Şəkidə xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılmışdır

 

Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 87-ci ildönümü münasibətilə şairin doğulduğu Şəki şəhərində xatirə tədbiri keçirilmişdir.

AzərTAc xəbər verir ki, şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri və şairin ailə üzvləri əvvəlcə unudulmaz şəxsiyyətin şəhərin mərkəzi parklarından birində qoyulmuş büstü önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialında keçirilən "Poeziyamızın Bəxtiyarı" adlı xatirə gecəsinin əvvəlində unudulmaz şairin həyat və fəaliyyətindən bəhs edən "Bu dünyadan bir bəxtiyar keçdi" filmi nümayiş etdirilmişdir.

Xatirə gecəsini Bakı Dövlət Universitetinin professoru Fərman İsmayılov açaraq Bəxtiyar Vahabzadəni zəmanəmizin böyük filosof-şairi, Azərbaycan xalqını XX əsrdə bütün dünyaya tanıtdıran, öz poeziyası, şəxsiyyəti, azadlıq uğrunda mübarizəsi ilə xalqımızın qəlbində dərin iz buraxmış böyük tarixi şəxsiyyət kimi dəyərləndirmiş, bəxtiyarsevərləri şairin doğum günü münasibətilə təbrik etmişdir. Natiq 2009-cu ilin əvvəlində əbədiyyətə qovuşmuş Bəxtiyar Vahabzadənin əziz xatirəsinin həmyerliləri tərəfindən daim əziz tutulduğunu, şairin doğum günü münasibətilə hər il avqustun 16-da Şəkidə silsilə tədbirlərin, xatirə gecələrinin keçirildiyini diqqətə çatdırmışdır.

AMEA Tarix İnstitutunu direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov Bəxtiyar Vahabzadənin Türk dünyasının dünya poeziyasına bəxş etdiyi nadir tarixi şəxsiyyət olduğunu bildirmişdir. Qeyd etmişdir ki, bu şəxsiyyət daim xalqının düşüncə və arzuları, hiss və duyğuları, istək və maraqları ilə yaşamış, onun zəngin yaradıcılığı poeziyamızın, şeirimizin cövhəri olmuşdur.

Xatirə gecəsində AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru, professor Zəkəriyyə Əlizadə, şair Vaqif Aslan və başqaları çıxış edərək xalq şairi Bəxtiyar Vahabzadənin Azərbaycan söz sənətinin inkişafındakı xidmətlərindən danışmış, şairlə bağlı xatirələrini bölüşmüşlər.

 

 

Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 4.