Beynəlxalq mədəni əlaqələrin inkişafında yeni dövr başlamışdır

 

Mədəniyyət və turizm sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində son illər uğurlu nailiyyətlər qazanılmışdır. 2012-ci ilin ötən dövrü ərzində isə bu sahədə əlaqələrimiz daha da genişlənmişdir. Belə ki, Qazaxıstanın Astana şəhərində keçirilmiş "Astana-Türk Dünyasının Mədəniyyət Paytaxtı-2012" mədəniyyət ilinin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişdir. Tədbir çərçivəsində TÜRKSOY üzv ölkələrinin mədəniyyət nazirlərinin iştirakı ilə Astana şəhərində TÜRKSOY Ölkələri Mədəniyyət Nazirlərinin Daimi Şurasının qeyri-rəsmi toplantısı keçirilmişdir.

Toplantıda Astana şəhərinin 2012-ci il üçün Türk Dünyasının mədəniyyət paytaxtı seçilməsi ilə əlaqədar üzv ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, eyni zamanda TÜRKSOY-un yaradılmasına dair 1993-cü ildə imzalanmış müqavilənin yenilənməsi, yeni layihənin beynəlxalq standartlara uyğunlaşdırılması müzakirə olunmuşdur.

Daha sonra Azərbaycan nümayəndə heyəti 2010-cu ildə Astanada açılışı keçirilmiş Türk Akademiyasında olmuş, Akademiyanın prezidenti Şakir İbrayevin müşayiəti ilə Türk Dünyası Əl İşləri MuzeyiTürk Akademiyasının nəzdində yerləşən kitabxananı ziyarət etmişdir.

Tədbir çərçivəsində, həmçinin TÜRKSOY rəsm sərgisi və üzv ölkələrin stendlərinin açılışı keçirilmişdir. Sərgidə türk dünyasının geyimləri sərgilənmiş və iştirakçıların böyük marağına səbəb olmuş moda nümayişi təşkil edilmişdir.

"Astana-Türk Dünyasının Mədəniyyət paytaxtı-2012" mədəniyyət ilinin açılışı münasibətilə təşkil olunmuş qala-konsertdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Respublikası, Krım, Qaqauz Yeri, Başqırdıstan, Tıva, Tatarstan, Xakasiya və Altayın dövlət rəqs ansamblları və solistləri iştirak etmişlər.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstan, Türkiyə, Tatarıstan, AltayŞimali Kipr Türk respublikalarının mədəniyyət nazirləri, TÜRKSOY-un Baş katibi, Türk Şurasının Baş katibi, Türk Dünyası Parlamentlərarası Assambleyasının Baş katibinin müavini və Eskişəhərin icra hakimi ilə ikitərəfli görüşlər keçirmişdir.

Azərbaycan daha bir mötəbər beynəlxalq mədəniyyət tədbirində iştirak etmişdir. Belə ki, Belçikanın Brüssel şəhərində növbəti Krans Montana forumubu tədbir çərçivəsində "Gələcəyin Gənc Liderləri" mükafatına layiq görülmüş şəxslərin görüşü keçirilmişdir. Görüşdə 2011-ci ildə "Gələcəyin Gənc Liderləri" mükafatına layiq görülmüş nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Vasif Eyvazzadə iştirak etmişdir.

Qardaş Türkiyə ilə əlaqələr daha da genişlənmişdir. İstanbul şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) Yüksək Vəzifəli Şəxslər Komitəsinin V iclasında nazirliyin nümayəndəsi iştirak etmişdir. İclas zamanı "Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun nizamnaməsi" və "Türk Akademiyasının təsis edilməsi haqqında Sazış" layihəsi müzakirə olunmuşdur.

Strasburqda Avropa Şurasının Mədəniyyət, Mədəni İrsLandşaft üzrə Rəhbər Komitəsinin ilk iclasında isə mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir.

İclasda yeni Komitənin nizamnaməsi, sədr, sədr müavini və üzvlərinin seçilməsi, 2012-2013-cü illər üçün Fəaliyyət Planı, Avropa Şurasının layihə və proqramları, AŞ ilə Aİ və YUNESKO arasında əməkdaşlıq, Lyublyana prosesi, "Münaqişələrin həllində İncəsənət vasitə kimi" layihələri, Aİ Faro, Qranada, Valetta Konvensiyaları və 2013-cü ildə Bakıda keçiriləcək 2-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Rusiyada keçirilməsi təklif edilən Avropa Şurasının Mədəniyyət Nazirlərinin Konfransı və digər məsələlər müzakirə olunmuşdur. İclasda regiondan Azərbaycan Gürcüstan nümayəndələrinin artıq komitə bürosuna üzv olduqlarını və bu dəfə növbənin Ermənistana çatdığını əsas gətirən Ermənistan mədəniyyət nazirinin müavini Arev Samvelyan Avropa Şurasının Mədəniyyət, Mədəni İrsLandşaft üzrə Rəhbər Komitəsinin bürosu üzvlüyünə öz namizədliyini irəli sürmüşdür. Azərbaycan nümayəndə heyəti bununla bağlı qabaqlayıcı tədbirlər görərək, GürcüstanMoldova nümayəndələrini öz namizədliklərini irəli sürməyə təşviq etmiş, iştirakçılarla aparmış və nəticədə region ölkələri üzrə səslərin parçalanması səbəbindən Ermənistan nümayəndəsi az səs toplayaraq büro üzvü seçilə bilməmişdir.

Səfər çərçivəsində Avropa Şurasının baş direktoru və digər rəsmilərlə ikitərəfli görüşlər keçirilmişdir.

Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsrail parlamentinin üzvləri xanım Faina Kirşenbaum, Orit Zuaretz, İsrailin Azərbaycandakı səfiri Mixail Lotem, səfirliyin ikinci katibi Ronen Krauszdan ibarət İsrail nümayəndə heyətini qəbul etmişdir. Nazir Ə.Qarayev iki ölkə arasında mədəniyyət sahəsində mövcud olan sıx əlaqələrdən məmnunluğunu ifadə etmişturizm sahəsi üzrə əməkdaşlığı daha da genişləndirmək məqsədilə İsraildə fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən "Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi"ində iştiraka dəvət etmiş, hər iki ölkədə info-turların keçirilməsi, turizm sahəsində mütəxəssislər və tələbə mübadiləsinin həyata keçirilməsi, İsraildən olan jurnalistlərin Azərbaycana dəvət olunması, ibri dilində Azərbaycan haqqında materialların çap olunması, Azərbaycan haqda təbliğat xarakterli materialların İsrail tele - kanallarında yayımlanması kimi konkret təkliflər irəli sürmüşdür.

Bakıda YUNESKO-nun Silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması üzrə Hökumətlərarası Komitəsinin sədri Nut Vudenberqlə görüş keçirilmişdir. Görüşdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun nümayəndələri də iştirak etmişlər. Görüşdə Silahlı münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında 1954-cü il Haaqa Konvensiyası və onun İkinci Protokoluna əsasən İçərişəhər və Qobustan üçün gücləndirilmiş mühafizə statusunun verilməsi ilə bağlı prosedur məsələlər müzakirə edilmişbununla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi haqqında Qanun layihəsinə dair məsləhətləşmələr aparılmışdır.

YUNESKO-da Beynəlxalq Caz Günü münasibətilə bayram tədbirləri təşkil edilmiş və Azərbaycan ən mühüm sponsorlarından biri olaraq, bu tədbirdə fəal iştirak etmişdir. YUNESKO-nun xoşməramlı səfiri Herbi Henkok tərəfindən irəli sürülən və YUNESKO tərəfindən dəstəklənən bu tədbirə dünyanın ən məşhur müasir caz musiqiçiləri - Markus Miller, Di Di Bricuoter, Barbara Hendriks, Tania Maria, Danilo Peres, gənc musiqiçilərdən - şeypurçular Hyu Masekelaİbrahim Maaluf, gitaraçı Svan Berger, pianoçu Covanni Mirabassi və başqaları cəlb olunmuşdur.

Türkiyənin İstanbul şəhərində Yaxın Şərq, Şimali AfrikaAvrasiya regionu üzrə "Keçid dövründə olan regionların əlaqələndirilməsi" adlı Dünya İqtisadi Forumunun xüsusi iclasında mədəniyyət və turizm naziri Ə.Qarayev iştirak etmişdir. İnkişaf naminə əməkdaşlığı genişləndirmək üçün dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın siyasət və biznes liderlərini, mütəfəkkirləri bir araya gətirən Dünya İqtisadi Forumu 42 illik tarixində ilk dəfə olaraq Yaxın Şərq, Şimali AfrikaAvrasiya regionuna həsr edilmiş xüsusi iclas keçirirdi. Forum zamanı dövlət, biznes və vətəndaş cəmiyyəti strukturlarının yeni birgə əməkdaşlıq formaları araşdırılmış, gələcəyin meqa-regionunun ölkələri arasında əməkdaşlığın gücləndirilməsi və rəqabətə davamlılıq sahəsində ən yaxşı qlobal təcrübələr, Avropa regionunda böhran, Ərəb baharı və Rusiya qışı, tədqiqat və elm sahələrinə investisiyalar, bilik iqtisadiyyatının formalaşdırılması, enerji təhlükəsizliyi, sosial dinamiklik, idarəçilik və digər mühüm məsələlər müzakirə olunmuşdur.Ə.Qarayev Forum çərçivəsində keçirilən "Mədəniyyət sosial dəyişiklik üçün vasitədir" adlı sessiyada çıxış etmişdir.

Sessiya zamanı 2011-ci ildən başlayaraq iki ildən bir Bakıda təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun İslam dünyası ilə Qərb sivilizasiyası və eləcə də digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun və etimadın möhkəmləndirilməsində mühüm rol oynadığı, müxtəlif mədəniyyətlər arasında əməkdaşlıq üçün qlobal platforma təşkil etdiyi və Azərbaycan xalqının tolerant mədəniyyətinin, tarixi ənənələrinin beynəlxalq aləmə çatdırılmasında xüsusi əhəmiyyətə malik olduğu xüsusi vurğulanmışdır. Eyni zamanda, Dünya İqtisadi Forumunun iştirakçıları 2013-cü ildə Azərbaycanda keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət olunmuşlar.

Belarusun Minsk şəhərində MDB dövlətlərinin Turizm üzrə Şurasının növbəti iclası keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. İclasda MDB dövlətləri arasında turizm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri, Turizm Şurasının yeni statusubununla bağlı Saziş ətrafında müzakirələr aparılmışdır.

Qazaxıstanın Astana şəhərində "Yeni Dünyada Avrasiya Mədəniyyəti" adlı Beynəlxalq Forum keçirilmişdir. Astana şəhərinin 2012-ci il "Birliyin Mədəniyyət Paytaxtı" elan olunmasına həsr olunmuş Forum Astanın Sülh və Həmrəylik Sarayında keçirilmişdir. Azərbaycan tərəfindən tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi mədəniyyət və elm xadimlərindən ibarət geniş tərkibdə nümayəndə heyəti iştirak etmişdir. Forumun rəsmi açılış mərasimindən sonra mədəniyyət və turizm naziri Ə.Qarayev çıxış etmiş, Astana şəhərinin 2012-ci il "Birliyin Mədəniyyət Paytaxtı" seçilməsi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayevə və Qazaxıstan xalqına xüsusi təbrikini səsləndirmişdir. Nazir Ə.Qarayev "Yeni Dünyada Avrasiya Mədəniyyəti" forumunun əhəmiyyətini yüksək qiymətləndirmiş, dünya ictimaiyyətinin müasir şəraitdə mədəniyyət sahəsində üzləşdiyi təhdidlərə qarşı birgə mübarizəsini, fərqli mədəniyyətlərin və sivilizasiyaların dialoqunun təmin edilməsini və bu sahədə müştərək işin görülməsinə ehtiyac duyulduğunu iştirakçıların diqqətinə çatdırmışdır.

Forum çərçivəsində həmçinin, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun iclası keçirilmiş, "Qazaxıstanın mədəniyyəti: dünən, bu gün, sabah" adlı sərgi açılmış, Mərkəzi Konsert salonunda Astana şəhərinin 2012-ci il "Birliyin Mədəniyyət Paytaxtı" elan olunmasına həsr olunmuş təntənəli konsert keçirilmişdir. Konsertdə MDB ölkələrindən olan musiqi qrupları və rəqs ansamblları çıxış etmişdir.

Belə tədbirlərin sayını kifayət qədər artırmaq olar. Göründüyü kimi, Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq mədəni əlaqələrin genişlənməsi üçün ciddi tədbirlər həyata keçirir. Söz yox ki, bütün bu nailiyyətlər ölkəmizdə həyata keçirilən uğurlu xarici siyasətin real nəticəsidir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 14 avqust.- S. 6.