Azərbaycan
olimpiyaçılarının tarixi
nailiyyəti
Londonda Pekindəkindən 1 qızıl,
2 bürünc medal çox və 9 pillə yüksəyə!
Azərbaycan idmançıları İngiltərə paytaxtında yenicə finişə çatmış XXX Yay Olimpiya Oyunlarında 2 qızıl, 2 gümüş və 6 bürünc medal qazanaraq xalqımıza böyük sevinc yaşatmışlar. Dörd il əvvəl Pekin Olimpiadasında 7 mükafat - 1 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub yarışların yekun cədvəlində 39-cu yeri tutan olimpiyaçılarımız Londonda 9 pillə irəliləyərək onlarla eyni nəticə göstərmiş Polşa ilə 30-cu yeri bölüşdürmüşlər. Böyük və tarixi nailiyyətdir!
İndiyə qədər olimpiyaçılarımızın medal qazanmış ölkələrin siyahısında tutduqları ən yüksək yer 2000-ci ildə Sidney Olimpiadasında qazanılmış 34-cü mövqe idi. Azərbaycanı bu pilləyə sərbəst üsulla güləşən Namiq Abdullayevlə stend atıcısı Zemfira Meftahətdinovanın qızıl medalları, boksçu Vüqar Ələkbərovun bürünc mükafatı yüksəltmişdi.
Əldə olunmuş uğurun Azərbaycanda Olimpiya hərəkatının yubileyləri ilinə təsadüf etməsi isə ikiqat fərəhlidir. Bu il Azərbaycan idmançısı Rəşid Məmmədbəyovun SSRİ yığma komandası heyətində 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarında gümüş medal qazanmasının 60-cı, ölkə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə başlamasının 20-ci, dövlət başçımız cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci ildönümü tamam olmuşdur. Nəhayət, Azərbaycan Prezidentinin xüsusi sərəncamı ilə 2012-ci ilin respublikamızda "İdman ili" elan olunduğunu da xatırlatmaq olar. On medal Olimpiya yubileylərinə və "İdman ili"nə gözəl töhfədir.
Londonda qazanılmış mükafatlar müstəqil Azərbaycan Respublikası idmançılarının Olimpiya oyunlarında ən böyük müvəffəqiyyətidir. Atlanta - 1996-dan 1 gümüş, Sidney - 2000-dən 2 qızıl və 1 bürünc, Afina - 2004-dən 1 qızıl və 4 bürünc, Pekin Olimpiadası - 2008-dən 1 qızıl, 2 gümüş və 4 bürünc medalla qayıdaraq Olimpiadadan Olimpiadaya mükafatlarının sayını 2 medal artıran həmvətənlərimiz XXX Yay Olimpiya Oyunlarında bir qədər də uzağa gedib ÇXR paytaxtındakından 3 medal çox qazanmışlar ki, onlardan da birinin qızıl olduğunu xüsusi qeyd etmək lazımdır. Əgər idmançılarımız əvvəlki dörd Olimpiadada üst-üstə 16 medal qazanmışdılarsa, Londondan 10 mükafat gətirirlər.
Olimpiadalarda qızıl medal qazanmağın nə qədər çətin olduğunu London startları bir daha təsdiq etdi. İngiltərə paytaxtının idman meydanlarında mübarizəyə qoşulan ölkələrdən yalnız 35-nin nümayəndələri iki və daha çox qızıl mükafata sahib olmuşlar ki, bu ölkələrdən biri də Azərbaycandır.
Həmin siyahıda 26-cı pillədə yer alan Belarus idmançıları da öz vətənlərinə iki qızıl medalla qayıtmışlar. Onların ölkəsi və hesablarında 2 qızıl medal olan daha üç dövlət - Rumıniya, Keniya və Danimarka (27-29-cu yerlər) yığmamızı yalnız daha çox gümüş medal əldə etdiklərinə görə qabaqlamışlar.
Azərbaycanın XXX Yay Olimpiya Oyunlarını Avropa ölkələri arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci mövqedə başa çatdırması da çox şeyə sübutdur. Yığmamız yalnız Rusiya, Qazaxıstan, Ukrayna və Belarusdan geri qaldığı sonuncu siyahıda Litvanı (2+1+2; 34-cü yer), Gürcüstanı (1+3+3; 39-cu yer), Özbəkistanı (1 qızıl, 3 bürünc medal, 47-ci yer), Latviyanı (1 qızıl, 1 bürünc; 49-cu yer), Ermənistanı (1 gümüş, 2 bürünc; 60-cı yer), Estoniyanı (1 gümüş, 1 bürünc; 63-cü yer), Moldovanı (2 bürünc medal; 75-ci yer) və Tacikistanı (1 bürünc; 85-ci yer) qabaqlamışdır. Türkmənistan və Qırğızıstanı isə bu siyahıda görmürük.
Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin Londonda 204 ölkə təmsilçilərinin rəqabətində ağır sınaqlardan şərəflə çıxıb özlərinə böyük hörmət qazanmaları, həyatın bütün sahələrində sürətlə inkişaf edib gündən-günə çiçəklənən və möhkəmlənən respublikamızın beynəlxalq aləmdə onsuz da yüksək olan nüfuzunu daha da artırmaları dövlətimizin, şəxsən Prezident İlham Əliyevin idmana və idmançılara göstərdikləri gündəlik qayğı və diqqət, onların məşq və yarışlarda iştirakı üçün yaratdıqları ideal şərait sayəsində mümkün olmuşdur.
Təsadüfi deyil ki, Azərbaycan XXX Olimpiadada medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan kimi ölkələri qabaqlamışdır. Elə buradaca Pekin Olimpiadasındakı 37-ci yeri Londonda 2 qızıl, 2 gümüş və 1 bürünc medalla 32-ci mövqeyə dəyişən Türkiyənin də cədvəldə beş pillə irəlilədiyini qeyd edək. Qardaş ölkələr Olimpiya oyunlarında da yanaşı addımlayırlar.
Olimpiadada ən çox medal ABŞ idmançılarına təqdim olunmuşdur. Onlar 104 mükafat - 46 qızıl, 29 gümüş və bir o qədər də bürünc medal qazanmışlar. İkinci-üçüncü yerləri müvafiq surətdə çinlilər (38+27+22) və Böyük Britaniya atletləri (29+17+19) tutmuşlar. Birinci beşliyi Rusiya (24+25+33) və Cənubi Koreya (13+8+7) tamamlamışlar.
İdmançılarımızdan sonuncu olaraq yarış meydanına sərbəst üsulla güləşənlər Cəbrayıl Həsənov (66 kq) və Xetaq Qazyumov (96 kq) dəvət olundular. Qazyumov Pekindəki kimi, yenə üçüncü yeri tutaraq Olimpiya oyunlarının ikiqat bürünc mükafatçısı oldu və medallarımızın sayını 10-a çatdırdı.
London Olimpiadası tarixdə həm də Azərbaycanın güləş ustalarının, xüsusən də 2 qızıl və 1 bürünc medal qazanaraq oyunlarda ən yaxşı göstəriciyə nail olmuş sərbəst güləş üzrə yığmamızın böyük qələbəsi ilə yadda qalacaq. Bu növün nümayəndələri ölkəmizin güləş məktəbinin ənənələrini layiqincə davam etdirərək görüşlərin gedişini izləmiş, hətta bitərəf azarkeşlərin də alqışlarını və rəğbətini qazanmışlar. Onlar əsl fədakarlıq, xalqa xidmət nümunəsi göstərmişlər. İndi xalqımız da Olimpiya çempionlarımızla fəxr edir, onların böyük idman hünərindən qürur duyur.
Qazanılmış on medaldan yeddisi məhz güləşçilərin payına düşür. İndi bütün dünya "sərbəstlər", hələ heç 20 yaşı da tamam olmayan Toğrul Əsgərov (60 kq) və Şərif Şərifovu (84 kq) Olimpiya oyunlarının çempionları kimi tanıyır. Yunan-Roma üsulu ilə güləşən Rövşən Bayramov (55 kq) Pekindən sonra Londonda da fəxri kürsünün ikinci pilləsinə yüksələrək ardıcıl iki Olimpiadanın gümüş mükafatçısı olmuş, Mariya Stadnik (48 kq) Çində qazandığı "bürünc"ü İngiltərədə daha yüksək əyarlı gümüş medala çevirmiş və o da Olimpiya oyunları tarixinə dünya idmançılarının ən ali məclisinin ikiqat mükafatçısı kimi düşmüşdür. "Klassiklər"dən Emin Əhmədov (74 kq) və qadın güləşçi Yuliya Ratkeviç (55 kq) də Qazyumov kimi, yığma komandamıza bürünc medallar qazandırmışlar.
Daha üç mükafata isə ağırlıqqaldıranların və boksçuların yarışlarında nail olunmuşdur. Olimpiadanın artıq ikinci günü Valentin Xristov (56 kq) ağır atletika turnirində üçüncü nəticə ilə bürünc medal qazanıb Azərbaycan yığmasının mükafatlarının hesabını açmışdır. Rinq ustaları Teymur Məmmədov (91 kq-dək) və Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) yalnız italiyalı rəqiblərə qarşı keçirdikləri və bərabər səviyyədə davam edən yarımfinal görüşlərində uduzmuşlar. Onlara da bürünc medallar təqdim olunmuşdur. Hərçənd həmin görüşlərdə Teymurla Məhəmmədrəsul da qələbəyə layiq boks nümayiş etdirdilər.
Bununla əlaqədar dünya çempionu Ağası Məmmədov həmin yarımfinal görüşləri haqqında azerisport-dan olan həmkarlarımıza fikrini bildirərkən belə demişdi: "Teymurun döyüşü zamanı hakim kobud səhvlərə yol verdi. Məmmədov ilk iki raundu əla keçirdi. İkinci raundda Klemente Russo noqdauna düşdü. Vəziyyətlərdən birində italiyalı bir-iki dəqiqə özünü itirdi və hakim üçüncü noqdaun qeydə almalı idi. Başa düşə bilmirəm, nə üçün o, bunu etmədi. Bu suala müvafiq orqanlar cavab verməlidir. Lakin fakt faktlığında qalır - hakimlər Russoya kömək etdilər. Teymurun üçüncü raundda necə döyüşməyi mənim xoşuma gəlmədi. O, sanki hər şeyi ilk iki raundda həll etmək istəyirdi, ona görə də sonuncu raund üçün qüvvə saxlamamışdı. Mənim fikrimcə, Teymur Russo ilə döyüşdən qalib ayrıldı.
Məhəmmədrəsul Məcidovun görüşünə gəldikdə, İtaliya boksçusu elə bir təsir bağışlamadı. Məcidov daha güclü idi. Birinci raundda boksçumuza rəqibindən 3-4 xal çox verilməli idi. Lakin hakimlər cəmi 2 xal üstünlük hesabladılar. Nəticədə qələbəni italyana verdilər. Məcidov bu görüşü uduzmadı, sadəcə, bu hakimlərin fikri idi".
Londonda Azərbaycanın daha bir neçə idmançısı medallara çox yaxın olmuş və çıxışlarını fəxri kürsünün bir addımlığında başa vurmuşdur. Ölkəmizdə bədii gimnastikanın lideri Aliyə Qarayeva çoxnövçülüyün final mərhələsində yalnız üç qalibdən geri qalaraq dördüncü yeri tutmuş, avarçəkənlərimiz Maksim Prokopenko - Sergey Bezuqlı dueti də ikinəfərlik kanoedə 1000 metr məsafəyə yarışda finişə dördüncü çatmışdır və s.
Bəzi növlərin nümayəndələri, ilk növbədə cüdoçular, taekvondoçular, avarçəkənlər, təbii ki, öz çıxışlarından razı qala bilməzlər. Onları fəxri kürsüdə görmək ümidlərimiz doğrulmadı. Amma hamının yaxşı bildiyi və sürprizlərlə zəngin olan Olimpiadanın da sübut etdiyi kimi, heç də hər şey planlaşdırıldığı, proqnozlaşdırıldığı kimi olmur. İndi başlıcası budur ki, medal qazana bilməyən idmançılar və onların məşqçiləri uğursuzluğun səbəblərini ətraflı təhlil edib ciddi nəticə çıxarsınlar. Dörd ildən sonra Rio-de-Janeyroda (Braziliya) keçiriləcək növbəti, XXXI Yay Olimpiya Oyunlarına daha yaxşı hazırlaşmaq qayğısına elə indidən qalmaq lazımdır.
Bütövlükdə isə bir daha məmnuniyyətlə qeyd edək ki, Azərbaycan olimpiyaçıları Londonda böyük nailiyyət qazanmışlar və onların İngiltərə paytaxtında layiq görüldükləri on medal, xüsusən də Toğrulla Şərifin qızıl mükafatları ölkəmizin hər bir vətəndaşının ürəyindən olmuş, respublikanın hər yerində əsl toy-bayrama çevrilmişdir. Olimpiadadan Olimpiadaya daha çox medala sevinən Azərbaycan əsl idman ölkələrindən biri olduğunu Londonda bir daha inamla sübuta yetirdi.
Bizə son dərəcə böyük fərəh gətirən bir maraqlı məqamı da diqqətinizə çatdırmaq istərdim. London Olimpiadasının ən gənc və ən layiqli çempionlarından biri azərbaycanlı sərbəst üsulla güləşən Toğrul Əsgərovun və onun özü kimi əzmkar komanda yoldaşı Şərif Şərifovun bir gündə ölkəmizə iki qızıl medalı avqustun 11-də qazandırdıqlarını siz artıq bilirsiniz. Hər iki çempionumuzun böyük hünəri şərəfinə məhz həmin gün nəhəng idman sarayında tamaşaçıların alqışları altında iki dəfə əzəmətli dövlət himnimiz səsləndirildi, milli bayrağımız ən yüksəyə ucaldıldı.
Lakin bu 11 avqustda Azərbaycan olimpiyaçılarının qazandıqları heç də ilk qızıl mükafatlar deyil. Dörd il əvvəl Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarında da milli komandamız ilk və yeganə qızıl medalının sevincini məhz avqustun 11-də yaşamışdı. Həmin gün cüdoçu Elnur Məmmədli 73 kq çəki dərəcəsində birnəfəsə beş rəqibinə qalib gəlib Oyunların çempionu olmuşdu. Fərq yalnız bundadır ki, əgər Londonda Toğrulla Şərifin qızıl medalları Olimpiadanın sonuncudan əvvəlki gününə təsadüf etmişdirsə, Çin Xalq Respublikasının paytaxtında Elnur avqustun 8-də başlanan Olimpiadanın artıq üçüncü günü Azərbaycana ən yüksək mükafat bəxş etmişdi.
Elə boksçumuz Şahin İmranovun Pekin rinqində ilk qələbəsini avqustun 11-də qazandığını da qeyd etmək olar. Şahini fəxri kürsünün "bürünc" pilləsinə aparan yol elə həmin gündən başlamışdı. Deməli, Azərbaycan olimpiyaçıları üçün böyük zəfər gününə çevrilən 11 avqustu yadda saxlayaq...
Möhkəm iradəli Azərbaycan olimpiyaçıları respublikamızın dünyanın ən qüdrətli idman dövlətlərindən birinə çevrilməsindən vahiməyə düşən bədxahlarımıza avqustun 11-də (elə əvvəlki günlərdə də) bir daha bəyan etdilər ki, onlar hətta son anda, finişdə də böyük qələbələr qazanmağa, Olimpiya oyunlarının çempionu olmağa qadirdilər. İdmançılarımızı bu qələbələrə Vətən sevgisi, Vətənə sonsuz məhəbbət ruhlandırır.
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2012.- 15 avqust.- S. 3.