ŞAMAXI: inkişafın təməlində keçmişə ehtiram, sabaha inam dayanır

 

Hər dəfə hansısa rayondan yazı hazırlamaq üçün topladığımız materialları gözdən keçirəndə mütləq müəyyən bir assosiativ məqam yada düşür. Şamaxıdan hazırladığımız material da istisna təşkil etmədi. Daha doğrusu, Xaqani, Nəsimi, Seyid Əzim Şirvani, Sabir və başqa görkəmli simaların adını dönə-dönə eşitdikcə ötən əsrin 80-ci illərində iştirakçısı olduğum bir məsələ yadıma düşdü.

Mərhum şairimiz Cabir Novruz xarici səfərdən qayıdandan sonra (getdiyi ölkənin adını bilərəkdən yazmırıq) mətbuatda verdiyi yazıda qeyd eləmişdi ki, qonağı olduğum şəhərdəki küçələrin adı yox idi. Bütün küçələr nömrə ilə göstərilirdi. O zaman həmin məsələni - yəni küçələrin adsız, nömrə ilə göstərilməsini təqdir edənlər çox oldu. Arqumentləri də belə idi ki, həmin variant axtarılan küçənin tapılmasını asanlaşdırır. Yəni, hamı bilir ki, 125-ci küçədən sonra 126-cı küçə gəlir. Bizdə isə küçələr nömrə ilə deyil, adla göstərildiyinə görə nabələd adamlar ünvan tapmaqda çox əziyyət çəkirlər. Yaxşı yadımdadır, böyük şairimiz Bəxtiyar Vahabzadənin bir ifadəsindən sonra həmin mənasız və məzmunsuz müzakirəyə birdəfəlik son qoyuldu. Bəxtiyar müəllim dedi ki, adını yaşatmağa sərkərdəsi, qəhrəmanı, şairi, alimi olmayan xalq küçənin adını nömrə ilə göstərməsin, neyləsin?

Bu baxımdan, yəni, adı əbədiləşdirilməli övladları çox olan bölgələr arasında Şamaxının ölkə üzrə ilk beşlikdə yer alması danılmaz həqiqətdir. Bakı, Gəncə, Naxçıvan, Şamaxı, Qarabağ və Lənkəran tarixi şəxsiyyətlərin təkcə sayına görə deyil, həm də bütün dövrləri əhatə etməsinə görə öndə gedən şəhər və bölgələrimizdir. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun fikrincə tarixdə öz kəndinin, rayonunun, şəhərinin adını yaşadan insanların adını uca tutmaq estafeti bu gün bizim əlimizdədir. Biz həmin missiyanı elə şəkildə yerinə yetirməliyik ki, həm uluların ruhu şad olsun, həm də gələcək nəsillər bizi qınamasınlar. Biz adı ilə fəxr etdiyimiz görkəmli şəxsiyyətləri təkcə ölkə daxilində deyil, eləcə də ölkə xaricində təbliğ etməliyik.

Əlbəttə, Şamaxı böyük kənd təsərrüfatı, xüsusən, üzümçülük, taxılçılıq, heyvandarlıq rayonudur, son illər bura ölkənin turizm mərkəzlərindən birinə çevrilir, sənaye müəssisələrinin sayı gündən-günə çoxalır. Bütün bu faktları bilə-bilə rayon rəhbəri ilə söhbətimizə Şamaxının adlı-sanlı simaları barədə sualla başlamağımız təsadüfi deyildi. Çünki Asif müəllimin hələ Balakəndə işlədiyi illərdən yaxşı bilirdim ki, o, tarixdə izi olan görkəmli şəxsiyyətlərin adının yaşadılması, irsinin təbliğ olunması istiqamətində canla, başla çalışan bir vəzifə sahibi, milli-mənəvi dəyərlərimizin qorunmasını özünə borc bilən ziyalıdır.

- Bilirsinizmi, tarixi şəxsiyyətlərə qədirşünaslıqla yanaşmaq prinsipi elə bir məsələdir ki, fərdin özünün şəxsi keyfiyyətləri ilə yanaşı onu əhatə edən mühitin də burada çox böyük rolu var, - deyə Asif Məmmədov söhbətə başlayır, - Yadınızdan çıxmaz, ulu öndər Heydər Əliyev 1969 - 82-ci illərdə və 1993 - 2003-cü illərdə özünün titanik fəaliyyəti ilə bizə çox böyük dərs vermişdi. Bəzən özüm-özümə sual verirəm, həmin illərdə ulu öndər nə qədər soydaşımızın yubileylərinin keçirilməsinə, onların fəaliyyətlərinin qiymətləndirilməsinə nail olmuşdu. Bu tədbirlərn bəlkə də sayı bilinmir. Cənab Prezident İlham Əliyevin həmin ənənəni ardıcıllıqla həyata keçirməsi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın YUNESKO səviyyəsində çoxsaylı soydaşlarımızın möhtəşəm yubileylərinin keçirilməsini təmin etməsi bizim xalqın xoşbəxtliyidir. Elə bilavasitə bu gün adını dönə-dönə çəkdiyiniz Mirzə Ələkbər Sabirin 150 illik yubileyinin qeyd olunması barədə prezident sərəncamının imzalanmasını cənab İlham Əliyevin milli-mənəvi dəyərlərə verdiyi önəmin, ayırdığı diqqətin göstəricisidir.

O ki, qaldı Şamaxının görkəmli simalarının adının bilavasitə rayonumuzda uca tutulmasına, deyə bilərəm ki, bu sahədə həyata keçirilən tədbirlər ildən-ilə deyil, aydan-aya intensivləşir. Məsələn, böyük şair Sabirin adını daşıyan park bu il tamamilə yenidən qurularaq rayon sakinlərinin və qonaqlarımızın istifadəsinə verilib. Şairin məqbərəsi və məqbərəətrafı ərazi də təmir olunaraq abadlaşdırılıb. İndi isə İmadəddin Nəsiminin adını daşıyan parkın əsaslı şəkildə yenidən qurulmasına başlamışıq. Seyid Əzim Şirvani küçəsində sel sularının ötürülməsi üçün bir kilometrə yaxın müvafiq tutumlu dəmir borular quraşdırılıb. Bunlar qeyd olunan məsələnin bir növ maddi tərəfləridir. Ancaq adını çəkdiyimiz görkəmli simaların ədəbi irsinin elmi-bədii şəkildə öyrənilməsi və geniş təbliğ olunması istiqamətində daha əhatəli miqyasda işlər görülür. Cənab Prezidentin qeyd etdiyimiz sərəncamı imzalamasından sonra Sabirin yubileyinin yüksək səviyyədə keçirilməsi üçün nəinki rayonun bütün idarə və müəssisələri, hətta, bütün şamaxılılar səfərbər olunmuşdur. Eləcə də Xaqani, Nəsimi, Seyid Əzim və digər həmyerlilərimizlə bağlı istənilən tədbir ümumrayon işinə çevrilir. Adını çəkdiyimiz insanların hər biri bir abidədir, tarixi qaladır və biz həmin abidələrin sırasına rəmzi olaraq daha bir qala əlavə etmişik. Şəhərin giriş hissəsində Şamaxının tarixi keçmişinə layiq bir layihə əsasında qala divarı tikmişik və orada inşa işləri başa çatmaq üzrədir.

Asif müəllim deyir ki, biz inkişafa nail olmaq istəyəndə, rayonun daha firavan gələcəyini təmin etməyə çalışanda iki əsas məqama söykənməliyik: keçmişə ehtiram və gələcəyə inam olmasa heç bir uğura imza atılması mümkün deyil. Bu gün istənilən şamaxılıda respublikamızın və rayonumuzun gələcəyinə möhtəşəm bir inam vardır. Bu inam illik, yarımillik və aylıq hesabatlarımızda öz əksini tapır.

Beləliklə, həmin hesabatlardakı göstəricilər barədə. Son aylar əldə edilmiş göstəricilər sübut edir ki, Şamaxıda qarşıya qoyulan istənilən vəzifə layiqincə yerinə yetirilir. İndi ilin elə vaxtıdır ki, ancaq ilk 6 ayda əldə olunmuş göstəricilər barədə danışmaq mümkündür. Qeyd olunan müddətdə rayonda 62,9 milyon manatlıq ümumi məhsul buraxılışı olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müşayisədə 11,1 milyon manat çoxdur. Məlum olduğu kimi Şamaxanın iqtisadiyyatında kənd təsərrüfatı sahəsi xüsusi yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində bu sahədə əldə edilən göstəricilər daha yüksəkdir. Taxılçılığın inkişaf etdirilməsində bu sahədə çalışan fermerlərə dövlət yardımının verilməsinin əhəmiyyəti çox böyükdür. Bu il həmin məqsədlə rayon üzrə 3260 fermerə 400,8 min manatlıq yardım verilib.

Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2012 - 2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı"nın icrasına böyük səylə başlayan şamaxılılar rayonda üzümçülüyün yeni inkişaf dövrünün təməlini qoyublar. Dövlət Proqramının təsdiqindən sonra - daha doğrusu, bu ilin əvvəlindən rayon fermerləri 67 hektar yeni üzüm bağları salıblar. Beləliklə, indi Şamaxıda 1357 hektar üzümlük vardır. Amma bu göstəricinin də tezliklə müsbətə doğru dəyişəcəyi şübhəsizdir. Taxılçılıq və üzümçülüklə yanaşı heyvandarlıq sahəsində də inkişafın miqyası ildən-ilə artır. Ət, süd, yun, yumurta ötən ilin müvafiq dövrü ilə müqayisədə kifayət qədər çox olub.

Ölkənin hər yerində olduğu kimi Şamaxıda da ən çox diqqət yetirilən məsələlərdən biri tikinti-quruculuq və abadlıq işləridir. Qədim Şamaxı şəhərinin abadlaşdırılması və indiyə qədər mövcud olmuş problemlərin mərhələ-mərhələ aradan qaldırılması rayon sakinləri tərəfindən xüsusi razılıq hissi ilə qarşılanır. Elə buradaca qeyd edim ki, aradan çox keçməyəcək Şamaxıya gələn qonaqlar Şirvani küçəsindəki görülmüş işlərə baxıb heyrətə gələcəklər. Bax onda söz verirəm. Bu küçədən ayrıca bir reportaj hazırlamaq bizim boynumuza. Şəhərin mərkəzi küçələrindən biri olan "Şirvan" küçəsində isə ilin əvvəlindən etibarən yeni işıqlandırma sistemi quraşdırılıb, müasir səkilər təzə bardürlər qoyulub. Küçə boyu bütün ictimai binaların və fərdi yaşayış evlərinin, həmçinin inzibati binaların və obyektlərin fasadlarına milli-memarlıq üslubunda yeni üzlük materialı çəkilib və dam örtükləri dəyişdirilib. 20 Yanvar küçəsində 5 mənzilli 2 mərtəbəli yaşayış binasının inşaası başa çatmaq üzrədir. Heydər Əliyev küçəsində isə mövcud istinad divarları milli memarlıq üslubunda təmir edilib, səki daşları dəyişdirilərək üst örtüyünə mozaik plitələr döşənilib.

Hazırda Şamaxı şəhərində su, kanalizasiya və qaz xətlərinin çəkilişi davam edir. Artıq Nəriman Nərimanov, Seyid Əzim Şirvani, Heydər Əliyev və Şirvan küçələrində çəkilən həmin xətlər əsas şəbəkəyə qoşulub. Bakı - Şamaxı magistral yolunun şəhərə giriş hissəsində dövlət idarələri üçün nəzərdə tutulan üçmərtəbəli binanın inşası başa çatmaq üzrədir. Rayon ağsaqqallarının xahişi ilə əsas yolu təmir olunan qədim "Yeddigümbəz" qəbiristanlığının ərazisində namazgah tikintisinə başlanılıb.

Bütün bunlarla yanaşı Prezident İlham Əliyevin sərəncamlarına əsasən Cümə Məscidinin və Şamaxı Astrofizika Rəsədxanasının əsaslı təmir edilərək yenidən qurulması işləri davam etdirilir. Eyni zamanda Olimpiya İdman Kompleksinin yenidən qurulması, rayon icra hakimiyyətinin inzibati binasının qarşısında fəvvarə kompleksinin quraşdırılması davam etdirilib. Heydər Əliyev parkındakı fəvvarələr kompleksi isə əsaslı təmir olunub və orada böyük monitor quraşdırılıb.

Şamaxıda təhsil sektorunun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi məsələsi xüsusilə önəm verilən məsələlərdən biridir. Bu məqsədlə Göylər kəndində 360, Həmyəli kəndində 180, Kərkənc kəndində 120, Qonaqkənd, Böyük Xınıslı və İkinci Çaylı kəndlərinin hər birində 80 yerlik yeni məktəb binalarının tikinitisinə başlanılıb. Hazırda Azərbaycan Müəllimlər İnstitutu Şamaxı filialının binasında təmir işləri davam etdirilir. Mədrəsə qəsəbə uşaq bağçasının təmiri başa çatdırılıb, şəhər 1 saylı uşaq bağçası üçün yeni binanın tikintisinə başlanılıb. Uşaq incəsənət məktəbi üçün müasir binanın inşası davam etdirilir. Hörmətli oxucuların nəzərinə çatdıraq ki, rayon rəhbərliyinin təhsil sektoruna göstərdiyi bu qayğıya cavab olaraq Şamaxı məktəbliləri ali məktəbə qəbul zamanı mühüm uğurlar əldə ediblər və o barədə ayrıca bir yazı qələmə alacağıq.

Bu gün Şamaxı turizm üçün respublikanın əlverişli rayonlarından biri kimi tanınır. Rayonun zəngin təbiətə və qədim tarixə, mədəniyyətə malik olması burada turizmin inkişafını daha da artırır. Hazırda Şamaxıda 24 istirahət mərkəzi fəaliyyət göstərir. Bir ay əvvəl qonaqların istifadəsinə verilən "Şirvan" mehmanxanası dünya standartlarına uyğun olaraq yenidən qurulub. Şərədil, Saqiyan və Pirqulu ərazilərində müasir mehmanxanaların tikintisi davam etdirilir.

... Beləcə, avqustun 15-i - 18-i arası şeh düşəcək, istilər azalacaq, deyirdilər. Şamaxıda o şehi də gördük, sərinliyi də. Göylərli İxtiyar Xəlilov bu barədə belə danışır: Səmadakı "Böyük Ayı" bürcündə ulduzlar elə düzülüb ki, həmin ulduzların üstü ilə xətt çəkə bilsək, ayı şəkli alınır. Ancaq ayının quyruğunu çəkmək üçün ulduz görünmür. Avqustun 15-i - 18-i arası həmin ulduz da görünür və "quyruq doğdu" deyirlər. Ondan sonra şeh düşür, sərinlər başlayır.

... Mənim isə ulduzla, filanla işim yoxdur. Bir onu bilirəm ki, Şamaxının gözəl günləri indi başlanır...

 

 

İlqar HƏSƏNOV

 

Xalq qəzeti.- 2012.- 25 avqust.- S. 6.