Naxçıvan
şəhərində qarışıq qüvvəli yem istehsalı müəssisəsi fəaliyyətə
başlamışdır
Avqustun
23-də "Gəmiqaya Holdinq" Şirkətlər
İttifaqı tərəfindən yaradılan
qarışıq qüvvəli yem istehsalı müəssisəsinin
açılışı olmuşdur.
Açılış
mərasimində çıxış edən Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov
muxtar respublikada heyvandarlıq və quşçuluq sahələrinin
inkişafında mühüm əhəmiyyətə malik olan
müəssisənin istifadəyə verilməsi münasibətilə
kollektivi təbrik edərək demişdir: "Ulu öndərimiz
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
dövrdə ölkəmizdə ərzaq təhlükəsizliyinin
təmin olunması məsələsi daim diqqət mərkəzində
saxlanılmış, kənd təsərrüfatının
inkişafına hərtərəfli dövlət
qayğısı göstərilmişdir. Bu
qayğının nəticəsində Azərbaycan istər sovetlər
birliyi dövründə, istərsə də müstəqilliyin
bərpasından sonra ərzaq məhsullarına olan tələbatını
yerli istehsal hesabına ödəmişdir".
Ali Məclisin
sədri ölkəmizdə daxili bazarın qorunması, yerli
istehsalın artırılması və ərzaq təhlükəsizliyinin
təmin olunması istiqamətində həyata keçirilən
tədbirlərin bu gün də davam etdirildiyini
bildirmişdir. Ali Məclisin sədri demişdir: "Muxtar
respublikamızda da ərzaq təhlükəsizliyinin təmin
edilməsi diqqət mərkəzində saxlanılır,
iqtisadiyyatın aparıcı sahələrindən biri olan kənd
təsərrüfatının inkişafına hərtərəfli
dövlət qayğısı göstərilir. Yeni
heyvandarlıq və quşçuluq təsərrüfatlarının
yaradılması ilə yanaşı, heyvanların və
quşların baş sayının artırılmasına və
məhsuldarlığın yüksəldilməsinə
xüsusi diqqət göstərilir. Bunun nəticəsidir ki,
artıq muxtar respublikada heyvandarlıq və quşçuluq məhsullarının
ixrac potensialı yaranmışdır".
Ali Məclisin
Sədri bildirmişdir ki, ətlik və südlük istiqamətində
məhsul istehsalının artırılmasında qüvvəli
yem istehsalı sahələrinin yaradılması mühüm əhəmiyyətə
malikdir. Bunun üçün muxtar respublikada əlverişli
şərait, dövlət maliyyə dəstəyi və
investisiya mühiti mövcuddur. Əvvəllər qüvvəli
yemə olan tələbatın idxal hesabına ödənilməsi
müəyyən çətinliklərin yaranmasına səbəb
olurdu. Ötən il muxtar respublikada ilk qarışıq
qüvvəli yem istehsalı sahəsinin istifadəyə verilməsi
ətlik-südlük heyvanların və ətlik-yumurtalıq
quşların qüvvəli yemlə təmin olunması
baxımından mühüm əhəmiyyət
daşımışdır. Lakin bu müəssisə tələbatı
tamamilə ödəmək gücündə deyildi. Ona
görə də yeni müəssisənin yaradılması
üçün kredit ayrılmış, qısa zamanda bu
müəssisənin yaradılmasına nail olunmuşdur. Yeni
müəssisə heyvandarlıq və quşçuluq təsərrüfatlarının
səmərəli fəaliyyətinə şərait yaradacaq,
bu sahədə məhsul istehsalının artmasına səbəb
olacaqdır. Muxtar respublikada fəaliyyət göstərən
heyvandarlıq və quşçuluq təsərrüfatlarının
yeni müəssisədə istehsal olunan qüvvəli yemlə
təmin olunması əlavə xərclərin
qarşısını alacaqdır.
Ali Məclisin
sədri demişdir ki, Naxçıvanda ətlik-südlük
heyvandarlıq və ətlik-yumurtalıq quşçuluq təsərrüfatlarının
illik qüvvəli yemə olan tələbatı 70 min tona
yaxındır. Bunun 50 min tonu ətlik-südlük
heyvandarlıq, 20 min tonu isə ətlik-yumurtalıq
quşçuluq təsərrüfatlarının payına
düşür. Bu müəssisənin istifadəyə verilməsi
ilə qüvvəli yemə olan tələbat 100 faiz ödəniləcək,
idxaldan asılılıq aradan qaldırılacaqdır.
Hazırda müəssisənin xammala olan tələbatının
bir qismi yerli istehsal hesabına ödənilir. Gələcəkdə
xammala olan tələbatın tamamilə yerli istehsal
hesabına ödənilməsi təmin olunacaqdır.
Ali Məclisin
sədri kollektivə uğurlar arzulamış, müəssisəni
işə salaraq istehsal prosesini izləmişdir.
Məlumat
verilmişdir ki, istehsal sahəsinin yaradılmasına bir milyon
manat vəsait sərf olunmuşdur. İstehsal gücü
saatda 10 ton olan müəssisədə Türkiyədən gətirilmiş
avadanlıq quraşdırılmışdır.
Qeyd
olunmuşdur ki, istehsal sahəsində 4 çeşiddə 50
kiloqramlıq taralarda qablaşdırılmış yem istehsal
olunacaqdır. Yeni müəssisənin qurulması daxili
bazarın qorunması və tələbatın keyfiyyətli
yerli istehsal məhsulları ilə ödənilməsinə
imkan verəcəkdir.
Müəssisənin
istifadəyə verilməsi ilə 15 yeni iş yeri
açılmışdır.
Ali Məclisin
sədri Naxçıvan Muxtar Respublikası "Taxıl məmulatları
sənaye kompleksi" Məhdud Məsuliyyətli Cəmiyyətinin
taxıl və un anbarlarına baxmış, toxumçuluq təsərrüfatlarının
fəaliyyəti ilə maraqlanmışdır.
AzərTAc
Xalq qəzeti.- 2012.- 25 avqust.- S. 1.