Azərbaycan xarici işlər nazirinin müavini Bişkekdəki diasporumuzun üzvləri ilə görüşmüşdür

 

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) avqustun 23-də Bişkekdə keçiriləcək ikinci zirvə görüşündə iştirak etmək üçün Qırğızıstana gələn Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov paytaxtdakı diasporumuzun bir qrup üzvü ilə görüşmüşdür.

Bişkekdəki Türkdilli Ölkələrin Siyasətinə Dəstək Fondunun (TÖSDF) sədri Nüsrət Məmmədov X.Xələfovu salamlamış, fondun xətti ilə görülən işlərdən danışmışdır. Onun sözlərinə görə, indiyədək TÖSDF-nin xətti ilə Azərbaycanın iqtisadi inkişafı, tarixi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti ilə əlaqədar qırğız, qazax, rus və ingilis dillərində 45 kitab çap edilmişdir. Bu kitablar arasında Bişkekdə rus dilində nəfis şəkildə işıq üzü görən üç cilddən ibarət "Prezident İlham Əliyev" kitabı xüsusi yer tutur. Kitablar Azərbaycanda olduğu kimi, Qırğızıstan, Qazaxıstan və Özbəkistanda da pulsuz paylanmış və maraqla qarşılanmışdır.

Xələf Xələfov Azərbaycan ilə Qırğızıstan arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini bildirmiş, Qırğızıstan Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin əlaqələrimizin inkişafına təkan verdiyini vurğulamışdır. Belə ki, səfər zamanı Almazbek Atambayevin Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə ölkəmizin Qırğızıstana 1 milyard dollar sərmayə qoyulması ilə əlaqədar sənəd imzalanmışdır.

Xələf Xələfov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın təşəbbüsləri haqqında danışmış, ölkəmizin iqtisadi inkişafına dair ətraflı məlumat vermişdir.

Azərbaycan diasporunun fəalları Cəbi Rəsulov, Əsəd Əsədov, Osman Səfərov, Rabil Rəsulov və başqaları diasporumuzun təşkilatlanması sahəsində görüləcək işlərdən danışmış, Orta Asiya və Qazaxıstanda "Azərbaycanlıların Əlaqələndirmə Konqresi"nin Bişkekdə yaradılması planları haqqında ətraflı məlumat vermişlər.

Nüsrət Məmmədov üçcildlik "Prezident İlham Əliyev" kitabını, Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin qırğız və rus dillərində çap edilmiş "Gorus-2010: absurd teatrı mövsümü", "Azərbaycanlılara qarşı soyqırımı gerçəkliyi", görkəmli alim, yazıçı Mircəlal Paşayevin qırğız dilində buraxılmış "Seçilmiş əsərləri", Azərbaycanın Xalq Şairi Bəxtiyar Vahabzadənin Azərbaycan, qırğız, rusingilis dillərində buraxılmış "Gülüstan" poemasını və digər kitabları Xələf Xələfova təqdim etmişdir.

 

 

Qulu KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 2.