Biləsuvar: Şəhriyar düzünün abad şəhəri

 

...Elə Biləsuvara yenicə çatmışdıq ki, maşınımızın önündən bir atlı keçdi. Gənc çapar bizə əl edə-edə uzaqlaşınca özümdən asılı olmayaraq: -"Böyük atlı!" - deyə səsləndim. Səfər yoldaşım təəccüblə soruşdu: "O ki lap cavan oğlandır, "böyük atlı" niyə deyirsən?" Cavabında söylədim ki, bəzi tarixi mənbələrə görə, X əsrdə indiki Biləsuvarın yerində Büveyli əmiri Piləsuvarın saldığı şəhərə onun şərəfinə öz adı verilib. Adın mənası isə "böyük atlı" deməkdir. Gənc çapar bunları saldı yadıma...

Sovet dönəmində Biləsuvara Puşkin adı verilmişdi. Rayonun əsl adı müstəqilliyimizin bərpasının ilk dövründə nəhayət, özünə qaytarılıb. Hazırkı abad Biləsuvarın girişində atlı heykəlinin qoyulması bəlkə də məqsədəuyğun olardı. Həm adına görə, həm də at anlayışının Azərbaycan məişəti və mənəviyyatının ayrılmaz bir hissəsi olduğuna görə.

Biləsuvar Böyük İpək yolunun üzərində yerləşən şəhərlərdən olub. Bir neçə il əvvələ qədər bu şəhərdən keçib getmək müşkül məsələ idi. Bakı-Astara magistral yolunun şəhərin içərisindən, dar küçələrdən keçməsi, xüsusilə də rayon bazarı önündəki qarışıqlıq hərəkəti xeyli çətinləşdirirdi. 2010-cu ildə 12 kilometrlik dolama yol tikilib istifadəyə verildikdən sonra problem həllini birdəfəlik tapmış, yolçuların rahatlığı təmin edilmiş, Biləsuvar şəhərinin küçələri isə tıxaclardan və tozdan-palçıqdan azad olmuşdur. Bundan başqa, uzunluğu 18,5 kilometr olan Biləsuvar-İran sərhədi avtomobil yolu da yüksək keyfiyyətlə tikilərək istismara buraxılmışdır.

...Maşınımız şəhərin mərkəzinə, icra hakimiyyətinin yaxınlığına çatanda təəccüb bizi bürüdü: "Baş qərargah" gözə görünmürdü. Yerində hasara alınmış böyük bir kalafa qazılmışdı. Bizə dedilər ki, burada icra hakimiyyəti üçün daha böyükmüasir bina tikiləcək. İndi bünövrə işləri gedir. Qarşıdakı Gənclər parkının da yenidən qurulması reallaşdırılır. Parkda Heydər Əliyev Muzeyi yaradılacaq. Gənclər Mərkəzi, elektron kitabxana, fəvvarə kompleksi tikilir.

Ümumiyyətlə, son illər Biləsuvarda yenidənqurma xeyli sürətlənib, infrastruktur genişləndirilib. İrimiqyaslı layihə - şəhərin içməli su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması davam etdirilir. Hazırda küçə kanalizasiyasu xətləri çəkilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 iyul 2012-ci il tarixli sərəncamı ilə isə on yeddi min nəfər əhalinin yaşadığı 6 məntəqəni birləşdirən Biləsuvar-Əsgərabad-Amankənd-Ovçubərə avtomobil yolunun tikintisi məqsədilə Biləsuvar Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 5 milyon 200 min manat vəsait ayrılmışdır. Həmin yola bağlı kəndlərin sakinləri dövlət başçısının bu qayğısından hədsiz dərəcədə razıdırlar. Elə camaat da quruculuq işlərinə həvəslə qoşulub: bu ilin ilk altı ayında Biləsuvarda 35 fərdi ev tikilib.

Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayondakı 25 sahibkarlıq subyektinə 6,5 milyon manat kredit verilib, 537 yeni yeri açılıb. Dövlət Proqramı üzrə kənd yollarının əsaslı təmiri gerçəkləşdirilir. Bağbanlar kəndinin mərkəzi giriş yolunda 2,1, Aranlı-Çinarlı kəndlərinin mərkəzi giriş yolunda 4,1, Ağayrı kəndinin mərkəzi giriş yolunda 2, Nəsimi kəndinin mərkəzi giriş yolunda 0,8 kilometr əsaslı təmir işləri aparılaraq asfaltlaşdırılmışdır. Uzunluğu 21 kilometr olan Əsgərabad, Aşağı Cürəli, Ağalıkənd, Dərvişli, Amankənd, Ovçubərə, Yuxarı Cürəli kəndlərini birləşdirlən yolda əsaslı təmir və asfaltlaşdırma işləri davam etdirilir. Birinci yarımildə içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Aranlı-Çinarlı kəndlərində "Modul" tipli sudurulducu qurğunun tikintisi başa çatdırılıb. Bağbanlar, Ovçubərə və Dərvişli kəndlərində bu işlər başa çatmaq üzrədir. Artıq 16 kənddə analoji qurğular fəaliyyət göstərir ki, bu da 43 min nəfər əhalinin təmiz içməli su ilə təminatı deməkdir.

Təbii qaz təchizatı məqsədilə də müəyyən işlər görülüb. Vaxtilə qaz almış 7 kəndin mavi yanacaqla təmin edilməsi ilə bağlı daşıyıcı və paylayıcı küçə qaz xətlərinin təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Təzəkənd və Yuxarı Cürəli kəndlərinə isə təbii qazın verilişi bərpa edilib. Eyni zamanda 6 kəndə - Aranlı, Çinarlı, Bağbanlar, İsmətli, Günəşli və Ağayrı kəndlərinə qaz xətlərinin çəkilişinə başlanmışdır. Rayonun daha 6 kəndini - Arazbarı, Nərimankənd, Səmədabad, Muğan,Çaylı və Yuxarı Ağalı kəndlərini təbii qazla təmin etmək məqsədilə layihə-smeta sənədləri hazırlanıb, yaxın vaxtlarda işlərə başlanılacaq.

Rayon mərkəzində yeni elektron ATS-in quraşdırılması işləri tam başa çatdırılıb, eyni zamanda bütün kəndlərdə ATS-lər elektronlaşdırılıb.

Mübariz İbrahimov küçəsində tağvari giriş qapısı müasir üslubda yenidən qurulub, Heydər Əliyev küçəsinin Biləsuvar dolama yolu ilə kəsişdiyi ərazidə yeni işıqlandırma sistemi qurulub. Cari ilin ötən müddəti ərzində Səmədabad polis bölməsinin inzibati binasının, Biləsuvar şəhər 2 saylı uşaq bağçasının inşası davam etdirilmiş, Yuxarı Ağalı kənd baytarlıq məntəqəsinin yeni inzibati binasının tikintisinə başlanmışdır. Biləsuvar Rayon Baytarlıq İdarəsi üçün yeni inzibati binanın, Bitkilərin fitosanitar karantin məntəqəsinin tikintisində və Xırmandalı kənd 1 saylı tam orta məktəbinin əsaslı təmiri ilə bağlı tamamlama işləri aparılır. Biləsuvar şəhər 1 saylı uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib.

Şəhərin küçələrində müasir tərtibatda hasarlar tikilir, piyada səkiləri üzlük tavalarla üzlənir. Sərhəd yolunun üstündə Bayraq Meydanı yaradılır. Bütün bu işlərin nəticəsində şəhərin siması tamamilə dəyişəcək. Artıq indidən gələcək gözəllik gözlər önundə canlanmaqdadır.

Rayonda aqrar sahənin inkişafı üçün yeni texnologiyanın tətbiqinə ciddi fikir verilir. 2012-ci ilin birinci yarısında Xırmandalı ərazisində məhsul yetişdirmək üçün istixananın, Bəydili ərazisində soyuducu anbarların tikintisini göstərmək olar. Hər iki istehsal sahəsində xeyli yerinin açılması ilə yanaşı, əhalinin tələbatını ödəyəcək qədər kənd təsərrüfatı məhsulu hazırlanacaq və qorunacaq.

Bakı şəhərinin əhalisini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri də yaxından iştirak edirlər. 2012-ci ilin 6 ayı ərzində bu rayondan paytaxta 500 tondan çox müxtəlif növ kənd təsərrüfatı məhsulu göndərilib.

Rayonun təhsil ocaqlarının tikintisi və əsaslı təmiri ilə əlaqədar Nazirlər Kabinetinin komissiyası tərəfindən yerlərdə baxış keçirilib, müvafiq aktlar tərtib olunub. Biləsuvarın 7 kəndində yeni məktəb tikintisi, 5 məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir, 6 məktəbdə isə əsaslı təmir aparılması zəruri hesab edilib. Tezliklə bu işlərə də start veriləcək.

Bəli, Biləsuvar dəyişir, gözəlləşir. Şəhriyar düzünün abad şəhəri tarixi şöhrətini bərpa edir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2012.- 16 avqust.- S. 7.