N.Nərimanov: "Heç kim
güllələnməsin..."
Azərbaycanı başdan-başa qarət
edirlər, sağa və sola güllələyirlər.
İşlərlə tanış olduqdan sonra mən
İnqilab Komitəsinin Rəyasət Heyətinin
iclasını təyin etdim və o zaman faktiki olaraq hər
şeyi idarə edən Semyon Pankratovu dəvət etdim. Mən
belə bir məsələ qoydum ki, İnqilab Komitəsinin
sanksiyası olmadan heç kim güllələnməsin.
Mirzə Davud Hüseynov və Əliheydər
Qarayev bunun əleyhinə çıxdılar. Beləliklə,
hər şey əvvəlki kimi davam edirdi... Bütün
bunların müəllifi, onlardan daha ağıllı
olduğu üçün A.Mikoyan sayılır.
Çevriliş baş verdikdən sonra A.Mikoyan dedi: "Biz Nərimanovu
İnqilab Komitəsinin sədri seçərik və onu elə
mühasirəyə alarıq ki, o çox da öz
nüfuzundan istifadə edə bilməsin, o bizim təsirimiz altında
olsun".
Nəriman Nərimanov "Ucqarlarda
inqilabımızın tarixinə dair" (İ.V.Stalinə məktub)
kitabı, səh. 17-26.
Nahardan bir az keçmiş Azərbaycan
Xalq Komissarı Soveti sədri Nəriman Nərimanovun qəbuluna
XI ordu siyasi idarəsinin xüsusi şöbə rəisi
Semyon Pankratov gəldi. Boz üzlü qovluğu açıb
böyük bir siyahını stolun üstünə qoydu. Nərimanov:
"Bu nə siyahıdır?" - deyə soruşanda
Pankratov dedi:
- Bunlar fəhlə və kəndli
düşmənləridir, dedi. - Tanış ola bilərsiniz,
hər biri dindirilib, onlardan izahat alınıb. Sübut olunub
ki, bunların hamısı güllələnməlidir.
Siyahını vərəqləyən
İnqilab Komitəsinin sədri təəccüblə
soruşdu:
- Yoldaş xüsusi şöbə rəisi,
bu 99 adamın günahı nədir?
Yerində dikələn Pankratov həyasızcasına
dedi:
- Axı, mən sizə dedim ki, onlar burjuydurlar...
Yoldaş Nərimanov, siz məhz kimi soruşursunuz?
- Elə Hacıbəyovu, ya da general
Mehmandarovu, Şixlinskini, Xosrov bəy Sultanovu, Mahmudbəyov
qardaşlarını, hansı birini deyim?..
- Generallar Müsavat vaxtı hərbi
nazirliyə rəhbərlik edəndə bizə, Rusiyaya
qarşı silah qaldırıblar. Hacıbəyov isə
yazdığı felyetonlarında biz rusları lağa qoyub. Mənə
qəzet gətirdilər, oxuyub tərcümə etdilər.
Hacıbəyovun orada çoxlu məqaləsi dərc olunub.
Rusiyadakı bolşevik hökumətini ələ salıb
gülür. O yazır ki, Lenin hökuməti ilə
keçmiş Nikolay hökuməti arasında heç bir fərq
yoxdur. İkisi də bir benzin qırağıdır. Mən qəlbən
rusun düşməniyəm. Türkçülüyə rəğbətim
isə əbədidir. Yoldaş Nərimanov, o hətta Azərbaycanın
sadiq bolşeviki Əliheydər Qarayev yoldaşı da lağa
qoyur.
- Siz bilirsinizmi felyeton janrı nədir, necə
yazılır? Felyeton ona görə yazılır ki,
insanın qüsurunu üzünə desin, səhvi olan
adamı, düz yola qaytarsın. Görünür, yoldaş
Qarayevin də haradasa səhvi olub. Burda cinayət tərkibli
heç nə yoxdur. Yoldaş Hacıbəyov sağlam ruhlu
ziyalıdır. Mən onu yaxşı tanıyıram. O ki,
qaldı generallara, onlar hərbi nazir və müavin vəzifəsinə
ona görə qoyulmuşdurlar ki, Vətəni qorusunlar. Bu,
onların vəzifə, vətəndaşlıq borcu idi. Onlar
qaçaq-quldur deyildilər...
- Hansı Vətəni?.. Bu generallar bizim
Azərbaycanda qurduğumuz bolşevik hökumətini sevmirlər.
General Şıxlinski "Hansı siyasi partiyanın və ya
inqilabın mənafeyini müdafiə edirsiniz?" sualına
cavab verdi ki, hər bir inqilaba əks-inqilab kimi
yanaşıram, heç vaxt belə şeylərə
qoşulmamışam... Onun naziri Mehmandarov isə həmin
suala belə cavab verdi: "Bütün ömrüm boyu mən
hər cür siyasətdən uzaq olmuşam".
Nəriman Nərimanov:
- Onlar düz fikirləşir və düz
də cavab veriblər, - dedi. - Ona görə ki, onlar hərbçidilər.
Axı, bunu siz bilməlisiniz. Hərbçi, paqon gəzdirən
şəxs heç bir cəmiyyətin, partiyanın
üzvü ola bilməz. Bu barədə hərbi nizamnamədə
xüsusi qeyd olunub. Mənə verilən məlumata görə
siz keçmişdə hərbi dəniz qüvvələrində
xidmətdə olmusunuz. Matrossunuz. Elədir?
Pankratov şəstlə:
- Bəli, - deyə cavab verdi. - Odessada xidmətdə
olmuşam... Dərhal da susdu. Az qaldı desin ki,
ağqvardiyaçıyam. Çünki Qırmızı
orduya gələnə qədər həmişə, hər
yerdə ağqvardiyaçı olmağı ilə fəxr
edirdi. Ağqvardiyaçılar Rusiya ərazisindən
qovulandan sonra o, fürsət tapıb bolşevik ordusuna
soxulmuşdu. Bunu orduda çox az adam bilirdi.
- Semyon Andreyeviç, sizin generallar
haqqında dediyiniz iradlar həqiqətdən çox ara
söhbətlərinə oxşayır. Siz bilirsinizmi, iki il əvvəl
Azərbaycan adlı məmləkəti daşnaklardan qoruyan elə
bu generallar olublar? Əgər ay yarım bundan əvvəl gələn
bolşevik hökuməti bu qədər ziyalının və
hərbçinin qətlinə fərman verirsə, özü
də dəlilsiz-sübutsuz, onda bizim fəhlə-kəndli
hökuməti xalqın məhəbbətini necə qazana bilər?
Məlum olur ki, mən Azərbaycana gələnə qədər
də xeyli adamı güllələmisiniz. Ona görə də
mən məsələ qaldırdım ki, İnqilab Komitəsinin
sanksiyası olmadan heç kim güllələnməsin.
- Onda Azərbaycanda bolşevik hökumətini
qurmaq çox çətin olacaq, yoldaş Nərimanov.
- Biz Sovet hökumətini qanla, silahla yox, təbliğatla,
xalqa yeni hökumətin nüfuzunu başa salmaqla qura bilərik.
Respublikada elə bir vəziyyət yaratmalıyıq ki,
hakimiyyət süngü ilə deyil, kütlələrin
şüurluğu ilə müdafiə olunsun. Sizdən
soruşuram, mən rayonlarda səfərdə olanda on iki Azərbaycan
generalını və hərbçilərini nəyə
görə, hansı əsasla güllələmisiniz?!
- Yoldaş Nərimanov, mən onları
özbaşıma güllələməmişəm. Bu
generallar yoldaş Orconikidze və yoldaş Mikoyanın əmri
ilə güllələnib. Sanksiyanı da onlar verib. Mən əmri
yerinə yetirmişəm.
- Bu yersiz qətlləri törətməklə
siz fəhlə və kəndlinin də ürəyinə qorxu
xofu salırsınız. Ona görə də fürsət
tapan kimi ziyalılarımız qaçıb İrana,
Türkiyə və Almaniyaya mühacirətə gedirlər. Bəs
biz kimlərlə işləyəcəyik?.. Təkcə Gəncə
üsyanının deyil, Zaqatala, Qarabağ, Tərtər və
Dəvəçi üsyanlarının ölkəni
ağzına almasının səbəblərini də burda
axtarmaq lazımdır. Bakıda oturub qiymətli
oğulları həbs etməkdənsə, qəzalara gedib
camaatın dərd-sərinə əncam lazımdır.
Nərimanov masanın üstündəki
qovluqlardan birini açıb iki gün əvvəl
aldığı məktubu çıxartdı.
- Semyon Aleksandroviç, - dedi, - onsuz da sizi
çağırtdıracaqdım, yaxşı oldu
özünüz gəldiniz. Bu günlərdə siz və
işçiləriniz Təzəpir məscidi yanında
yaşayan tacir Hacı Qədirin evində olmusunuz?
- Bəli, - deyə Pankratov cavab verdi.
- Hacının mənzilinə getməkdə
məqsədiniz nə idi?
- Əvvəla, mən oraya öz
işçilərimlə getməmişdim. Bakı Komitəsinin
katibi Sərkis Danilyanın və Qarayev yoldaşın mənə
qoşduğu adamlarla getmişdim. Yeddi-səkkiz nəfər
idik. Danilyan yoldaş bizə tapşırıq vermişdi ki,
Hacı Qədirin və o ərazidə yaşayan Müsavat
dövründə vəzifədə olan varlı adamların
evində nə varsa hamısını gətirin. Danilyan bizə
varlı adamların siyahısını da vermişdi.
Nərimanov Hacının məktubunu
Pankratova göstərib dedi:
- Hacı Qədir mənə göndərdiyi
məktubda onun təhqir və qarət olunduğunu yazır.
- Bizə demişdilər ki, onun çoxlu
qızılı var. Əvvəlcə Hacı boynuna
almadı, qızılım-zadım yoxdu, - dedi, - kasıb
adamam. Onda evi axtarmalı olduq. Aynabəndin döşəməsində
ağzı təzəcə sementlənmiş quyu aşkar
etdik. Hacı müqavimət göstərmək istədi.
Nikolay Unanyan silahı göstərib, kənara çəkilməsini
əmr etdi. Quyudan böyük bir küp çıxdı.
Onun içində 22 pud zinət şeyləri, on pud
qızıl və gümüş pullar, həmçinin
çoxlu brilyant və qiymətli daş-qaş vardı.
- Hamısını
götürdünüz?
- Bəli, üstəlik də on yeddi iri
ölçülü xalçanı da alıb gətirdik.
- Bu məktubda göstərilir ki, sizin dəstə
həmin gün Təzəpir məscidi ərazisindəki əhalidən
dörd min xalı-xalça götürüb.
- Doğrudur, o xalçaların hamısı
da valyutaya gedən mallardır.
Nərimanov hirslə:
- Sizcə, bu soyğunçuluq və qarət
deyilmi? - dedi. - Belə məlum olur ki, Qırmızı ordunun
"Talan həftəsi" hələ də davam edir.
Müsadirə olunan bu qiymətli mallar indi haradadır,
maraqlanmısınızmı, xüsusi şöbə rəisi?..
- Xeyr, maraqlanmamışam. Biz o əşyaların
hamısını sənədləşdirib Sərkis Danilyan
yoldaşa təhvil verdik.
- Amma mən maraqlanmışam. O
xalı-xalçalar, o zinət şeyləri vaqonlara yüklənib
Moskva və İrəvana göndərilib. Azərbaycan
xalqının qiymətli sərvətini respublikadan
çıxarmağa heç kimin ixtiyarı yoxdur. Belə
biabırçılıqlara son qoymaqdansa siz həbslərlə,
güllələnmələrlə məşğul olursunuz.
Pankratov dinmədi.
Müqəvva kimi susub, heç bir əsaslı cavab verə
bilmədi.
Nərimanov onun
pörtmüş sifətinə, bulanıq gözlərinə
diqqətlə baxdı. Ona bir şey başa sala bildiyini az
qala üz-gözündən oxumaq istədi. Amma o canilərə
məxsus küt sifətdə rəhm görmədi. Ona
görə də nifrətlə:
- Yaxşı, -
dedi, - gedə bilərsiniz. Qoyun siyahı qalsın. Bir daha
baxıb tanış olaram.
Semyon Pankratov gedən kimi Nərimanov
köməkçisi Nurməmməd Şahsuvarovu (1881-1958)
yanına çağırıb belə bir sərəncam
verdi:
- Bu namərd əqidə dostlarının
yanına çatmamış mənim adımdan həbsxana rəisinə
bir əmr hazırla. Qoy 99 nəfərin hamısını
azadlığa buraxsın. Məni həbsxana rəisi ilə
telefonla calaşdır. Həbs olunanlardan general Səməd bəy
Mehmandarovu və general Əliağa Şıxlinskini mənim
yanıma gətirsinlər. Pankratova da xəbər verin ki, hər
iki generalın dindirilmə protokollarını
götürüb gəlsin.
* * *
Bir xeyli sonra sənədlərlə
qayıdan Pankratovu Nərimanov dərhal qəbul etmədi.
Köməkçisinə dedi:
- Protokolları və sənədləri
ondan al gətir, qoy özü hələ gözləsin, bir
azdan çağıraram.
Generalların hər biri haqqında on
beş-iyirmi səhifəlik "Həbs vərəqəsi"
tərtib olunmuşdu. Bir neçə rus və erməni
bolşeviki dindirilmədə onların əleyhinə ifadələr
vermişdilər. Nərimanov 717 nömrəli protokolu
açıb oxuyanda donub qaldı. Buradakı azərbaycanlı
rotmistrinin imzası ona daha ağır təsir etdi. Təəssüf
hissilə başını yırğalayıb
öz-özünə dedi: "Ay namərd İlyas bəy,
kimi kimə satırsan? Vaxtilə adı, sanı ilə rus
ordusunda şöhrət tapmış dindaşın olan sərkərdələrimizimi?
Anam Həlimə haqlı deyərdi ki, oğul, hər
çiy süd əmənə inanma, insanın naxələfliyi
onun bəy və ya rəiyyət olmasına dəlalət eləmir.
"Kotanı bərkdə, igidi yaman gündə
sınarlar" - deyib babalar.
Bu dindirənlərin A.Qubin, Boris
Qluxaryev, Semyon Pankratov olmalarını başa düşürəm.
Bəs səni - ziyalı nəslin bəy balasını,
rotmistri necə anlayaq. Ay namərd, gör nə ifadə vermisən:
"General Səməd bəy Mehmandarov
nazir olanda fəhlə və kəndliyə düşmən
gözü ilə baxırdı. O, Müsavat hökumətinin
bu vəzifəyə təyin etdiyi əlaltısı idi.
General Əliağa Şıxlinskinin isə Denikin ordusuna rəğbəti
vardı".
İki saatdan
çox sənədlərlə tanış olan Nərimanov heç
kəsi qəbul etmədi. Xeyli fikirli dayanıb daş kimi hərəkətsiz
qaldı. Otaqda sükutu yalnız divar saatının
aramsız tıqqıltısı pozurdu. Qəlbinə dolan kəskin
nifrət duyğusu ilə qarşısındakı sənədlərə
indi ötəri baxırdı. Çox sevdiyi general
eloğullarının əleyhinə yazılmış
qarayaxma sətirlər gözlərini yandırırdı.
Bayaqdan yarıaçıq qapıda dayanan köməkçi
Nurməmməd məhəbbətlə ona baxırdı.
Qayğıkeşliklə:
- Narahat oldum,
yoldaş Nərimanov, - dedi, - yorulmadınız?..
Sədr köməkçisinin
sualını cavabsız qoyub:
- Burax, gəlsin,
- dedi, - onu...
İçəri
girən Pankratov çox bikef idi. Hiss olunurdu ki, sədrin onu bu
qədər gözlətməyi xətrinə dəymişdi.
Yoldaş
Pankratov, mən sizin və Qubin familiyalı işçinizin
dindirilmə protokolları ilə tanış oldum. Dəqiqlik
naminə sizdən bəzi faktları bilmək istərdim. Bax,
elə götürək general Əliağa Şıxlinski
barədə yazılanları. Siz burada göstərirsiniz ki, Əliağa
Şıxlinski ağqvardiyaçı general Denikinlə əlaqə
yaradıb, Qırmızı ordunun məğlubiyyətinə
sevinib və Qırmızı orduya qarşı hərbi
qüvvələri indi də səfərbər edir. Bu faktlar
hardandır və nə dərəcədə doğrudur?
- Bu faktları
bizə agentimiz verib.
- Axı, burada
agentin yox, xüsusi şöbənin böyük hərbi
müstəntiqi Qubinin imzası qoyulub. Siz bu sənədi
oxumusunuzmu?
- Yox,
oxumamışam.
- Bəs dindirilmə
protokolunun üstündə sizin dərkənarınız var.
"Həbs olunsun və cəzalandırılsın?"
yazmısınız.
- Mən əməkdaşlarıma
özüm qədər inanıram.
- Necə
inanırsınız ki, protokolu oxumadan az qala ölüm
hökmünə qol çəkirsiniz. Görkəmli
generalın taleyinə belə etinasız yanaşmaq nə dərəcədə
doğrudur?
- İşimin
çoxluğundan vaxt tapıb oxuya bilməmişəm.
- Onda mən
oxuyum, siz də eşidin. "Tamamilə məxfidir". Tam
artilleriya generalı, hazırda Azərbaycan Sovet Sosialist
Respublikasının Hərbi-Dəniz Komissarının
müavini Əliağa Şıxlinski təqsirli bilinir:
1. Ondan
ötrü ki, 1917-18-ci illərdə Əliağa
Şıxlinski hərbi hissələr təşkil etmiş və
Sovet hökumətinə qarşı ən fəal
iştirakçı olmuşdur.
2. 1920-ci ildə
Qızıl ordu əleyhinə Azərbaycandakı
bütün hərbi qüvvələri səfərbər etmişdir.
27 aprel çevrilişindən sonra Gəncəyə
qaçmağa imkan tapmamışdır.
3. Fürsətdən
istifadə edərək Hərbi-Dəniz Komissarının
etibarını qazanmış və onun müavini olmuşdur.
Bu vəzifədə olarkən fəhlə-kəndli hökumətinin
Gəncədə və Gürcüstanda olan düşmənləri
ilə gizli əlaqə saxlamışdır.
4. Sovet hökumətinə
rəğbəti olan Azərbaycan zabitlərinin
hamısını həbs etdirmişdir.
5. Azərbaycanda
Sovet hökumətinin qələbəsindən sonra
Könüllü Denikin ordusu ilə əlaqələri
haqqında çox mühüm sənədləri mayın
15-17-də məhv etmişdir.
6. Mayın 25-də
Gəncədə olan üsyan haqqında onun xəbəri
olmuş və təşkilatçıları ilə əlaqə
yaratmışdır.
(ardı var)
Şəmistan NƏZİRLİ,
yazıçı-publisist
Xalq qəzeti.- 2012.- 19 avqust.- S. 4.