böyük uğurlar əldə
etməsinə gətirib çıxardı.
Bu,
idman qələbəsi olmaqla yanaşı, həm də
böyük ictimai əhəmiyyət daşıyan hadisədir.
İdman bu gün dünyada ölkələri və
xalqları təbliğ etməyin ən populyar vasitələrindən
biridir. Məhz, sözügedən qələbələri əldə
etməklə, Azərbaycan cəmiyyəti özünü bir
daha bütün dünyaya təqdim etdi. Hesab edirəm ki, bu
nailiyyətlər Azərbaycanın gənc bir dövlət
kimi inkişafının və yüksəlişinin
özünəməxsus göstəricisi sayıla bilər.
Həqiqətən,
Azərbaycan son illər ərzində sürətlə
inkişaf edib. Bu inkişaf Azərbaycanın
iqtisadiyyatından tutmuş, ölkəmizin bütün sahələrində
aydın şəkildə sezilməkdədir.
Reallaşdırılan modernləşmə siyasətinin nəticəsi
olaraq, Azərbaycan dünyaya sürətlə inkişaf edən
dövlət kimi təqdim edilir.
Eyni
zamanda, vurğulanmalıdır ki, idman sahəsində əldə
olunan uğurlar Azərbaycanın idman ölkəsi kimi imicinin
də formalaşmasına köməklik göstərir.
Əlbəttə ki, beynəlxalq idman yarışlarında əldə
olunan uğurlar Azərbaycanın bir müasir dövlət
kimi inkişafının göstəricisi olmaqla yanaşı,
ölkəmizin konkret idman sahəsindəki gücünü də
ifadə edir.
Ümumi
konteksdə demək olar ki, Azərbaycan idmançıları
XXX Yay Olimpiya Oyunlarındakı uğurlu
çıxışları və nailiyyətləri ilə
ölkəmizin sürətli inkişaf edən dövlət
olduğunu bütün dünyaya nümayiş etdirə bildilər.
-
Ümumiyyətlə, Atlanta, Sidney, Afina, Pekin və London
Olimpiya Oyunlarının nəticələrinə nəzər
yetirdikdə bir daha görürük ki, müstəqil Azərbaycanın
idmançılarının bu mötəbər yarışlarda
əldə etdikləri uğurların dinamikasında
böyük artım var. Sizcə, bu uğurların fəlsəfəsində
hansı faktorlar durur?
- Təbii
ki, Azərbaycanın əldə etdiyi bütün
uğurların əsasında düşünülmüş
siyasət durur. Amma nailiyyətlərin əldə olunma səbəblərini
konkretləşdirərək, deyə bilərik ki, müstəqil
Azərbaycan Respublikasının Olimpiya Oyunlarında cəmi 5
dəfə iştirak etməsinə baxmayaraq, göz
önündə olan uğurlarla ölkəmiz bir daha
dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu
isbatlayıb. Müstəqil Azərbaycanın iştirak etdiyi
Olimpiya Oyunlarının nəticələrinə də nəzər
saldıqda, ölkəmizin əldə etdiyi medalların
sayını xatırladıqda, söylənilən fikrin əsaslı
olduğu bir daha üzə çıxır. Məsələn,
Pekində keçirilmiş son Olimpiya Oyunlarında ölkəmiz
1 qızıl olmaqla, 7 medal əldə etmişdisə, London
Yay Olimpiya Oyunlarında 2 qızıl olmaqla, 10 medal qazanıb.
Bu statistik məlumatdan da görürük ki, Azərbaycanın
inkişafı göz önündədir. Və bir daha
vurğulamaq istəyirəm ki, bu inkişaf ümumi
müşahidə olunan tərəqqi prosesinin tərkib hissəsidir.
Əlbəttə
ki, dünyada idman ölkəsi kimi tanınmaq
üçün ciddi idman nailiyyətləri əldə etməklə
yanaşı, həm də bu uğurların
qazanılmasını şərtləndirən bazanın
yaradılması da gərəkdir. Azərbaycanda bilavasitə
dövlətin diqqət və qayğısı ilə
idmanın, kütləvi bədən tərbiyəsinin
inkişaf etdirilməsi üçün böyük layihələr
həyata keçirilməkdədir. Olimpiya komplekslərinin
inşa edilməsi, müxtəlif idman
yarışlarının keçirilməsi üçün
şəraitin təmin olunması, Azərbaycanın bir
çox beynəlxalq yarışlara ev sahibliyi etməsi və
digər bu istiqamətli tədbirlərin
reallaşdırılması bir yandan ölkədə
insanlarımızın sağlam həyat tərzinin təmin
edilməsi kimi başa düşülürsə, digər tərəfdən,
dövlətimizin mötəbər idman yarışlarında
böyük uğurlar əldə etməsinə aparan yolun əsasını
təşkil edir. Məhz, bütün bunların nəticəsidir
ki, Azərbaycan keçirilən Olimpiya Oyunlarında uğurlu
nailiyyətlər əldə edir.
Bunlarla
yanaşı, qeyd edim ki, Azərbaycan bütün parametrlər
üzrə regionun lider dövləti olduğunu
isbatladığı kimi, idman sahəsində də
avanqardlılığını sübut edir.
Bütövlükdə, XXX Yay Olimpiya Oyunlarının
statistikasını göz önünə gətirsək, bir
çox həqiqətlər ortaya çıxmış olar.
Birincisi, məlum olur ki, Azərbaycan Cənubi Qafqaz bölgəsində
ən çox medal qazanan ölkədir. İkincisi, ölkəmiz
keçmiş sovet məkanı üzrə Olimpiadada əldə
etdiyi medalların sayına görə, önə
çıxan dövlətlər sırasındadır.
Üçüncüsü, İslam dünyasında Azərbaycan
qazandığı idman uğurlarına görə,
qabaqcıl yerlərdədir.
Əlbəttə
ki, bu cür müqayisələri başqa parametrlər
üzrə də aparmaq olar. Lakin ortaya çıxan ümumi
nəticə ondan ibarətdir ki, 204 dövlətin iştirak
etdiyi XXX Yay Olimpiya Oyunlarında 30-cu yeri tutan Azərbaycan
özünü dünyaya inkişaf etmiş idman ölkəsi
kimi də təqdim etdi. Etiraf etmək lazımdır ki,
Olimpiya Oyunlarında çox güclü idman ənənələri
olan ölkələr iştirak edib və bunların
sırasında qabaqcıl yeri tutmaq, sözün həqiqi mənasında
böyük uğur sayılır.
- Məlum
olduğu kimi, olimpiyaçılarımızın zəfərləri
ölkəmizin hər bir yerində sevinclə
qarşılandı, hətta, insanlar idman
uğurlarımızı şəhərin küçələrində
qeyd etdilər. Bu mənada, istərdik ki, qələbələrin
müharibə şəraitində yaşayan bir xalqa göstərdiyi
sosial-psixoloji təsirlər haqqında
danışasınız...
-
Əlbəttə ki, idman cəmiyyətin həyatında
mühüm rol oynayan hadisələrin sırasındadır.
Bütövlükdə, ölkənin əldə etdiyi hər
bir nailiyyət insanları ruhlandırdığı kimi, idman
sahəsindəki uğurlar da xalqın milli iftixar keyfiyyətlərini
daha da gücləndirir. Bu, bütövlükdə, insanlarda
milli özünüdərkin və özünüifadənin
vacib bir elementinə çevrilir.
Azərbaycanın
bütün sahələrdə əldə etdiyi uğurlar da
insanlarımızın iftixarını formalaşdıran
faktorlar kimi qəbul edilir. O cümlədən, idman sahəsində
də qazanılan nailiyyətlər insanlar tərəfindən
söylənilən amil kimi qavranılmaqdadır. Məhz,
idmançılarımızın Londonda keçirilmiş XXX
Yay Olimpiya Oyunlarında qazandığı uğurlar
insanlarımızın vətənpərvərlik ruhunun
yüksəlməsinə və milli birliyin güclənməsinə
səbəb olur. Deyə bilərik ki, qazanılan bütün
uğurlar dövlətlə xalqın sıx birləşməsinə
və birgə gücün ifadə edilməsinə işarədir.
Ümumilikdə, idmançılarımızın zəfərləri
milli inkişafa təkan verən vacib amildir.
Təbii
ki, bu gün Azərbaycanın müharibə şəraitində
olduğunu nəzərə alsaq, idman sahəsində əldə
olunan nailiyyətlər vətəndaşlarımızda vətənpərvərlik
hislərinin daha güclənməsinə və ölkə gənclərinin
öz dövlətinin qüdrətinə olan inamının
artmasına gətirib çıxarır. Hər bir azərbaycanlı
gənc öz ölkəsinin güclü olduğunu dərk
etdikcə, əlbəttə ki, bu, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həllində də
ölkəmizin qələbə qazanacağına ictimai
inamı daha da artırır...
-
Əli müəllim, təəssüflər olsun ki, çox
az sayda insanlar Azərbaycanın bu qələbələrinə
sevinə bilmirlər. Əslində onların şəxsi
ambisiyaları imkan vermir ki, dövlətimizin
uğurlarını həzm etsinlər. Sizcə, Azərbaycanın
uğurlarına kölgə salmağa çalışan bu
insanların əməllərinin əsasında hansı səbəblər
durur?
-
Bilirsiniz ki, Azərbaycanın bugünkü
inkişafının əsasında Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi siyasət durur.
Hazırda həmin siyasəti uğurla davam etdirən Prezident
İlham Əliyevin rəhbərliyilə Azərbaycan
ardıcıl nailiyyətlər əldə etməkdədir.
Qeyd etdiyim kimi, sürətlə dəyişən və
inkişaf edən Azərbaycanda bütün sahələr
kimi, idman sferası də tərəqqi dövrünü
yaşayır və ölkəmiz artıq dünya
miqyasında idman dövləti tək qəbul edilir.
Bütün bunlar isə Azərbaycan vətəndaşlarında
böyük sevinc hissləri oyadır. Lakin bir müddət
öncə ölkə mediasında, xüsusilə də,
müxalifət mətbuatında yer alan fikirlərə istinadən
demək istəyirəm ki, çox az sayda olan adamlar var ki,
dövlətimizin nailiyyətlərinə sevinə bilmirlər.
Elə kiçik bir bəhanə axtarırlar ki, özlərinin
qara fikirlərini mətbuat səhifələrinə
çıxarsınlar. Əlbəttə ki, Olimpiya
Oyunlarının başa çatmasını gözləməyən
Azərbaycan müxalifəti ölkəmizin ümumi
inkişafına kölgə salmaq məqsədilə əsassız
təbliğat aparmağa cəhd göstərdi. Amma zaman
göstərdi ki, müxalifətin bu günə qədər
dediklərinin Azərbaycanın inkişafı ilə heç
bir əlaqəsi yoxdur.
Azərbaycan
idmançılarının Londonda keçirilmiş XXX Yay
Olimpiya Oyunlarında göstərdikləri şücaət,
bunun nəticəsi olan qələbələr və qalibiyyətlərin
yekunu olan medallar göstərdi ki, çox az sayda olan
müxalifətçilər ölkəmizin uğurlarına
sevinə bilmirlər. Bu isə artıq onların xislətinə
çevrilib. Müxalifətin Azərbaycanın
uğurlarına sevinməmək xüsusiyyəti onların
siyasətinin əsas mahiyyətini təşkil edir. Lakin
bütün bunlara baxmayaraq, Azərbaycan seçdiyi yolla
uğurla irəliləyir. Ən başlıcası odur ki,
kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz
inamla yüksəlir, inkişaf edir və qələbələr
əldə edir.
Mən
bir daha əldə olunan qələbələr münasibətilə
idmançılarımızı, xalqımızı və Azərbaycan
Milli Olimpiya Komitəsinin prezidenti, ölkəmizdə
idmanın inkişafına misilsiz töhfələr vermiş
dövlət başçısı cənab İlham
Əliyevi təbrik edirəm.
Xalq qəzeti.- 2012.- 14 avqust.- S. 2.