Uğurlu iqtisadi siyasət nəticəsində bu ilin birinci yarısında respublikada 46 minə yaxın yeni iş yeri açılmışdır

 

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi nəticəsində iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı təmin olunmuş, regionlarda kommunal xidmət və sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yüksəldilmişdir. İrihəcmli investisiyaların yönəldilməsi isə yeni müəssisələrin və iş yerlərinin açılmasına zəmin yaratmışdır. Prezident İlham Əliyev yeni iş yerlərinin açılması ilə bağlı demişdir: "Azərbaycanda işsizliklə bağlı olan məsələlər çox uğurla həll olunur. İşsizliyin aradan qaldırılması istiqamətində çox önəmli addımlar atılır".

Dövlət başçımızın uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələn başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılması, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılması, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Bununla bağlı həyata keçirilmiş çoxşaxəli tədbirlər sistemi həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olması ilə diqqət çəkir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq bölgələrin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir:" Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir. Beynəlxalq kredit agentlikləri böyük ölkələrin kredit reytinqlərini aşağı saldığı bir dövrdə, Azərbaycanın kredit reytinqləri qalxır. Azərbaycanda rəqabət qabiliyyətli şirkətlərin sayı artır. Ölkə iqtisadiyyatının şaxələndirilməsi, demək olar ki, təmin edilibdir. Neft-qazdan asılılıq azalır. Özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Əgər neft-qaz yataqlarımızı və yaratdığımız nəqliyyat infrastrukturunu əlavə etsək görərik ki, gələcəkdə Azərbaycan yalnız və yalnız inkişaf yolu ilə gedəcəkdir...

İqtisadi sahə ilə bağlı mənim fikirlərim çıxışlarda, bəyanatlarda, konkret proqramlarda dəfələrlə ifadə olunub. Son illər ərzində Azərbaycanda müşahidə olunan inkişafın dünyada analoqu yoxdur. Ümumi daxili məhsulun üç dəfə artırılması, yoxsulluğun beş dəfə aşağı düşməsi, sənaye müəssisələrinin, texnoparkların yaradılması, informasiya-kommunikasiya texnologiyalarının və sair digər sahələrin inkişafı - yəni, iqtisadi blokla bağlı konkret istiqamətlər üzrə proqramlar vardır".

Prezident İlham Əliyevin rəhbərliyi altında inamla davam etdirilən, elmi əsaslara söykənən iqtisadi siyasətin uğurlu nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin ən qüdrətli dövlətinə çevrilmişdir. İnkişaf templərinə və investisiya cəlbediciliyinə görə Azərbaycanın dünya ölkələri arasında nüfuzu və beynəlxalq iqtisadi qurumlar tərəfindən müəyyənləşən reytinqləri xeyli yüksəlmişdir.

Qazanılmış sosial-iqtisadi uğurların davamlı olmasını təmin etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu il 14 aprel tarixli fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Birinci proqramın məntiqi davamı olan bu proqramda bölgələrin daha geniş miqyaslı tərəqqisi, əhalinin rifahının yüksəldilməsi və digər bu kimi tədbirlər öz əksini tapmış və onların uğurlu icrası yüksək iqtisadi nəticələrin əldə olunmasına imkan vermişdir. Ötən müddətdə bu proqram Azərbaycanın iqtisadi inkişafında xüsusi önəm kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaradılmasında, infrastrukturun, kommunal xidmətlərin daha da yaxşılaşdırılmasında, əhalinin rifah halının yüksəlməsində, yoxsulluq səviyyəsinin azaldılmasında xüsusi rol oynayır.

Onu da qeyd etmək yerinə düşər ki, 2008-ci ildən başlayaraq dünyada baş verən qlobal iqtisadi böhran ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf proqramlarının icrasına təsir edə bilmədi. Böhran bir sıra ölkələrdə iqtisadiyyatın durğunluğu, bəzi ölkələrdə isə tənəzzülə uğraması ilə müşayiət olundu. Azərbaycan isə qlobal böhranı kifayət qədər hazırlıqlı qarşıladı. Eyni zamanda, regional inkişaf proqramının icrası uğurla davam etdirildi və nəzərdə tutulan bütün layihələr vaxtında həyata keçirildi. Dünyada baş verən qlobal böhran fonunda Azərbaycanın davamlı inkişafı, bütün sosial-iqtisadi proqramların tam həcmdə və vaxtında yerinə yetirilməsi iqtisadiyyatın möhkəm təməllər üzərində qurulduğunu və milli iqtisadi inkişaf modelinin alternativsiz olduğunu növbəti dəfə əyani şəkildə sübut etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətləri olan qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması, regionların tarazlı inkişafı, daha əlverişli biznes və investisiya mühitinin formalaşdırılması və əhalinin rifahının daha da yüksəlməsi nəticəsində ölkənin davamlı sosial-iqtisadi tərəqqisinə nail olunmuş və əvvəlki dövrlərdə olduğu kimi, bu ilin ötən aylarında da inkişaf davam etmişdir. İqtisadi sferada əldə olunan mühüm nailiyyətlər, eyni zamanda, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurlu icrasının ölkə iqtisadiyyatının inkişafında oynadığı mühüm roldan xəbər verir.

Hazırda ölkəmizdə regional inkişafa xidmət edən kompleks tədbirlər uğurla davam etdirilir. Dövlət Proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. 2004-cü ilin fevralından bu günə qədər 1 milyondan artıq iş yeri açılmışdır. Bununla bərabər, iş yerlərinin yaradılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan məhsulların çeşidi artmış, ixracdan asılılıq azalmışdır.

Ölkəmizdə vətəndaşların əmək hüquqlarının qorunması, əmək, məşğulluq və əhalinin sosial müdafiəsi sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçilərin maddi, sosial, mənəvi və digər həyati tələbatlarının ödənilməsi istiqamətində atılan daha bir vacib addım Prezident İlham Əliyevin 2011-ci il 15 noyabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı"dır. Böyük əhəmiyyətə malik olan bu dövlət proqramı əhalinin məşğulluğu sahəsində dövlət siyasətinin ardıcıllığını təmin edərək, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası"nın (2006-2015-ci illər) ikinci mərhələsinin reallaşdırılmasına yönəldilmişdir.

İnsan amilini əsas tutan sosialyönümlü iqtisadi siyasət nəticəsində son illər Azərbaycanda işsizliyin səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalması müşahidə olunur. 2012-ci ilin birinci yarısında respublikada 37 mini daimi olmaqla, 46 minə yaxın iş yerinin açılması da kifayət qədər uğurlu göstəricilərdən biridir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması istiqamətində həyata keçirilən sistemli tədbirlər əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eləcə də ölkənin məşğulluq strategiyasının səmərəliliyinə imkan verir.

Müqayisə üçün bildirək ki, hazırda avrozonada işsizliyin səviyyəsi 10,8 faiz olduğu halda, Azərbaycanda bu göstərici 5,4 faiz təşkil edir. 2003-cü ildən ölkədə 1 milyondan artıq iş yeri açılmış, işsizliyin səviyyəsi 28 faizdən 5,4 faizə düşmüşdür. Bununla belə, əmək bazarındakı mövcud vəziyyət, daha dəqiqi, əksər hallarda işəgötürənlərlə işçilər arasında münasibətlərin hüquqi müstəvidə tənzimlənməməsi hökuməti ciddi narahat edir.

Həyata keçirilən tədbirlərin nəticəsidir ki, cari ilin birinci yarısında ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul istehsalı 1,5 faiz, yaxud müqayisəli qiymətlərlə 369,2 milyon manat artaraq 25,9 milyard manata çatmışdır. ÜDM-in 67,7 faizi məhsul istehsalı sahələrində, o cümlədən 54 faizi sənayedə, 9,2 faizi inşaat kompleksində, 4,5 faizi kənd təsərrüfatında yaradılmışdır. Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 26,3 faiz, o cümlədən nəqliyyatda 4,9 faiz, ticarət və pullu xidmətdə 8,4 faiz, rabitədə 1,7 faiz, sosial və digər xidmətlərdə 11,3 faiz təşkil etmişdir. ÜDM-in 6 faizi məhsula və idxala xalis vergilərin payına düşmüşdür. Orta hesabla hər bir nəfərə düşən ümumi daxili məhsul istehsalı 2828 manat (3597,5 ABŞ dolları) olmuşdur. Əlavə dəyər istehsalı qeyri-neft sektorunda ötən illə müqayisədə 11,3 faiz artmış, neft sektorunda isə 6,4 faiz azalmışdır.

Ümumi daxili məhsulun tərkibində ən böyük xüsusi çəkiyə malik olan sənaye sahələrində fiziki şəxslərin fəaliyyəti də nəzərə alınmaqla 17,5 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Məhsulun 77,1 faizi mədənçıxarma bölməsində, 17,6 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsində, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 8,7 faiz artmış, neft sektorunda isə 5,2 faiz azalmışdır. Mədənçıxarma bölməsinin məhsullarından neft hasilatı 22,2 milyon ton, əmtəəlik qaz hasilatı 8,8 milyard kubmetr təşkil etmişdir. İlin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,1 faizi və ya 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.

2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini və ya 4,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38,8 faiz artmışdır. Kompleks aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində ümumi sahəsi 796,7 min kvadratmetr yaşayış evləri, 360 şagird yerlik ümumtəhsil məktəbləri, 280 yerlik məktəbəqədər uşaq müəssisəsi, 15 çarpayılıq xəstəxana, növbədə 666 nəfəri qəbul etməyə imkan verən ambulatoriya-poliklinika müəssisəsi, 140 yerlik klub, Bakı şəhərində Heydər Əliyev Mərkəzi, "Bakı Crystal Hall" İdman-Konsert Kompleksi, "Qafqaz Bakı City hotel and Rezidences" və "Marriott Absheron" otelləri, Zirə İdman kompleksi, "Xəzri" İstirahət və Sağlamlıq Mərkəzi, Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa maqistral avtomobil yolu, Sumqayıt şəhərində "Azğüntex", Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və dəqiq emal zavodları, Gəncə şəhərində Alüminium zavodu kompleksi, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir. Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5924,4 milyon manat vəsaitin 2402,9 milyon manatından istifadə edilmişdir. Dövlət tərəfindən qeyri-neft sektorunun inkişafına göstərilən qayğı nəticəsində sənaye sektorunda dinamik inkişaf ildən-ilə yüksəlməkdə davam edir. Bu, ölkəmiz üçün çox vacib bir amildir. Həyata keçirilən iqtisadi islahatlara görə, ölkə iqtisadiyyatının neftdən asılılığına son qoymaqdır. Qeyri-neft sənayesində həyata keçirilən uğurlu islahatlar öz müsbət nəticəsini verir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Ancaq bizi daha çox sevindirən qeyri-neft iqtisadiyyatımızın inkişafı olmuşdur. Bu, demək olar ki, iqtisadi siyasətimizin əsas istiqamətidir və altı ayda qeyri-neft iqtisadiyyatımız 11,3 faiz artmışdır. Bu, hesab edirəm ki, dünya miqyasında ən yüksək göstəricidir. Ümumi iqtisadiyyatımızın cəmi 1,5 faiz artımının səbəbi ondan ibarətdir ki, neft hasilatında müəyyən dərəcədə azalma müşahidə edilir. Nəzərə alsaq ki, neft sektoru iqtisadiyyatımızın böyük hissəsini təşkil edir, əlbəttə, bu azalma istər-istəməz ümumi göstəricilərə də təsir göstərir. Ancaq biz bundan sonrakı illərdə də əsas diqqətimizi qeyri-neft iqtisadiyyatımızın inkişafına yönəldəcəyik və ilin altı ayının yekunları Azərbaycanda aparılan islahatların məntiqi nəticəsidir.

Sənaye istehsalının ümumi həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi neft hasilatının aşağı düşməsi olmuşdur. Ancaq qeyri-neft sənayemizin inkişafı 8,3 faiz səviyyəsindədir. Bu da son illər ərzində sənayeləşmə proqramının icrasının nəticəsidir. Ölkəmizin müxtəlif bölgələrində, Bakı şəhərində yeni böyük və kiçik müəssisələr işə düşür, yeni iş yerləri açılır. Beləliklə, sənayeləşmə proqramı uğurla icra edilir. Növbəti illərdə bu məsələyə daim diqqət göstəriləcəkdir. Bu il və gələn illərdə yeni sənaye müəssisələrinin işə düşməsi qeyri-neft sektorumuzu daha da gücləndirəcəkdir". Prezident İlham Əliyevin bütün bölgələrə mütəmadi səfərləri Dövlət Proqramının icrasını sürətləndirməklə, regionların tarazlı inkişafının təmin edilməsi, yeni iş yerlərinin yaradılması və əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində görülən işlərə təkan vermişdir. Ölkə Prezidenti bu ilin ötən ayları ərzində Gəncə şəhərində, Goranboy, Qusar, Quba, Salyan, Masallı və Astara rayonlarında, o cümlədən Bakı şəhərində bir sıra infrastruktur obyektlərinin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə maraqlanmış, yerlərdə ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirmiş, onların problem və qayğıları ilə yaxından tanış olmuşdur.

Dövlət Proqramının icrası ilə yerində tanış olmuş ölkə başçısı bu səfərlərin nəticəsi kimi Astara, Masallı, Cəlilabad, Salyan, Beyləqan, Kürdəmir, Qusar, Goranboy, Göygöl, Şəmkir, İsmayıllı, Balakən rayonlarının və Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamlar imzalamışdır.

 

 

Vaqif BAYRAMOV

 

Xalq qəzeti.- 2012.- 25 avqust.- S. 1.