Bud Fackrell: bp şirkəti TANAP layihəsini Avropa üçün mühüm boru kəməri kimi dəstəkləyir

 

"bp - Türkiyə" şirkətinin prezidenti Bud Fackrell Ankarada təşkil olunmuş iftar mərasimindən sonra jurnalistlərə müsahibəsində bildirmişdir ki, onun təmsil etdiyi şirkət Trans-Anadolu boru xəttini (TANAP) Avropa üçün mühüm bir layihə kimi dəstəkləyir və "Şahdəniz" təbii qazının yeni açılacaq Cənub dəhlizi ilə nəqlində mühüm addım hesab edir. 

Bud Fackrell əlavə etmişdir ki, Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bp-ni də bu layihədə iştirak etməsi üçün dəvət etmişdir. Bildiyiniz kimi, layihənin 80 faiz payçısı ARDNŞ, 20 faizlik hissəsi isə BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Biz ARDNŞ-in pay hissəsindən əldə edərək bu layihədə iştirak etmək istəyirik. Bu hissənin nə qədər olacağını söyləmək çox tezdir. Lakin, 2013-cü ilin ortalarına qədər konkret bir nəticə olacağını düşünürəm.

bp təmsilçisinin sözlərinə görə, "Nabukko Qərb" və Trans-Adriatik təbii qaz kəmərləri layihələri Avropaya qaz nəqli üçün rəqabət aparırlar. Gələn il bp bu iki layihədən birini seçəcəkdir. Eyni zamanda, TANAP və "Cənub axın" layihələri rəqib deyildir. Çünki, Avropanın bu iki boru kəmərindən nəql olunacaq təbii qaza da ehtiyacı vardır.

 

 

Oqtay BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 2.