Azərbaycan - regionun lider dövləti
1994-cü
ildə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycan
neftinin dünya bazarlarına çıxarılması
üçün bazis rolunu oynadı. 1996-cı ildə
Bakı-Novorossiysk, 1999-cu ildə Bakı-Supsa ixrac neft kəmərlərinin
istismara verilməsinə və Bakı-Tbilisi-Ceyhan əsas
ixrac neft kəmərinin inşası ilə bağlı
sazişin imzalanmasına,beləliklə də ixrac
marşrutlarının diversifikasıyasına nail olundu.
Ümummilli liderimiz Heydər Əliyevin 1999-cu ildə
imzaladığı fərmanla neft yataqlarının xarici
şirkətlərlə birgə işlənməsindən əldə
edilən mənfəət neftinin satışından daxil
olan vəsaitlərin səmərəli idarə edilməsi, həmin
vəsaitlərin prioritet sahələrin inkişafına və
sosial -iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb
edən layihələrin həyata keçirilməsinə yönəldilməsini
təmin etmək üçün Azərbaycan Respublikası
Dövlət Neft Fondu (ARDNF) yaradıldı. Sahibkarlığı
inkişaf etdirmək, əlverişli biznes və investisiya
mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək,
qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə
həyata keçirilən iqtisadi siyasətin səciyyəvi
xüsusiyyətlərindəndir . Həyata keçirilmiş
məqsədyönlü tədbirlər nəticəsində
Azərbaycanda sahibkarlar təbəqəsi
formalaşmış,özəl sektorun ölkənin
sosial-iqtisadi inkişafında rolu daha da artmışdır.
Ulu
öndər Heydər Əliyevin müdrik rəhbərliyi ilə
müstəqilliyin ilk illərində baş vermiş iqtisadi tənəzzülün
qarşısı müvəffəqiyyətlə
alındı və 1995-ci ildən Azərbaycanda keçid
dövrünün yeni mərhələsi-bərpa və
dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər
ərzində ümumi daxili məhsul 90,1faiz, dövlət
büdcəsinin gəlirləri 3 dəfə, ölkənin
valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi
25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi
53,9 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə
artdı.
Azərbaycan
Respublikası dövlət müstəqilliyini qazandıqdan
sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən
biri beynəlxalq maliyyə-kredit institutları ilə əlaqələri
sürətləndirmək və əməkdaşlığın
qurulması olmuşdur. Ölkə 1992-ci ildə Beynəlxalq
Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və
İnkişaf Bankına, İslam İnkişaf Bankına,
1999-cu ildə isə Asiya İnkişaf Bankına üzv
olmuşdur.
Bildiyimiz
kimi, Azərbaycanın xarici iqtisadi siyasəti SSRİ-nin tərkibində
olduğu 70 il ərzində çox məhdud çərçivədə
qurulmuş,əlaqələr yalnız 15 respublika, xüsusilə
Xəzəryanı ölkələrlə mövcud idi.
İnzibati amirlik sistemi o zaman ölkə iqtisadiyyatının
çoxşaxəli inkişafının
qarşısını alır və yalnız bir mərkəzdən
idarə edilməklə nəzarətdə saxlanılır,
üstəlik də əsas gəlir mərkəzə
(Moskvaya) göndərilirdi. Müstəqillik əldə etdikdən
sonra bu problem çözüldü və dünyanın əksər
ölkələri ilə iqtisadi-siyasi əməkdaşlığımız
reallaşdı.
Prezident
İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi,
uğurlu daxili və xarici siyasət nəticəsində bu
gün respublikamız bir çox sahədə idxalçı
ölkədən, ixrac edən ölkəyə
çevrilmişdir. Bir vaxtlar mağazalarda satılan ərzaq
məhsullarının əksəriyyəti xaricdən idxal
olunurdusa, indi vəziyyət bunun əksinədir. Əksər
satış məhsulları yerli istehsalın payına
düşür. Bu da ölkədə yeyinti sənayesinin və
yüngül sənayenin yüksək inkişafının
sübutudur. Bundan əlavə, ölkəmizdə ümumilikdə
sürətli inkişaf xüsusilə tikinti sənayesində
özünü qabarıq göstərməkdədir. Cənubi
Qafqazda yaxın qonşularımızın heç birində
belə genişmiqyaslı qlobal inkişaf layihələri
mövcud deyil. Bu da respublikamızın həqiqətən
"çiçəklənmə dövrünü"
yaşadığını göstərən mühüm
amildir. Təsadüfi deyildir ki, beynəlxalq sorğu
institutlarının hesabatlarında Azərbaycan inkişaf
tempinə görə lider ölkələrdən hesab edilir.
Bu, beynəlxalq mətbuatda da öz əksini tapır. Məsələn
Argentinanın nüfuzlu "Telam" qəzeti yazır:
"9,2 milyon əhalisi, ümumi daxili məhsulu 64,4 milyard
dollar (adambaşına 7 min dollar) olan Azərbaycan karbohidrogen
ixracı ilə hazırda geniş iqtisadi ekspansiya yaşayan və
böyük strateji potensialı olan bazara malik ölkədir".
Məqalədə həmçinin Azərbaycanın uğurlu
coğrafi mövqeyi və malik olduğu böyük maliyyə
imkanları sayəsində Qafqaz, Mərkəzi Asiya və Xəzər
hövzəsi bazarlarına da çıxışı
olduğu qeyd edilir.
Bundan
savayı, Britaniyada çıxan dünya şöhrətli
"The Lawyer" jurnalında Azərbaycanın
inkişafı haqqında məqalə dərc olunmuşdur. Məqalənin
müəllifi Daniel Metyus qeyd edir ki, Azərbaycan neftlə zəngin
ölkədir. Bu ilin may ayında Bakıda keçirilmiş
"Eurovision-2012" mahnı müsabiqəsi Azərbaycanın
nüfuzunun artmasına kömək etmiş və dünyaya
göstərmişdir ki, Bakını məşhurlaşdıran
təkcə neft deyildir.
Məqalədə
deyilir: "Hətta indiyə qədər bu ölkənin xəritədə
yerini də bilməyən adamlar "Eurovision-2012"
mahnı müsabiqəsi sayəsində hazırda Azərbaycan
haqqında çox şey bilirlər. Müsabiqə ölkənin
imicini artırmış və onun böyük turizm
potensialına malik olduğunu göstərmişdir. Hazırda
Azərbaycan hökuməti bu potensialı inkişaf etdirmək
istiqamətində iş aparır".
D.Metyus
ölkəmizin neft-qaz sektorunda çalışan
aparıcı əcnəbi biznesmenlərdən müsahibələr
götürmüşdür.Müəllif yazır: "Xarici
investisiyaların 90 faizi hələ də neft-qaz sektorunun
payına düşür.Azərbaycan hökuməti bu ölkəni
xarici sərmayədarlar üçün daha cəlbedici etmək
istiqamətində addımlar atır".
Azərbaycanın
dinamik inkişafını işıqlandıran dünya mətbuatı
bununla bitmir. Bu sıradan İsveçrənin
tanınmış "Swiss style" jurnalını xüsusi
qeyd etmək lazımdır. Jurnalın Davosda keçirilən
41-ci Dünya İqtisadi Forumuna həsr olunmuş xüsusi
buraxılışında Azərbaycan haqqında geniş məqalə
dərc edilib. Məqalədə ölkəmizdə gedən
sürətli inkişaf prosesləri təhlil olunur və
uğurlu islahatlardan bəhs edilir. Bildirilir ki, Azərbaycan
iqtisadi inkişaf dinamikasına görə dünyanın
sürətlə inkişaf edən ölkələrindən
biri olaraq qalır. 2009-cu ildə Azərbaycan iqtisadiyyatı
9,3 faiz,ötən il isə 5 faiz artmışdır. Ölkədə
qeyri-neft sektorunun inkişafı istiqamətində
mühüm işlər görülür,təhsil,səhiyyə,
informasiya texnologiyaları,nəqliyyat sahələrində
uğurlu islahatlar aparılır. Dünya İqtisadi Forumu tərəfindən
2010-2011-ci illər üçün hazırlanmış "
Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan MDB
ölkələri arasında birinci, makroiqtisadi sabitlik alt
indeksi üzrə isə 139 ölkə arasında 13-cü
yeri tutmuşdur. Məqalədə bu uğurların məhz
Prezident İlham Əliyevin yürütdüyü siyasətin
nəticəsi olduğu vurğulanır.
Azərbaycanın
getdikcə artan hərbi və iqtisadi qüdrəti
düşmən Ermənistanı qorxuya salmışdır.
Bu barədə Ermənistan prezidenti S.Sarkisyanın fikirləri
buna sübutdur. 2011-ci ildə İrəvanda keçirilən
"Cənubi Qafqazda təhlükəsizlik dinamikası"
adlı beynəlxalq konfransda Ermənistan prezidenti Azərbaycanın
hərbi potensialının artmasından narahat
olduqlarını bildirib: "Azərbaycanın sürətlə
silahlanması yalnız Ermənistan üçün deyil, daha
geniş bir məzmunla bölgə təhlükəsizliyi
baxımından narahatlıq doğurur. Cənubi Qafqazda
baş verən geosiyasi hadisələr, regional və bölgə
xarici güc mərkəzlərinin mənfəətlərinin
sintezi və ya rəqabəti mürəkkəb vəziyyət
yaradır. Bütün bunlar bölgə üçün əlavə
imkanlarla yanaşı, mənfi fəsadlar da yaradır".
O, əlavə
edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
ilə Minsk qrupu məşğul olur.
Bundan
başqa, Sarkisyan Ermənistanın bir sıra enerji layihələrindən
kənarda qaldığını da
çıxışında etiraf etmiş və
düşmüş olduqları iqtisadi blokada şəraitindən
narazıçılığını dilə gətirmişdir.
Təbii ki, burada Sarkisyanın Azərbaycanı
silahlandığı üçün bölgəyə təhlükə
sayması və ittiham etməsi özünün və
dövlətinin cinayətkar əməllərini
ört-basdır etmək və ya diqqəti yayındırmaq
üçün sərsəmləməkdən başqa bir
şey deyildir.
Cənubi
Qafqazın lideri və regional-qlobal layihələrin əsas təşəbbüskarı
və iştirakçısı olmaqla Azərbaycan təkcə
özünün deyil, qonşu dövlətlərin də
inkişafına bilavasitə yardımçı olan dövlətə
çevrilmişdir. Bu gün qonşu Gürcüstanın Azərbaycanla
əməkdaşlığının yüksək olması
bu ölkə üçün geniş imkanlar
açmış və o qədər də varlı olmayan bu
ölkənin əhalisinin rifahını xeyli
yaxşılaşdırmış, ümumilikdə ölkənin
inkişafını sürətləndirmişdir. Qardaş Türkiyənin
də Azərbaycanla neft-qaz və əksər iqtisadi layihələrdə
yaxından iştirak etməsi bu ölkə üçün
geniş imkanlar açmış,transmilli iş birliyində
onun təsir imkanlarını xeyli artırmışdır.
Rusiya kimi nəhəng ölkə də Azərbaycanla əməkdaşlığını
artırır və ölkəmizə bir çox iqtisadi sahələrdə
bərabərşüquqlu tərəfdaş kimi
yanaşır.
Ermənistandan
fərqli olaraq Azərbaycan hansısa dövlətin forpostu
yox, tərəfdaşıdır və onun regionda real güc
mərkəzinə çevrilməsini böyük dövlətlərin
liderləri də təsdiqləyirlər. Bu barədə
dünyanın super dövləti olan ABŞ Prezidenti Barak
Obamanın ölkəmiz haqqında söylədikləri
respublikamıza verilən ən böyük qiymətlərdən
biridir. O vurğulayır: "Azərbaycan regionda ən
çox uğurlar qazanan və ən nüfuzlu ölkələrdən
biridir. Azərbaycan həm Qafqaz, həm Xəzər hövzəsi
regionunun aparıcı ölkəsi olmaqla çox
mühüm geostrateji mövqeyə malikdir". Bu barədə
maraqlı fikirlərdən biri də Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinə məxsusdur. O
demişdir: "Rusiya və Azərbaycan MDB daxilində ən
yüksək iqtisadi inkişaf tempinə malik ölkələrdir.".Bütün
bu faktlar ölkəmizin regionda söz və güc sahibi
olduğunu təsdiqləyir və böyük dövlətlərin
Azərbaycanın bu bölgənin lideri olduğuna dəlalət
edir.
Prezident
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012
-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
dair iclasında səsləndirdiyi fikirlər olduqca önəmli
xarakter daşıyır. Ölkə
başçısının vurğuladığı kimi, BMT
Təhlükəsizlik Şurasına ölkəmizin qeyri-daimi
üzv seçilməsi Azərbaycan tarixində ilk hadisə
idi. Millətlərin taleyüklü məsələlərinin
həllində Azərbaycanın söz sahibi olması iftixar
hissi ilə yazılmalı tarixi hadisədir. Bundan savayı,
üstəlik bir ay müddətində Təhlükəssizlik
Şurasına sədrlik etməyimiz ölkəmizə
göstərilən yüksək etimadın nəticəsidir.
Cənab Prezident bildirir: "Bu ilin may ayında Azərbaycan
tarixdə ilk dəfə olaraq BMT Təhlükəsizlik
Şurasına sədrlik etmişdir. Bu, tarixi hadisədir.
Dünyanın bir nömrəli təşkilatına bir ay ərzində
Azərbaycan sədrlik etmişdir və əlbəttə ki,
bu dövr daim bizim tariximizdə qalacaqdır. Azərbaycanın
artan nüfuzu,imici,imkanları,gücü bax, bu
reallıqları mümkün etmişdir. Təhlükəsizlik
Şurasının yeni üzvü kimi Azərbaycan
bütün məsələlərdə öz prinsipial
mövqeyini nümayiş etdirir və bu mötəbər təşkilata
üzv olduqda, bəyan etdiyim kimi, Azərbaycan Təhlükəsizlik
Şurasında ədalətli və beynəlxalq hüququ
müdafiə edir.Təsadüfi deyil ki, bu gün Azərbaycan
dünyanın qlobal məsələləri ilə
bağlı çox fəal və geniş müzakirələr
aparır, biz dünyanın aparıcı ölkələri
ilə daim təmasdayıq və bizim prinsipial mövqeyimiz
qiymətləndirilir."
Beləliklə,
bu gün sürətlə inkişaf edən, dünyada
sülhün qorunmasında prinsipial mövqeyi ilə fərqlənən
müstəqil Azərbaycan Respublikası bütün parametrlərinə
görə Qafqazda dominantlıq haqqını qazanmış
dövlətdir.
Anar TURAN
Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 1.