Azərbaycan Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası Sammitinə böyük uğurlarla gedir

 

Biz istəyirik ki, türkdilli xalqlar, ölkələr arasında birlik daha da güclənsin. Bu, bizim tariximizdir. Eyni zamanda, bu, bugünkü vəziyyətin reallıqlarıdır.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Beynəlxalq sülh, əməkdaşlıq, şəffaflıq və çoxşaxəlilik prinsiplərinə sadiq qalan Azərbaycan Respublikası ötən illər ərzində dünya səviyyəli böyük nailiyyətlərə imza atmışdır. Aparılan uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmiz Cənubi Qafqaz regionunun lider dövləti səviyyəsinə yüksəlmiş, həyata keçirilən nəhəng layihələr nəticəsində Avropanın enerji təhlükəsizliyinin təminatında söz sahibi olan əsas ünvanlardan birinə çevrilmiş, 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurası kimi mötəbər bir quruma üzv olmaqla dünyanın təhlükəsizlik siyasətini müəyyənləşdirən dövlətlər sırasına daxil olmuşdur.

Son olaraq Londonda keçirilən Yay Olimpiadasında tarixi qələbə qazanaraq beynəlxalq aləmdə həm də idman ölkəsi kimi tanınmış və nüfuzu daha da artmışdır. Bütün bu uğurların təməlində elmi şəkildə əsaslandırılan, yerli, regional və beynəlxalq reallıqlar nəzərə alınmaqla, dünyada gedən ictimai-siyasi proseslər dərindən öyrənilməklə və ən nəhayət, tarixi təcrübələrdən faydalanaraq formalaşdırılan möhtəşəm daxili və xarici siyasət dayanır. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və Prezident İlham Əliyev tərəfindən yeni dövrün tələblərinə uyğun olaraq zənginləşdirilən bu siyasət Azərbaycanı daha böyük uğurlara aparacaqdır.

Dünya siyasətində söz sahibi olan bir sıra dövlətlər kimi Azərbaycan da qloballaşmanı dəstəkləyir və bu prosesə öz töhfəsini verir. Ancaq eyni zamanda, hər bir dövlət öz maraqlarını və mənafelərini daha yüksək səviyyədə qorumaq, təmin etmək üçün çoxşaxəliliyə üstünlük verir, başqa yollar axtarır. Bu istiqamətdə ilk uğurlu addım Avropa Birliyinin və son olaraq Afrika İttifaqının yaradılması olmuşdur. Zamanın tələb etdiyi və öz diqtəsi ilə yaratdığı bu kimi müxtəlif təşkilatlar bir neçə təməl üzərində qurula bilir. Birinci, sırf coğrafi - yəni ərazi baxımından bir-birinin maraqlarını təmin edən ölkələrin birləşdiyi təşkilat - Avropa və Afrika ittifaqlarını nümunə göstərdik. Buraya Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatını da əlavə edə bilərik. İkincisi, coğrafi mövqe baxımından fərqli olub, ancaq iqtisadi maraqları bir-birinə yaxın olan ölkələrin yaratdığı Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova işbirliyi ilə qurulan GUAM kimi təşkilatlar. Üçüncü, dini baxımdan bir-birinə yaxın olan ölkələrin birləşdiyi təşkilatlar - İslam Əməkdaşlıq Təşkilatı və sair. Nəhayət, dördüncü, etnik mənşəyinə görə bir-birinə yaxın olan ölkələrin birləşdiyi təşkilatlar - Ərəb Ölkələri Liqası, Slavyan İqtisadi Forumu və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası.

Türkdilli ölkələr arasında işbirliyini, əməkdaşlığı şərtləndirən bir sıra mühüm məqamlar mövcuddur. Bunlardan ən önəmlisi həmin qardaş ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan tellərin çox güclü olmasıdır. Soykök yaxınlığımız qarşılıqlı münasibətlərin inkişafına və vahid qurum çərçivəsində hər bir dövlətin öz milli mənafeyini qoruyaraq əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar açır. Bu, beynəlxalq ictimaiyyətin marağında olan türk dünyasını bir-birinə bağlayacaq enerji siyasətinin reallaşmasına şərait yaradır. Bu, həm də Bakı - Tbilisi - Qars dəmir yolu inşası tamamlandıqdan sonra İstanbul - Almatı dəmir yolu xətti layihəsini reallaşdırmaq və Türk dünyasının nəqliyyat zəncirinə Bişkeki də qoşmaqla Böyük İpək Yolunun yenidən canlanmasına şərait yaradır. Bütün bunlar təkcə, Mərkəzi Asiya və ümumilikdə, Asiya regionu üçün deyil, Avrasiya, həmçinin dünya üçün əhəmiyyətli iqtisadi, siyasi nəticələr doğura, inkişafa, iqtisadi yüksəlişə səbəb ola bilər.

Milli və dövlətçilik maraqları çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığı ön planda tutan Azərbaycan Respublikası 1992-ci ildən dövri olaraq keçirilən Türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə yüksək səviyyədə iştirak edir. Bu sammitə ilk görüş də daxil olmaqla 4 dəfə Türkiyə (1992 - Ankara, 1994 - İstanbul, 2001 - İstanbul, 2006 - Antalya), iki dəfə isə Azərbaycan (2000-ci il - Bakı, 2009-cu il - Naxçıvan) ev sahibliyi etmişdir. Ümumiyyətlə, Türkdilli ölkələrin dövlət başçılarının istənilən zirvə görüşü ümumi işə xidmət edəcək mühüm qərarlarla yadda qalmışdır. Məsələn, 2008-ci ilin oktyabrında İstanbulda keçirilən görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması barədə qərar qəbul edilmişdi. Həmin qərarın icrası Azərbaycan üçün daha maraqlı və yaddaqalan olmuşdur. Çünki TÖPA-nın katibliyi Bakıda yerləşmiş və təşkilatın ilk sədri azərbaycanlı siyasətçi olmuşdur. Qeyd etmək istərdik ki, sonuncu iki zirvə görüşü də, xüsusən, 2009-cu ilin oktyabrında Naxçıvanda baş tutan tədbir konkretliyinə görə fərqlənmiş, burada, ümumən türk dünyasının inkişafı üçün əsaslı təşəbbüslər irəli sürülmüş və gerçəkləşdirilmişdir. Naxçıvan sammitində iştirakçı ölkələr perspektivdə çox böyük gələcək vəd edən mühüm bir sənədi - "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında Naxçıvan Sazişi"ni imzalamışlar. Digər sammitlərdə olduğu kimi, bu dəfə də görüşdə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri ilə bağlı narahatlıq ifadə olunmuş, sabitlik və regional əməkdaşlıq üçün maneələrdən biri olan bu münaqişənin ərazi bütövlüyü, Azərbaycan Respublikasının sərhədlərinin toxunulmazlığı və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həll edilməsinin vacibliyi qeyd edilmişdir. Dövlət başçıları Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin Avrasiya məkanında sülh, sabitlik və rifahın təmin edilməsi istiqamətində əhəmiyyətli irəliləyiş olacağına əmin olduqlarını bir daha bildirmişlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan zirvə görüşündə rəhbərlik etdiyi dövlətin və xalqın adından çıxış edərək bütün türk dünyasında maraqla, məmnunluqla qəbul edilən bir təklif irəli sürmüşdü: "Mədəniyyətlərimiz bir-birinə çox bağlı olduğuna görə humanitar sahədə əməkdaşlıq daha da sürətlə inkişaf etdirilməlidir. Bu sahədə TÜRKSOY təşkilatının fəaliyyətini mən yüksək qiymətləndirmək istəyirəm. Gələcək illərdə TÜRKSOY-un fəaliyyətini biz daha da gücləndirməliyik. Biz təklif edirik ki, TÜRKSOY Fondu yaradılsın. Fondun maliyyə təminatı təşkil edilsin və bu fond bütün türk dövlətlərində və eyni zamanda bütün türk diyarlarında tarixi abidələrin bərpası, mədəniyyətlərarası əlaqələrin inkişafı ilə məşğul olsun". Yada salaq ki, həm Ermənistan dövlətinin yaradıldığı qədim Azərbaycan torpaqlarında, həm də işğal edilmiş torpaqlarımızda minlərlə Azərbaycan-türk abidələri erməni vandalları tərəfindən darmadağın edilmişdir. Bu baxımdan - yəni beynəlxalq təşkilatların diqqətinin qeyd edilən məsələyə yönəldilməsi baxımından Azərbaycan Prezidentinin həmin təklifi olduqca qiymətli və gərəklidir.

Onu da xatırladaq ki, Azərbaycan Prezidentinin həmin təklifini dəstəkləyən dövlət başçıları TÜRKSOY Fondu çərçivəsində Türkdilli Akademiyanın təsis edilməsini məqsədəuyğun saymış və həmin elmi mərkəzin Qazaxıstanda - konkret olaraq Türküstanda və ya Astanada yaradılmasını təklif etmişlər. Öz növbəsində qardaş Türkiyənin dövlət başçısı Abdullah Gül də Prezident İlham Əliyevin təklifini dəstəkləmiş və həmin ideyanı bir qədər də genişləndirmək məqsədilə öz təklifini irəli sürmüşdü: "Hörmətli Prezident İlham Əliyevin TÜRKSOY mövzusunda fikirlərini dəstəkləyirik... Bu çərçivədə müəyyən edilmiş vaxtlarda Olimpiya oyunlarına bənzər ənənəvi türk idman növlərinin də yer aldığı idman tədbirlərinin təşkil olunmasının müzakirəsini təklif edirəm". Cənab Abdullah Gülün həmin təklifi nəinki türk dünyasının, hətta, bütövlükdə dünyanın idman ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdı. Həqiqətən də türk dünyasında Olimpiya oyunlarına bənzər yarışların təşkil olunması beynəlxalq aləmdə böyük bir rezonansa səbəb olardı.

İstanbulun "Çırağan" sarayında 2010-cu il sentyabrın 16-da keçirilən zirvə toplantısında iştirak edən qardaş ölkələrin prezidentləri yenə də türk dövlətlərinin hər biri üçün maraqlı olan məsələləri və bu xalqların problemlərini müzakirə etdilər. Eyni zamanda, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası adlı yeni qurumun yaradılması barədə mühüm qərar qəbul edildi. Yuxarıda qeyd etdiyimiz kimi, əslində, bu təklif Naxçıvanda keçirilən sammitdə irəli sürülmüş və müvafiq saziş imzalanmışdı. Bununla belə yekun qərar İstanbulda qəbul olundu və Şuranın katibliyinin də məhz İstanbulda yerləşməsi məqsədəuğun hesab edildi. Bu tarixi qərara münasibət bildirən Azərbaycan Prezidenti İlham Əliyev sammitdəki çıxışında demişdi: "Bu gün Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələr öz növbəsində Türkiyəni gücləndirir, necə ki, böyük və güclü Türkiyə bizi gücləndirir. Bizim gücümüz bizim birliyimizdədir. Biz çalışmalıyıq ki, bütün sahələrdə bu birliyi daha da möhkəmləndirək".

Keçən il oktyabr ayında Almatıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısı keçirilmişdir. Şura ticarət-iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsini başlıca prioritet müəyyən etmişdir. Tədbirdə 2009-cu il oktyabrın 3-də türkdilli dövlət başçılarının Naxçıvanda imzaladıqları saziş xatırladılmış və bu sənədin böyük əhəmiyyət kəsb etdiyi vurğulanmışdır. Toplantıda çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Türkdilli Dövlətlərin Mədəniyyət Fondunun yaradılması haqqında təklifini dəstəklədiyini demişdir. Azərbaycan Prezidentinin tədbirdəki nitqi böyük maraqla qarşılanmışdı. Türkdilli dövlətlərin zirvə görüşlərinin mütəmadi keçirilməsini yüksək qiymətləndirən Azərbaycan Prezidenti demişdir: "Mən çox şadam ki, görüşlərimiz artıq gözəl ənənəyə çevrilmişdir. Bildiyiniz kimi, bir müddət türkdilli dövlətlərin dövlət başçılarının zirvə görüşləri keçirilmirdi. Ancaq son üç il ərzində bu görüşlər mütəmadi keçirilir. 2009-cu ildə Naxçıvanda, 2010-cu ildə İstanbulda və bu gün Almatıda bu görüşlər keçirilir. Əminəm ki, gələcək illərdə də bu ənənə davam edəcək və hər bir görüşün çox böyük mənası vardır. Bu görüşlər nəticəsində qəbul edilən qərarlar birliyimizi daha da gücləndirir. Biz istəyirik ki, bütün türkdilli dövlətlər arasında həm ikitərəfli, həm çoxtərəfli formatda əlaqələr daha da yüksək səviyyəyə qalxsın".

Sonra Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının I Zirvə Toplantısının 49 bənddən ibarət yekun sənədi - Almatı Bəyannaməsi imzalanmışdır. Çox böyük əhəmiyyət kəsb edən bu sənəd türkdilli dövlətlərin bir sıra beynəlxalq və regional məsələlər üzrə razılaşdırılmış mövqeyini, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlıq istiqamətlərini müəyyənləşdirir. Almatı zirvə toplantısı ümumi tarix, dil və mədəniyyətə söykənən əməkdaşlığın gələcəkdə inkişafı və möhkəmlənməsi baxımından türkdilli dövlətlər arasında yeni səhifə açacaqdır.

Məlum olduğu kimi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Toplantısı bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçiriləcəkdir. Sammitdə Türkiyə və Qazaxıstanı bu ölkələrin prezidentləri, Azərbaycanı isə baş nazir Artur Rasizadənin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək. Dünən tədbirə hazırlıq məqsədiylə xarici işlər nazirləri şurasının iclası keçirilmiş, zirvə toplantısında müzakirə olunacaq məsələlər razılaşdırılmışdır. İclaslarda Türkdilli Dövlətlərin İnkişaf Fondunun, Türkdilli Dövlətlərin Universitetləri Assosiasiyasının yaradılmasının, Türkdilli Dövlətlərin Xarici İşlər nazirlikləri arasında əməkdaşlıq Proqramının layihəsinin, "Türk dünyasının qüruru" mükafatının təsis olunmasının, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının maliyyələşmə qaydaları üzrə razılaşmanın, Türk Akademiyasının yaradılması haqqında razılaşmanın, Türk Mədəniyyətinə Dəstək Fondunun yaradılması üzrə razılaşmanın, Şuranın İkinci Sammitinin gündəliyinin layihəsinin və Bişkek Bəyannaməsinin layihəsi müzakirə olunaraq qəbul edilmişdir.

Türkdilli ölkələr arasında əməkdaşlığın inkişafı zamanın tələbidir. Əməkdaşlığın inkişafı dövlətlərimizin iqtisadi maraqlarını təmin edəcək, onların beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirəcəkdir. Bu gün Azərbaycan BMT TŞ-nin qeyri-daimi üzvüdür. Bundan əvvəl Türkiyə mötəbər qurumda təmsil olunmuşdu. Türkiyə Avropa və dünya miqyaslı beynəlxalq təşkilatlarda kəsərli sözə və qətiyyətli mövqeyə malikdir. Üstəlik, region ölkələri bütün məsələlərdə rəsmi Ankaranın mövqeyi ilə razılaşmalı olurlar. Qazaxıstan 2010-cu ildə ATƏT-ə sədrlik etdi, 2011-ci ildə isə İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etdi. Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan - bəzisi tranzit ölkə, bəzisi isə enerji mənbəyi və təbii ehtiyyatlarla zəngin məkan kimi Avropanın, dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Yəni türkdilli ölkələrin böyük siyasi, iqtisadi, elmi, mədəni və digər sahələrə aid güclü potensialı vardır. Dövlət başçıları məhz həmin potensialı birlikdə işə salmaq, ümumtürk sivilizasiyası tarixinə yeni töhfələr vermək əzmindədirlər. Məmnuniyyətlə deyə bilərik ki, Azərbaycan həmin prosesdə xüsusi fəallıq nümayiş etdirir, daim öndə gedir.

 

 

Rauf KƏNGƏRLİ

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 3.