Azərbaycan dünyanın 177 ölkəsi arasında birincidir

 

"Jenmin-jibao"qəzeti " Sinxua" agentliyinə istinadən yazır...

 

Ölkəmizin sosial iqtisadi və ictimai- siyasi həyatında baş verən yeniliklər, aparılan islahatlar, qazanılan uğurlar barədə dünyanın aparıcı kütləvi informasiya vasitələrində kifayət qədər material özünə yer tapır. Son illər isə bu tendensiyanı yeni bir istiqamət daha da zənginləşdirməkdədir.

İndi dünya mətbuatı cəmi 20 illik müstəqillik tarixi olan Azərbaycan Respublikasında böyük idman qurğularının tikilməsindən, olimpiya hərəkatının genişləndirilməsindən, ölkə idmançılarının bütün beynəlxalq turnirlərdə möhtəşəm uğurlar əldə etməsindən söz açır.

On illərdən bəri dünya mətbuatında xüsusi çəkisi olan "Jenmin-ji-bao"qəzeti (Çin) "Sinxua" informasiya agentliyinə istinadən xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) təşəbbüsü ilə 2016-cı il Beynəlxalq Şahmat Olimpiadası Bakıda keçiriləcək. Qəzet yazır ki, FİDE-nin prezidenti Kirsan İlümjinov bu barədə söz açarkən iki mühüm məsələni xüsusilə qabardıb. Birinci, Azərbaycan bu quruma üzv olan 177 ölkə arasında "Şahmatın inkişafına dair Dövlət Proqramı" qəbul etmiş ilk ölkədir. Bu proqram uğurla icra olunur və artıq mühüm nəticələr vardır. İkınci, Azərbaycanın müvafiq strukturlarının FİDE ilə genişmiqyaslı və uğurlu əməkdaşlığı mövcuddur.

Qəzet yazır ki, Azərbaycanın dövlət başçısı İlham Əliyev FİDE-nin bu təklifini yüksək qiymətləndirib və dəstəkləyib. Çünki, bu respublikada idmanın bütün növləri kimi şahmatın inkişafı üçün də məqsəqdyönlü addımlar atılır və ölkə şahmatçılarının beynəlxalq yarışlardakı göstəriciləri dünya mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 4.