Aranda Gülüstan Yevlaxdan - bulvar istirahət mərkəzindən reportaj

 

İsti, bürkülü yay günləri davam edir. Mütəxəssislərin dediyinə görə, son 50 ildə avqust ayı belə isti keçməyib. Qızmar havalar insanları təntidir. Dağlar, sərin yerlər, meşələr yada düşür...

Burda, Qarabağda, Yevlaxda isə vəziyyət başqadır. Daha doğrusu, rayon əhalisi, elə ətraf rayonların sakinləri də artıq dağlara, meşələrə yox, Kürün sahilindəki bulvar istirahət mərkəzinə tələsirlər. Çox güman ki, həssas oxucular bu sətirləri oxuyanda təəccüblənəcəklər: Qızmar yay günü, Yevlax və istirahət...

Bəli, bir vaxtlar, həqiqətən, bu barədə düşünməyə belə dəyməzdi. İndi isə... Kür çayının sahilində salınmış istirahət mərkəzinə hər gün on mindən çox adam istirahət etməyə, dincəlməyə gəlir. Bu günlərdə biz də yolumuzu həmin istirahət mərkəzinə saldıq.

Kürün, bəlkə də, ən enli yeri elə buradır. Bu isə çaya da, sahillərə də xüsusi gözəllik verir. O tay seyrək meşəlikdir. Bəri tayda isə, sözün həqiqi mənasında, ecazkar, sehirli bir aləm yaradılıb. Sahil boyu bulvar kompleksi uzanıb gedir. Müasirlik, yüksək zövq və səliqə-sahman dərhal səni öz ağuşuna alır. Təbiətlə insan əli burda elə qovuşub ki, adam bu gözəllikdən doya bilmir. Bulvar istirahət mərkəzi üç pilləlidir. Müasir köşklər, oturacaqlar, işıqlandırma sistemi...

Sahil boyu fontanlar, kafe , çayxana və başqa əyləncə yerləri izdihamlıdır. Gəmilər insanları çayda kiçik səyahətə dəvət edir. Kürdən əsən sərin meh uca çinar ağaclarının yarpaqlarını xışıldadır, ləpələrin həzin pıçıltısı eşidilir. Adamın gözü də dincəlir, könlü də. İsti, gərgin iş günündən sonra burda keçən bir neçə dəqiqə kifayət edir ki, bürkünü də, yorğunluğu da, gərginliyi də unudasan...

Yeri gəlmişkən onu da xatırladaq ki, Prezident İlham Əliyev 2010-cu ildə Yevlağa növbəti səfəri çərçivəsində bulvar istirahət mərkəzinin açılışında da iştirak etmiş, burda görülüb başa çatdırılmış işləri yüksək qiymətləndirmişdir. Yevlaxlılar ölkə başçısının tarixi səfərini, keçirilən görüş və söhbətləri bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayırlar.

İstirahət edən, dincələn insanlara yaxınlaşıram. Ən əvvəl diqqətimi Kürün lap qırağındakı oturacaq, ordakı qadın və uşaqlar cəlb edir. Dərhal tanıyıram. Bu, Sosialist Əməyi Qəhrəmanı, məşhur pambıq ustası Şamama Əliyevadır. Çoxdan tanışıq. Hal- əhval tuturuq, ötən günləri xatırlayırıq: - Bir vaxtlar bu yerlər kol-kos, bataqlıq idi. İndi isə gülüstana çevrilib. Özü də gözümüzün qabağında, cəmi bir neçə ayın içində. Bizim kəndlə buranın arası 10- 15 kilometr olar. Ancaq hər axşam gəlirəm. Burda yaradılan şərait, səliqə-sahman məni heyran edir. Bu uşaqlar nəvələrimdir, Bakıdan gəliblər. Deyirlər ki, sizin bulvar Bakının bulvarından heç də geri qalmır.

Mən bu gözəlliyə, rahatlığa görə ən əvvəl ölkə Prezidenti İlham Əliyevə hədsiz minnətdarlığımı bildirirəm. İndi bütün bölgələr inkişaf edir, ancaq Yevlağa çatan olmaz.

 

Əməkdar müəllim Leyla Səlimova:

- Əvvəllər Yevlax deyəndə yada daha çox isti-bürkü, toz-torpaq, ağcaqanad düşərdi. İndi isə Yevlax cənnətə dönüb. Bu bulvar onun bir hissəsidir. Hara getsən belə gözəlliklərlə rastlaşacaqsan. Hər addımda park, xiyaban, fəvvarə, gül-çiçək... Son vaxtlar Yevlağın təbiəti, görkəmi kimi iqlimi də dəyişib. Bulvarımızın isə əvəzi yoxdur. Hər yay istirahətimə başqa yerlərə gedirdik. İndi isə burada günümüzü maraqlı, məzmunlu keçiririk, yaxşı dincəlirik, istirahət edə bilirik.

İndicə gəmi ilə gəzintiyə çıxmışdıq. Kürün ortasında elə hava var ki, adamın ruhu dincəlir. Orada suyun rəngi də başqadır.

Leyla xanımın dediklərində böyük həqiqət var. Təkcə onu deyək ki, son 8 ildə şəhərdə 14 park salınmış, 31 fontan quraşdırılmış, 2 milyondan çox ağac və müxtəlif gül kolları əkilmişdir. Belə olan halda, əlbəttə, hava da dəyişər, təbiət də.

Eşitmişdim ki, bura ətraf rayonlardan da istirahətə, dincəlməyə gələnlər var. İndi burda tanıdığım adamlarla rastlaşdım.

 

Məhərrəm Nərimanov Bərdə rayonundandır:

- Hər axşam işdən sonra bura gəlirəm. Cəmi bir neçə dəqiqə kifayətdir ki, yorğunluğun çıxsın, əhvalın dəyişsin. Burda yaradılan şərait insana zövq verir, ruhunu dincəldir, könlünü oxşayır. Dünyanın bir çox ölkələrində olmuşam. Cəsarətlə deyə bilərəm ki, Yevlax bulvarı onlardan əsla geri qalmır. Mən bu gözəlliyi, rahatlığı yaradanlara ürəkdən təşəkkür edir, min əhsən deyirəm.

Eyvaz Qarayev əslən Ağdam rayonundandır. Hazırda müvəqqəti olaraq Ağdaş rayonunda məskunlaşıb:

- Əvvəllər Yevlaxdan mümkün qədər tez ötüb keçmək istəyirdin. İndi isə əksinə, burda ayaq saxlamadan, bulvarda heç olmasa bir stəkan çay içmədən ötüb keçə bilmirsən. Mən neçə illərdir ki, ürəyimdən əziyyət çəkirəm. Həkimlər təmiz hava məsləhət görüblər. Ona görə də hər axşam burdayam. Həm dincəlir, həm də müalicə olunuram.

Öyrəndik ki, bulvar istirahət mərkəzinin tikintisinə 2010-cu ildə başlanmışdır. Bulvarın ümumi sahəsi 8,2 hektardır. Bir hissəsi-1158 metri isə bilavasitə Kür çayının üzərindədir. Burada meydançalara 29453 kvadratmetr tamet döşənmiş, divarlara 12667 kvadratmetr aqlay üzlük vurulmuşdur. İstirahət mərkəzində 15 fontan, 1 şəlalə tikilmişdir. Fontanlarda 1800 kvadratmetr mərmərdən istifadə edilmişdir. Hər birinin arası 2,7 metr olmaqla 86 tağbənd tikilmişdir. Bulvarda 68 müasir işıqlandırma sistemi quraşdırılmışdır. Burda beşmərtəbəli beşulduzlu hotelin tikintisi də davam etdirilir.

O da sevindiricidir ki, bulvarın sahilboyu genişləndirilməsi nəzərdə tutulmuşdur. Hazırda burada gərgin iş gedir. Əlavə olunan sahənin uzunluğu 1200 metr olacaqdır. Bu məqsədlə əvvəllər bataqlıq və kol-kos olan həmin əraziyə 60000 kubmetr torpaq daşınır. İndi burada səkilər, yaşıllıq zolaqları salınır, 2 fontan quraşdırılır. Futbol və voleybol meydançaları tikilir. Qısa müddət ərzində müasir işıqlandırma və suvarma sistemi quraşdırılmışdır. Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Xalid Əhmədovun dediklərinə görə, bulvar mərkəzinin ikinci hissəsi yaxın günlərdə istifadəyə veriləcəkdir.

...Yevlax yollar ayrıcında yerləşir. Bakıya, Qarabağa, Gəncəyə, Şirvana gedən yollar burda kəsişir. Kürün körpüsünü keçən kimi göz oxşayan, könül açan füsunkar bir mənzərə səni öz ağuşuna alır. Burdan sağa, qədim çinar ağaclarının arası ilə uzanan geniş asfalt yola çıxın. Bu yol sizi düz sahilə, Kürün qırağındakı həmin gülüstana-bulvar mərkəzinə aparacaq.

Gəlməyə, görməyə və dincəlməyə dəyər...

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 25 avqust.- S. 4.