Azərbaycan
paralimpiyaçıları Londona yola düşmüşlər
Avqustun
23-də Azərbaycan idmançılarından ibarət
nümayəndə heyəti XIV Yay Paralimpiya Oyunlarında
iştirak etmək üçün Böyük Britaniyanın
paytaxtı Londona yola düşmüşdür.
Heydər
Əliyev Beynəlxalq Aeroportunda onları Milli Paralimpiya Komitəsinin
prezidenti İlqar Rəhimov, bir sıra idman
federasiyalarının rəhbərləri və idmansevərlər
təntənə ilə yola salmış və uğurlar
arzulamışlar.
Milli
Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov
idmançılarımızın bu yarışa ciddi
hazırlaşdıqlarını diqqətə
çatdırmışdır. Bildirilmişdir ki, Azərbaycan
Prezidenti İlham Əliyev ölkəmizdə idmanın
inkişafına həmişə diqqət və qayğı
ilə yanaşır. İ.Rəhimov London Yay Paralimpiya
Oyunlarında onlara göstərilən etimadı doğruldacaqlarına
əminliyini ifadə etmişdir. Olimpiya komandamızın
Londondakı uğurlu çıxışı
paralimpiyaçılarımızı yeni qələbələrə
ruhlandırdığını bildirən İ.Rəhimov
Paralimpiya Oyunlarında Azərbaycanın üçrəngli
bayrağının dalğalanacağına və dövlət
himninin səslənəcəyinə inandığını
söyləmişdir.
Qeyd
edək ki, avqustun 29-dan sentyabrın 9-dək Londonda
keçiriləcək Yay Paralimpiya Oyunlarında Azərbaycanı
21 idmançı təmsil edəcəkdir.
AzərTAc
Xalq qəzeti.- 2012.- 24 avqust.- S. 4.