Cəbrayıl rayonunun işğal edilməsinin 19-cu ildönümü

 

Avqustun 23-də Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 4 saylı qəsəbədə Cəbrayıl rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal edilməsinin 19-cu ildönümü ilə bağlı ümumrayon toplantısı keçirilmişdir.

Mərasimin iştirakçıları yenicə açılmış "Şəhidlər" abidə-kompleksinin önünə gül dəstələri düzərək Qarabağ müharibəsində şəhid olan cəbrayıllıların xatirəsini ehtiramla yad etmişlər. Burada şəhidlərin ruhuna dualar oxunmuşdur.

Abidə-kompleksdə Qarabağ müharibəsində şəhid olmuş 392 nəfər cəbrayıllının şəkli mərmər lövhəyə həkk edilmişdir. Onlardan 5 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır.

Mərasimdə Azərbaycanın dövlət himni səslənmiş, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Toplantıda çıxış edən Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev bildirmişdir ki, bu gün rayonumuzun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 19 il ötür. Qarabağ müharibəsində 20 min azərbaycanlı şəhid, 50 min nəfər əlil olmuşdur. Bu ədalətsiz müharibədə Cəbrayıl rayonundan 392 nəfərin şəhid olduğunu vurğulayan M.Quliyev işğal zamanı rayona dəymiş ziyanın 7,5 milyard ABŞ dolları təşkil etdiyini, cəbrayıllı məcburi köçkünlərin respublikamızın 58 şəhər və rayonunda müvəqqəti məskunlaşdıqlarını diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış 11 qəsəbədə 4 min 456 ailə, 20 min əhali yaşayır.

Bu ilin may ayında 4 nömrəli qəsəbənin ərazisində Qarabağ müharibəsində şəhid olan cəbrayıllıların xatirəsini əbədiləşdirmək üçün abidə-kompleksin inşasına başlanılmış, tikinti işləri qısa müddətdə başa çatdırılmışdır.

Mərasimdə çıxış edən "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi azərbaycanlı icması" İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Rövşən Ağayev, şəhid ailəsi üzvü Məlahət Məmmədova, kənd ağsaqqalı Əli Hümbətəliyev ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından, qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, bu sahədə həyata keçirilən layihələrin əhəmiyyətindən danışmış, düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunacağına əminliklərini ifadə etmişlər.

Şəhid atası Səməd Cabbarov şəhidlərə həsr etdiyi şeirini oxumuşdur.

Sonda ehsan süfrəsi açılmışdır.

 

 

AzərTAc

 

Xalq qəzeti.- 2012.- 24 avqust.- S. 5.