2012-ci ilin birinci
yarısında ölkənin sosial, iqtisadi inkişafı
"2012-ci il Azərbaycan
iqtisadiyyatı üçün çox uğurlu il
olacaqdır. İlin birinci ayları iqtisadi cəhətdən
çox müsbət idi və bu, bizə imkan verirdi ki,
ümumiyyətlə, 2012-ci ili Azərbaycan iqtisadiyyatı
üçün növbəti uğurlu il kimi qiymətləndirək."
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Ölkə iqtisadiyyatının
inkişafı ilə yanaşı, əhalinin rifah
halının daha da yaxşılaşması, dövlət tərəfindən
sosial və iqtisadi öhdəliklərin yerinə yetirilməsi,
qeyri-neft sahələrinin ardıcıl inkişafı,
infrastrukturun təkmilləşdirilməsi, yeni iş yerlərinin
yaradılması sayəsində işsizliyin və
yoxsulluğun minimuma endirilməsi və digər amillər onu
deməyə əsas verir ki, ölkənin iqtisadi və sosial
həyatında son illər müşahidə olunan inkişaf
2012-ci ilin birinci yarısında da davam etmiş və bu
uğurlar mötəbər beynəlxalq reytinq agentlikləri və
maliyyə təşkilatları tərəfindən də təsdiqlənir.
2012-ci ilin birinci yarısında ölkə
iqtisadiyyatında 25,9 milyard manatlıq və ya əvvəlki
ilin eyni dövrünə nisbətən 1,5 faiz çox
ümumi daxili məhsul istehsal olunmuş, ÜDM-nin əhalinin
hər nəfərinə düşən həcmi 2828,0 manat
(3597,5 ABŞ dolları) təşkil etmişdir.
ÜDM-in 67,7 faizi iqtisadiyyatın istehsal,
26,3 faizi xidmət sahələrinin payına
düşmüş, məhsula və idxala xalis vergilər
ÜDM-in 6,0 faizini təşkil etmişdir.
Sənayedə 14,0 milyard manatlıq, yaxud
ümumi daxili məhsulun 54,0 faizi qədər, kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıqda 1,2 milyard manatlıq (4,5 faiz), tikintidə
2,4 milyard manatlıq (9,2 faiz), ticarət və nəqliyyat vasitələrinin
təmiri üzrə xidmətlər sahəsində 1,8 milyard
manatlıq (7,0 faiz), nəqliyyat və anbar təsərrüfatında
1,3 milyard manatlıq (4,9 faiz), turistlərin yerləşdirilməsi
və ictimai iaşə xidmətləri sahəsində 350,0
milyon manatlıq (1,4 faiz), informasiya və rabitə xidmətlərində
431,8 milyon manatlıq (1,7 faiz), sosial və digər xidmətlər
sahəsində isə 2,9 milyard manatlıq (11,3 faiz) əlavə
dəyər istehsal edilmişdir.
Bu dövrdə qeyri-neft ÜDM-in əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz
artması ilə yanaşı, neft-qaz sektorunda əlavə dəyər
istehsalı 6,4 faiz azalmış, neft və qeyri-neft
sektorlarının ÜDM-də xüsusi çəkisi
müvafiq olaraq 47,8 faiz və 52,2 faiz təşkil etmişdir.
2012-ci ilin birinci yarısında sənayedə
fəaliyyət göstərən sahibkarlıq subyektləri tərəfindən
17,6 milyard manatlıq məhsul istehsal olunaraq 2011-ci ilin
müvafiq dövrü ilə müqayisədə 3,0 faiz
azalmışdır. Sənaye məhsulu istehsalı qeyri-neft
bölməsində 8,7 faiz artmış, neft sektorunda isə
azalma müşahidə olunmuşdur. Sənaye məhsulunun
77,1 faizi mədənçıxarma, 17,6 faizi emal, 4,8 faizi
elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı, 0,5
faizi isə su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölmələrində istehsal olunmuşdur.
Özəl bölmədə istehsalın
həcmi sənaye məhsulunun 81,9 faizini təşkil
etmiş, ümumi istehsalın 92,5 faizi sənaye
mallarının (əmtəələrin), 7,5 faizi isə sənaye
xarakterli xidmətlərin istehsalı hesabına
yaradılmışdır.
Mədənçıxarma bölməsində
istehsalın həcmi 13,5 milyard manat olmaqla ötən ilin
müvafiq dövrünün səviyyəsindən 5,4 faiz
aşağı olmuşdur.
Sahənin əsas məhsullarından olan
xam neft hasilatı 22,2 milyon ton, əmtəəlik təbii qaz
hasilatı isə 8,8 milyard kubmetr olmuş, qaz hasilatı 8,2
faiz artmış, neft hasilatı isə 6,8 faiz
azalmışdır.
Mədənçıxarma bölməsində
fəaliyyət göstərən sahibkarlar tərəfindən
yanvar-iyun aylarında 16,1 min ton bentonit, 173,9 min ton inşaat
üçün əhəng daşı, 673,6 kq qızıl,
378,4 kq gümüş və s. istehsal edilmişdir.
Emal bölməsinin müəssisələri
və fərdi sahibkarları (ev təsərrüfatlarının
sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən
3,1 milyard manatlıq məhsul istehsal olunmuş, sənaye
xarakterli xidmətlər göstərilmişdir. Bu sahədə
istehsalın həcmi 7,9 faiz artmaqla daha çox hissəsi -
qida məhsullarının istehsalının payına
düşmüşdür. Əksər qida məhsullarının
istehsalında artım müşahidə olunmuş, onlardan
kolbasa məmulatlarının istehsalı 1,2 faiz artaraq 966,9
ton, duru bitki yağlarının istehsalı 63,1 faiz artaraq 35,9
min ton, marqarin 45,9 faiz artaraq 12,7 min ton, kərə yağı
1,1 faiz artaraq 10,8 min ton olmuşdur.
Toxuculuq, geyim, dəri, dəridən məmulatlar
və ayaqqabı istehsalı ilə məşğul olan
müəssisələr tərəfindən 50,9 milyon
manatlıq məhsul, o cümlədən 7,1 min ton pambıq
lifi, 7,2 min ton pambıq iplik, 1,1 min kvadratmetr xalça və
xalça məmulatları, kişi və oğlanlar
üçün 38,6 min ədəd kostyumlar və s. məhsullar
istehsal edilmişdir.
Neft məhsullarının istehsalında
avtomobil benzini 3,2 faiz, ağ neft 6,6 faiz, neft bitumunun
istehsalı isə 23,1 faiz artmışdır. Bununla
yanaşı, dizel yanacağının istehsalı 3,8 faiz
azalaraq 1124,4 min ton, sürtkü yağlarının
istehsalı 19,6 faiz azalaraq 34,0 min ton olmuşdur.
Kimya sənayesi, əczaçılıq məhsullarının,
rezin və plastmas məmulatlarının istehsalı müəssisələri
tərəfindən 132,8 milyon manatlıq məhsul istehsal
edilmişdir. Əvvəlki ilin yanvar-iyun ayları ilə
müqayisədə rezin və plastmas məmulatların
istehsalı 3,1 dəfə artmış, kimya sənayesində
11,6 faiz və əczaçılıq məhsullarının
istehsalında isə 2,0 faiz azalma müşahidə
olunmuşdur. Əsas kimya məhsullarından polietilenin
istehsalı 4,7 faiz, propilenin istehsalı 58,6 faiz, lak-boya məmulatlarının
istehsalı 19,8 faiz artmışdır. Rezin və plastmas məmulatlarından
bərk polietilen boruların istehsalı 4,6 dəfə, məsaməli
poliuretan lövhələrin istehsalı 3,3 dəfə
artmışdır.
Tikinti materialları sənayesi müəssisələri
tərəfindən 142,3 milyon manatlıq və ya 26,1 faiz
çox, o cümlədən 944,3 min ton sement, 52,4 min ton
tikinti gipsi, 447,2 min ton hörmə üçün hazır
beton qarışığı, 149,5 min ton asfalt və 75,3 min
kubmetr tikinti kərpici və s. məhsullar istehsal
edilmişdir.
Metallurgiya sənayesi və hazır metal məmulatlarının
istehsalı müəssisələrində 223,3 milyon
manatlıq məhsul istehsal olunmuş və xidmətlər
göstərilmiş, istehsalın həcmi metallurgiya sənayesində
12,1 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində
isə 79,6 faiz artmışdır. Cari ilin altı ayı ərzində
sahə üzrə 547,0 ton və ya 3,7 dəfə çox
çuqun tökmə, 113,5 min ton polad tökmə məhsulları,
32,1 min ton polad borular istehsal edilmişdir.
Kompyuter, elektron və optik məhsulların,
elektrik avadanlıqlarının istehsalı sahəsində məhsul
istehsalının həcmi 128,1 milyon manat olmuşdur. Əvvəlki
ilin yanvar-iyun ayları ilə müqayisədə elektrik
avadanlıqlarının istehsalı 3,0 dəfə
artmış, altı ay ərzində 92 ədəd güc
transformatorları, 2,0 min ədəd məişət
soyuducuları istehsal edilmiş, televizorların istehsalı 1,5
dəfə artmışdır.
Maşın və avadanlıqların
istehsalı, nəqliyyat vasitələri, avtomobil və
qoşquların istehsalı sahəsində məhsul
istehsalının həcmi 72,4 milyon manat olmaqla 85 ədəd
yük avtomobili, 520 ədəd traktor və s. məhsullar
istehsal edilmişdir.
Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı
bölməsinin müəssisələri tərəfindən
altı ay ərzində 846,2 milyon manatlıq məhsul istehsal
olunmuş və xidmətlər göstərilmiş, əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 4,2 faizlik
artım əldə edilmişdir. Ölkədə 10,7 milyard
kVt-saat və ya 10,4 faiz çox elektrik enerjisi istehsal
olunmuş, onun 11,4 faizi su elektrik stansiyalarının, 88,6 faizi
isə istilik elektrik stansiyalarının payına
düşmüşdür.
Su təchizatı, tullantıların təmizlənməsi
və emalı bölməsində məhsul və xidmətlər
istehsalı 5,0 faiz artmışdır.
2012-ci ilin birinci yarısında ölkənin
iqtisadi və sosial sahələrinin inkişafı
üçün bütün maliyyə mənbələrindən
əsas kapitala 5924,9 milyon manat vəsait yönəldilmiş,
onun 57,1 faizi və ya 3384,0 milyon manatı
tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə
sərf edilmişdir. Əvvəlki ilin müvafiq dövrü
ilə müqayisədə əsas kapitala yönəldilmiş
vəsaitin həcmi 29,6 faiz artmışdır. Dövlət
mülkiyyətli müəssisə və təşkilatlar əsas
kapitala 3476,3 milyon manat, qeyri-dövlət müəssisələri
isə 2448,6 milyon manat vəsait sərf etmişlər. Məhsul
istehsalı obyektlərinin inşasında 2742,3 milyon manat, xidmət
sahələri üzrə obyektlərin tikintisində 3182,6
milyon manatlıq vəsaitdən istifadə edilmişdir.
Əsas kapitala yönəldilmiş vəsaitin
77,9 faizini daxili, 22,1 faizini isə xarici mənbələrdən
yönəldilmiş vəsaitlər təşkil etmiş,
daxili mənbələrdən yönəldilən vəsaitlərin
71,3 faizi dövlət mülkiyyətində olan müəssisə
və təşkilatların, 28,7 faizi qeyri-dövlət
mülkiyyətinə məxsus müəssisələrin
payına düşmüşdür.
Cari ilin birinci yarısında əsas kapitala
yönəldilmiş bütün vəsaitin 38,6 faizi sənaye
sahələrinin inkişafına, 17,1 faizi nəqliyyat və
anbar təsərrüfatına, 10,4 faizi daşınmaz əmlakla
əlaqədar əməliyyatlara (ondan 10,3 faizi mənzil
tikintisinə), 6,7 faizi dövlət idarəetməsinə, 5,3
faizi istirahət, əyləncə və incəsənətə,
5,0 faizi kənd təsərrüfatına, 3,0 faizi informasiya və
rabitəyə, 2,9 faizi təhsilə, 2,6 faizi tikintiyə, 2,2
faizi ticarətə, 1,8 faizi inzibati və yardımçı
xidmətlərin göstərilməsinə, 1,7 faizi səhiyyəyə,
1,6 faizi turistlərin yerləşdirilməsi və ictimai
iaşəyə, 1,0 faizi maliyyə və sığorta fəaliyyətinə,
0,1 faizi peşə, elmi və texniki fəaliyyətə sərf
edilmişdir.
Yanvar-iyun aylarında əsas kapitala yönəldilmiş
ümumi vəsaitin 1695,5 milyon manatı (28,6 faizi) neft bölməsinin,
4229,4 milyon manatı (71,4 faizi) qeyri-neft bölməsinin, o
cümlədən 593,7 milyon manatı (10,0 faizi) qeyri-neft sənaye
bölməsinin inkişafında istifadə edilmişdir.
İlin əvvəlindən Bakı şəhərində
"Baku Crystal Hall" İdman-Konsert Kompleksi, Heydər Əliyev
Mərkəzi, "Qafqaz Baku City Hotel and Rezidences" və
"JW Marriott Absheron" otelləri, Zirə İdman Kompleksi,
"Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi,
İstixana Kompleksi, Heydər Əliyev və Ziya Bünyadov
prospektlərinin kəsişməsindəki yol
qovşağının üçüncü kompleksi,
Naxçıvan şəhərində poliklinika və
Naxçıvan-Culfa magistral avtomobil yolu, Sumqayıt şəhərində
"Azgüntex" zavodu, Sumqayıt Texnologiyalar Parkında
ağır maşınqayırma və dəqiq emal mərkəzləri
zavodları, Goranboy rayonunda Şahmat Məktəbi, Qusar
rayonunda Mərkəzi xəstəxana və Şahmat Mərkəzi,
Masallı rayonunda Soyuducu anbar və İstixana kompleksləri,
Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəbə-Ojakəran
və Kijəbə-Qəcimardə avtomobil yolu, Qazax rayonunda
Konserv zavodu və Şahmat Mərkəzi, Tovuz rayonunda "Ayan
Palace" oteli, Siyəzən rayonu ərazisində
Bakı-Quba yolunda yeni körpü, Balakən rayonunda
Mazımçay üzərində yeni körpü və digər
obyektlər istifadəyə verilmişdir. Bütün maliyyə
mənbələri hesabına ümumi sahəsi 796,7 min
kvadratmetr olan yeni yaşayış evləri, 15
çarpayılıq xəstəxana, növbədə 666 nəfəri
qəbul etmək imkanına malik ambulatoriya-poliklinika müəssisəsi,
360 şagird yerlik ümumtəhsil məktəbi, 280 yerlik məktəbəqədər
təhsil müəssisəsi, 140 yerlik klub istifadəyə
verilmişdir.
Tikinti işlərinin qiyməti 2012-ci ilin
yanvar-iyun aylarında keçən ilin müvafiq dövrü
ilə müqayisədə 2,1 faiz artmışdır.
İlkin mənzil bazarında qiymətlər 3,3 faiz, təkrar
mənzil bazarında isə qiymətlər 1,6 faiz
artmışdır.
2012-ci ilin birinci yarısında xarici mənbələrdən
əsas kapitala yönəldilmiş vəsaitin həcmi 1308,6
milyon manat təşkil edərək, əvvəlki ilin
müvafiq dövrünə nisbətən 5,2 faiz
artmış, bu vəsaitin 1217,5 milyon manatı (93,0 faizi)
Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə,
Çexiya Respublikası və Fransa investorlarına məxsus
olmuşdur.
2009-2013-cü illəri əhatə edən
regionların sosial-iqtisadi inkişafının ikinci Dövlət
Proqramının icrası ilə əlaqədar 2009-2011 və
2012-ci ilin ilk altı ayı ərzində ölkədə
299,0 min yeni, o cümlədən 219,9 min daimi iş yeri
açılmışdır. Təkcə 2012-ci ilin birinci
yarısında 58,2 min, o cümlədən 40,4 min daimi iş
yerləri yaradılmışdır ki, bu da işsizlik səviyyəsinin
aşağı salınmasına təsir edən əsas amillərindən
biridir. Yaradılmış iş yerlərinin 70,1 faizi
regionlarda, 87,8 faizi qeyri-dövlət sektorunda
açılmışdır.
Sahibkarlara göstərilən hərtərəfli
dövlət dəstəyinin (güzəştli kreditlərin
verilməsi, emal müəssisələri və məhsul
saxlama anbarlarının şəbəkəsinin genişləndirilməsi,
kənd təsərrüfatı texnikası ilə təminatın
yaxşılaşdırılması, cins mal-qaranın
satışı və s.) ayrı-ayrı kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasına öz müsbət təsirini göstərmiş
və nəticədə kənd təsərrüfatının
ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri
1970,6 milyon manat olmuş, onun sabit qiymətlərlə dəyəri
2011-ci ilin müvafiq dövrünə nisbətən 10,4 faiz,
o cümlədən bitkiçilik məhsulları üzrə
17,5 faiz, heyvandarlıq məhsulları üzrə isə 5,5
faiz artmışdır.
Ölkədə yazlıq bitkilərin əkini
əsasən başa çatmış, iyunun 22-i vəziyyətinə
olan ilkin məlumatlara görə 373,7 min hektar sahədə
yazlıq bitkilər, o cümlədən 67,5 min hektarda dənli
və dənli paxlalı bitkilər, 66,0 min hektarda kartof, 78,0
min hektarda tərəvəz bitkiləri, 30,0 min hektarda ərzaq
üçün bostan bitkiləri, 29,1 min hektarda pambıq,
10,7 min hektarda dən üçün günəbaxan, 3,6 min
hektarda şəkər çuğunduru, 1,5 min hektarda
tütün, 79,6 min hektarda çoxillik otlar əkilmişdir.
Bitkiçilik. Kənd əməkçiləri
yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri
məhsulu yığmağa başlamışlar. İyul
ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6
min hektarın taxılı biçilmiş və həmin sahələrdən
1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin
müvafiq dövrü ilə müqayisədə 119,7 min
hektar çox sahənin taxılı biçilmiş və
415,0 min ton çox məhsul toplanmış, məhsuldarlıq
2,0 sentner yüksələrək hər hektardan orta hesabla 26,5
sentnerə bərabər olmuşdur.
Yığım başlanandan tarlalardan
245,8 min ton kartof, 315,3 min ton tərəvəz, 71,6 min ton meyvə
və giləmeyvə, 48,0 min ton bostan məhsulları, 54,0 ton
tütün, 277,7 ton yaşıl çay yarpağı
toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə
müqayisədə tərəvəz istehsalı 8,4 min ton,
yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4
faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və
giləmeyvə istehsalı 8,8 min ton (14,0 faiz) artmış,
kartof istehsalı 20,6 min ton və ya 7,7 faiz, yaşıl
çay yarpağı istehsalı 8,3 ton (2,9 faiz)
azalmışdır.
Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının
vacib sahəsidir və son illər sürünün cins tərkibinin
yaxşılaşdırılması istiqamətində
görülmüş tədbirlər heyvanların məhsuldarlıqlarının
yüksəldilməsinə və mal-qaranın baş
sayının sabitləşdirilməsinə səbəb
olmaqla yanaşı, məhsul istehsalına da öz müsbət
təsirini göstərmişdir.
Keçən ilin müvafiq dövrünə
nisbətən iri buynuzlu mal-qaranın baş sayı 1,5 faiz
artaraq 2703,5 min başa, qoyun və keçilərin sayı 1,3
faiz çoxalaraq 8741,2 min başa çatmışdır. Bu
dövrdə 3,2 faiz çox və ya diri çəkidə
214,6 min ton ət, 7,3 faiz çox, yaxud 856,4 min ton süd, 16,0
faiz çox və ya 600,4 milyon ədəd yumurta, 3,0 faiz
çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir.
Kənd təsərrüfatının
texnika ilə təchizatının
yaxşılaşdırılması istehsalın səmərəliliyinin
yüksəldilməsində, məhsulun həcminin və
keyfiyyətinin artırılmasında mühüm rol
oynayır.
2012-ci ilin birinci yarısında
"Aqrolizinq" ASC-nin xətti ilə kənd təsərrüfatı
məhsulları istehsalçılarına 22,8 milyon manat dəyərində
568 ədəd müxtəlif növ traktor, 540 ədəd
kotan, 120 ədəd otbiçən, 79 ədəd çiləyici
və tozlayıcı maşınlar, 41 ədəd
taxılyığan kombayn, 25 ədəd bağarası frez,
22 ədəd ot dırmıqları, 19 ədəd gübrəsəpən
maşın, 16 ədəd səpici aqreqat və 79 ədəd
digər kənd təsərrüfatı maşın və
avadanlıqları satılmışdır.
Meşə təsərrüfatı.
2012-ci ilin birinci yarısında böyütmə sahələrində
38 hektarda 1479 min ədəd toxmacar əkilmiş, meşə
fondu torpaqlarında 16,3 min hektar meşə əkini və səpinləri
suvarılmışdır. Tədarük edilmiş ağac və
kol cinsləri toxumlarının 83,8 faizi enliyarpaqlı, 16,2
faizi iynəyarpaqlı ağac toxumları olmuşdur.
Enliyarpaqlı ağac toxumlarının 9,7 faizini palıd
toxumu, 23,2 faizini qozmeyvəli ağacların toxumu, 67,1 faizini
isə digər enliyarpaqlı ağac və kol cinslərinin
toxumları təşkil etmişdir.
Balıqçılıq. Cari ilin birinci
yarısında ölkədə vətəgə əhəmiyyətli
balıqların artırılması və mühafizəsi
işlərinin yerinə yetirilməsinə 928,2 min manat vəsait
sərf olunmuş və ötən ilin müvafiq dövrü
ilə müqayisədə 110,2 min manat çox vəsait xərclənmişdir.
Xərclər əsasən süni balıqartırma müəssisələrinin
fəaliyyəti və balıqçılıq təsərrüfatları
üzrə meliorasiya tədbirlərinin həyata keçirilməsi
işlərini əhatə etmişdir.
Vətəgə əhəmiyyətli
balıqların artırılması və mühafizəsi ilə
məşğul olan təsərrüfatlar tərəfindən
təbii su hövzələrinə və anbarlarına
buraxılan 280,7 milyon ədəd balıq körpələrinin
273,1 milyon ədədi çəkikimilərin, 5,5 milyon ədədi
bitki ilə qidalanan balıqların, 2,0 milyon ədədi nərəkimilərin,
0,1 milyon ədədi isə qızıl balıqların
payına düşmüşdür.
Balıqçılıqla məşğul
olan təsərrüfatlar tərəfindən 68,8 min manat dəyərində
balıq ovlanmışdır.
Ölkə iqtisadiyyatının əsas
infrastrukturlarından biri olan nəqliyyat sektoru dayanıqlı
inkişaf edir. Nəqliyyat sektorunda fəaliyyət göstərən
təsərrüfat subyektləri tərəfindən 2012-ci
ilin yanvar-iyun aylarında 103,3 milyon ton və ya ötən ilin
müvafiq dövrünə nisbətən 3,7 faiz çox
yük daşınmış, qeyri-neft yüklərinin həcmi
isə 8,5 faiz artmışdır. Nəqliyyat vasitələri
ilə daşınmış yüklərin 54,1 faizi avtonəqliyyat,
28,9 faizi boru kəməri, 10,7 faizi dəmir yolu, 6,3 faizi dəniz
nəqliyyatı vasitələri ilə həyata
keçirilmişdir.
Qeyri-dövlət bölməsində
yük daşınması 3,5 faiz artmış, bu bölməyə
məxsus nəqliyyat vasitələri ilə yük
daşınmasının payı nəqliyyat sektorunda 73,5 faiz
təşkil etmişdir.
Nəqliyyatçılar 761,2 milyon nəfərə
və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə
8,8 faiz çox sərnişinə xidmət göstərmişlər.
Sərnişinlərin 86,6 faizi avtomobil, 13,1 faizi metro nəqliyyatının
xidmətlərindən istifadə etmişlər.
Dəmir yolu nəqliyyatı ilə yük
daşınması 2011-ci ilin yanvar-iyun ayları ilə
müqayisədə 4,9 faiz artaraq 11,0 milyon ton olmuşdur. Orta
hesabla sutkada 670 vaqon yüklənmiş, 531 vaqon
boşaldılmışdır. Sutka ərzində dəmir
yolunun Şimal istiqaməti üzrə 27,0 min ton, Qərb
istiqaməti üzrə 6,1 min ton və Cənub istiqaməti
üzrə 3,6 min ton yüklənmə işi yerinə
yetirilmişdir.
Dəniz nəqliyyatında
daşınmış yüklərin həcmi 5,3 faiz artaraq 6,5
milyon ton təşkil etmişdir. Yüklərin 61,4 faizini neft
yükləri, 38,6 faizini isə quru yüklər təşkil
etmiş və bütün daşımalar xarici əlaqə
üzrə həyata keçirilmişdir. 2012-ci ilin yanvar-iyun
aylarında dəniz limanlarında 6,2 milyon ton yükləmə-boşaltma
işləri həyata keçirilmiş və 0,4 faiz artım
olmuşdur. İşlənmiş yüklərin 87,2 faizini təşkil
edən beynəlxalq tranzit yüklərin həcmi 3,0 faiz
artmışdır.
Nəqliyyat sektorunda daşımaların həcminə
görə ən böyük paya malik olan avtomobil nəqliyyatı
ilə 55,9 milyon ton yük, 659,3 milyon sərnişin
daşınmış və əvvəlki ilin eyni
dövrü ilə müqayisədə müvafiq olaraq 7,5 faiz
və 8,9 faiz artım qeydə alınmışdır. Sərnişinlərin
96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən
istifadə etmişlər. Yük dövriyyəsi 7,6 faiz, sərnişin
dövriyyəsi isə 9,9 faiz artmışdır.
Metro nəqliyyatının xidmətlərindən
istifadə etmiş sərnişinlərin sayı 99,9 milyon nəfər
olmaqla 9,0 faiz artmışdır.
Hava nəqliyyatı ilə 685,2 min və
ya 14,5 faiz çox sərnişin daşınmış,
daşınmanın 98,5 faizi dövlət, 1,5 faizi isə
özəl müəssisələrə məxsus hava gəmiləri
ilə həyata keçirilmiş və 28,4 min ton yük
daşınmışdır.
Magistral neft kəmərləri ilə 22,6
milyon ton neft nəql edilmişdir. Nəqletmənin 76,9 faizi
Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata
keçirilmiş və cari ilin yanvar-iyun ayları ərzində
bu kəmər vasitəsilə 17,4 milyon ton neft
ötürülmüşdür. Dövr ərzində gəmilər
vasitəsilə ölkəyə gətirilərək Səngəçal
terminalından BTC kəməri ilə 1600,2 min ton tranzit
Türkmənistan nefti nəql edilmişdir.
Magistral qaz kəmərləri ilə 10,2
milyard kubmetr və ya 3,5 faiz çox qaz nəql edilmişdir. Nəql
edilmiş qazın beşdə bir hissəsi Bakı-Tbilisi-Ərzurum
Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata
keçirilmiş və 2,2 milyard kub-metr qaz
ötürülmüşdür.
2012-ci ilin yanvar-iyun aylarında "İpək
yolu" nəqliyyat dəhlizinin Azərbaycan ərazisində
28,1 milyon ton və ya 4,8 faiz çox yük, 129,3 milyon nəfər
və ya 7,7 faiz çox sərnişin
daşınmışdır. Yüklərin 10,3 milyon tonu və
ya 36,8 faizi dəmir yolu nəqliyyatı, 5,3 milyon tonu və ya
19,0 faizi dəniz nəqliyyatı, 12,4 milyon tonu və ya 44,2
faizi avtomobil nəqliyyatı ilə
daşınmışdır.
Yük daşımaları fəaliyyətindən
213,6 milyon manat, sərnişin daşınmasından isə
40,6 milyon manat gəlir əldə olunmuş və müvafiq
olaraq 21,6 faiz və 6,3 faiz artmışdır.
İnformasiya və rabitə sektorunda
2012-ci ilin yanvar-iyun aylarında təsərrüfat subyektlərinə
və əhaliyə 643,5 milyon manatlıq və ya əvvəlki
ilin müvafiq dövrünə nisbətən müqayisəli
qiymətlərlə 17,9 faiz çox xidmət göstərilmişdir.
Əhaliyə göstərilmiş informasiya və rabitə
xidmətlərinin payı 72,3 faiz təşkil etmişdir.
Xidmətlərdən əldə
olunmuş gəlirlərin 61,5 faizi mobil telefon rabitəsindən
yaranmış və 2011-ci ilin eyni dövrü ilə
müqayisədə bu xidmətlərin həcmi 15,9 faiz artaraq
395,8 milyon manat təşkil etmişdir.
Cari ilin yanvar-iyun aylarında nəqliyyat və
poçt tarifləri əvvəlki ilin müvafiq dövrünə
nisbətən 0,5 faiz, telekommunikasiya tarifləri isə 3,4 faiz
aşağı düşmüşdür.
2012-ci ilin yanvar-iyun aylarında pərakəndə
ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni
dövrünün səviyyəsini 9,2 faiz üstələyərək
8196,5 milyon manat olmuşdur. Pərakəndə ticarət şəbəkəsində
hər bir ölkə sakininə orta hesabla ayda 149,0 manatlıq
və ya 2011-ci ilin eyni dövründəkindən 13,8 manat
çox əmtəə realizə edilmişdir.
2012-ci ilin yanvar-iyun aylarında pərakəndə
ticarət şəbəkəsində əhaliyə
satılmış ərzaq məhsullarının həcmi 0,9
faiz artaraq 4664,4 milyon manata, qeyri-ərzaq mallarının həcmi
23,2 faiz artaraq 3532,1 milyon manata bərabər olmuşdur. Ticarət
dövriyyəsinin həcmində ərzaq və qeyri-ərzaq
mallarının xüsusi çəkiləri müvafiq olaraq
56,9 faiz və 43,1 faiz təşkil etmişdir.
Pərakəndə ticarət şəbəkəsindən
ölkənin hər bir sakini orta hesabla ayda 84,8 manatlıq ərzaq,
64,2 manatlıq qeyri-ərzaq malları almışdır.
Ölkə ərazisində 32 hüquqi və
fiziki şəxsə məxsus ticarət müəssisələri
öz fəaliyyətində elektron ödəniş sistemlərindən
istifadə edərək "Elektron ticarəti" tətbiq
etmişdir. 2012-ci ilin birinci yarısında elektron ticarət
dövriyyəsinin həcmi 647,8 min manat olmuş, elektron ticarət
üzrə istehlak mallarının satışının 81,5
faizi hüquqi şəxslərin, 18,5 faizi hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi
sahibkarların ticarət müəssisələrində həyata
keçirilmişdir. Elektron ticarət dövriyyəsinin 94,7
faizini qeyri-ərzaq mallarının satışı təşkil
etmişdir.
2012-ci ilin yanvar-iyun ayları ərzində
iaşə dövriyyəsinin həcmi əvvəlki ilin
müvafiq dövrü ilə müqayisədə 19,4 faiz
artaraq 277,2 milyon manat təşkil etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında əhaliyə
göstərilən pullu xidmətlərin həcmi ötən
ilin müvafiq dövrünün səviyyəsini 8,0 faiz
üstələyərək 2,5 milyard manata
çatmışdır. Artımın 68,0 faizi hüquqi
şəxslərin müəssisələrində
yaranmış və bu müəssisələrdə əhaliyə
1,9 milyard manatlıq və ya 7,0 faiz çox pullu xidmətlər
göstərilmişdir.
Dövlət Gömrük Komitəsinin məlumatına
əsasən 2012-ci ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət
göstərən hüquqi və fiziki şəxslər
dünyanın 135 ölkəsindəki tərəfdaşları
ilə ticarət əməliyyatları aparmışlar.
Xarici ticarət dövriyyəsinin 82,1 faizi
İtaliya, İsrail, Fransa, İndoneziya, Rusiya Federasiyası,
Türkiyə, Amerika Birləşmiş Ştatları,
Almaniya, Hindistan, Çin, Bolqarıstan, Böyuk Britaniya,
Gürcüstan, Yunanıstan, Ukrayna, Tayvan (Çinin əyaləti)
və Sinqapur dövlətlərinin hesabına
formalaşmışdır.
Ölkəmizə idxal olunmuş
malların ümumi həcminin 16,2 faizi Türkiyənin, 14,4
faizi Rusiyanın, 7,7 faizi Almaniyanın, 6,5 faizi Çinin, 6,0
faizi Ukraynanın, 5,8 faizi Böyük Britaniyanın, 5,3 faizi
Amerika Birləşmiş Ştatlarının, 3,5 faizi
Qazaxıstanın, 2,9 faizi Koreya Respublikasının, 2,6 faizi
İtaliyanın, 2,4 faizi Yaponiyanın, 2,0 faizi İran
İslam Respublikasının, 1,9 faizi Braziliyanın, 1,7 faizi
Fransanın, 1,6 faizi Niderlandın, hər birində 1,5 faiz
olmaqla Avstriya və İsveçrənin, 16,5 faizi isə digər
ölkələrin payına düşür.
İxrac olunmuş malların 22,7 faizi
İtaliyaya, 10,4 faizi İsrailə, 8,9 faizi İndoneziyaya, 8,6
faizi Fransaya, 5,8 faizi Hindistana, 4,9 faizi Amerika Birləşmiş
Ştatlarına, 4,1 faizi Almaniyaya, 3,3 faizi Bolqarıstana, 3,1
faizi Rusiya Federasiyasına, 2,5 faizi Yunanıstana, hər birində
2,4 faiz olmaqla Gürcüstan və Türkiyəyə, 2,3
faizi Tayvan (Çinin əyaləti), 2,0 faizi Sinqapura, 1,9 faizi
Tailanda, 1,6 faizi Çexiya Respublikasına, 1,5 faizi İraqa,
qalan 11,6 faizi isə digər ölkələrə göndərilmişdir.
Xarici ticarət dövriyyəsinin 90,3
faizi, o cümlədən ixracın 95,8 faizi, idxalın 74,9
faizi MDB-yə üzv ölkələr istisna olmaqla digər
dövlətlərin payına düşmüşdür.
2011-ci ilin yanvar-iyun ayları ilə müqayisədə bu
ölkələrlə ticarət dövriyyəsinin həcmi
0,2 faiz, o cümlədən idxal 6,5 faiz artmış, ixrac
olunan malların həcmi isə 1,5 faiz azalmışdır.
2012-ci ilin yanvar-iyun aylarında ölkənin
xarici ticarət dövriyyəsi statistik məlumatlara əsasən
22,2 milyard ABŞ dolları təşkil etmiş və onun
79,9 faizi (17,7 milyard dolları) ixracın hesabına
formalaşmışdır.
Respublikaya idxal olunan malların qiymətləri
2012-ci ilin birinci yarısında əvvəlki ilin müvafiq
dövrünə nisbətən 2,7 faiz, o cümlədən
MDB ölkələrindən idxal olunan mallar 5,2 faiz, digər
ölkələrdən idxal olunan mallar isə 1,7 faiz
bahalaşmışdır.
Respublikadan ixrac olunan malların qiymət
indeksi 2012-ci ilin birinci yarısında əvvəlki ilin
müvafiq dövrünə nisbətən 8,5 faiz, o cümlədən
MDB ölkələrinə ixrac olunan mallar üzrə 4,3 faiz,
digər ölkələrə ixrac olunan mallar üzrə isə
8,7 faiz bahalaşmışdır.
2012-ci ilin yanvar-iyun aylarında dövlət
büdcəsinin gəlirləri əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 45,0 faiz artaraq 8134,3
milyon manata çatmış, xərcləri isə 7109,5
milyon manat təşkil edərək 45,6 faiz
artmışdır. Büdcənin profisiti 1024,8 milyon manat və
ya ümumi daxili məhsulun 4,0 faizi səviyyəsində
olmuşdur.
Büdcə gəlirlərinin 13,7 faizi
hüquqi şəxslərin mənfəət (gəlir)
vergisindən, 13,2 faizi əlavə dəyər vergisindən,
4,6 faizi fiziki şəxslərin gəlir vergisindən, 3,2
faizi aksiz vergisindən, 4,1 faizi xarici iqtisadi fəaliyyətlə
bağlı vergilərdən, 2,7 faizi digər vergilərdən
daxil olmuş, 58,5 faizi isə vergi olmayan gəlirlər
hesabına təmin edilmişdir.
Büdcə vəsaitlərinin 2961,3 milyon
manatı (41,7 faizi) iqtisadiyyatın inkişaf etdirilməsinə,
956,4 milyon manatı (13,5 faizi) əhalinin sosial müdafiəsi
və sosial təminatına, 805,6 milyon manatı (11,3 faizi) isə
təhsil və səhiyyənin maliyyələşdirilməsinə
xərclənmişdir.
Xərclərin 23,9 faizini (1697,8 milyon
manatını) əhaliyə əmək haqqı, pensiya və
müavinət ödəmələri təşkil
etmişdir.
2012-ci il iyul ayının 1-i vəziyyətinə
ölkə iqtisadiyyatında istifadə olunan yerli kreditlərin
həcmi 10,8 milyard manat olmuş və ötən ilin
müvafiq dövrünə nisbətən 21,0 faiz
artmışdır. Kredit qoyuluşunun 34,1 faizi dövlət,
63,3 faizi özəl banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları
tərəfindən həyata keçirilmişdir. Verilmiş
kreditlərin 72,0 faizini uzunmüddətli kreditlər təşkil
etmiş, 6,5 faizinin ödənilmə vaxtı
keçmişdir.
2012-ci il iyul ayının 1-nə əhalinin
banklardakı əmanətlərinin qalığı 4372,6
milyon manat təşkil edərək əvvəlki ilin eyni
dövrü ilə müqayisədə 26,7 faiz artmışdır.
Əmanətlərin 2480,8 milyon manatı və ya 56,7 faizi
milli, 1891,8 milyon manatlıq ekvivalenti xarici valyuta şəklində
qoyulmuş və əvvəlki ildəkinə nisbətən
müvafiq olaraq 48,2 və 6,4 faiz artmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14
mart 2012-ci il tarixli "Keçmiş SSRİ Əmanət
Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan
Respublikasının vətəndaşları olan əmanətçilərinə
fərdi birdəfəlik ödəmələrin verilməsi
haqqında" fərmanına əsasən, birdəfəlik
ödəmələrin verilməsinə
başlanmışdır. Belə ki, 2012-ci ilin iyun ayında
111,8 min əmanətçiyə 62 872 milyon manat və ya orta
hesabla hər əmanətçiyə 562,5 manat vəsait
ödənilmişdir.
2012-ci il yanvar-iyun ayları ərzində
hüquqi şəxslərin sayı 1,9 faiz artaraq 77037
olmuşdur.
"İnformasiya və rabitə",
"Elektrik enerjisi, qaz və buxar istehsalı,
bölüşdürülməsi və təchizatı",
"Peşə, elmi və texniki fəaliyyət",
"Maliyyə və sığorta fəaliyyəti"
bölmələrində artım daha nəzərəçarpacaq
dərəcədə olmuşdur.
"Ticarət; nəqliyyat vasitələrinin
təmiri", "Digər sahələrdə xidmətlərin
göstərilməsi", "Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq", "Tikinti", "Emal sənayesi"
bölmələrində hüquqi şəxslərin Dövlət
registrindəki xüsusi çəkisi daha yüksək
olmuş və 69,3 faiz təşkil etmişdir.
Xüsusi mülkiyyətdə olan
hüquqi şəxslərin əsas hissəsi "Ticarət;
nəqliyyat vasitələrinin təmiri", "Digər sahələrdə
xidmətlərin göstərilməsi", "Kənd təsərrüfatı,
meşə təsərrüfatı və
balıqçılıq", "Tikinti", "Emal sənayesi"
və "Peşə, elmi və texniki fəaliyyət"
bölmələrinin payına düşmüşdür.
Statistik vahidlərin Dövlət registrində
qeydiyyatdan keçmiş tam xarici investisiyalı və birgə
müəssisələr əsasən Türkiyə,
Böyük Britaniya, Rusiya, İran, ABŞ, Almaniya və digər
ölkələrin sahibkarları tərəfindən
yaradılmışdır.
2012-ci il iyulun 1-i vəziyyətinə
qeydiyyatdan keçmiş, hüquqi şəxs yaratmadan
sahibkarlıq fəaliyyəti ilə məşğul olan
fiziki şəxslərin sayı 394 mindən çox
olmuşdur.
Bu dövrdə fərdi sahibkarların
çox hissəsi "Ticarət; nəqliyyat vasitələrinin
təmiri", "Nəqliyyat və anbar təsərrüfatı",
"Digər sahələrdə xidmətlərin göstərilməsi"
və "Kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq" sahələrində
qeydiyyatdan keçmişdir.
Hüquqi şəxs yaratmadan
sahibkarlıqla məşğul olan fiziki şəxslərin
83,5 faizini kişilər, 16,5 faizini isə qadınlar təşkil
etmişdir.
2012-ci ilin yanvar-iyun aylarında istehlak
mallarının qiymətləri və xidmət tarifləri
2011-ci ilin müvafiq dövrünə nisbətən 2,2 faiz, o
cümlədən ərzaq məhsullarının qiymətləri
2,6 faiz, qeyri-ərzaq mallarının qiymətləri 1,3 faiz,
pullu xidmətlərin qiymət və tarifləri isə 1,7
faiz bahalaşmışdır.
Ərzaq məhsullarından "Meyvə"
qrupu məhsullarının qiymətləri 6,3 faiz,
"Süd məhsulları, pendir və yumurta" qrupu 3,0
faiz, "Pivə" qrupu 0,3 faiz, "Çörək məmulatları
və yarmalar qrupu məhsullarının qiymətləri 1,3
faiz ucuzlaşmış, "Balıq məhsulları"
qrupu məhsullarının qiymətləri 8,5 faiz, "Tərəvəz"
qrupu 0,7 faiz, "Qənd, cem, bal, şokolad və konfetlər"
qrupu 1,6 faiz, "Ət məhsulları" qrupu 10,0 faiz,
"Yağ və piylər" qrupu 4,4 faiz, "Spirtli
içkilər" qrupu 0,5 faiz, "Tütün məmulatları"
qrupu 7,2 faiz, "Qəhvə, çay və kakao" qrupu məhsullarının
qiymətləri 3,2 faiz bahalaşmışdır.
Qeyri-ərzaq mallarından "Xalça və
digər döşəmə örtükləri" qrupu
mallarının qiymətləri 3,0 faiz, "İri alət və
avadanlıqlar" qrupu 1,1 faiz, "Minik avtomobilləri"
qrupu 0,3 faiz, "Oyuncaqlar" qrupu 0,1 faiz, "Telefon faksimil
cihazları" qrupu mallarının qiymətləri 0,7 faiz
ucuzlaşmış, "Parçalar" qrupu
mallarının qiymətləri 1,0 faiz, "Geyim" qrupu 1,9
faiz, "Ayaqqabı" qrupu 1,1 faiz, "İnşaat materialları"
qrupu 2,6 faiz, "Mebel və ev əşyaları" qrupu 3,6
faiz, "Məişət cihazları" qrupu 0,5 faiz,
"Şüşə məmulatları, yemək qabları və
əşyaları" qrupu 0,7 faiz, "Dərmanlar" qrupu
0,5 faiz, "Minik avtomobilləri üçün ehtiyat hissələri"
qrupu 1,3 faiz, "Zərgərlik məmulatları" qrupu
mallarının qiymətləri 3,8 faiz
bahalaşmışdır.
Cari ildə "Paltarların təmizlənməsi,
təmiri və kirayəsi" qrupu 2,2 faiz,
"Ayaqqabıların təmiri" qrupu 3,8 faiz, "Soyuq su
təchizatı" qrupu 6,7 faiz, "Zibilin
daşınması" qrupu 114,3 faiz, "Kanalizasiya xidməti"
qrupu 2,0 faiz, "İsti su təchizatı, buxar
qızdırıcısı" qrupu 200,0 faiz, "Məişət
cihazlarının təmiri" qrupu 0,2 faiz, "Tibbi xidmət"
qrupu 1,0 faiz, "Stomatoloji xidmət" qrupu 1,7 faiz, "Dəmiryol
sərnişindaşıma nəqliyyatı" qrupu 6,7 faiz,
"Hava sərnişindaşıma nəqliyyatı" qrupu
tariflərinin 9,9 faiz bahalaşması müşahidə
edilmişdir.
Cari ilin yanvar-iyun aylarında əhalinin hər
nəfərinə düşən gəlirləri 2011-ci ilin
eyni dövrü ilə müqayisədə 12,7 faiz artaraq
1651,2 manat və ya orta hesabla ayda 275,2 manat təşkil
etmişdir. Hər nəfərə düşən gəlirlərin
artım sürəti istehlak qiymətlərinin
bahalaşmasını 10,5 faiz bəndi üstələmişdir.
Bu dövr ərzində ölkə əhalisi
tərəfindən əldə edilmiş 15,1 milyard
manatlıq gəlirin 63,2 faizi son istehlaka, 9,0 faizi vergilər,
sosial sığorta və könüllü üzvlük
haqlarının, 2,1 faizi kreditlər üzrə faizlərin
ödənilməsinə sərf edilmiş, 25,7 faizi isə
yığıma yönəldilmişdir.
Əhalinin sərəncamında qalan gəlir
13,7 milyard manat təşkil etmiş və əvvəlki ildəkinə
nisbətən 14,5 faiz artmışdır.
2012-ci ilin yanvar-iyun aylarında ölkə
iqtisadiyyatında muzdla çalışan işçilərin
orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq
dövrünə nisbətən 8,3 faiz artaraq 384,5 manat təşkil
etmişdir. Muzdla çalışan işçilərin orta
aylıq əmək haqqı neft sektorunda 1421,8 manat, qeyri-neft
sektorunda 355,5 manat, dövlət bölməsində 323,9 manat,
özəl bölmədə 483.2 manat təşkil
etmişdir.
Ölkə vətəndaşlarının
rifah halını yaxşılaşdırmaq, aztəminatlı
əhalinin sosial müdafiəsini gücləndirmək məqsədi
ilə müvafiq tədbirlər həyata keçirilir.
2012-ci il iyul ayının 1-i vəziyyətinə
ölkədə pensiyaçıların sayı 1 273,3 min nəfər
olmuş və ölkə əhalisinin 13,9 faizini təşkil
etmişdir. Təyin olunmuş aylıq pensiyaların orta məbləği
150,7 manata çatmış və orta əmək
haqqının 39,2 faizini təşkil etmişdir.
Cari il iyul ayının 1-i vəziyyətinə
313,8 min nəfər sosial müavinət, 63,3 min nəfər
birdəfəlik müavinət, 34,2 min nəfər Azərbaycan
Respublikası qarşısında xüsusi xidmətlərə
görə təqaüd və 142,9 min ailənin 634,5 min nəfər
üzvü ünvanlı dövlət sosial yardımı
almışdır.
Ölkə əhalisinin sayı ilin əvvəlindən
59,3 min nəfər və yaxud 0,6 faiz artaraq 2012-ci il iyul
ayının 1-i vəziyyətinə 9294,4 min nəfərə
çatmışdır. Əhalinin 52,9 faizi şəhər,
47,1 faizi isə kənd yerlərində məskunlaşmış,
49,6 faizini kişilər, 50,4 faizini qadınlar təşkil
edir, 22 faizi 0-14 yaşda, 72 faizi 15-64 yaşda, 6 faizi 65 və
yuxarı yaşda olanlardır. Hazırda hər 1000 kişiyə
1015 nəfər qadın düşür.
Cari ilin yanvar-iyun ayları ərzində
86,4 min körpə doğulmuş və ötən ilin
müvafiq dövrü ilə müqayisədə əhalinin hər
1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi
18,9-dan 19,0-dək artmışdır. Doğulanların 53,8
faizi oğlanlar, 46,2 faizi qızlardır. Körpələrin
944-ü əkiz, 27-si isə üçəm
doğulmuşdur.
Altı ay ərzində ölkədə
28,0 min ölüm halı qeydə alınmış və
ötən ilin müvafiq dövrü ilə müqayisədə
əhalinin hər 1000 nəfərinə hesabı ilə
ölüm eyni səviyyədə (6,1) qalaraq dəyişməmişdir.
İlin əvvəlindən rəsmi
dövlət orqanları tərəfindən ölkədə
40,4 min nikah və 5,4 min boşanma halları qeydə
alınmış və 2011-ci ilin müvafiq dövrünə
nisbətən əhalinin hər 1000 nəfərinə
hesabı ilə nikah və boşanmaların sayı eyni səviyyədə
(8,9 və 1,2) qalmışdır.
Cari ilin birinci yarısında daimi
yaşamaq üçün Azərbaycana 1,1 min nəfər gələn
və 0,1 min nəfər ölkədən gedən qeydə
alınmışdır.
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin məlumatlarına əsasən, 2012-ci ilin yanvar-iyun
aylarında ölkədə 12 min və ya əhalinin hər
100 min nəfərinə hesabı ilə 130 cinayət hadisəsi
qeydə alınmışdır.
Cinayətlərin 89 faizi az ağır və
böyük ictimai təhlükə törətməyən,
4008-i şəxsiyyət əleyhinə, 3899-u iqtisadi sahədə,
3500-ü ictimai təhlükəsizlik və ictimai
qaydaların pozulması ilə bağlı, 546-sı isə
digər sahələrdə törədilmişdir.
Cinayətlərin 105-i xarici, o cümlədən
28-i MDB-yə üzv olan ölkələrin vətəndaşları
tərəfindən, 50-si isə xarici ölkələrin vətəndaşlarına
qarşı törədilmişdir.
2012-ci ilin birinci yarısında aşkar
olunmuş 9089 nəfər hüquqpozucunun 75,1 faizi cinayət məsuliyyətinə
cəlb edilmişdir. Hüquqpozucuların 80,8 faizi əmək
qabiliyyətli yaşda olub, heç bir yerdə oxumayan və
işləməyənlər, 10,3 faizi əvvəllər cinayət
törətmişlər, 4,2 faizi sərxoş vəziyyətdə
olanlar, 10,4 faizi qadınlardır.
Məişət zorakılığı
ilə bağlı qeydə alınmış 773 cinayət hadisəsi
zamanı 790 qadın zərərçəkmiş və
onların 3-ü 18 yaşadək qızlar, 4 isə hamilə
qadındır. Bu növ cinayətlərin 10,2 faizi əvvəllər
cinayət törətmiş şəxslər tərəfindən,
11,3 faizi sərxoş vəziyyətdə törədilmişdir.
Məişət zorakılığı nəticəsində
baş vermiş cinayətlərin 73,9 faizi döymə, 22,4
faizi qəsdən sağlamlığa az ağır və
yüngül zərər vurma, 0,5 faizi qəsdən adam
öldürmə, 3,2 faizi isə digər cinayətlərdir.
2012-ci ilin yanvar-iyun aylarında avtomobil
yollarında 1278 yol-nəqliyyat hadisəsi qeydə
alınmışdır. Yol-nəqliyyat hadisələrinin
sayı ötən illə müqayisədə 6,3 faiz
azalmış, baş vermiş qəzalar nəticəsində
1797 şəxs zərər çəkmiş, onların hər
dörd nəfərindən biri həlak olmuş, 75,7 faizi isə
müxtəlif dərəcəli bədən xəsarəti
alaraq yaralanmışdır.
Azərbaycan Respublikasının
Dövlət Statistika Komitəsi
Xalq qəzeti.-
2012.- 15 avqust.- S. 4-5.