N.NƏRİMANOV: "Heç kim
güllələnməsin..." (əvvəli qəzetin 23 avqust 2012-ci il tarixli
sayında)
(əvvəli qəzetin
23 avqust 2012-ci il tarixli sayında)
XI ordunun xüsusi şöbəsinin
böyük hərbi müstəntiqi A.Qubin".
Ürəkağrısı ilə
köksünü ötürən Nərimanov dedi:
- Altı bəndin hamısının
iftira olduğu məlumdur. Mən bunlar barədə daxili
işlər naziri Həmid Sultanov və Hərbi-Dəniz
Komissarı Çingiz İldırımla məsləhətləşdim.
Sizin əməkdaşınız A.Qubinin
yazdıqlarının yalan olduğunu onlar da təsdiq etdilər.
Digər bir sənəddə oxuyuruq ki, Gəncə
üsyanı vaxtı general Şıxlinski Bakıda olub. Bunu
keçmiş birinci Gəncə süvari diviziyasının
qərargah rəisi polkovnik Vasili Sokolovdan
aldığınız dindirilmə protokolunda
açıq-aydın yazmısınız.
Canüzücü, yalan və iftiralarla
dolu protokolları oxuyub qurtardıqdan sonra Nəriman Nərimanov
xüsusi şöbə rəisi Semyon Pankratovu vəzifəsindən
azad etdi. Şübhəsiz ki, bu qədər cinayətdən
sonra onun özü güllələnməyə məhkum
olundu. Bu barədə 1920-ci il mayın 30-da menşevik
Gürcüstanında dərc olunan "Qruziə" qəzeti
daha dəqiq məlumat verir. Qəzet yazır: "Fövqəladə
komissiya qırğına ehtiyatla başlamışdır,
lakin sonradan sərt şəkildə fəaliyyət göstərərək
ucdantutma həbslər etdi. Komissiya xüsusilə matros
Pankratovun rəhbərliyi altında "daha müvəffəqiyyətlə"
işləmişdir. Lakin Nərimanovun Bakıya gəlişindən
sonra Semyon Pankratov aradan götürüldü".
Azərbaycana "azadlıq" gətirən
XI ordu 79 nəfər hərbçimizi 1920-ci il iyunun 6-da həbs
edib, Nargin adasında məhz matros Semyon Pankratovun sərəncamı
ilə güllələmişdir. Onların arasında Gəncə
general-qubernatoru Xudadat bəy Rəfibəyov, general Əbdülhəmid
bəy Qaytabaşı, podpolkovnik İsmayıl xan Ziyadxanov,
general İbrahim ağa Usubov, general Əmir Kazım Qacar,
Bakı şəhər polis idarəsinin rəisi Quda Qudiyev,
milyonçu Murtuza Muxtarov, general Məhəmməd Mirzə
Qacar, general-leytenant Məmməd bəy Sulkeviç, general Həbib
bəy Səlimov, İsgəndər bəy Seyfulin və
başqa Azərbaycan ziyalıları vardı.
* * *
Nərimanov nə qədər yorğun
olsa da, indi başından bir fikri qova bilmirdi. Bu qırğınlardan
sonra qalan iki generalımızı necə qorumalı?..
Köməkçisi Nurməmmədi
çağırıb bir fincan çay istədi.
- Başım bərk ağrıyır, -
dedi və sonra generalların harada olmasını soruşdu.
Şahsuvarov cavab verdi ki, onların üst-başı pis
gündə idi. Neçə günlük türmə həyatından
çox sınıxıblar. Belə görkəmdə
özləri də sizin qəbulunuza gəlmək istəmədilər.
Bilirdim ki, Pankratovla söhbətiniz uzun çəkəcək.
Evlərinə göndərdim. Amma, yoldaş Nərimanov,
etibarlı bir nəfər mənə zəng edib xəbər
verdi ki, generalları izləyirlər. Deyəsən
başlarında yenə qovğa var.
- Mənim adımdan daxili işlər
komissarı Həmid Sultanova zəng elə, hər ikisinin
Nikolayev küçəsindəki mənzilinə gözətçi
qoysun. Özün də get onlara baş çək, həm də
xəbər ver ki, səhər saat 10-da onları gözləyəcəm.
Həmid Sultanov, Muxtar Hacıyev,
Çingiz İldırım və bəzi yaxın adamlar, Nərimanovun
Azərbaycana gəlməsinə sevinən digər yaxın
adamlar ona bildirmişdilər ki, gələn Qırmızı
ordunun sıralarında çoxlu saydı daşnak əsgəri
və zabiti var. Onlar da havadarları Levon Mirzoyana, Anastas
Mikoyana, Sərkis Danilyana, Serqo Orconikidzeyə arxalanıb minbir
fəndlə, yerli-yersiz burjuy, müsavatçı
damğası ilə Azərbaycanın oğul və
qızlarını həbs edir və güllələyirlər.
Xüsusilə, Gəncə üsyanından sonra azərbaycanlılara
düşmən gözü ilə baxırlar.
1920-ci il aprelin 27-də yeni gələn
bolşevik hökuməti Çingiz İldırımı Hərbiyyə
və Bəhriyyə komissarı vəzifəsinə təyin
etdi. Aprelin 30-da 8 saylı əmrlə o, özünə
müavin general Əliağa Şıxlinskini
götürdü. Çingiz İldırımın sənəti
inşaat mühəndisi olduğuna görə hərb
işini o qədər də yaxşı bilmirdi. Sonralar Ə.Şıxlinski
xatirələrində yazırdı: "Komissar mənim
yanıma gəlib, onun müavini vəzifəsini qəbul etməyimi
təklif etdi. Mən razı oldum. Onda o, gülümsəyərək
mənim paqonlarımı göstərib dedi:
- Bunları çıxarmaq
lazımdır.
Mən belə cavab verdim:
- Madam ki, sizinlə işləməyə
razılıq verirəm, bu, o deməkdir ki, məndə hər
şeydən əvvəl daxili bir dəyişiklik əmələ
gəlir; bu isə əlbəttə, zahiri əlamətdən
daha əhəmiyyətlidir. Ə.Şıxlinski "Xatirələrim",
Bakı, 1984-cü il, səh. 191-də).
İki ay yeddi gün Hərbi-Dəniz
komissarı vəzifəsində işləyən Çingiz
İldırım gördü ki, bolşeviklər
keçmiş milli ordunun əsgər və zabitlərini məhv
edib dağıdırlar. Onda hərbi müşavirədə
sərt şəkildə bolşevik rəhbərlərinə
bildirdi ki, siz açıq-açığına bizim ordunu
dağıdırsınız. Niyə və nəyə
görə, səbəbi məlum deyil. Axı, aprelin 27-də
biz kommunistlər Azərbaycan Parlamentinin fövqəladə
iclasına qərar təqdim etmişdik. Səs
çoxluğu ilə qəbul edilən 8 şərtin birinci
bəndində: "Sovet hakimiyyətinin idarə etdiyi Azərbaycanın
tam müstəqilliyi qorunub saxlanılacaqdır". 7-ci bəndində
isə "Azərbaycan ordusu olduğu kimi qalacaq". Bu
gün ordunu dağıdan, zabitlərimizi güllələyən
yoldaşlar bu vədi, bu bəndləri niyə unudublar?
Sizin ordunu qırıb-çatmağınız
Azərbaycan xalqının, Azərbaycan bolşeviklərinin
arasında bərk narazılıq yaradır. Xalq bolşevik
hökumətinə inamını itirir. Əgər belə
davam edərsə, mən bu vəzifədən istefa verəcəm".
İyulun 4-də
elə həmin müşavirədə Çingiz
İldırımı etibarsız komissar kimi vəzifəsindən
çıxartdılar. Əvəzində onların
marağını sadiq qul kimi həyata keçirən Əliheydər
Qarayevi iyulun 26-da Azərbaycan Hərbi-Dəniz komissarı təyin
etdilər. Əliheydər Qarayevin təyinatından bir az sonra
müavin Əliağa Şıxlinski də istefa verdi. Əliağa
Şıxlinski bilirdi ki, Əliheydər Qarayevin Hərbi-Dəniz
işlərindən zərrəcə başı
çıxmır. Deyilən məsləhəti də
eşitmək istəmir. Hətta, həmin vaxtlarda Azərbaycan
ziyalıları Qarayevə qəddarlığına görə
istehza ilə "səfeh malçişka" ayaması
vurmuşdular.
Əliheydər
Qarayevin təyinatından sonra Azərbaycanda qarətlər, sərxoş
rus və erməni əsgərlərinin
özbaşınalığı, sürgünlər, güllələnmələr
daha da artdı.
1939-cu ildə
kommunist rejimindən idarə etdiyi təyyarə ilə birgə
qaçıb canını qurtaran təyyarəçi-zabit Məmməd
Altunbəy Türkiyədə qələmə
aldığı "Azadlığa uçan türk"
kitabında Əliheydər Qarayevin qəddarlığı
haqqında yazır:
"Gəncə
basqınından sonra yeni gələn bolşeviklərin ən
yaxşı adamı olmuş Əliheydər Qarayev öz millətinə
ermənidən və rusdan daha çox zülm etmişdi.
Ruslar bir sıra azərbaycanlının öldürülməsində,
sürgün və həbs edilməsində məhz Əliheydər
Qarayevin köməyindən istifadə etmişlər. Hətta,
iş o yerə çatmışdı ki, Gəncədə
bir-birinə qarğış edənlər "Əliheydər
Qarayevin qəzəbinə gələsən" - deyərdilər.
Əliheydər Qarayev çox zalım, qəddar bolşevik
nökəri və amansız bir adam idi".
Nərimanov
heç vaxt gözləmədiyi, ağlına belə gətirmədiyi
vəziyyətə düşmüşdü. Neyləməli,
indiki vəziyyətdə bu iki generalı necə qorumalı
sualı ona rahatlıq vermirdi. Dərdini deməyə
sirdaş, sadiq dost axtarırdı. Kiminləsə dərdləşmək,
ürəyini boşaldıb məsləhət almaq istəyirdi.
Uzun götür-qoydan sonra qəti qərara gəldi. Bu
qarışıq vaxtda onları Bakıda qorumaq mümkün
olmayacaq.
* * *
Səhəri
gün tezdən onları qəbul edib xeyli söhbət elədi.
Respublikada bu günkü vəziyyətin çətinliyindən
danışdı. Haqsız həbs olunanlardan,
özbaşınalığın baş alıb getməsindən,
mərkəz Moskvanın onu bir xeyli gec göndərməsindən
təəssüfləndiyini bildirdi. Ağsaqqal kimi hörmətlə
birinci Səməd bəy Mehmandarova müraciət etdi:
- Səməd bəy,
Gəncə hadisəsindən sonra hiss edirdim ki, qəzalarda vəziyyət
o qədər də yaxşı deyil. Yerlərdən
çoxlu şikayətlər gəlirdi. Şikayətlərin
hamısı da Qırmızı ordunun yerli əhali ilə
pis davranışı barədə idi. Məktublardan bir
neçəsini yerində yoxlamaq üçün xüsusi
komissiya ilə bölgələrə səfər etdim.
Yevlaxda, Şəkidə, Zaqatala və başqa yerlərdə
Qırmızı ordunun əsgər və zabitlərinin
özbaşınalığını bəzi yüksək
rütbəlilər adi hal kimi qəbul edir. Mən bunlara
dözməyib onları tənbeh edir və cəzalandırırdım.
Ordan birbaşa sizin ata-baba yurdumuz Şuşaya getdim.
İnanın, orada vəziyyəti lap acınacaqlı
gördüm. Ona görə də götürüb mərkəzə
şikayət xarakterli belə bir teleqram vurdum:
"Respublikanın
kəndlərinə səfərim zamanı mənə
kütləvi şikayətlər daxil oldu və indi də
bunlar davam edir. Kəndlilər şikayət edirlər ki,
inqilab komitələri, ərzaq agentləri və XI ordu hissələrinin
nümayəndələri tərəfindən onların
sonuncu tikələri əllərindən alınır.
Mən hesab edirəm
ki, bu inqilab komitələrinin öz işlərinə laqeyd və
öz vəzifələrinə cinayətkarcasına
yanaşması deməkdir. Bu irad XI ordu hissələrinə
aiddir və qısa müddətdə bu
biabırçılığa son qoyulmalıdır".
Moskvada Azərbaycanın
səlahiyyətli müvəkkili Behbud bəy Şahtaxtinski
bizim şikayət xarakterli daha bir məktubumuzu RSFR XKS sədri
V.İ.Leninə çatdırıb. Orda da XI ordunun köməyi
ilə Ermənistan sərhədindəki müsəlman əhalisinin
tərksilah edilməsini, daşnak hücumlarının təhlükəsi
qarşısında qoymasını yazmışıq.
Yazmışıq ki, inqilab komitələrinə elə bir səlahiyyət
veriblər ki, Azərbaycan hökuməti ilə qətiyyən
hesablaşmır, ordu hissələrinin komandirləri müstəmləkəçilik
siyasəti yeridirlər. Şuşada olanda "ordu klubu"
deyilən bir binaya baş çəkdim. Əsl kef məclisinin
şahidi olum. Qarabağ xanı Mehdiqulu xanın
mülkünün böyük zalında xalı-xalçanın
üstündə əyləşən sərxoş zabitlər
erməni qadınları ilə musiqi dinləyir, rəqs edib,
çalıb oynayırlar.
Nərimanov
bolşeviklərin güllələdiyi 12 Azərbaycan
generalının dadına çata bilməməsinə heyfslənib
dedi ki, onların hər birini yaxşı tanıyırdı.
Səməd bəy başını qaldırıb ilk dəfə
onun üzünə baxdı. Kövrək, hüznlü səslə:
- Heç
bilirsinizmi general Əbdülhəmid bəy
Qaytabaşının neçə yaşı vardı, cəmi
otuz dörd. Çox istedadlı cavan bir sərkərdəni
Azərbaycan xalqı itirdi. Otuz doqquz yaşı tamam
olmamış general Həbib bəy Səlimov isə heç
evlənməmişdi. Hər dəfə ona ata ərkilə
deyəndə ki, niyə evlənmirsən, ömür-gün
keçir, oğul; bircə cavabı olardı: "Səməd
bəy, qoy dünyamız düzəlsin, sonra...". Bu da
düzələn dünyanın sonu, - deyib, göz
yaşını ağ dəsmalına hopdurdu.
Nəriman Nərimanov:
- Əli ağa,
- dedi, - sizi hansı günahınıza görə ittiham
etdiklərindən xəbəriniz var? Matros Semyon Pankratov o qədər
qara yaxıb ki, guya ağqvardiyaçı Denikini Azərbaycana
çağıran siz olmusunuz. Həbs olunma sənədlərinizdə
o qədər cəfəngiyat yazılmışdı ki...
Sədr
sözünü bitirməmiş çılğın təbiətli
Əliağa Şıxlinski soruşdu:
- Ay Nəriman,
niyə bizə başağrısı verirlər. Siz Azərbaycana
gələnə qədər bizi üç dəfə həbs
ediblər. Qoy güllələsinlər canımız
qurtarsın. Nə qədər bitli-sirkəli türmələrdə
çürümək olar?
Nərimanov
günahkar adamlar kimi:
- Əli ağa,
- dedi, - görünür, sən özünü qiymətləndirə
bilmirsən. Axı, səni hamı "rus
artilleriyasının allahı" adlandırır. Biz onu da
başa düşməliyik ki, bizim xalq üçün bir
generalı yetişdirməyə əlli il vaxt lazımdır!
Bəs onda niyə biz öz generallarımızı güllələməliyik?
Sonra Səməd
bəyə müraciətlə:
-
Özünüz, - dedi, - bu saat respublikadakı vəziyyəti
bilirsiniz, hazırkı vəziyyətə
ziyalılarımızın, əsgər və zabitlərimizin
əleyhinə qəsd-qərəzlik var. Mən bunu sizdən
gizlətmirəm. Ona görə belə qərara gəlmişəm
ki, sizi bir illiyə, burda sabitlik olana kimi, Moskvaya, Lenin
yoldaşın sərəncamına göndərim. Əgər
razısınızsa... Hərçəndi, burada daha çox
lazımsınız. Yenə deyirəm, vəziyyət belə
tələb edir. Başqa çarəmiz yoxdu.
Azərbaycan
İnqilab Komitəsinin sədri Nəriman Nərimanov
onların razılığını alandan sonra V.İ.Leninə
yazdığı məktub və keşikçi dəstəsilə
ayrıca vaqonda hər iki generalı Moskvaya göndərdi. Nərimanov
məktubunda yazırdı:
"Əziz
Vladimir İlyiç!
Gəncə
üsyanı zamanı köhnə Azərbaycan ordusunun
bütün zabitləri həbsə alınmışdır.
Bu məktubu Sizə təqdim edən məşhur generallar -
Mehmandarov və Şıxlinski də onların arasında idi.
Diqqətli yoxlama nəticəsində məlum oldu ki, bu
generalların üsyanla əlaqəsi olmamışdır.
Lakin mövqeyimiz sakitləşənə kimi və ümumi
işimizə kömək məqsədilə biz hər halda
bu qərara gəldik ki, onları qərargahda işləmək
üçün Sizin sərəncamınıza göndərək,
çünki onlar, hərbi mütəxəssis olmaq
etibarı ilə əvəzsizdirlər. Onlardan biri -
Şıxlinski Nikolay ordusunda "artilleriyanın
allahı" sayılırdı. Polşa cəbhəsi
qurtarana qədər qoy onlar Moskvada işləsinlər. Sonra
Sizdən xahiş edəcəyəm ki, bizim əsgəri hissələrimizi
təşkil etmək üçün onları buraya göndərəsiniz.
Bu müddətdə onların qayğısına qalmaq
lazımdır.
Kommunist
salamı ilə: N.Nərimanov, 01 avqust 1920-ci il".
Qayğıkeş
Nəriman Nərimanov hər iki generala iyulun 31-də öz
imzası ilə belə bir vəsiqə də vermişdir:
"Bu vəsiqənin
təqdim edən Əli ağa Şıxlinski yoldaş Azərbaycan
İnqilab Komitəsi tərəfindən gələcəkdə
döyüş cəbhəsinə yola düşmək
üçün Moskvaya - RSFSR inqilabı Hərbi
Şurasının sərəncamına göndərilir.
Bütün hərbi
və mülkü idarələr, ayrı-ayrı şəxslər
yol boyu Əli ağa Şıxlinski yoldaşa mənzil
başına maneəsiz çatmağa və ona qanuni kömək
göstərməyə çağırılır.
Əli ağa
Şıxlinski yoldaşa olan əşyalar və ərzaq məhsulları
müsadirə və rekvizisiya oluna bilməz
Azərbaycan
İnqilab Komitəsinin sədri Nəriman Nərimanov İdarəsi
işləri rəisi .............. imza".
Bu minvalla hər
iki general Azərbaycanda olan daşnak-bolşevik təhlükəsindən
xilas oldular. Onlar bir il iki ay Moskvada yaşayıb Ali
Topçuluq məktəbində müəllim işlədilər.
1921-ci il
noyabrın 18-də hər iki generalı Nəriman Nərimanov
xahiş və minnətlə Bakıya qaytara bildi.
* * *
Bəli, istəyirsiniz adınız baqi
qalsın, tək özünüz üçün, öz nəfsiniz
üçün yaşamayınız, ümumi və
müştərək məqsədə
çalışınız.
Nəriman Nərimanov
yalnız bu iki məşhur generallımızı bolşevik
qətlindən xilas etməmişdir. Az müddət Azərbaycan
Respublikası Xalq Komissarları Sovetinin sədri olanda general
Firidun bəy Vəzirovu, general-qubernator Xosrov bəy Sultanovu,
polkovnik Gəray bəy Vəkilovu və onlarla hərbçiləri,
ziyalıları güllələnməkdən xilas
etmişdir.
1920-ci il
bolşevik-daşnak işğalından sonra Bakıda
qalmağa ehtiyat edən Məmməd Əmin Rəsulzadə Lahıca
getdi. Həmin il may ayının 16-da Moskvadan Bakıya gələn
Nəriman Nərimanov M.Ə.Rəsulzadənin də
bolşevik-daşnak təhlükəsindən xilas olması
üçün təşəbbüs göstərmişdir.
Məmməd Əmin Rəsulzadə lStalinlə ixtilal xatirələri"
əsərində (səh. 23-də) bu qayğını etiraf
etmişdir. O, yazır:
"Kommunist"
qəzetinin 1920-ci il iyun ayı nüsxəsində Azərbaycan
Sovet hökumətinin sədri doktor Nəriman Nərimanovun
imzası ilə ilk səhifədə rəsmi bir məlumat
vardı: "Məmməd Əmin Rəsulzadəni vilayətlərdə
hər cür təhlükədən qorumaq məqsədilə
Sovet hökuməti onun paytaxta gətirilməsinə qərar
vermişdir. Burada isə həyatı əmniyyət
(qorunması) altındadır, əhalinin bu xüsusda əmin
olmasını və həyəcana düşməməsini
tövsiyə edirik".
Həmin
kitabın 24-cü səhifəsində yenə Məmməd Əmin
Rəsulzadə yazır: "...Başda doktor Nəriman olmaqla
Sovet Azərbaycanın bütün nüfuzlu şəxsləri
"Məmməd Əminin başından bir tük belə əskik
olmamalıdır!", - demişdi.
Həmin
dövrdə Nəriman Nərimanov ziyalılarımıza da
qayğısını əsirgəməmişdir. Məşhur
alim-ədəbiyyatşünas Salman Mümtazın
qızı Şəhla xanım atası ilə bağlı
şahidi olduğu əhvalat haqqında yazır:
"1920-ci ilin əvvəllərində
atama yaxın bir dostu deyib ki, Biləcəridə kimdəsə
nadir bir əlyazma var. Atam tələsik evə xəbər
verib gedib. O, vağzala gələndə qatar tərpənib.
Yüyürüb bir əlilə vaqonun dəstəyindən
tutub. İkinci əli dəstəyə çatmayıb və
qatar onu sürüyüb. Camaat xəbər tutub qatarı
saxlatdırıb.
Fayton səsi gələndə
darvazaya yaxınlaşdım. Gördüm ki, atamın
paltarı cırılıb. Tozun içindədir. Onu faytondan
bir neçə nəfər qucağında
düşürüb evə gətirdi. Bir aydan çox yataqda
qaldı. Sonra çətinliklə gəzdi.
1921-ci ildə
yenə Biləcəriyə əlyazmaların dalınca gedəndə
isə atam yatalaq xəstəliyinə tutulmuşdu. Bunu
eşidən Nəriman Nərimanov bizə gəlmişdi. O
gedəndən sonra atama baxmaq üçün həkim təhkim
etdi, evimizdə vanna otağı düzəltməklə
yanaşı telefon da çəkdirdi. Nərimanov işinin
çoxluğundan atamın yanına gələ bilmirdisə
də, hər gün telefonla atamdan xəbər tuturdu. Nəriman
Nərimanov atamı "Şərqin ədəbiyyat
açarı" adlandırmışdı (Şəhla
xanım Mümtazzadə "Xatirə" məqaləsi,
"Ədəbiyyat və incəsənət" qəzeti,
30 noyabr 1974-cü il).
Şəmistan NƏZİRLİ,
yazıçı-publisist
Xalq qəzeti.-
2012.- 26 avqust.- S. 4.