XXX London Yay Olimpiadasında Azərbaycanın qazandığı uğurlar bu ölkədə idmanın yüksək səviyyəsindən xəbər verir

 

Londonda Yay Olimpiadasında Azərbaycanın qazandığı tarixi qələbə "Odlar yurdu"nun beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasına və nüfuzunun daha da artmasına səbəb olmuşdur. Həqiqətən də bu yarışlarda biz möhtəşəm uğur qazanmışıq.

Azərbaycan idmançıları komandalar hesabında 175 ölkəni geridə qoyaraq mübarizəyə qoşulan 205 ölkə arasında 30-cu yerdə qərarlaşmış, yarışları Avropa dövlətləri arasında 15-ci, keçmiş sovet respublikaları arasında isə 5-ci mövqedə başa çatdırmışdır. Mübarizəyə qoşulan ölkələrin yalnız 35-nin nümayəndələri ikidaha çox qızıl mükafat qazanmışlar ki, onlardan biri də, artıq dünyada idman ölkəsi kimi şan-şöhrət qazanmış Azərbaycandır. Bu, hər bir azərbaycanlıya böyük qürur bəxş edir, respublikamızın bütün sahələrdə uğurlu yüksəlişini dünyaya nümayiş etdirir.

Mötəbər idman yarışlarında Azərbaycanın misilsiz nailiyyətlər əldə etməsi dünyada böyük əks-səda doğurmuşdur. XXX London Yay Olimpiadası başa çatdıqdan və ölkəmizin medal qazanmış 85 ölkənin nəticələrini əks etdirən cədvəldə bir çox dövləti, o cümlədən İsveçrə, Norveç, Kanada, İsveç, Meksika, Argentina, Belçika, Finlandiya, Bolqarıstan, Portuqaliya, Yunanıstan, Hindistan, Malayziya, İndoneziya kimi ölkələri qabaqladığı məlum olduqdan sonra elektron poçtumuza onlarla təbrik mesajları gəlmişdir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən qonşu dövlətlərdən, həmçinin qardaş Türkiyədən gələn həmin məktublarda Azərbaycan idmançılarının ünvanına ən xoş ifadələr səsləndirilir, ölkəmizin iqtisadiyyat sahəsində olduğu kimi, idmanda da möcüzələr yaratdığı vurğulanır.

Poçt ünvanımıza gələn məktublar arasında qardaş Türkiyənin nüfuzlu "Yeni Asya" qəzetinin şöbə müdiri Rüşdü Altınər tərəfindən göndərilmiş məktub daha çox diqqətimizi cəlb etdi. Azərbaycanın qazandığı möhtəşəm qələbə münasibəti ilə bizi təbrik edən hörmətli həmkarımız ölkəmiz barədə ən xoş arzularını ifadə edir. Məsələnin aktuallığını nəzərə alaraq "Yeni Asya" qəzetinin şöbə müdiri Rüşdü Altınərin bizə ünvanladığı məktubu oxucularımıza təqdim edirik:

- Hər kəsə məlumdur ki, mötəbər idman yarışı olan XXX London Yay Olimpiadasının gedişionun nəticələri bütün dünya tərəfindən maraqla izlənilir. Bu da təsadüfi deyil. Çünki ölkələr öz hərbi, siyasi, iqtisadi qüdrətini müxtəlif müstəvilərdə ifadə etdikləri kimi, idman sahəsində nailiyyətlərini də göstərir, öz güclərini olimpiya oyunlarında nümayiş etdirir, dövlət bayraqları yüksəklərə qaldırılır, səsləndirilən dövlət himnləri bütün dünya tərəfindən eşidilir və nəticə etibariylə uğur qazanan komandaların mənsub olduqları ölkələr beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur. Mən hədsiz dərəcədə sevinirəm ki, sonuncu olimpiya oyunlarında dost, qardaş can Azərbaycan da liderlər siyahısında yerini aldı, Azərbaycanın üçrəngli möhtəşəm bayrağı 10 dəfə yüksəklərə qaldırıldı, dünyadakı bütün insanlar 2 dəfə Azərbaycan Respublikasının Himnini dinlədilər. Bu, böyük uğurdur, möhtəşəm qələbədir. Deyərdim ki, dövlətlərin savaşda qazandığı qələbələrdən daha böyük uğurdur. Çünki savaşlarda qələbələr qan, göz yaşı, acılar hesabına qazanılır. Ancaq idmanda qazanılan nailiyyətlər çalışmaqla, dostcasına yarışmaqla əldə olunurbütün dünya tərəfindən alqışlanır, ölkələrin mütləq üstünlüyü, hərbi, siyasi, iqtisadi gücünün tərənnümü kimi qəbul edilir.

XXX London Yay Olimpiadasının nəticələrinə nəzər yetirdikdə diqqətimi bir məsələ də cəlb etdi. 30-cu mövqeni qazanan Azərbaycan Respublikasının cəmi 21 illik müstəqillik tarixi var, həmçinin əhalisinin sayı və ərazisi də digər ölkələrə nisbətən xeyli azdır. Lakin buna baxmayaraq, qardaş dövlətimiz 175 ölkəni geridə qoyaraq, mən deyərdim ki, zirvəyə çatıb. 175 rəqəmi bəlkə də hansısa əşya sayılanda sizə az say təsiri bağışlayar, ancaq 175 ölkə dedikdə, bunun nə qədər böyük mahiyyət daşıdığını izah etməyə söz tapmaq mümkün deyil. Ərazisinin böyüklüyünə görə dünyanın 7-ci ən böyük ölkəsi olan və əhalisinin sayı 1 milyardı çoxdan keçən Hindistan siyahıda 55-ci yerdə, yenə ərazisinə görə 16-cı yerdə qərar tutan, əhalisinin sayı 230 milyonu keçən İndoneziya 66-cı yerdə qərar tutduğu halda, Azərbaycan 30-cu yerə yüksəlmiş, hətta, bu zaman 32-ci yerdə qərarlaşan 75 milyonadək əhalisi olan, dünyanın ən böyük 16-cı iqtisadiyyatına, NATO-nun ən böyük 2-ci ordusuna sahib olan Türkiyəni də geridə qoymuşdur. Təbii ki, biz də istərdik ki, Azərbaycan kimi ön sıralarda yer alaq, lakin qardaş ölkənin nəhəng sıçrayışla dünyanın böyük ölkələrinin öndərliyində yer alması da bizi hədsiz dərəcədə sevindirdi, can Azərbaycanla bir daha qürur duymağımıza, onunla fəxr etməyimizə səbəb oldu.

Olipiadada da qızıl medal qazanan azərbaycanlı pəhləvanın Azərbaycan bayrağı ilə yanaşı Türkiyənin bayrağını da əllərində yüksəklərə qaldırmasını sevinc göz yaşları içərisində izlədik, bununla qürur duyduq, "Odlar yurdu"na olan sevgimiz, sayqımız daha da artdı. Türkiyə ictimaiyyəti bir daha azərbaycanlı qardaşlarımızın qardaşlığa, dostluğa sədaqətli olduğunu gördü, Azərbaycan türklərinin hər yerdə, o cümlədən yarış meydanında öz ölkələri ilə yanaşı Türkiyənin də şərəfini uca tutduqlarının şahidi oldu.

Burada bir haşiyə çıxaraq qeyd etmək istərdim ki, "Eurovizion-2011" mahnı müsabiqəsi yekunlaşanda qələbə qazanan azərbaycanlı təmsilçilər səhnəyə çıxarkən də biz eyni mənzərəni gördük. Azərbaycanlı qalib Nigar Camalın əlində Azərbaycan bayrağı ilə yanaşı Türkiyənin də bayrağı var idi. Bu hadisə də bizim ölkədə böyük coşğu ilə, sevinclə qarşılandı. Çünki bayraq bir millətin, dövlətin əsas simvolu, rəmzi, onun şərəfi, namusu, hər şeyidir. Əgər bir azərbaycanlı öz dövlətinin bayrağı ilə yanaşı Türkiyənin də bayrağını yüksəklərə qaldırırsa, bu o deməkdir ki, həmin qardaşımız və onun timsalında Azərbaycan xalqı Türkiyəni doğma Vətəni hesab edir, türk xalqına böyük məhəbbət bəsləyir. Biz hədsiz dərəcədə sevinirik ki, bu gün müstəqil Azərbaycan dövləti var və 21 illik müstəqillik tarixinə malik olan həmin dövlətimiz son illər dünyada möhtəşəm uğurlara imza atır, günəş kimi parlayır, hər tərəfə nur saçır. Azərbaycanda keçirilən "Eurovizion-2012" mahnı yarışması bunu bir daha təsdiq etdi. Can Azərbaycan bu mötəbər tədbiri Avropanın qabaqcıl dövlətlərindən də yüksək səviyyədə keçirdi. Yarışmanın keçirildiyi möhtəşəm "Kristall Zal"ın gözəlliyi hər kəsi heyran etdi. Beynəlxalq ictimaiyyət gördü ki, mustəqil Azərbaycan Respublikası ötən illər ərzində əsaslı nailiyyətlər əldə edib, iqtisadi cəhətdən xeyli güclənib, dünyanın aparıcı ölkələri sırasına daxil olub. Möhtəşəm gözəlliyə malik olan Bakı şəhəri də bu yüksəlişin simvolu kimi yaddaşlarda qaldı.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, bu gün Cənubi Qafqaz iqtisadiyyatının 80 faizi məhz Azərbaycanın payına düşür. Birmənalı şəkildə deyə bilərəm ki, Azərbaycan bütün sahələr üzrə Cənubi Qafqazın lider dövlətidir. Bu gün Azərbaycan dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən 15 dövlət arasında yer almışdır. Keçən il qardaş ölkə BMT-yə üzv olan 193 dövlətdən 155-nin dəstəyini qazanaraq mötəbər qurumun Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Mən indiyədək hər hansı bir dövlətin eyni vaxtda dünyadakı bu qədər ölkənin dəstəyini qazandığını xatırlamıram. Bu, qeyri-adi nailiyyətdir, beynəlxalq ictimaiyyətin böyük etimadıdır, dəstəyidir. Bu onu göstərir ki, Azərbaycanın yürütdüyü xarici siyasət uğurludurmüasir qlobal çağrışlara tam cavab verir. Bu, həm də onu göstərir ki, Azərbaycan Respublikası böyükuğurlu yol qət edərək qüdrətli ölkələr sırasına daxil ola bilib.

Nəhayət, bütün bunlarla yanaşı, bu gün Azərbaycan idmançıları ölkənizin beynəlxalq aləmdəki imicini daha da yüksəldərək, XXX London Yay Olimpiya Oyunlarında ikisi qızıl olmaqla, on medalla Vətənə qayıtmışlar. Bu da növbəti böyük nailiyyətdir. Araşdırmalarım nəticəsində belə qərara gəldim ki, əslində, Azərbaycan idmançılarının Londonda uğur qazanacağı gözlənilən idi. Çünki "Xalq qəzeti"nin İnternet saytından bu barədə məlumatlara nəzər yetirərkən, oxudum ki, son illər həqiqətən də Azərbaycanda idman sahəsində böyük irəliləyişlər əldə olunmuş, idmançılarınızın uğurları nəzərəçarpacaq dərəcədə artmışdır. Məsələn, "Xalq qəzeti"ndə yayınlanan bir məqalədə qeyd olunur ki, 1996-cı ildə Atlanta Olimpiadası ərəfəsində keçirilən beynəlxalq yarışlarda idmançılarınız 71, Sidney Olimpiadası ərəfəsində 146, Afina Olimpiadası ərəfəsində 262, Pekin Olimpiadası ərəfəsində 467, London Olimpiadası ərəfəsində isə 835 medal qazanıblar. Deməli, artım dinamikasına əsasən Londonda qazanacağınız medalların sayı daha çox olacaqdı və belə də oldu. Digər bir fakta nəzər yetirək. Pekin Olimpiadasında Azərbaycan 44 lisenziya qazanaraq 11 idman növündə təmsil olunurdusa, Londonda 53 lisenziya ilə 16 idman növündə təmsil olundu. London Olimpiadasında Azərbaycan müstəqillik tarixində ilk dəfə olaraq beş yeni - kanoe, akademik qayıqlarda avarçəkmə, velosiped idmanı, idman gimnastikası və qılıncoynatma idman növlərində də təmsil olundu. Pekində Azərbaycanı bir hakim təmsil edirdisə, Londona beş hakim yarışların idarəçiliyinə cəlb olundu. Müstəqil respublikanızın Olimpiya oyunlarında cəmi 5 dəfə iştirak etməsinə baxmayaraq, Londonda 10 medal qazandınız və Azərbaycanın dünyanın inkişaf etmiş idman ölkəsi olduğunu sübut etdiniz.

İdmançılarınızın London Olimpiadasında qazandığı uğurlar Azərbaycanda vətənpərvərlik ruhunun yüksəlməsinə də zəmin yaradır. Deyə bilərəm ki, qazanılan bütün uğurlar dövlətlə xalqın sıx birləşməsinə və birgə gücün ifadə edilməsinə işarədir. Ümumilikdə, idmançılarınızın zəfərləri milli inkişafa təkan verən vacib amildir. Hər bir Azərbaycan türkü, gənci öz ölkəsinin güclü olduğunu dərk etdikcə, əlbəttə ki, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də qələbə qazanacağınıza ictimai inamı daha da artırır. Bununla bərabər, Azərbaycan hər dəfə bir möhtəşəm uğura imza atanda dünya erməniliyi daha da sarsılır, işğalçı Ermənistan dövləti kimin torpaqlarını işğal etdiyinibunun hansı nəticələr doğura biləcəyini daha yaxşı dərk edir.

Sonda onu qeyd etmək istərdim ki, bu gün dünyada gedən qlobal inteqrasiya proseslərinin sürətləndirilməsindəki əhəmiyyəti, irqindən, dinindən asılı olmayaraq, müxtəlif millətlərin nümayəndələrini bir araya toplayaraq onların ədalətli oyun prinsipləri əsasında idman mübarizəsinə qoşulmasını təmin etməsi ilə seçilən Olimpiya oyunları beynəlxalq həyatın ən möhtəşəm və mötəbər bir tədbiridir. Bu tədbirdən heç bir dövlət kənarda qalmır, hamı olimpiya oyunlarında layiqincə təmsil olunmağa, qələbə qazanmağa çalışır. Əminliklə demək olar ki, Azərbaycan bu məsələdə böyük uğura imza atdı, qələbəyə nail oldu. Azərbaycanın uğuru, Azərbaycanın qələbəsi bütün türk dünyasının sevinc, qürur mənbəyidir. Fürsətdən istifadə edib, bütün qardaşlarımın Ramazan bayramını səmimi qəlbdən təbrik edirəm. Biz qüdrətli Azərbaycan Respublikası ilə fəxr edirik.

P.S. Əziz qardaşımız və həmkarımız Rüşdü Altınərin ölkəmiz haqqındakı təqdiredici fikirlərini böyük məmnunluqla qarşılayır və ona xatırladırıq ki, bizim - Türkiyə ilə Azərbaycanın medallarını eyni yerdə saymaq ixtiyarımız var. Elə sayanda isə bizim əslində, 15 medalımız olduğunu görürük. Türkiyə ilə Azərbaycanın qızıl və gümüş medalları isə eyni saydadır.

 

 

Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 3.