Ölkəmizin bəşəriyyətə xidmət edən humanist təşəbbüsləri yüksək qiymətləndirilir

 

Azərbaycan - YUNESKO əlaqələrinin yüksələn xətt üzrə inkişafı mədəniyyətlərarası dialoqa yeni-yeni töhfələr verir

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi gündən etibarən bütün əhəmiyyətli beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı xarici siyasət strategiyasının əsas prioritetləri sırasına daxil etmişdir.

Ötən dövr ərzində qeyri-adi sürətlə inkişaf edən və Cənubi Qafqazın lider dövlətinə çevrilən Azərbaycan bu gün elə bir səviyyəyə çatmışdır ki, təkcə Şərqlə Qərb, Şimalla Cənub arasında kəsişmə nöqtəsi, körpü funksiyasını yerinə yetirmir, həm də sivilizasiyalar və mədəniyyətlərarası dialoqa öz töhfələrini verir, öz mədəni irsi, dəyərləri ilə əhatəmizdə olan dünyagörüşləri, mədəniyyətləri zənginləşdirir, bəşəriyyətə xidmət edən humanist təşəbbüsləri ilə beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Bu gün Azərbaycan qədim və zəngin mədəniyyəti ilə milli çərçivədən beynəlxalq səviyyəyə qalxmış, ümumdünya mədəniyyətinin bir parçası olmuşdur. Bu baxımdan, Azərbaycanın 193 dövlətin üzvü olduğu mühüm beynəlxalq təşkilat kimi nüfuz qazanan YUNESKO ilə əlaqələri böyük önəm kəsb edir.

Əvvəlcə onu qeyd edək ki, YUNESKO-nun əsas məqsədi irqindən, dilindən və dinindən asılı olmayaraq bütün xalqlar üçün BMT tərəfindən elan edilmiş ədalətə, qanunçuluğa və insan hüquqlarına, habelə əsas azadlıqlara hamılıqla hörmətin təmin edilməsi naminə xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığını genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərməkdir. Bu mənada, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycanın artıq 600-dən çox qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatı ilə fəal əməkdaşlıq edən bu qurumla əlaqələrini inkişaf etdirməsi həm region, həm də dünya üçün mühüm əhəmiyyətə malikdir.

Ölkəmiz bu quruma 1992-ci ildə üzv olsa da, əlaqələrin inkişafında ən mühüm addım ulu öndər Heydər Əliyevin 1993-cü ilin dekabr ayında Fransada rəsmi səfərdə olarkən YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Tərəflər öz aralarında əməkdaşlığın genişləndirilməsi məsələsini və onun sonrakı inkişafının perspektiv planlarını müzakirə etmişdilər. Təşkilatla əlaqələrin sağlam təməllər üzərində qurulması və davam etdirilməsi üçün 1994-cü il fevralın 21-də Prezident Heydər Əliyevin imzaladığı sərəncamla Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində ölkəmizin YUNESKO siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən Milli Komissiya yaradılmışdır. Bundan sonra respublikanın müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. Onu da deyək ki, ulu öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin 15 sentyabr 2005-ci il tarixli sərəncamı YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir.

YUNESKO ilə Azərbaycan arasında əməkdaşlıq haqqında memorandum 1994-cü il noyabrın 18-də imzalandı. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Burada Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdı. 1994-cü ilin iyun ayında Budapeştdə YUNESKO-nun Avropa Regionu Komitəsinin VII sessiyasında Azərbaycan bu komitəyə üzv seçildi. Qeyd edək ki, Avropa regionu üçün akademik tanınma məsələsi bu komitə tərəfindən həll olunur ki, akademik tanınma tədris kurslarının, ali təhsil haqqında diplomların, elmi ad və dərəcələrin beynəlxalq səviyyədə qəbul olunmasını əhatə edir. Bundan başqa, Azərbaycan -YUNESKO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başlandı. 2000-ci il YUNESKO tərəfindən Böyük İpək Yolu - TRASEKA ili elan olundu. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara da qoşulmuşdur.

Uğurlu əməkdaşlığın ilkin bəhrəsi olaraq YUNESKO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasim keçirildi. Həmin tədbirdə qurumun rəhbəri Federiko Mayorun şəxsən iştirakı, onun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanla YUNESKO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir. Səfər zamanı mədəniyyət sahəsində ikitərəfli əməkdaşlıq haqqında saziş də imzalanmışdır. Xüsusi vurğulanmalıdır ki, "Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları" haqqında beynəlxalq konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi-mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində YUNESKO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Mədəni və təbii irsin qorunması məsələsi ölkəmizin YUNESKO ilə əməkdaşlığında əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Buna paralel olaraq, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsi ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmiş, nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən İçərişəhər kompleksi YUNESKO-nun təhlükə altında olan abidələr siyahısından çıxarılmışdır.

YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. 2003-cü il noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il sentyabrın 28-dən oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz bayramı YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

Azərbaycan - YUNESKO münasibətlərinin inkişafında və onun genişlənməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzolunmaz rolu vardır. 2004-cü ilin sentyabrında Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi xidmətlərinə görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülmüşdür.

Keçən illər ərzində YUNESKO çərçivəsində N.Tusinin anadan olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin, məşhur xalçaçı-rəssam Lətif Kərimovun, akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyləri yüksək səviyyədə qeyd edilmişdir. Ümumiyyətlə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-YUNESKO münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlmişdir.

Maraqlıdır ki, Azərbaycan - YUNESKO əməkdaşlığının gündən-günə genişlənməsi ölkəmizin digər beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmlənməsinə stimul verir. Məsələn, Azərbaycanla İslam Konfransı Təşkilatının müxtəlif strukturları arasında münasibətlərin inkişaf edib möhkəmləndirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşdırılmasına, təhsilə, həmçinin İslam aləmində görülən işlərə böyük dəstəyinə görə Mehriban Əliyeva 2006-cı il noyabrın 4-də İSESKO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı səfiri adının verilməsi haqqında diplomu təqdim etmişdir. Bundan əlavə, 2008-ci il iyunun 10-da İKT-nin Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki fəaliyyətinə görə Azərbaycanın birinci xanımını "İKT-nin humanitar məsələlər üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif etmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın İslam ölkələrinin daxil olduğu təşkilatın bu yüksək adlarına layiq görülən ilk qadın olması çox əlamətdardır.

Xatırlayırsınızsa, YUNESKO-nun 60 illiyinə həsr edilmiş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində Parisdə 2005-ci ilin oktyabrında keçirilmiş "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovşağında" adlı tədbirdə çıxış edən Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şərqlə Qərbin qovuşduğu bir məkan olaraq Azərbaycanın qlobal mədəni dialoqa öz töhfəsini verməyə hazır olduğunu vurğulamışdı. Sonrakı illərdə bu yöndə əməli addımların atılması, konkret təşəbbüslərin irəli sürülməsi və Azərbaycanda keçirilən beynəlxalq tədbirlər bunu bir daha təsdiqlədi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, YUNESKO-nun və İSESKO-nun dəstəyi ilə 2008-ci il iyunun 10-11-də Bakıda "Gülüstan" Sarayında "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda keçirilən beynəlxalq forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər. Forumun yekununda Bakı Bəyannaməsi və Birinci Xanımların Bəyanatı qəbul olunmuşdur.

Bir daha yada salaq ki, beynəlxalq səviyyədə tanınmış elmi tədqiqatçıların və mütəxəssislərin iştirakı ilə Bakıda mədəniyyətlərarası dialoqa dair dörd möhtəşəm tədbirin, xüsusilə 2011-ci il aprelin 7-8-də Ümumdünya Mədəniyyətlərarası Dialoq üzrə Forumun keçirilməsi, eləcə də Bakının 2009-cu ildə "İslam mədəniyyətinin paytaxtı" elan edilməsi ilə bağlı qərar da Azərbaycanın birinci xanımının yorulmaz fəaliyyətinin nəticəsidir. Ötən illər ərzində Şərq ilə Qərbi birləşdirən İpək Yolunun bərpası işinin təməli Bakıda qoyulduğu kimi, respublikamızın paytaxtı festivallar, incəsənət bayramları, beynəlxalq elmi konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin nəticəsində, 2010-cu il iyulun 30-da YUNESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən "Qızıl Motsart" medalı təqdim olunmuşdur.

Bütün sahələr üzrə inkişaf edən ölkəmizin beynəlxalq səviyyədə mədəni əlaqələrini genişləndirməsi və bu sahədə nüfuzlu beynəlxalq təşkilatlarla münasibətləri yüksək səviyyədə davam etdirməsi, o cümlədən YUNESKO ilə qarşılıqlı əməkdaşlıq Azərbaycanın dünyadakı nüfuzunu daha da artırmışdır. Tolerantlığı ilə ad qazanmış Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı kimi bu gün mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verməklə qlobal səviyyədə əhəmiyyətli missiyaya malik aparıcı dövlət olduğunu növbəti dəfə sübut etdi.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 5.