Milli-mənəvi
dəyərlərimizin qorunması və inkişaf
etdirilməsi daim dövlətin diqqət
mərkəzindədir
Bizi xalq kimi qoruyub saxlayan milli-mənəvi
dəyərlərimizdir, İslami dəyərlərimizdir,
dilimizdir, ədəbiyyatımızdır. Əgər biz
bundan sonra da ölkəmizin uğurlu inkişafını istəyiriksə,
bu məsələlərə mütləq diqqət göstərilməlidir.
İqtisadi islahatlar daha da sürətlə gedə bilər, ləng
gedə bilər. Bu, o qədər də böyük problem
yaratmaz. Ancaq əgər milli dəyərlərimizdə hər
hansı bir boşluq yaranarsa, yaxud da ki, milli-mənəvi əsaslarımız
zərər görərsə, onda əlbəttə, ölkə
böyük çətinliklərlə üzləşər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Təşəkkül
tapdığı dövrdən bugünədək
xalqımız öz milli-mənəvi dəyərlərinə
sadiq qalmış, bu dəyərləri hər şeydən
uca tutmuşdur. Məhz bu amil Azərbaycan xalqının
formalaşmasında həlledici rol oynamış, əsrlər
boyu başqa dövlətlərin əsarətində
yaşasaq da, öz mənliyimizi, milli mənsubiyyətimizi,
dinimizi, dilimizi və adət-ənənələrimizi qoruyub
saxlaya bilmişik. Bu gün hər bir azərbaycanlı milli-mənəvi,
dini dəyərlərimizlə, adət-ənənələrimizlə
qürur duyur.
Fəxrlə
deyə bilərik ki, çoxmillətli və
çoxkonfessiyalı müstəqil Azərbaycan
Respublikasının şərəfli bir tarixi vardır. Bu
tarixin böyük mərhələsi ümummilli lider Heydər
Əliyevin adı ilə bağlıdır. Ulu öndər
ictimai-siyasi həyatın bütün sahələrində, o
cümlədən, dövlət-din münasibətlərinin tənzimlənməsində,
dini etiqad azadlığının təminatında, dini-mənəvi
dəyərlərin qorunmasında müstəsna xidmətlər
göstərmişdir. Qüdrətli şəxsiyyət bu sahədə
özündən sonra böyük siyasi və dövlətçilik
təcrübəsini miras qoymuşdur. Türk
dünyasının böyük oğlu Heydər Əliyevin
siyasi xəttini uğurla davam etdirən möhtərəm
Prezidentimiz İlham Əliyev bu gün Azərbaycanın
iqtisadi qüdrətinin, mədəni intibahının və
beynəlxalq aləmdə nüfuzunun daha da möhkəmlənməsi
üçün böyük işlər görür. Eyni
zamanda, tarixi-mədəniyyət abidələrinin, xristian, yəhudi
və digər dinlərə məxsus məbədlərin bərpası
və təmiri, dilindən və dinindən asılı
olmayaraq, ölkənin bütün vətəndaşlarının
etiqad azadlığının qorunması və dini
ehtiyaclarının təmin olunması - bütün bunlar Azərbaycanın
dini-mənəvi mühitini əks etdirən real göstəricilərdir.
Bütün bunlar bir daha təsdiq edir ki, bu gün öz
tarixinin silinməz möhtəşəm səhifələrindən
birini yazan müstəqil Azərbaycan müxtəlif
xalqların, millətlərin və din xadimlərinin birgə
yaşadığı, mədəniyyətlərin
qovuşduğu müqəddəs məkan olmuşdur.
Azərbaycan
müasirləşən, Avropa və dünya birliyinə
sürətlə inteqrasiya edən ölkədir. Təbii ki,
müasir dünyada sürətlə davam edən
qloballaşma prosesləri bizim ölkədən də yan
keçməyib. Buna baxmayaraq, qloballaşma adı altında
öz milli dəyərlərimizi unutmamamalı və bu dəyərlərə
sadiq olmalıyıq. Hər bir ölkə və xalq
üçün onun milli dəyərləri hər şeydən
üstün tutulmalı və digər xalqların dəyərləri
ilə ziddiyət təşkil etməməlidir. Bu baxımdan
biz qloballaşma deyəndə Azərbaycanda beynəlxalq əməkdaşlığı,
xoş münasibətləri, səmimi dostluğu nəzərdə
tuturuq. Biz hər zaman qloballaşma adı altında digər
xalqların adət-ənənələrinə zidd olan, milli
mentalitetə xas olmayan dəyərlərə qarşı
mübarizə aparmalıyıq. Təbii ki, bu mübarizədə
milli mənliyimizi qorumaq ən vacib şərtlərdəndir.
Bu
günlərdə müqəddəs Ramazan ayı münasibətilə
keçirilən iftar mərasimində geniş məzmunlu nitq
söyləyən Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev milli-mənəvi dəyərlərin qorunmasına və
gənc nəsli əsrlərin sınağından
çıxmış mənəvi, əxlaqi, dini dəyərlərimiz
ruhunda tərbiyələndirməyin əhəmiyyətini
vurğulayaraq demişdir: "Milli-mənəvi dəyərlərə
söykənən, inkişafda olan gənc, müstəqil Azərbaycan
həm iqtisadi, həm siyasi, həm də xarici siyasət sahələrində
böyük uğurlara nail olmuşdur. Ancaq gələcəyimiz,
gələcək inkişaf üçün milli dəyərlər
daim diqqət mərkəzində olmalıdır,
qorunmalıdır. Gənc nəsil milli dəyərlər əsasında
tərbiyə edilməlidir, xüsusilə, indiki zəmanədə.
Qloballaşan dünyada bəzi hallarda sərhədlər
silinir. Bəzi hallarda ölkələr arasında sərhədlər,
mənəvi sahədə sərhədlər pozulur, sərhədləri
keçirlər. Buna yol vermək olmaz".
Azərbaycanda
müqəddəs ziyarətgahların və məscidlərin
əsaslı təmiri və yenidən qurulması möhtərəm
Prezidentimizin diqqət mərkəzində saxladığı
prioritet vəzifələrdən biridir. Məhz dövlət
başçımızın göstərişi və maliyyə
vəsaiti ayırması hesabına Bibiheybət məscidi, Gəncə
şəhərindəki İmamzadə, Mir Möhsüm
ağa ziyarətgahı, Şamaxı məscidi, Əshabu-Kəhf
ziyarətgahı və digər dini etiqad mərkəzləri əsaslı
təmir olunaraq yenidən qurulmuşdur. Azərbaycanın din
xadimləri və ibadət əhli Prezident İlham Əliyevin
bu nəcib və xeyirxah əməlini yüksək dəyərləndirərək
Allah-Təaladan ona cansağlığı diləyirlər.
Azərbaycan
xalqının dünyaya nümunə təşkil edən ən
möhtəşəm tarixi nailiyyətlərindən bir də
odur ki, əsrlər boyu müxtəlif millətlərin
nümayəndələri, ayrı-ayrı dinə mənsub
insanlar ölkəmizdə dostluq və qardaşlıq şəraitində
yaşamışlar. Bu hissin getdikcə formalaşmasında
tale ümumiliyinin də böyük rolu olmuşdur. Diqqətə
çatdırılmalıdır ki, bu unikal gerçəkliyin
yaranmasında və güclənməsində ölkə əhalisinin
əsasını təşkil edən azərbaycanlıların
və İslam dininin böyük xidmətləri olmuşdur.
Bu gün də milli-mənəvi dəyərlərinə
sadiq olan Azərbaycan xalqı tarix boyu formalaşmış
möhtəşəm ənənələrini
yaşatmaqdadır. Bütün bunlara əsaslanaraq, artıq qətiyyətlə
demək olar ki, 1993-cü ildən etibarən həyata
keçirilən məqsədyönlü daxili və xarici
siyasətin nəticəsi olaraq Azərbaycan artıq mədəniyyətlərarası
inteqrasiya və dialoq məsələsinin müzakirə
edildiyi, mühüm əhəmiyyətə malik beynəlxalq
tədbirlərin keçirildiyi məkana çevrilmişdir.
Ölkəmiz
hazırda mədəniyyətlərarası dialoq, dünya mədəniyyətlərinin
və sivilizasiyaların qarşılıqlı təsiri məkanına
uğurla transformasiya olunur, özünün zəngin təcrübəsini
dünya ictimaiyyətinə təklif edir. Azərbaycan
Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu təcrübənin
güclü əsasları vardır. Çünki əsrlər
boyu müxtəlif dövrlərdə, müxtəlif
ictimai-siyasi quruluşlar çərçivəsində Azərbaycanda
bütün xalqlar dözümlülük, tolerantlıq
nümayiş etdirmişlər, multikulturalizm şəraitində
yaşamışlar. Dövlət başçımız
demişdir: "Bu güclü zəmin üzərində ulu
öndər Heydər Əliyevin
düşünülmüş siyasəti nəticəsində
müstəqillik dövründə biz bu meyilləri daha da
gücləndirdik. Azərbaycan bu siyasəti seçdi. Biz
özünü təcridetmə siyasətini deyil, dünyaya
açıq olmaq, dünya ilə bir yerdə olmaq və ən
mütərəqqi təcrübəni Azərbaycanda tətbiq
etmək siyasətini aparmışıq. Bu gün isə biz
öz həyatımızla, öz
dünyagörüşümüzlə və öz praktiki
addımlarımızla təcrübəmizi dünya birliyinə
təqdim edirik".
Bir
sıra dünya siyasətçiləri, həmçinin beynəlxalq
təşkilatlar dəfələrlə bəyan etmişlər
ki, Azərbaycan Şərq və Qərb arasında
körpü rolunu oynayır. Ölkəmizdə Avropa dəyərləri
də, islami dəyərlər də qorunur,
yaşadılır. Bu mənada bir çox ekspertlər də
belə hesab edirlər ki, 2009-cu ildə İslam mədəniyyətinin
paytaxtı elan edilən Bakı şəhəri gələcəkdə
Avropa mədəniyyətinin də paytaxtı elan edilə bilər.
Təvazökarlıqdan uzaq olsa da, etiraf edək ki, ölkəmizin
yerləşdiyi coğrafi məkan, dövlət səviyyəsində
həyata keçirilən uğurlu siyasət, həmçinin
xalqımızın tarixi keçmişi, sahib olduğu milli-mənəvi
dəyərlər buna imkan verir. Çünki heç vaxt Azərbaycanda
dini zəmində heç bir münaqişə və
qarşıdurma olmamışdır. Azərbaycanda
bütün xalqlar, bütün dinlərin nümayəndələri
bir ailə kimi yaşayırlar, ölkəmizin inkişafı
üçün fəal çalışırlar.
Tolerantlıq
Azərbaycanda çox möhkəm təməllər üzərində
qurulmuşdur. Təkcə dövlət
başçımız deyil, Heydər Əliyev Fondu da bu sahədə
çox böyük fəaliyyət göstərir. Fondun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tarixi-dini,
mədəni abidələrin qorunmasını və bərpasını
daim diqqət mərkəzində saxlayır. Fondun maliyyə dəstəyi
ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm
kilsələrində təmir-bərpa işləri
aparılmış, yəhudi uşaqları üçün
təhsil və mədəniyyət mərkəzinin tikintisinə
dəstək verilmişdir. Göründüyü kimi, Heydər
Əliyev Fondu təkcə İslam dininə aid tarixi-dini abidələrin
bərpasına deyil, eləcə də digər dinlərə
məxsus abidələrin də bərpasına qayğı ilə
yanaşır. Bunun növbəti əyani sübutu olaraq
Bakıda dinlərarası sivilizasiyaların dialoqunun
keçirilməsi, eyni zamanda Azərbaycan xalqının
yüzilliklər boyu formalaşmış tolerantlıq ənənəsinin
yüksək səviyyədə olmasının göstəricisidir.
Bununla yanaşı fondun Fransanın Versal sarayında
nümayiş etdirilən iki abidənin bərpasına maliyyə
yardımı göstərməsi də yüksək qiymətləndirilib.
Strasburq şəhərinin meri Rolan Ris Heydər Əliyev
Fondunun beynəlxalq miqyasda böyük layihələr həyata
keçirməsini humanizm və mədəniyyətlərarası
dialoq baxımından böyük rolunu qeyd edib. O, fondun
Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə
ayırdığı maliyyə yardımını səxavətli
bir jest və Azərbaycanın Avropanın mədəni irsinə
verdiyi layiqli töhfə kimi qiymətləndirib. R.Ris deyib:
"Azərbaycan Avropa Şurasının üzvüdür.
Azərbaycan öz mədəni irsinə diqqət göstərməklə
yanaşı, Avropa mədəni irsinə də diqqət və
qayğı göstərir. Orta əsrlərdə
xristianlığın ən yüksək kilsəsi olan
Strasburq Kafedral kilsəsi də Avropa mədəni irsinin bir
parçasıdır. Mədəniyyətlərarası və
dinlərarası dialoqun inkişafında fəal iştirak edən
Heydər Əliyev Fondu beynəlxalq arenada Azərbaycanın
müsbət imicinin formalaşması və təşviqinə
böyük diqqət göstərir".
Müstəqil
Azərbaycan Respublikası dinlərarası və millətlərarası
münasibətlərin qarşılıqlı əməkdaşlıq
zəminində inkişaf etdirilməsində, tənzimlənməsində
dünyaya nümunə göstərir. Ancaq bununla bərabər
biz dünyada da mədəniyyətlərarası dialoqun
yüksək səviyyədə olmasını
arzulayırıq. İstəyirik ki, dünyanın hər
yerində Azərbaycanda olduğu kimi, milli, dini
qarşıdurmalar olmasın. Bu mənada bizi ən çox
narahat edən məsələlərdən biri də
islamofobiyanın genişlənməsidir. Dövlət
başçımızın qeyd etdiyi kimi, buna yol vermək
olmaz. Çünki bu yanaşmanın axırı yoxdur. Bu,
böyük bir qarşıdurmaya gətirib çıxara bilər.
İslama qarşı əsassız ittihamlar, islamofobiya meyillərinin
güclənməsi, bəzi xarici mətbu orqanlarda
İslamın terrorla bərabərləşdirilməsi
halları bizi çox hiddətləndirir.
İslam
sülh, qardaşlıq, mərhəmət dinidir. Bəzi
hallarda terrorçuya islamçı deməklə
bütün dinimiz, bütün müsəlman aləmi təhqir
olunur. İslamçı terrorist deyildir. İslamçı
İslam dininə mənsub olan insandır. Digər tərəfdən
terrorçunun nə milləti, nə də dini vardır. Azərbaycan
nümunəsində bunu daha aydın görmək olar. Belə
ki, müstəqilliyimizin ilk illərində və ondan
sonrakı dövrdə erməni terrorçuları ölkəmizə
qarşı 30-dan çox terror aktı törətmişlər.
Bu terror aktları nəticəsində 2 mindən çox
günahsız insan həlak olmuşdur. Biz bu terror
aktlarını hər hansı bir dinlə
bağlamırıq. Ona görə də burada məsuliyyət
məsələləri ön planda olmalıdır. Xüsusilə,
siyasətçilərin məsuliyyəti. Bəzi hallarda biganəlik
məsələnin müsbət istiqamətdə deyil, mənfi
istiqamətdə getməsinə gətirib
çıxarır.
Bu mənada
son illərdə ölkəmiz şərəfli tarixi
missiyanı öz üzərinə götürərək, mədəniyyətlər
və dinlərarası dialoqun təşkilinə böyük
töhfələr verir. 2010-cu ilin aprelində Bakıda
dünya dini liderlərinin sammitinin keçirilməsi, həmin
ilin noyabrında isə "Dinlərarası dialoq:
qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa
doğru" mövzusunda tədbirin yüksək səviyyədə
təşkili Azərbaycan dövlətinin və onun
başçısı İlham Əliyevin bu istiqamətdə
beynəlxalq səylərin artırılmasına töhfə
vermək niyyətindən irəli gəlir. Diqqətə
çatdıraq ki, Bakıda keçirilən dünya dini
liderlərinin sammitində 33 ölkədən ənənəvi
dünya dinlərini təmsil edən 200-dən çox
yüksək səviyyəli nümayəndə iştirak
edirdi. Həmçinin bu mötəbər tədbirə 14
nüfuzlu beynəlxalq təşkilatın, eləcə də
Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri
və nümayəndələri də qatılmışlar.
Bu qədər nüfuzlu din xadimlərinin Azərbaycanda
keçirilən tədbirlərə qatılmaları tarixi
hadisədir. Bu, həm də Azərbaycanda dinlərarası
dialoqun, dini dözümlülüyün və
tolerantlığın yüksək səviyyədə
olmasından xəbər verir.
Keçən
il aprelin 7-9-da isə Bakıda mədəniyyətlərarası
dialoq üzrə ümumdünya forumu keçirilmişdir. Bu
forumun keçirilməsi heç də təsadüfi deyildi -
o, Azərbaycan tərəfinin təşəbbüsü ilə
başlanmış və "Bakı prosesi" adlanan prosesin
məntiqi nəticəsi idi. Azərbaycanda bu prosesin əsası
2008-ci ildə Avropa Şurasının üzvü olan ölkələrin
mədəniyyət nazirlərinin iclasında qoyulmuşdu.
Keçən il oktyabrın 10-da Bakıda,
"Gülüstan" sarayında "XXI əsr: ümidlər
və çağırışlar" devizi ilə
keçirilən Beynəlxalq Humanitar Forumunu yada saldıqda isə
bir daha aydın olur ki, həqiqətən də Bakı nəinki
İslam mədəniyyətinin, həmçinin Avropa mədəniyyətinin
paytaxtı olmağa da ən layiqli məkandır.
Çünki həmin tədbir Azərbaycanın
sivilizasiyalararası dialoqun məkanına çevrildiyini
növbəti dəfə sübut edir. Rusiya və Azərbaycan
ziyalılarının təşəbbüsü, hər iki
dövlətin rəhbərliyinin bu təşəbbüsü
dəstəkləməsi nəticəsində baş tutan
Bakı Birinci Beynəlxalq Humanitar Forumunun mühüm ideya
istiqamətlərindən biri də millətlərarası,
dinlərarası mövcud problemlərə humanitar prinsiplər
baxımından yanaşılması, humanitar dəyərlərin
səfərbər edilməsi yolu ilə cəmiyyətin
sosial-mədəni həyatının bu amillər əsasında
inkişaf modelinin müzakirəsi idi. Qloballaşan dünyada
, o cümlədən müasir Avropada ksenofobiyanın,
radikalizmin və ekstremizmin mövcud olduğu bir şəraitdə
dini və milli dözümlülüyü ilə seçilən
Azərbaycanda bu tədbirin keçirilməsi
özü-özlüyündə ölkəmizin dünyaya
nümunə göstərilməsinin sübutudur.
Rauf KƏNGƏRLİ
Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 3.