Bakıda
keçirilən yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın və çimərlik
güləşi üzrə dünya
çempionatının təntənəli
açılış mərasimi olmuşdur
Avqustun
21-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində
yeniyetmələr arasında sərbəst, yunan-Roma, qadın
və çimərlik güləşi üzrə dünya
çempionatının təntənəli
açılış mərasimi olmuşdur.
Əvvəlcə
Azərbaycan idmançılarının XXX London Yay Olimpiya
Oyunlarındakı iştirakından bəhs olunan
video-çarx nümayiş olunmuşdur.
Sonra
incəsənət ustaları konsert proqramı ilə
çıxış etmişlər. Bədii hissə
Müslüm Maqomayevin "Azərbaycan" mahnısı səsləndirilməklə
yekunlaşmış və iştirakçı ölkələrin
bayraqları səhnəyə gətirilmişdir.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov son illər Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini bildirmişdir. O demişdir ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Azərbaycanda bir çox idman növlərinin inkişafı müşahidə olunur və sevindirici haldır ki, bu sırada güləş xüsusi yer tutur.
Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarında 10 medal qazandığını vurğulayan İ.İsmayılov bundan 7-nin güləşçilərimizin payına düşdüyünü xüsusi qeyd etmişdir.
Beynəlxalq Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinetti Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını, beynəlxalq idman təşkilatları üçün ölkəmizin etibarlı tərəfdaş olduğunu, keçirilən yarışın əhəmiyyətini qeyd etmişdir. R.Martinetti dünya çempionatının yüksək səviyyədə təşkil olunduğu üçün ölkə rəhbərliyinə və Azərbaycan Güləş Federasiyasına (AGF) təşəkkürünü bildirmişdir.
AGF-nin birinci vitse-prezidenti Namiq Əliyev bildirmişdir ki, Azərbaycanda güləş tarixən geniş yayılan qədim idman növlərindən biridir. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının məntiqi nəticəsi olaraq son illər Azərbaycanın paytaxtı Bakı şəhəri dünyanın idman mərkəzlərindən birinə çevrilmişdir. Əminəm ki, dünya çempionatının da təşkili və keçirilməsi yüksək səviyyədə olacaq, yarışlar ədalətli idman mübarizəsi şəraitində keçəcək, qonaqlarımız ölkəmizdən xoş təəssüratla ayrılacaqlar.
Qeyd olunmuşdur ki, 2012-ci il ölkəmizin başçısı tərəfindən Azərbaycanda "İdman ili" elan edilmişdir və bu da təbiidir ki, idmanın inkişafına yeni təkan verəcəkdir. Biz çox şadıq ki, dünya çempionatı kimi mötəbər bir yarış da məhz bu il Bakıda keçirilir. Olimpiyaçılarımızın Londandakı möhtəşəm qələbəsindən danışan N.Əliyev iştirakçılara uğurlar arzulamış və yarışı açıq elan etmişdir.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra FİLA tərəfindən AGF-nin nümayəndələri təltif edilmişlər. AGF-nin Beynəlxalq Yarışların Təşkili üzrə Daimi Komissiyasının sədri Sahir Məmmədxanov Bakıda keçirilən beynəlxalq yarışların yüksək səviyyədə təşkilindəki xidmətlərinə görə FİLA-nın qızıl medalı ilə təltif olunmuşdur. Federasiyanın baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov Azərbaycanda güləşin inkişafındakı xidmətlərinə və güləş qaydalarının yüksək səviyyədə tətbiqinə görə FİLA-nın gümüş medalı ilə mükafatlandırılmışdır.
Yarışda dünyanın 41 ölkəsindən 850 idmançı birincilik uğrunda mübarizə aparır.
AzərTAc
Xalq qəzeti.- 2012.- 23 avqust.- S. 4.