Onkologiya sahəsində dəyərli tədqiqat
Elmə
məlumdur ki, bədxassəli sümük şişlərinin
müalicəsi onkologiya, patomorfologiya, radiobiologiya elminin nailiyyətləri
ilə yanaşı, ayrıca bu elm sahələrinin hər
birinin inkişafı və inteqrasiyası ilə
bağlıdır. Onkoloqun nailiyyəti onun hər bir metodu və
bu metodun yeniliklərini bilməsindən asılıdır. Bununla
yanaşı, biologiyanın, tibbin, kimyanın və digər
elmlərin inkişafı onkologiya sahəsində
çalışan hər bir mütəxəssisin geniş və
daima yeniləşən biliyə malik olmasını tələb
edir. Bu baxımdan tibbin çox mürəkkəb problemi olan
onkoloji xəstələrdə iri sümük və
oynaqların endoprotezləşməsi kimi mühüm bir
problemə kliniki və nəzəri cəhətdən
yanaşılmalıdır.
Hal-hazırda
endoprotezləşmə sümüyün bədxassəli
sişləri zamanı orqanqoruyucu əməliyyat hesab edilir.
Praktikada son illərdə istifadə olunan modul endoprotezləri
onkologiyada endoprotezləşmənin daha da inkişaf etməsinə
səbəb olub. Beləki bu endoprotezlərin tətbiqi
sümük defektlərinin rekonstruksiyası ilə
yanaşı, əməliyyatın tez bir zamanda
aparılmasına imkan verir və vaxt itkisinin
qarşısı alınır, individual protezlərin
hazırlanmasına ehtiyac olmur. Modul endoprotezlər əməliyyat
zamanı yığıla bilir və burada əməliyyatdaxili
dəyişiklər etmək mümkündür.
Onkoloji
xəstələrdə yeni endoprotezləşmə
üsullarının tətbiqi sümük
onkologiyasının tibbin və biologiyanın müasir sahələri
ilə inteqrasiyasına və inkişafına zəmin
yaradır. Bu isə öz növbəsində onkoloji
ortopediyada yeniliklərin yaranmasına və bu sahədə
çalışan cərrahların onkoloji xəstələrin
diaqnostika, əməliyyat metodunun seçilməsi və
proqnozunun verilməsində olan rolunu daha da yüksəltmiş
olur. Bütün bunları nəzərə alaraq dünya
şöhrətli alimlərin təqdim etdiyi monoqrafiya bu
baxımdan çox dəyərli olmaqla müasir tibbi nailiyyətlərə
istinad edir.Bu monoqrafiya onkoortopediyada yeni istiqamət olmaqla
yanaşı, müasir ədəbiyyat
araşdırmalarına istinad etdiyi üçün də təqdirəlayiqdir.
Başqa sözlə, monoqrafiyanın aktuallığı
şübhəsizdir. Monoqrafiyanın məqsəd və vəzifələri
bir tərəfdən onun lakonikliyini, digər tərəfdən
isə qarşıya qoyulan məsələləri dolğun və
samballı əhatə etdiyini göstərir. Aparılan tədqiqatlarda
onkoloji xəstələrə yeni yanaşma təqdim olunur.
Müəlliflər hesab edirlər ki, iri sümük və
oynaqların endoprotezləşməsi bədxassəli
sümük şişlərinin cərrahi müalicəsində
daha düzgün seçilmiş orqanqoruyan əməliyyat
hesab edilir və onkoortopedik klinikalarda onların tətbiqi məqsədəuyğundur.
Müəlliflərin fikrincə, çiyin qurşağı
sümüklərinin bədxassəli şişləri
zamanı orqanqoruyucu əməliyyat kimi bazu
sümüyünün endoprotezləşməsi, diz
oynağını əmələ gətirən sümüklərin
bədxassəli şişlərinin cərrahi müalicəsində
isə prioritet üsul diz oynağının endoprotezləşməsi
hesab edilir.İlk dəfə olaraq qeyd edilir ki, qamış
sümüyü proksimal ucunun bəd xassəli şişlərində
endoprotezləşmə zamanı ağırlaşmaların
azalmasının əsas şərtlərindən biri diz
oynağının endoprotezləşməsində incik
sümüyünün rezeksiyası və nəli əzələsinin
orta başının plastikasıdır.
Onkologiyanın
gələcək inkişafı erkən və dəqiq diaqnostika
ilə yanaşı, şişin xarakteri, quruluşu,
histologiyası və şiş toxumasının
kataplaziyasından asılıdır. Başqa sözlə,
şiş xəstəliyinin diaqnostikası, müalicəsi və
proqnozlaşdırılması məntiqidir, çünki o,
praktik və teoretik cəhətdən aktual olduğu kimi,
normal və şiş toxumasında gedən fundamental bioloji
proseslərdən asılıdır. Beləliklə,
"Onkoloji xəstələrdə iri sümük və
oynaqların endoprotezləşməsi" monoqrafiyasında
alınmış və şərh edilmiş nəticələr,
sözsüz ki, praktiki əhəmiyyət kəsb
edir.Alınmış nəticələr onkoortopediyada,
morfologiyada, onkologiya, travmatologiya və cərrahiyədə
geniş tətbiq olunmaqdadır.Monoqrafiyada nəzərə
çatdırılan praktik tövsiyələr sümük və
sümüklüyü şişlərinin diaqnostika və
müalicəsində mühüm əhəmiyyət kəsb
etməklə yanaşı, müalicənin nəticələrinin
proqnozlaşdırılmasında da gərəklidir.Qeyd etmək
istərdim ki, monoqrafiyada alınmış nəticələrin
praktiki tətbiqi onu onkoortopediyada çalışan həkimlər
üçün daha əvəzolunmaz edir. Digər tərəfdən,
monoqrafiyadan tədris müəssisələrində onkologiya,
travmatologiya və cərrahiyənin tədrisində əlavə
məlumat mənbəyi kimi istifadə edilə bilər.
Tədqiqatda
istifadə olunmuş materialın həcmi və geniş
spektirli olması monoqrafiyanın məqsəd və məramına
tam cavab verir. Müəlliflər 625 xəstə üzərində
müşahidə aparmışlar.Elmi tədqiqat zamanı
alınmış nəticələrin dəqiqliyi və
etibarlılığı sümüyün bədxassəli
sislərində iri sümük və oynaqların endoprotezləşməsi
metodikasına yeni yanaşma kimi qiymətlidir.
Monoqrafiya yüksək peşəkarlıqla yazılmış, asan oxunur və illisturasiyalarla geniş əhatə olunmuşdur. Kitabın giriş hissəsində problemə dərin elmi yanaşma hiss olunur, onun həllinə aid son ədəbiyyat araşdırmaları verilir, normal və patoloji sümük toxumasında gedən proseslərə aydınlıq gətirilir. Monoqrafiyada mövzunun aktuallığı, məqsəd və vəzifələri, elmi yeniliyi, praktik əhəmiyyəti səlist göstərilmişdir. "Ədəbiyyat xülasəsi" fəslində problemin həlli yollarına aid geniş və müasir ədəbiyyat araşdırması aparılmış, onkoloq və onkoortopedlərin qarşısında duran problemlərin həlli izah edilmişdir. İkinci fəsildə tədqiqatın material və metodları göstərilməklə yanaşı, sümük şişləri xəstəlikləri müşahidə olunan xəstələrin müayinəsi və müalicəsinə aid illüstirasiya və cədvəllər verilmişdir. Bu fəsildə, eyni zamanda, səlist statistik analiz aparılmışdır. Sonra yeni geniş fəsil "Şəxsi materiallar" verilmişdir. Burada sümük şişləri olan xəstələrin əhatəli kliniki, rentgenoloji, sitoloji, histoloji, histokimyəvi müayinələri şərh edilmiş və iri sümük və oynaqların endoprotezləşməsi metodikası göstərilmişdir.Həmçinin öyrənilən patologiyanın statistik xarakteristikası, residivləşmə və metastaz proqnozu verilmişdir. "Alınmış nəticələrin müzakirəsi" adlanan son fəsildə hər bir məsələyə aydınlıq gətirməklə bərabər, fəslə aid olan cədvəllər və konkret olaraq qarşıya qoyulmuş tapşırıqlara rəy və tövsiyələr göstərilir. Sonra nəticələr, monoqrafiyanın praktiki tövsiyələri və istifadə olunmuş ədəbiyyat verilmişdir. İstifadə olunmuş ədəbiyyat siyahısını 228 mənbə təşkil edir ki, bunlardan 24-ü - rus dilində, qalanları isə digər xarici dillərdə buraxılmış ədəbiyyatdır.
Beləliklə, Ə.T.Əmiraslanov, M.D.Əliyev və A.Ə.Əmiraslanovun "Onkoloji xəstələrdə iri sümük və oynaqların endoprotezləşməsi" monoqrafiyası mükəmməl tədqiqatdır və inanırıq ki, həkim-onkoloq, ortoped-travmatoloq və cərrahların, habelə, Tibb Universiteti tələbələrinin stolüstü kitabına çevriləcəkdir.
Vaqif VERDİYEV,
Elmi-Tədqiqat Travmatologiya və
Ortopediya İnstitutunun direktoru,
əməkdar elm xadimi, professor
Xalq qəzeti.- 2012.-
24 avqust.- S. 6.