Olimpiya
oyunlarında Azərbaycanın qazandığı möhtəşəm
qələbələr ölkəmizin müstəqilliyinin bəhrəsidir
Olimpiyaçılarımız bir
daha göstərdilər ki, gənc, müstəqil Azərbaycan
güclü dövlətdir, o cümlədən idman sahəsində
də güclüdür. Ən sevindirici hal ondan ibarətdir
ki, medallar - qızıl, gümüş və bürünc
medallar qazanan idmançılar müstəqillik dövründə
yetişmiş gənc insanlardır. Azərbaycan idmanına
son illər ərzində göstərilən diqqətin
hesabına onlar artıq peşəkar
idmançılardır. Onlar Azərbaycanın milli
bayrağını on dəfə qaldırdılar və
dövlət himnimizi iki dəfə səsləndirdilər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
XXX
London Yay Olimpiya Oyunları artıq başa çatsa da bu
möhtəşəm dünya miqyaslı tədbirin
sensasiyaları planetimizi dolaşmaqdadır. Dünən Rusiya
Federasiyasındakı həmkarlarımız "Londonun 15 Qəhrəmanı"
adlı internet materialı yayıblar. Bu siyahıda birinci yeri
Moldovanın gənc üzgüçüsü tutur, on birinci
yeri isə 19 yaşlı Toğrul Əsgərov.
Rusiyalı
ekspertlər ürək ağrısı ilə yazırlar ki,
dünyanın bütün mütəxəssisləri 60
kiloqram çəki dərəcəsində güləşən
idmançılar arasında Besik Kudukovu favorit kimi
görürdülər. Ancaq Azərbaycanın Olimpiya
oyunlarında ilk dəfə iştirak edən 19 yaşlı
güləşçisi Toğrul Əsgərov dördqat
dünya çempionu Kudukovu yarışmanın hər iki hissəsində
"mat qoydu" (1:0, 5:0). İndi hər birimiz,
dünyanın müxtəlif ölkələrində
yaşayan bütün azərbaycanlılar
idmançılarımızın Olimpiya oyunlarında
qazandığı möhtəşəm qələbənin
sevincini yaşayırıq. İdmanın 16 növündə
53 idmançı ilə təmsil olunduğumuz Olimpiadada Azərbaycan
idmançıları iki qızıl, iki gümüş və
altı bürünc medal qazanmaqla ölkəmizin idman tarixinə
yeni səhifə yazdılar. İdmançılarımız
bir daha sübut etdilər ki, Azərbaycan qədim idman ənənələrinə
malikdir. İldən - ilə qazanılan uğurlarımız
da bundan xəbər verir.
Londonda
mübarizəyə qoşulan 205 ölkə arasında
30-cü pillədə qərarlaşan ölkəmizin bu
uğuru dünya miqyasında böyük göstəricidir.
175 ölkənin bu yarışmada Azərbaycandan geridə
qalması dünyada böyük əks - səda
doğurmuşdur. Müstəqil dövlətimiz London
olimpiadasında qazandığı nailiyyətlərə
görə Avropa ölkələri arasında 15-ci,
keçmiş sovet respublikaları arasında isə 5-ci
olmuşdur. London Olimpiadası bir də ona görə
yaddaşlara əbədi həkk olunacaq ki, bu parlaq qələbələr
ölkəmizdə Milli Olimpiya Komitəsinin rəsmən fəaliyyətə
başlamasının 20-ci və Azərbaycan Prezidenti İlham
Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyinin 15-ci
ildönümünə təsadüf edib. Prezident İlham Əliyevin
sərəncamı ilə 2012-ci ilin ölkəmizdə
"İdman ili" elan olunması
idmançılarımızı daha da ruhlandırmış
və onlar London Olimpiadasında möhtəşəm qələbəyə
imza ataraq dünyada Hindistan, İndoneziya, Avropada Norveç,
İsveç, Belçika kimi ölkələri arxada
qoymuşdur. Bu, ölkəmizin dünya birliyində qüdrətli
dövlətlər sırasına qoşulmasından xəbər
verir.
Azərbaycan
London Olimpiadasında yeni rekord müəyyənləşdirib.
Yığmamız XXX London Yay Olimpiya Oyunlarında 10 medala
sahib olmaqla, ilkə imza atıb. Bunadək
olimpiyaçılarımızın ən yaxşı nəticəsi
Pekində qeydə alınmışdı. Həmin vaxt ölkəmiz
yarışları 7 medalla başa vurmuşdu. Londonda isə
medalların sayı 10-a çatmaqla, yeni rekord müəyyənləşdirildi.
Qeyd edək
ki, Azərbaycan müstəqil ölkə kimi 1996- cı ildən
Olimpiya oyunlarına qatılıb. Həmin il Atlanta Olimpiya
Oyunlarında -1, dörd il sonra - 2000- ci ildə Sidneydə -3,
2004- cü ildə Afinada -5 və 2008- ci ildə Pekində 7
medal qazanmışıq.
London
Olimpiadasının qızıl medalını hələ 20
yaşı tamam olmayan sərbəst güləşçimiz
qazandı və bununla da ən gənc Olimpiya çempionumuz
olub. 60 kiloqramda çıxış edən Toğrul Əsgərov
buna ad gününə az qalmış nail olub. Olimpiya
çempionumuz 1992-ci ilin sentyabrın 17-də Gəncədə
anadan olmuş və 20 yaşın tamam olmasına 37 gün
qalmış karyerasında ən böyük uğuruna imza
atmaqla özünə ən yaxşı hədiyyə edib.
Toğrul Əsgərov eyni zamanda 12 ildən sonra ölkəmizə
sərbəst güləş növündə 2-ci Olimpiya
çempionluğu qazandırıb. İlk belə uğuru
qazanan Namiq Abdullayev həm də ilk Olimpiya çempionumuz kimi
tarixə düşüb. Ölkəmizin Olimpiada tarixində
6 qızıl medalı var ki, bunun 4-ü güləş,
3-ü güləşin sərbəst növündə
qazanılıb.
Azərbaycan
Prezidenti İlham Əliyev XXX London Yay Olimpiya Oyunlarında
qızıl medal qazanan idmançılarımızı təbrik
etmiş, ölkəmizin idman şərəfini layiqincə
qoruyaraq əldə etdikləri böyük nailiyyəti
yüksək qiymətləndirmiş,
idmançılarımıza və onların məşqçilərinə
yeni qələbələr arzulamışdır.
Azərbaycan
dövlət müstəqiliyini bərpa etdikdən sonra
bütün sahələr üzrə qazanılan nailiyyətlərə,
ölkəmizin beynəlxalq aləmə və dünya birliyinə
inteqrasiyası yolunda atılan qətiyyətli addımlara
görə ulu öndər Heydər Əliyevə borcluyuq. Elə
idmançılarımızın beynəlxalq
yarışlarda qazandığı uğurlar da bu dövrə
təsadüf edir.
İdmançılarımızın
müstəqil dövlətimizin adından ilk dəfə
Olimpiya oyunlarına qatıldığı vaxtı gözlərimiz
önünə gətirsək, bir daha şahidi olarıq ki,
onlara ilk xeyir - duanı ulu öndər Heydər Əliyev
verdi, idmançılarımızı qələbələrə
ruhlandırdı, onlara bildirdi ki, Azərbaycanın
bayrağını yüksəkliyə qaldırmaq, dövlət
himnimizi səsləndirmək böyük şərəfdir.
Bu böyük hadisə hər bir azərbaycanlının fəxridir,
qürur mənbəyidir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev XXVI yay
olimpiadasında (Atlanta, ABŞ) iştirak edəcək Azərbaycan
idmançıları ilə 1996-cı il iyunun 29-da
görüşərkən demişdir: "İlk dəfədir
ki, dünya olimpiya oyunlarında müstəqil Azərbaycanın
yığma komandası iştirak edir. Mən heç
şübhə etmirəm ki, gələn olimpiya oyunlarında
Azərbaycanın yığma komandası sayca bundan da
çox, keyfiyyətcə daha yüksək olacaqdır.
Çünki xalqımız, millətimiz genetik xüsusiyyətlərinə
görə fiziki cəhətdən sağlam insanlardan ibarət
olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki
güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan
xalqına, millətinə xas olan xüsusiyyətdir. Amma, bu
xüsusiyyət həmişə bizim daxilimizdə
qalıbdır. Keçmiş dövrlərdə də, əsrlərdən-əsrlərə
pəhləvanlarımız da, güləşçilərimiz
də, oxatanlarımız da, fiziki imkanlarını cürbəcür
oyunlarda nümayiş etdirənlərimiz də olubdur. Ancaq məlum
olan səbəblərə görə bunlar yalnız öz
ölkəmizin çərçivəsində qalıb,
dünya miqyasına çıxmayıbdır. İndi isə
xalqımızın, millətimizin bu imkanlarını
dünyada nümayiş etdirmək fürsəti
almışıq. Bu, böyük hadisə, böyük
nailiyyətdir. Şəxsən mən bununla fəxr edirəm.
Hesab edirəm ki, Azərbaycanın hər bir vətəndaşının
bununla fəxr etməyə haqqı var.
Əziz
idmançılar, olimpiya oyunlarına yola düşən Azərbaycan
komandasının üzvləri, yenə də deyirəm, bu
hüququ, haqqı siz özünüz qazanmısınız. Əminəm,
siz çalışacaqsınız ki, əldə etdiyiniz bu
nailiyyəti XXVI olimpiya oyunlarında da məharətlə
nümayiş etdirəsiniz. Şübhəsiz ki, sizin, yəni
Azərbaycan Respublikası komandasının XXVI olimpiya
oyunlarında iştirak etməsi özü əlamətdar bir
hadisədir. Siz oradan hansı nailiyyətlə
qayıdacaqsınızsa, bu, məsələnin ikinci tərəfidir.
Birinci tərəfi ondan ibarətdir ki, siz XXVI olimpiya
oyunlarında Azərbaycanı təmsil etmək hüququ
qazanmısınız və Azərbaycan xalqı adından
dünya olimpiya oyunlarında iştirak edəcəksiniz. Ancaq
hər birimiz, güman edirəm, Azərbaycanın hər bir vətəndaşı
sizin orada iştirakınızın nəticələrini gözləyəcəyik".
Qısa
vaxt ərzində idmançılarımız beynəlxalq
yarışlarda uğurla iştirak edərək bir-birinin
ardınca ölkəmizin idman tarixinə parlaq qələbələr
seriyası həkk etdilər. 1997-ci ildən 2000-ci ilə qədər
Azərbaycan idmançıları beynəlxalq, Avropa, müxtəlif
regional səviyyəli yarışlarda fəal iştirak
etmiş və 571 medal qazanmışlar. 571 medaldan 220-si
qızıl, qalanları isə gümüş və
bürünc medallar idi. Bütün bunlar idmana dövlət tərəfindən
göstərilən qayğının nəticəsi idi.
Azərbaycan
xalqı, milləti öz genetik, fiziki
hazırlığına görə idmanın bütün
növləri ilə məşğul olmaq qabiliyyətinə
malikdir. Biz həmişə idmançılarımızla,
onların qazandıqları qələbələrlə fəxr
etmişik. Baxmayaraq ki, ölkəmizdə idmanın müxtəlif
növlərinin inkişaf etdirilməsi, təbliğ olunması
məsələsinə dünyanın bir çox ölkələrindən,
xalqlarından bəlkə də gec başlamışıq,
ancaq bu gün idman sahəsində qazandığımız
nailiyyətlərə görə dünyada öncül yerlərdən
birini tuturuq. Bunu XXX Yay Olimpiya Oyunlarında 175 ölkənin Azərbaycandan
geridə qalması da təsdiqlədi. İndi dünyanın
inkişaf etmiş dövlətlərinin
idmançıları Azərbaycan idmançılarından
çəkinirlər, onlarla mübarizəyə başlayanda
çox ehtiyatlanırlar. Ölkəmiz Sovetlər
İttifaqının tərkibində olarkən də idman
inkişaf edirdi, Azərbaycan idmançıları parlaq qələbələr
qazanırdılar, yadda qalan nəticələr göstərirdilər.
Ancaq biz müstəqil olmadığımıza görə,
digər sahələrdə olduğu kimi, idmanda da əldə
edilən nailiyyətlər keçmiş SSRİ - nin
adına yazılırdı. İndi isə respublikamızda,
müstəqil Azərbaycan dövlətində
idmançılarımızın qazandıqları hər bir
qələbə öz adımıza yazılır, ölkəmizin
adını uca zirvələrə qaldırır.
Dövlətimizin,
onun başçısının idmana, idmançılara
göstərdiyi diqqət və qayğı özünü
yüksək səviyyədə biruzə verir. Son illərin
nailiyyətləri onu göstərir ki, ölkəmizdə
idmana, Olimpiya hərəkatına, gənclərimizə
göstərilən qayğı artıq öz bəhrəsini
verir. Azərbaycanda Milli Olimpiya hərəkatı son illər
sürətlə inkişaf edir. Bütün bunlar ictimaiyyətin
gözü qarşısındadır.
Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizdə idmanın
inkişafınin daim diqqət mərkəzində
saxlanıldığıni xüsusi vurğulayaraq demişdir
ki, bundan sonra da bu sahəyə yüksək səviyyədə
diqqət yetiriləcək:" Biz, həmçinin ölkəmizdə
idmanın inkişafına və Olimpiya hərəkatına
böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun
yaradılmasına çoxlu sərmayələr
yatırılır. Son 12 ildə bütün ölkə
üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə
verilib və bu proses davam edir. Bu il Azərbaycanda "İdman
ili" elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın
inkişafına və Olimpiya hərəkatına göstərilən
diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda
53 atletdən ibarət ən böyük komanda ilə
iştirak etməkdən fərəhlənirik. Bu, həm də
onu göstərir ki, idmana qoyulan sərmayə və
idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə
yönələn dövlət siyasəti yaxşı nəticələr
verir".
Azərbaycanın
tanınmış idmançıları, bədən tərbiyəsi
və idman xadimləri idmançılarımızın XXX
Yay Olimpiya Oyunlarında qazandıqları möhtəşəm
qələbəni yüksək qiymətləndirir və
bununla fəxr etdiklərini deyirlər.
Rasim
Muradov, Respublika Olimpiya İdman Liseyinin direktoru:
-
Dünya səviyyəli mötəbər idman tədbirində
Azərbaycan bayrağının yüksəklərə
qaldırılması hər birimizdə iftixar hissi oyatdı.
Respublika Olimpiya İdman Liseyi kollektivinin isə sevinci daha
böyükdür. Çünki qazanılan qələbələrdə
bizim kollektivin də az da olsa, zəhməti, payı var. Bildirmək
istəyirəm ki, Londonda keçirilmiş XXX Yay Olimpiya
Oyunlarında iştirak edən idmançılardan 8-i bizim məzunumuzdur.
Bu böyük müvəffəqiyyətdir. Ümumiyyətlə,
nüfuzlu beynəlxalq turnirlərdə, Avropa, dünya
birinciliklərində, Olimpiya oyunlarında
idmançılarımız həmişə yüksək nəticələr
göstərir.
London
Olimpiadasında qazanılan qayğını dövlət
başçımızın idmana göstərdiyi yüksək
diqqət və qayğının təzahürü kimi dəyərləndirirəm.
Biz bu qayğını hər gün hiss edirik. Gələn il
liseymizin 50 yaşı tamam olacaq. Ötən illəri gözlərimiz
önünə gətirsək, bir daha aydın olur ki, ulu
öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə
gəlişindən və möhtərəm Prezidentimiz İlham
Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə
idmançılara, o cümlədən məktəbimizə
belə yüksək qayğı göstərildiyini hiss etməmişdik.
Yetirmələrimizin soraqları həmişə Avropa və
dünya birinciliklərindən eşidilir. Elə il olmur ki,
bizim məzunlarımız yüksək səviyyəli turnurlərdə
mükafata layiq yerlər tutmasın. Bu gün yunan - Roma və
sərbəst güləş, boks, cüdo və digər
idman növləri üzrə yığma komandaların əksər
üzvləri liseyimizin məzunlarıdır. Elə XXX Yay
Olimpiya Oyunlarında bürünc medal qazanmış Teymur Məmmədov
liseyimizdən yenicə ayrılıb. Cəbrayıl Həsənov,
Həsən Əliyev, Əşrəf Əliyev, Vitali Rəhimov
və digərləri də bizim məzunlarımızdır.
Elə il olub ki, bizim yetirmələrimizin 3-4 nəfəri
Avropa və dünya miqyaslı turnirlərdə eyni
yarışda mükafata layiq yerlər tutublar. Onların
adlarını sadalamaqla qurtaran deyil. İstər yeniyetnələr,
istərsə də gənclər arasında keçirilən
Avropa və dünya birinciliklərində liseyimizin yetirmələrinin
uğurlu çıxışları dövlət
başçımızın idmana göstərdiyi
qayğının nəticəsidir. Son on ildə liseyimizin
idmançılarının nailiyyətlərinə diqqət
yetirsək, bir daha aydın olar ki, elə il yoxdur ki, biz mötəbər
beynəlxalq turnirlərdən əliboş qayıdaq. Yeniyetmələrin
Sinqapur Olimpiya Oyunlarında yetirməmiz Murad Bazarovun fəxri
kürsünün ən yüksək pilləsinə
qalxması idmançılarımızı daha da
ruhlandırdı. Onun ardınca Türkiyədə
keçirilən Avropa yeniyetmələrinin XI Olimpiya
festivalında gimnastımız Elvin Ağadədəyev IV yeri
tutdu. Çoxlu sayda belə faktlar var. Məqsədimiz bundan
sonra da yüksək nəticələr əldə etmək,
müxtəlif idman növləri üzrə ölkə
yığma komandasına güclü, istedadlı
idmançılar verməkdir.
XXX Yay
Olimpiya Oyunları uzun müddət yaddaşımızdan
silinməyəcək. Çünki bu yarışmada Azərbaycan
rekord göstəriciyə nail oldu və 205 ölkə
arasında 30-cu yeri tutdu. İnanıram ki, növbəti
olimpiadalarda daha yüksək nəticələr əldə edəcəyik.
Çünki ölkəmizdə idmanın inkişafı
dövlət başçısının xüsusi önəm
yetirdiyi sahələrdəndir.
Oqtay
Hüseynov, Əməkdar məşqçi, Əməkdar bədən
tərbiyəsi və idman xadimi, Beynəlxalq dərəcəli
hakim:
- Olimpiya
oyunları nadir beynəlxalq hadisələrdəndir, həm də
dünya dövlətlərinin bir növ güc
nümayişi meydanı kimi qəbul edilir. Belə
yarışlarda bütün dünyadan gəlmiş
idmançılar qalib adı uğrunda mübarizə
aparır və hər bir ölkə daha çox medal qazanmağa
çalışır. Azərbaycan müstəqillik
qazandıqdan sonra ilk dəfə 1996-cı ildə Olimpiya
oyunlarına qoşulub. Həmin vaxt cəmi bir medal
qazandıq. Bu, bizi ruhdan salmadı. XXX London Yay Olimpiya
Oyunlarında isə medalların sayı 10-a çatdı.
Göründüyü kimi, bu çox böyük nəticədir.
Azərbaycanın müstəqil ölkə kimi beşinci dəfə
qatıldığı Yay Olimpiya Oyunlarında 10 medal
qazanması ölkə başçısının idmana
göstərdiyi qayğının nəticəsidir.
Göründüyü kimi hər dəfə irəliyə
doğru qətiyyətli addımlar atılmışdır.
Sevinirəm ki, budəfəki yarışmada mənim də
yetirməm mübarizə aparırdı. Mən özüm dəfələrlə
Avropa və dünya birinciliklərində hakimlik etmişəm.
Hər dəfə də eşitmişəm ki, Azərbaycanda
idmanın inkişafına yüksək səviyyədə
qayğı göstərilir. Sevinirəm ki, ölkəmizdə
idman və idmançılara göstərilən qayğı
beynəlxalq aləmə də bəllidir. Mən də
qabaqcıl idmançı kimi dövlət
başçısının bu qayğısını hiss
etmişəm. Bir qədər əvvəl möhtərəm
Prezidentimiz mənə ev bağışladı. Bu
qayğını Avropa və dünya birinciliklərində
uğurla çıxış edən idmançılarımızın
hər biri hiss edir.
Hamı
kimi mənim də sevincimin həddi-hüdudu yoxdur.
İdmançılarımız London Yay Olimpiya Oyunlarında
yüksək nəticə göstərdilər. Azərbaycanın
bayrağı on dəfə qaldırıldı. İki dəfə
isə ən yüksəkliyə qaldırıldı. İki
dəfə dövlət himnimiz səsləndirildi. Bu hər
bir azərbaycanlı üçün fəxrdir və
qürur mənbəyidir. Ölkəmizdə idmana göstərilən
qayğı gələcəkdə daha yüksək nəticələr
qazanacağımızdan xəbər verir.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 17 avqust.- S. 5.