O, musiqi sənətinin zirvəsini fəth edə bildi

 

NİYAZİ - 100

 

Heç "Rast" simfonik muğamını dinləmisinizmi? Yəqin ki, dinləmisinizsə qəribə hisslər də keçirməmiş deyilsiniz. Bu, böyük Niyazi sənətinin əsl möcüzəsidir. Onun əsərlərini dinləyəndə adam, həqiqətən, daxili bir qürur hissi keçirir. Onların mayasında bu xalqın ruhu dayanır. Bu əsərləri dinləyəndə azərbaycanlı olmağınla fəxr edirsən. Niyazi Azərbaycanı bütün ruhu ilə sevirdi.Yazdığı əsərlər məhz bu sevginin ruhuna köklənmişdi. Niyazi bütün dövrlərin unudulmaz sənətçisidir.

Niyazi Zülfüqar oğlu Tağızadə-Hacıbəyov 1912-ci ildə Tiflisdə anadan olub. Hacıbəyovlar nəslinin layiqli davamçısı olan Niyazinin atası Zülfüqar Hacıbəyov (1884-1950) Azərbaycanda musiqili teatrın banilərindən biri, əmisi Üzeyir Hacıbəyov (1885-1948) isə Azərbaycanda professional musiqi məktəbinin yaradıcısıdır. Çox kiçik yaşlarından ətrafında məşhur musiqi xadimlərini görən Niyazidə də musiqiyə böyük maraq oyanır. O, ilk təhsilini Bakı Musiqi Texnikumunda alır, lakin sonra təhsilini davam etdirmək üçün Moskva və Leninqrad (indiki Sankt-Peterburq) şəhərlərinə gedir.

Niyazinin ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən "Azərbaycan incəsənəti günləri"ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarına dirijorluq edərək, həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırır.

Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib.

Niyazi hələ 30-cu illərdə ciddi yaradıcılıqla məşğul idi.O, Z.Hacıbəylinin "Aşıq Qərib", Ü.Hacıbəylinin "Arşın mal alan" və s. əsərlərinin yeni redaksiyalarını hazırlamış, Azərbaycan xalq mahnılarını ("Xumar oldum", "Qaragilə", "Ay bəri bax", "Küçələrə su səpmişəm" və s.) simfonik orkestr üçün işləmiş, 1935-ci ildə "Rast" və "Şur" muğamlarını nota salmışdır. Niyazi 1934-cü ildə "Zaqatala süitası"nı yazmış, 1944-cü ildə ikihissəli "Qəhrəmanlıq" simfoniyası üzərində işini bitirmişdir. Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin təşəkkülü və inkişafında əhəmiyyətli rol oynamışdır.

Sonrakı illərdə onun yaradıcılığı daha da məhsuldar olmuşdur.Niyazinin 1942-ci ildə yazdığı "Xosrov və Şirin" operası musiqi dramaturgiyasının çoxplanlı olması, psixoloji gərginliyi, xor səhnələri və opera epizodlarının ifadəliliyi ilə fərqlənir. Onun 1949-cu ildə yazdığı "Rast" simfonik muğamı dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə harmonik dilinin əlvanlığı və ifadəliliyi ilə fərqlənir. "Rast" müəllifin idarəsi ilə bir çox xarici ölkələrdə səslənmiş, Çexiyada "Suprafon", ABŞ-da "Rikordi" musiqi şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. 1951 - 1952-ci illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru işləmiş Niyazi SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

Azərbaycan milli dirijorluq məktəbinin formalaşması Niyazinin adı ilə bağlıdır. Onun yozumunda milli bəstəkarların bir çox əsərləri, o cümlədən Ü.Hacıbəylinin "Koroğlu" operası dünya musiqisinin qızıl fonduna daxil olmuşdur. Niyazi M.Maqomayevin "Nərgiz", Q.Qarayev və C.Hacıyevin "Vətən", F.Əmirovun "Sevil", P.Çaykovskinin "Qaratoxmaq qadın", A.Borodinin "Knyaz İqor", C.Bizenin "Karmen", C.Puççininin "Bohema", B.Smetananın "Satılmış gəlin" operalarını, S.Hacıbəyovun "Gülşən", Q.Qarayevin "7 gözəl", "İldırımlı yollarla" baletlərini tamaşaya hazırlamışdır. 1959-cu ildə SSRİ xalq artisti adına layiq görülən Niyazi 1961-ci ildə S.M.Kirov adına Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunmuşdur. SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etmək o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun "Məhəbbət əfsanəsi" baletinin ilk tamaşasını hazırlamışdır. Həmçinin P.Çaykovskinin "Yatmış gözəl" və S.Prokofyevin "Daş çiçək" baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin "Qrand-Opera", Londonun "Kovent-Qarden" teatrlarında qastrol tamaşaları vermiş və böyük uğur qazanmışdır. Müqavilə əsasında xarici ölkələrdə işləmək təklifi alan dirijor ona bir azərbaycanlı kimi doğma olan Türkiyəni seçmişdir. Niyazi P.Çaykovskinin "Yevgeni Onegin" və "Qaratoxmaq qadın", C.Verdinin "Aida" operalarına Ankara Opera və Balet Teatrında, türk bəstəkarı Ə.Sayqunun "Koroğlu" operasına İstanbul Opera Teatrında ilk quruluş vermiş, onun ilk tamaşasına və "Yunus İmrə" oratoriyasına dirijorluq etmişdir.

İfaçılıq sənəti tanınmış sənətkarlar D.Şostakoviç, Ş.Q.Şarayev, K.Sekki, B.Tarcan, V.Dobiaş və b. tərəfindən yüksək qiymətləndirilən Niyazi Azərbaycana qayıdaraq Dövlət Akademik Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru təyin edilmişdir. Niyazinin "Konsert valsı" və s. simfonik əsərləri, fortepiano ilə orkestr üçün konserti klassik musiqi əsərləri hesab olunur. O, "Təbrizim", "Dağlar qızı", "Vətən haqqında mahnı", "Arzu" mahnılarının müəllifidir. Niyazi Ə.Haqverdiyevin "Dağılan tifaq", C.Cabbarlının "Almas", S.Vurğunun "Vaqif, A.Korneyçukun "Polad qartal" dram tamaşalarına, həmçinin "Almas", "Kəndlilər", "Fətəli xan" və s. kinofilmlərə yazılmış musiqilərin müəllifidir.

Niyazi hind motivləri əsasında yaratdığı "Çitra" baletinə görə 1974-cü ildə Nehru (Hindistanın ilk baş naziri olub) mükafatına layiq görülüb. Dünyanın bir sıra məşhur orkestrlərinə dirijorluq edən maestronun repertuarına Azərbaycan bəstəkarlarının (Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və s.) və dünya klassiklərinin (Pyotr Çaykovski, Cüzeppe Verdi, Corc Bize və s.) əsərləri daxil idi.

Niyazi Svyatoslav Rixter (rus pianoçusu, 1915-1997), Henrix Neyqauz (rus pianoçusu, 1888-1964), David Oystrax (rus skripkaçısı, 1908-1974) və Mstislav Rastropoviç kimi məşhur musiqiçilərin orkestrlə birgə ifasına dirijorluq edib.

Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair bir çox məqalələrin müəllifidir. O, həmçinin Azərbaycan Sovet Ensiklopediyasının redaksiya şurasının üzvü olmuşdur. 1979-cu ildə Niyazi Azərbaycan Dövlət Filarmoniyasının direktoru təyin olunmuş, 1982-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Fəaliyyəti dövründə Niyazi 2 dəfə Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, "Şərəf nişanı" ordenləri, Bolqarıstanın KirillMefodi ordeni, Macarıstanın B.Bartok adına medalı ilə təltif edilmiş, 1982-ci ildə Tbilisinin fəxri vətəndaşı seçilmişdir.

Ölməz bəstəkarımız Qara Qarayevin bir fikri yada düşür: "Mən əsərlərimin Niyazinin dirijorluğu ilə ifasından çox məmnun olurambaşqa bir dirijor arzulamıram". Əlbəttə, maestro Niyazi haqqında buna bənzər fikirlər çoxdur. O, Azərbaycan bəstəkarlarının əsərlərini bütün dünyada tanıdaraq onların təbliğində xüsusi rol oynayıb. Bununla yanaşı, o, Qərb və rus bəstəkarlarının əsərlərinə də eyni dərəcədə professionallıqla dirijorluq edib. Niyazinin adı dünya şöhrətli dirijorlarla yanaşı çəkilir.

Bizə belə gəlir ki, xalq artisti, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin də Niyazi haqqındakı fikirləri oxucularımız üçün maraqlı olar. O deyir: "Niyazini Azərbaycanda və keçmiş SSRİ məkanında tanımayan insan yox idi. Kim onu səhnədə görübsə, bu gün də unutmayıb. Ona görə ki, bu parlaq insan, şəxsiyyət o qədər yüksək səviyyəli musiqiçi idi ki, onun ifası insanlara o qədər böyük təəssürat bağışlayırdı ki, bunu unutmaq mümkün deyil. Niyazinin repertuarı çox zəngin idi. Mən onun haqqında Sabir Kərimovun kitabına nəzər salanda orada elə əsərlərin adına rast gəldim ki, bunlar məni çox valeh etdi. Çünki həddən ziyadə yüksək musiqi nümunələridir. Onlar Niyazinin interpretasiyası ilə səslənib. Skryabinin "Ekstaz" poeması, Taneyevin "İohan Domoskin" əsəri və s. Bunları vaxtilə Niyazi Azərbaycanda ifa edib. Bu əsərlərə az-az müraciət olunurdu.

Bir faktı da mütləq qeyd etməliyəm ki, bu da sırf Niyazinin xidməti ilə bağlıdır. 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hər cümə günü Filarmoniyada simfonik musiqi axşamları keçirilirdi. Bu konsertlərin təşkili, repertuar seçimi və idarə olunması birbaşa Niyazinin ideyalarına əsaslanırdı. O, konsertlərdə dünya klassik nümunələri ilə yanaşı, Azərbaycan bəstəkarlarının əsərlərini də böyük şövqlə ifa edər və öz parlaq dirijor məharəti ilə hamını heyran qoyardı. Onun barəsində çox danışmaq olar. Azərbaycan musiqi mədəniyyəti tarixində Niyazinin yeri əvəzolunmazdır".

Doğrudan da, Niyazi bu xalqa Tanrının bəxş etdiyi ən qiymətli sərvət idi. Onun əziz xatirəsi Azərbaycan xalqı, sənətsevər insanlar tərəfindən həmişə xoş ovqatla yad ediləcəkdir.

 

 

M.MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.- 2012.- 18 avqust.- S. 5.