Nur yolunun müdrik səyyahı

 

"... Yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda törədilən vəhşiliklər heç bir ölçüyə sığmır. Şəhərin küçələri yüzlərlə günahsız qurbanların qanına boyanmışdır. Qətlə yetirilənlər arasında uşaqlar, qadınlar və qocalar vardır. Tankların tırtılları altında qalmış, pulemyot və avtomatlarla tikə-tikə edilmiş cəsədlər insanları dəhşətə gətirir. Dövlət başçısı kimi sizin imzanızla törədilən bu qanlı qırğına, bu dəhşətli cinayətə heç bir bəraət ola bilməz!" Bu ittihamla dolu məktub Şeyxülislam Allahşükür Paşazadə tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıya daxil olmasına və dinc əhalinin qətlə yetirilməsinə göstəriş verən Sovet dövlətinin başçısı Mixail Qorbaçova ünvanlanıb. Həmin hüznlü günlərdə Bakıda elə bir bina, elə bir küçə yox idi ki, ora Şeyxülislam Allahşükür Paşazadənin M.Qorbaçova ünvanladığı məktubun mətni yapışdırılmasın. Sovet dövlətinin başçısını ittiham edən və onu bütün dünyada nüfuzdan salan bu məktubu yazmaq böyük cəsarət tələb edirdi. Bu məktubun sahibi xalqını canından çox sevən, Allahın müqəddəs kəlamları ilə nəfəs alan və onu təbliğ edən insan ola bilərdi. Bu şəxs Şeyxülislam Allahşükür Paşazadə idi. Sovet dövlət başçısını ittiham edən məktubda deyilirdi: "Biz bu faciə ilə bağlı əsl həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün əlimizdən gələni edəcəyik. O dövlət ki, imperiya hökmranlığı iddiası ilə millətlərarası narazılıqları aradan qaldırmaq əvəzinə, onu daha da qızışdırır, o dövlət ki, ordusunu öz vətəndaşlarının qatilinə çevirir, o dövlət ki, öz vətəndaşlarına layiqli güzarandan daha çox faciələr bəxş edir, belə dövlət nifrətə layiqdir".

1990-cı ilin Qanlı Yanvar günlərində Şeyxülislam öz mübarizliyini nümayiş etdirərək xalqı birləşməyə, hakimiyyətin tam iflic olduğu dövrdə millətin iradəsini, əzmini möhkəmləndirməyə müvəffəq oldu. O faciəli günlərdə Qafqaz Müsəlmanları İdarəsi və onun sədri xalqın ümid yeri idi. Moskvadan Bakıda törədilən dövlət cinayətinə öz hiddət və etirazını bildirən, dünya ictimaiyyəti qarşısında SSRİ-nin imperiya xislətini kəskin bəyanatla ifşa edən ümummilli lider Heydər Əliyev, o ağır günlərdə xarizmatik lider keyfiyyətləri nümayiş etdirdi, xalqı gələcək mübarizəyə səslədi.

1990-cı ilin 20 Yanvar faciəsində Şeyxülislam A.Paşazadə dünya ictimaiyyətinin gözü qarşısında özünü əsl dini rəhbər kimi təsdiq etdi. Daha sonra məktubda deyilirdi: "Siz özlərini işğalçı kimi aparan bu cəza qoşununu Bakıya yeritməklə Sovet hökumətini rüsvay etdiniz və bu əməlinizlə təsdiq etdiniz ki, müstəqillik və xalqların müqəddəratı kimi anlayışlar idarəçiliyinizə tamamilə yaddır. Siz bu faciənin törədilməsinə rəvac verməklə özünüzü bir siyasi xadim və bacarıqsız bir dövlət başçısı kimi ifşa etdiniz. Bir əli ilə xarici dövlətlərlə sülh sazişi, o biri əli ilə öz vətəndaşlarına qarşı amansız cəza tədbirlərinin həyata keçirilməsinə göstəriş verən adamı "Sülh uğrunda mübariz" adlandırmaq ən azı ləyaqətsizlikdir".

Azərbaycanda hakimiyyətsizlikdən istifadə edən sovet-erməni rəhbərliyi 20 Yanvar qırğınını törətməklə istədiyinə nail ola bilmədi. Sovet rəhbərliyi onun ədalətsiz siyasətinə etiraz edən insanları susdura bilmədi. Hacı Allahşükür Paşazadə sovet imperiyasının rəhbəri M. Qorbaçova göndərdiyi məktubda xalqın qəzəbini ifadə edərək yazırdı: "Mən bütün Azərbaycan xalqının iradəsini ifadə edərək qoşunların Bakıdan dərhal çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən Azərbaycan xalqı ilə silahla danışmaq olmaz. Bu müdaxilə 10 gün və ya Əfqanıstandakı kimi 10 il davam edə bilər, lakin haqq-ədalət əvvəl - axır qələbə çalacaqdır. Dərin inam və iman hissi ilə üzümü Allah-Təalaya tutur və onun ulu dərgahından şəhid olan balalarımıza rəhmət diləyirəm. Qoy Allah-Təala mənim xalqımın başına bu fəlakəti gətirənləri, bu işə rəvac verənləri zəlil etsin! Ya Rəbb, Vətənimin bu ağır günündə özün bizlərə kömək ol! Amin!"

Şəhidlərin dəfn mərasimində Allahşükür Paşazadə çox böyük cəsarətlə sinəsini qabağa verib, xalqın önündə gedirdi.Bu yol Şəhidlər Xiyabanına gedən adi bir yol deyildi, bu, xalqın mənfur rus imperiyasına nifrət və etiraz yolu, milli qurtuluş yolu, ədalət, istiqlal və azadlıq yolu idi. Bu yolda qazanılan uğurun əldə olunmasında Şeyxülislam Allahşükür Paşazadənin əvəzsiz xidmətləri vardır. O, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunması uğrunda mübarizədə təkcə iştirakçı yox, həm də bu yolun ən mübariz qəhrəmanlarından biri oldu.

20 Yanvar faciəsi barədə xəbəri eşidən kimi ciddi xəstə, qızdırma içərisində olmasına baxmayaraq, hadisənin ertəsi günü özünü Bakıya yetirmiş türk dünyasının böyük təəssübkeşi, məşhur qazax şairi, o vaxtlar SSRİ Ali Sovetinin deputatı olan Oljas Süleymenov Şeyx həzrətlərinin bir ağsaqqal kimi xalqın önündə olmasını, ümumxalq matəm - hüznünü ən yüksək səviyyədə təşkil etməklə bərabər, Azərbaycanın başına gətirilən bu müsibət barədə əsl həqiqətlərin dünyaya çatdırılmasında göstərdiyi fədakarlığı görərkən heyrətini gizlətməmişdir. O.Süleymenov xüsusi olaraq vurğulamışdır ki, Şeyxülislam Allahşükür Paşazadə 20 Yanvar faciəsindən sonrakı bircə həftədə Azərbaycan xalqına bir ömrə sığası qədər xidmət göstərdi. O, bundan sonra əllərini yanına salıb heç bir iş görməsə belə bu fəaliyyəti ilə öz xalqının tarixində əbədi yaşamaq haqqı qazandı.

Əvvəlki xidmətləri ilə qane olub, əlini işdən soyutmaq, dincəlmək Şeyx həzrətlərinə xas xasiyyət deyil. O, həmişə hadisələrin mərkəzində olmuş, müdrik tövsiyələri, ağıllı məsləhətləri ilə insanlara hidayət yolunu göstərmişdir.

1991-ci ilin sonlarında keçmiş sovet müsəlman respublikaları arasında birinci olaraq Azərbaycanın İslam Əməkdaşlığı Təşkilatına üzv qəbul olunmasında Allahşükür Paşazadənin xidmətləri və şəxsi nüfuzu böyük rol oynadı.

Şeyxülislam Allahşükür Paşazadə dini-ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuz sahibidir. O, Azərbaycan həqiqətlərini, Qarabağ problemini, qaçqınlar problemini tanınmış din və dövlət xadimləri ilə yüksək səviyyəli görüşlərində müzakirə edir, bölgədə sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı geniş təbliğat işi aparır. Şeyxülislam Allahşükür Paşazadə Qarabağ probleminin sülh yolu ilə həll olunması üçün rus, gürcü, erməni dini liderləri ilə görüşlər keçirmiş, erməni kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağlı konstruktiv dialoqa dəvət etmişdir. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarının azad olunması ilə bağlı dünya dövlətlərinin başçılarına, parlamentlərinə, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayan Şeyxülislam Allahşükür Paşazadə Ermənistanın işğalçılıq siyasətinə hüquqi qiymət verməyə, Yer üzünün əşrəfi olan insana və onun faciəsinə biganə qalmamağa çağırır. Milli Qəhrəman Mübariz İbrahimovun nəşinin geri alınması istiqamətində Şeyx həzrətləri bütün səylərini işə salaraq Rus Pravoslav kilsəsinin başçısı patriarx Kirili və erməni patriarxı II Qaregini bu işə cəlb etdi. Nəticə uğurlu oldu. Mübariz İbrahimovun nəşi ermənilərdən alınaraq Bakıda, Fəxri Xiyabanda dəfn edildi. Milli qəhrəmanın məzarı gənclərin müqəddəs ziyarət yerinə çevrilmişdir.

Ş eyxülislam Allahşükür Paşazadənin fəaliyyəti təkcə Azərbaycanın hüdudları ilə məhdudlaşmır. 1992-ci ildə Qafqaz Xalqları Ali Dini Şurasının sədri seçilən Allahşükür Paşazadə Çeçenistan və İnquşetiyada dini təfriqə salan radikal təmayüllü qüvvələrin xalqa zidd əməllərinin qarşısının alınmasında əməli tədbirlər görmüş, " Qafqaz evi " çərçivəsində bölgədə barış mühitinin formalaşması istiqamətində gərgin fəaliyyət göstərmişdir.

O, Qafqaz müsəlmanlarının ali dini rəhbəri kimi, təmsil olunduğu bütün qurum və təşkilatlarda bu bölgənin xalqlarının maraqlarını ən yüksək səviyyədə qoruyur və onların haqq işini müdafiə edir. Şeyx həzrətləri 1999-cu ildə Rusiya Federasiyasının Prezidenti Boris Yeltsinə çeçen xalqının məhvinə yönəldilən siyasətini tənqid edən etiraz məktubu göndərərək, İslam ekstremizmi və terroru ilə mübarizə şüarı altında bütöv xalqın terrorçu, "ekstremist, cinayətkar" adlandırılmasını qətiyyətlə pislədi.

Şeyxülislam Allahşükür Paşazadə müsəlman həmrəyliyi prinsipindən çıxış edərək İraqda baş verən hadisələrlə, Fələstin xalqının başına gətirilən müsibətlərlə bağlı öz etiraz səsini ucaltmış, sivilizasiyanın beşiyi sayılan bu ərazilərdə yerləşən müqəddəs ziyarətgahların, qədim tarixi abidələrin mühafizə olunması üçün beynəlxalq təşkilatlar və dövlətlər qarşısında məsələ qaldırmışdır. O, ABŞ ordusunun müstəqil İraq ərazisinə müdaxiləsini, Fələstində və Livanda hərbi münaqişələri qətiyyətlə pisləmiş, din xadimi olaraq, dünyada sülhə və əmin-amanlığa nail olunması istiqamətində fəaliyyət göstərməyi özünün müqəddəs borcu hesab etmişdir.

1998-ci ildə Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Bakıda " Müasirlik və dini-mənəvi dəyərlər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir. Bu konfransda müstəqilliyinə qovuşduqdan sonra Azərbaycanda dini-mənəvi dəyərlərin dirçəldilməsi istiqamətində görülən işlər, dövlətin dinə göstərdiyi qayğı xüsusi vurğulanmışdır. Allahşükür Paşazadə həmçinin 2003-cü ildə " Allahın lütfü, xalqın xilaskarı", 2004-cü ildə "Qloballaşma və İslam", 2005-ci ildə "Qloballaşan dünyada İslam", 2006-cı ildə "Tolerantlığın örnəyi - Azərbaycan", "İslamda dözümlülük" mövzularında keçirilən beynəlxalq elmi konfransların təşəbbüsçüsü və təşkilatçısı olmuşdur. Yenə də məhz onun təşəbbüsü ilə 2010-cu ildə Bakı daha bir mötəbər tədbirə - Dünya Din Xadimlərinin Sammitinə ev sahibliyi etmişdir.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər beynəlxalq konfransların ən yüksək kürsülərindən dinlərarası dialoq və əməkdaşlıq, xalqlar və dövlətlər arasında münaqişə yaradan problemlərin sülh yolu ilə nizamlanması ideyasını, tolerantlığı ardıcıl təbliğ edir, postsovet məkanında xalqlar və dövlətlər arasında dostluq və əməkdaşlıq münasibətlərinin qorunub saxlanılması və inkişaf etdirilməsi naminə daim xoş məram nümayiş etdirir və əməli fəaliyyət göstərir.

Hacı Allahşükür Paşazadə Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədridir. Onun təşkilatçılığı ilə 2002-ci ildə Tbilisidə "Qafqazda sülh uğrunda əməkdaşlıq" beynəlxalq forumu, 2004-cü ildə Moskvada "Beynəlxalq dinlərarası sülh yaratmaq" forumu, 2006-cı ildə Dini Liderlərin Ümumdünya Moskva Sammiti və 2010-cu ildə Dini Liderlərin Ümumdünya Bakı Sammiti keçirilmişdir.

Xristian aləmində böyük nüfuz və ehtiram sahibi olan Allahşükür Paşazadə 2006-cı ildə Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü seçilmişdir. Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətini yüksək qiymətləndirən Roma papası II İohan Pavel yazırdı: "Müxtəlif dinlərin nümayəndələri tərəfindən sizə bəslənən xoş münasibətlərlə fəxr etməyə haqqınız var".

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam A.Paşazadə Moskva və bütün Rusiyanın patriarxı II Aleksi ilə birlikdə BMT yanında Dinlərarası Məşvərət Şurasının yaradılması təşəbbüsü ilə çıxış etmişdir. O, din xadimlərinin BMT Baş katibi Pan Gi Munla Moskvada görüşü zamanı bu ideyanın gerçəkləşməsi istiqamətində danışıqlar aparmış, Nyu-Yorkda BMT-nin mənzil qərargahında BMT Baş Katibinin müavini İbrahim Qəmbəri ilə bu ideyanın həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparmışdır. Nəticədə müsəlman, xristian və yəhudi din xadimlərinin YUNESKO nəzdində formalaşdırılması nəzərdə tutulan yüksək səviyyəli Məşvərət qrupunda A.Paşazadənin müsəlman din xadimlərini təmsil edəcəyi qərara alınmışdır. O, 2009-cu ilin iyulunda YUNESKO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü seçilmişdir.

Azərbaycanda dini mərasimlər içərisində xüsusi önəm daşıyan Aşura mərasimi ilə bağlı Şeyxülislamın uğurlu təşəbbüsü müasir İslam mənəviyyatı tarixində xüsusi yer tutur. O, Aşura günlərində simvolik qan çıxarılması ayininin mahiyyətinin saxlanılması şərti ilə, onun cəmiyyət baxımından əhəmiyyətli formasının tətbiqinə nail olmuşdur. Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə Aşura günlərində Azərbaycanın bir çox məscid və ziyarətgahlarında İmam Hüseynin xatirəsinə qanvermə aksiyalarında iştirak edən müsəlmanlar, həm müqəddəslərə olan ehtiramını nümayiş etdirir, həm də xəstə insanlara real kömək göstərmələrindən məmnun olurlar. Belə ki, irsi qan xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi istiqamətində təmənnasız qan verilməsi aksiyalarının təşkili və həyata keçirilməsi Şeyxülislam Allahşükür Paşazadənin adı ilə bağlıdır. O, Aşura günü baş yarma, zəncirlə bədənə xəsarət yetirmə ilə qan çıxarma kimi ictimaiyyət arasında birmənalı qarşılanmayan ənənənin cəmiyyətə fayda verən aksiyaya, insanpərvərlik nümunəsinə çevrilməsinə nail olmuşdur.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin elmi fəaliyyəti də rəngarəng və hərtərəflidir. O, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edərək tarix elmləri doktoru elmi adını almışdır. O, tarix və ilahiyyat elmləri üzrə "Qafqazda islam", "İslamda ümmət və şüubilik", "Quranın təfsiri və tərcüməsi tarixi", "Qurani-Kərimin ilahi hökmləri və öyrənilməsi", "İslamda şəhidlik", "Milli münasibətlər və din", "Qurani-Kərimin ecazkarlığı", "Qurani-Kərimdə insan təbiəti" adlı monoqrafiyaların, elmi əsərlərin və çoxsaylı məqalələrin müəllifidir. O, Bakı Dövlət Universitetinin professorudur.

B ütün Qafqazın şeyxi Allahşükür Paşazadə Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana çağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvüdür. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür. O, 1986-cı ildə İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilmiş, Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvüdür. 2008-ci ildə yaradılmış Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biridir. 2009-cu ildə Moskvada keçirilən " MDB müsəlmanları konfessiyalararası və millətlərarası razılıq tərəfdarıdır" adlı beynəlxalq elmi-praktik konfransda Müstəqil Dövlətlər Birliyi Müsəlman Dini Liderlərinin Məşvərət Şurasının sədri seçilmişdir. Sülhün əldə olunması və tolerantlığın bərqərar edilməsi sahəsində uğurlu fəaliyyətinə görə Şeyxülislam Allahşükür Paşazadə 2007-ci ildə Sülh Fondları Beynəlxalq Assosiasiyası, Ümumdünya Veteranlar Federasiyası və "Xalq yaddaşı" Beynəlxalq Veteranlar Fondunun təsis etdikləri xatirə medalı ilə təltif olunmuşdur.

Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 2005-ci ildə "Şeyxülislam" ordeni təsis edilmişdir. Bu ordenə ilk dəfə sülhün, tolerantlığın, mənəvi dəyərlərin qorunub saxlanılması və inkişafı istiqamətində böyük xidmətlərinə görə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev layiq görülmüşdür. Bu ali mükafat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Ekmələddin İhsanoğluya, Moskva və bütün Rusiyanın mərhum patriarxı II Aleksiyə, Türkiyə Cümhuriyyətinin Baş naziri Rəcəb Tayyib Ərdoğana, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimova və Moskva və bütün Rusiyanın patriarxı Kirilə təqdim olunmuşdur.

Əfqanıstan İslam Cəmiyyətinin sədri, görkəmli dövlət xadimi Şeyx Bürhanəddin Rəbbani Şeyxülislam haqqında yazırdı: "Hacı Allahşükür Paşazadə İslam dünyasında parlaq və heç zaman sönməyən ulduzdur".

Dini maarifi, İslamın elmi şəkildə tədris olunmasını önə çəkən Şeyxülislam Allahşükür Paşazadənin təşəbbüsü ilə 1991-ci ildə Bakı İslam İnstitutu, 1997-ci ildə isə Qafqaz Müsəlmanları İdarəsi nəzdində görkəmli elm və din xadimlərindən ibarət Elmi-Dini Şura yaradılmışdır.

Qafqaz Xalqları Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə ziyarət, dini əməkdaşlıq, müxtəlif konfrans və tədbirlərdə iştirak məqsədilə dünyanın əksər ölkələrində, o cümlədən Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Belarus, Gürcüstan, Qazaxıstan, ABŞ, Kanada, Fransa, İtaliya, İsveçrə, İordaniya, Küveyt, Hollandiya, Hindistan, Pakistan, Əfqanıstan, Əlcəzair, Liviya, İraq, İran, Misir, Şri-Lanka, Mərakeş, Malayziya, Sudan, Seneqal, Çad və başqa ölkələrdə səfərlərdə olmuşdur.

Şeyxin həyat və fəaliyyəti ilə bağlı "On ikinci Şeyxülislam", "Mərhəmətli və şəfqətli qəlb", "Şeyxülislam: ictimai xadim, alim", "Bizim bir şeyximiz var", "Müqəddəs ömrün anları", "Şeyxülislam Allahşükür Paşazadə: elm və dinin vəhdəti", "Qafqaz Müsəlmanları İdarəsi və Ermənistan-Azərbaycan münaqişəsi", "İki əsrin Şeyxülislamı", "Allahın lütfü: 25 il Şeyxülislam", "Şeyxülislam-alın yazısı", "Nurlu yolun müdrik səyyahı", "Şərəf və Şöhrətin zirvəsi", "Şeyxülislam: ənənə və müasirliyin vəhdəti", "Şeyxülislam Allahşükür Paşazadənin orden və medalları" (4 dildə) kitabları və yüzlərlə məqalələr nəşr olunmuşdur.

Şeyxülislam Allahşükür Paşazadənin Azərbaycan dövləti və xalqı qarşısında xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, Azərbaycanın ali mükafatları olan "Şöhrət", " Şərəf", "İstiqlal" ordenləri ilə təltif edilmişdir.

Şeyxülislam Allahşükür Paşazadənin çoxsahəli fəaliyyəti dünyanın böyük dövlətləri və dini qurumları tərəfindən də yüksək qiymətləndirilmiş, bir çox ali mükafatlara layiq görülmüşdür. O, keçmiş SSRİ-nin "Xalqlar dostluğu" ordeni, Rusiya Federasiyasının " Dostluq" və "Şöhrət" ordenləri, Misirin I dərəcəli "Əl-elm və əməl" ordeni, Çeçenistan Respublikasının "Milli qəhrəman-Koman Turpal" və "Kadırov" ordenləri, Rus Pravoslav Kilsəsinin I dərəcəli "Müqəddəs Vladimir", I dərəcəli "Müqəddəs Sergi Radonejevski", "Şöhrət və Şərəf" ordenləri Gürcüstan Respublikasının "Şərəf" və " Qoyunun qızıl dərisi" ordenləri, Vatikan dövlətinin "Müqəddəs Qreqori" ordeni, İordaniya krallığının I dərəcəli "Kral Hüseyn" ordeni, Rusiya Müftilər Şurasının I dərəcəli "Əl Fəxr" ordeni, Bakı və Xəzəryanı Yeparxiyanın I dərəcəli "Müqəddəs Apostol Varfolomey" ordeni, Şimali Qafqaz Müsəlmanları Koordinasiya Mərkəzinin I dərəcəli "Ümmət qarşısında xidmətlərinə görə" ordeni, "İNTERSAFETY" Terrorizm, Korrupsiya, Ekoloji Cinayətkarlığa qarşı Beynəlxalq Təhlükəsizlik Komitəsi və Birləşmiş Millətlər Təşkilatının Təltiflər İttifaqının (UNCOPA) "Aypara və Ulduz" ordeninin ali dərəcəsi, Beynəlxalq Ekoenergetika Akademiyasının qızıl medalı və Serbiya Respublikasının "İmperator Böyük Konstantinin" qızıl sikkəsi ilə təltif olunmuşdur.

Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə 2007-ci ildə İslam dininin düzgün anlaşılması, layiq olduğu şəkildə təbliği, Qafqazda dini tolerantlıq mühitinin formalaşması istiqamətində gördüyü işlər, nümayiş etdirdiyi fəal vətəndaşlıq mövqeyi, xüsusən də dini liderlərin Moskvada Ümumdünya Sammitinin keçirilməsinə nail olması kimi xidmətləri və xeyriyyəçilik fəaliyyətinə görə 2006-cı ildə "ANS Şirkətlər Qrupu" nun təsis etdiyi "İlin adamı" mükafatına layiq görülmüşdür.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Şeyxülislam Allahşükür Paşazadəni "İstiqlal" ordeni ilə təltif edərkən ona ünvanladığı təbrik məktubunda yazırdı: "Siz dini-ictimai xadim kimi beynəlxalq aləmdə də böyük nüfuza maliksiniz. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qafqazda sülhün və əmin-amanlığın möhkəmləndirilməsi ilə bağlı fəaliyyətiniz təqdirəlayiqdir. Qurani-Kərimin təbliğ etdiyi haqq, ədalət və humanizm ideyaları İslam aləminin taleyüklü problemlərinin həlli yolunda atdığınız addımlarda öz əksini tapmışdır".

2009-cu il noyabrın 6-da "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda Bakıda keçirilən Beynəlxalq Konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinə yüksək qiymət verərək demişdir: "Şeyx həzrətləri otuz ildir ki, bu məsul vəzifədə Azərbaycan naminə çalışır, həm Sovet İttifaqı zamanında, həm müstəqil Azərbaycanın quruculuğu dövründə. Əlbəttə ki, bu dövrlərin arasında çox böyük fərq vardır. Amma buna baxmayaraq, Şeyx həzrətləri hətta çox çətin ideoloji çərçivələr içində həmişə öz ədalətli sözünü demişdir. Ölkəmiz üçün ən çətin anlarda o, birinci sıralarda idi. Müstəqilliyimizin ərəfəsində Azərbaycanda yaşanan çox ağır hadisələr zamanı Şeyx həzrətlərinin müdrik sözü, onun vətəndaş mövqeyi Azərbaycanı daha da böyük bəlalardan qurtara bilmişdir. Bu gün mənimlə hörmətli Şeyx həzrətləri arasında münasibətlər çox səmimidir, dostluq münasibətidir. Biz bu dostluqdan çox məmnunuq. Bu dostluq həm bizim üçün, həm də ölkəmiz üçün lazımdır".

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Şeyxülislam Allahşükür Paşazadə haqqında yazır: "Siz Qafqaza dair məsələlərdə dini konfessiyaların ruhani lideri kimi mühüm rol oynayırsınız. Sizin münaqişəli vəziyyətləri nizama salmaq sahəsində sülhməramlı, yaradıcı fəaliyyətiniz, cəmiyyətdə mənəvi iqlimin sağlamlaşdırılması naminə səyləriniz ən yüksək qiymətə və hərtərəfli dəstəyə layiqdir".

Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov Şeyxülislam Allahşükür Paşazadəyə olan dərin hörmətini belə ifadə edir: "Mən bu insana çox böyük hörmət bəsləyirəm. Vaxtilə Özbəkistanda təhsil almış və Özbəkistanı həqiqətən özünün ikinci vətəni sayan bu insana jurnalistlərin qarşısında bir daha ehtiramımı bildirmək istəyirəm. Biz onu Özbəkistan mədəniyyətinə, dininə yaxın, Mərkəzi Asiyanın tarixini gözəl bilən bir insan hesab edirik".

Gürcüstan Respublikasının sabiq Prezidenti Eduard Şevardnadze Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı yazır: "Harada Şeyxülislam Allahşükür Paşazadə var, orada sülh var, ədalət var. Onun Azərbaycan dövlətinin və Qafqazın dini icmalarının qarşısında duran problemlərə münasibətdə müdrik, uzaqgörən siyasəti regionumuzun xalqları arasında sülhün möhkəmləndirilməsi işinə olduqca dəyərli töhfədir".

G ənc yaşlarında Qafqazın dini lideri seçilməsinə baxmayaraq, Şeyxülislam Hacı Allahşükür Paşazadə xalqın gözündə həmişə ağsaqqal və müdrik din xadimi olmuş, seçdiyi həyat yolunda məsləki və əqidəsi naminə gərgin fəaliyyəti, xalqına və müsəlmanlara dərin məhəbbəti ilə müdrikliyin şərəfli zirvəsinə yüksəlmişdir.

Şeyxülislam Allahşükür Paşazadə bu gün Azərbaycan xalqının taleyi ilə bağlı, nəinki İslam aləmində, hətta dünyada gedən ictimai-siyasi proseslərin, qlobal məsələlərin həllində yaxından iştirak edir və bu işıqlı yolda var qüvvəsini əsirgəmir. Hacı Allahşükür Paşazadə nurlu bir yolun müdrik səyyahıdır. Bu səyyah hidayət yolu ilə öndə gedir və minlərlə dindarı öz ardınca aparır.

Müqəddəs amallarla yaşayıb-yaradan Şeyxülislam Hacı Allahşükür Paşazadə həqiqətən dünya müsəlmanlarının iftixarıdır və onun bu adı fəxarətlə daşımağa, eyni zamanda bizim onunla fəxr etməyə haqqımız var.

İ slam Əməkdaşlıq Təşkilatının Baş katibi Ekmeleddin İhsanoğlu Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı ürək sözlərini belə ifadə edib: "Mən əziz qardaşıma 60 illik yubileyindən sonra "İslamın ulduzu" deyəcəm. Çünki o, tək Qafqazın deyil, bütün İslam dünyasının ulduzudur". İslam dininin banisi və İslam dövlətinin yaradıcısı sevimli Peyğəmbərimiz (s) 63 il ömür sürmüşdür. Ona görə də müsəlman aləmində Peyğəmbərimizin (s) bu yaşına müqəddəslik rəmzi kimi baxırlar. Bu yaşa çatan hər bir müsəlman sevinir ki, o da Peyğəmbər (s) yaşına çata bilib. Bu sevinc Qafqazın Ali dini rəhbəri Allahşükür Paşazadəyə də nəsib olub. Şeyx Həzrətləri ömrünün 63-cü ilini xalqının böyük vətəndaşı kimi yaşayır, həm doğma Azərbaycanına, həm İslam aləminə, həm də bütövlükdə bəşəriyyətə şərəflə xidmət edir.

 

 

Vasim MƏMMƏDƏLİYEV,

akademik,

 

Anar İSGƏNDƏROV,

tarix elmləri doktoru,

professor

 

Xalq qəzeti.- 2012.- 25 avqust.- S. 5.