Heydər Əliyevin milli siyasət strategiyası

 

Milli elitanın transformasiyası və onun əsas komponentləri

 

Siyasi sistemi təsis etmək, siyasi hadisələrin tərkib hissələrindən ibarət ideoloji elementlərin mərkəzləşdirilməsini təmin etmək, eyni zamanda, dövlətçilik institutunun təşkili prosesini bütün siyasi tərəflərlə koordinasiyalı şəkildə həyata keçirmək özlüyündə mürəkkəb tarixi siyasi prosesdir. Digər tərəfdən, qeyri-müəyyən hadisələrin təsirindən yaranmış ideoloji proseslər ənənəvi siyasi elitaların hissələrinə, xüsusilə onun intellektual blokuna, hətta müxtəlif siyasi institutların xarakterinə daim əlavələr edir.

Çünki siyasi sistemlərdəki qeyri-müəyyənlik siyasi institutları sistemsiz vəziyyətə salır. Hətta belə əlavələr elitaların transformasiyasından daha çox elitaların siyasi münasibətlər sistemindəki statusunu izah edir. Deməli, hakimiyyətlər tarixi dilemma qarşısındadır və onlar siyasi elitaları təşkil etməklə bərabər elitaları transformasiyasına nail olmalıdır.

Bununla yanaşı, siyasi sistemi dövlətin fundamental maraqları kontekstində təsis etmək üçün siyasi hadisəni və onun tarixi subyektlərini, eyni zamanda, ideoloji elementlərini də dövlət siyasətinə tabe etdirmək zərurəti yaranacaqdır.

Tarixi şəxsiyyətləri tarixi hadisələrlə əlaqələndirmək və liderin fəaliyyətinə obyektiv siyasi qiymət vermək həddindən artıq məsuliyyət tələb edir. Hər halda, tarixi şəxsiyyətin siyasi obrazını yaradarkən, onun fərdi xarakterik keyfiyyətlərini də mürəkkəb siyasi proseslərlə müqayisə etmək məqsədə müvafiq olmalıdır. Çünki bu cür konseptual yanaşmalar böyük ehtimalla liderin siyasi fəaliyyətini, onun siyasi məqsədini və s. təhlil etməyə imkan verəcək. Ümumiyyətlə, liderin fəaliyyəti onun siyasi elitadakı yeri və rolu siyasi elitanın mütəşəkkilliyi ilə xarakterizə olunmalıdır. Bu zaman siyasi elitada keyfiyyət dəyişikliyinə səbəb olmuş liderin fəaliyyətini, onun tarixi hadisələrə münasibətini təhlil etmək çətin olmayacaq.

Təxminən iki yüz ilə yaxın bir dövr ərzində Azərbaycan türkləri milli iftixar hissini sıradan çıxaran geosiyasi imperialist ideologiyaların doqmatik təsirlərinə məruz qalmışdır. Onun üçündür ki, müasir Azərbaycanın dövlətçilik institutu praqmatizmə deyil, real təhlükəsizlik konsepsiyasına üstünlük vermişdir. Etiraf edilməlidir ki, dövlətin indiki siyasəti daha çox milli təhlükəsizlik mühitinin yaradılması ilə bərabər, davamlı inkişafı təmin etmək konsepiyası üzərində qurulmuşdur.

Mübaliğəsiz deyə bilərik ki, ulu öndər Heydər Əliyev milli dövlətçilik institutunu əsaslı şəkildə yaratmağa müvəffəq olmuşdur. Dahi şəxsiyyət tarixin ən mürəkkəb dövründə siyasi elitanın bütün hissələrinə dərin zəkası ilə təsir göstərmişdir. Nəticədə isə güclü, mərkəzləşmiş dövlətçilik institutu təsis edilmişdir.

Heydər Əliyev siyasi elitanın bütün hissələrini milli məqsədlər uğrunda fəaliyyətə cəlb edərək, demokratik idarəetməni təşkil etmiş, çağdaş Azərbayacanda milli dövlətçilik fəlsəfəsinin əsasını qoymuşdur. Bu addımlar, əslində, elitanın transformasiyasından daha çox onun xarakterini və empirik statusunu müəyyənləşdirmişdir. Çünki siyasi təşkilatlar və xalq kütlələri milli siyasət strategiyasının təşkilində birbaşa olaraq Heydər Əliyev zəkasına inanmış və bu tarixi şəxsiyyətin dövlət quruculuğu prosesinə heyranlıq və məhəbbətlə dəstək vermişdir. Ulu öndər bütün geosiyasi təzyiqləri dəf etmiş və daxildəki separatist blokları ifşa edərək milli maraqları güclü şəkildə milli siyasət strategiyası müstəvisində ələ almışdır. Tarixi şəxsiyyət dövrün xüsusiyyət və tələblərini də dərindən dərk etmiş milli siyasət strategiyasına uyğun olmayan ideoloji fəlsəfələrə diplomatik metodlarla cavab vermişdir.

Şübhəsiz, ulu öndərin siyasi fəaliyyəti həm də onun ideoloji mövqeyi ilə xarakterizə olunmalıdır. Bu ideologiya isə milli siyasət konsepsiyasının elementi kimi dəyərləndirilmişdir. Əslində, dahi şəxsiyyətin milli siyasət konsepsiyasını dərk etmək üçün tarixi hadisələr dərindən təhlil olunmalıdır. Yalnız bu zaman onun siyasi fəaliyyətinə ədalətli qiymət vermək mümkün olacaqdır.

Yüz ilə yaxın bir dövr ərzində siyasi münasibətlər sistemini müxtəlif formalara salan ideologiyasızlıqla ideologiyanın qeyri-müəyyən hissələri arasında öz məntiqi izahını tapmamış hadisələr mübarizəsi gedir. Mən hadisələr mübarizəsi deyəndə, tarixin müxtəlif dövrlərində baş vermiş hadisələrin hazırda eyniliklə təkrar edilməsini nəzərdə tuturam. Azərbaycan tarixinin son 20 ilini dərindən təhlil etsək, təkcə bir amil önə çəkilməlidir. Biz son yüz ilin hansı dövründə 20 il müstəqil yaşamışıq? Bununla da siyasi tariximizdə, XX əsrin sonlarında milli müstəqilliyini əldə etmiş Azərbaycanın dövlətçilik insitutunun müstəsna xidmətləri xüsusi qeyd olunmalıdır.

Ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu zamanlar siyasi hadisələr təxminən bu istiqamətdə mərkəzləşirdi: Siyasi hakimiyyət uğrunda mübarizə aparan müxtəlif təyinatlı qüvvələr respublikanın gələcək taleyini qətiyyən düşünmür və nəyin bahasına olursa-olsun hakimiyyəti qeyri-qanuni yollarla zəbt etmək istəyirdilər. Onlar hətta öz çirkin məqsədlərini həyata keçirmək üçün anarxiyanı siyasi xətt kimi dəstəkləyirdilər. Hakimiyyətçilik fəlsəfəsi anlayışı siyasi sistemin bir çox hissəsində müxtəlif siyasi qruplar üçün əsas məqsəd idi. Ancaq ümummilli lider hakimiyyətçilik fəlsəfəsinin ali məqsədlərini xalqın maraqları kontekstinə yönəltmişdir. Beləliklə, Heydər Əliyev dövlətçiliyin hakimiyyətçilik fəlsəfəsindən üstün olduğunu izah edən siyasi xətti hərəkətə gətirdi.

Beləliklə, ümummilli lider güclü siyasi sistemin təsisi üçün milli kadr siyasətini qurmağa və onu sistemli şəkildə həyata keçirməyə başladı. Ulu öndər yaxşı bilirdi ki, xalqı bu ağır vəziyyətdən qurtarmağın yeganə yolu yeni milli siyasi elitanı formalaşdırmaqla mümkün olacaqdır.

Ümummilli lider hətta siyasi sistemin müxtəlif hissələrində mövcud olan, həm də qeyri-müəyyən vəziyyətdə olan intellektual fraksiyanı da siyasi sistemin mərkəzinə çəkməyi bacardı. Nəticədə dahi şəxsiyyət milli siyasət strategiyasını müəyyənləşdirdi, dövlət quruculuğu prosesinin əsasını qoydu. Belə vəziyyət etiraf edək ki, siyasi elitada təlatümlər yaratmaya bilməzdi. Çünki hamının gözü qarşısında siyasi sistem hissə-hissə, həm də güclü şəkildə təsis edilirdi. Artıq ulu öndərin rəhbərliyi altında dövlət və onun bütün strukturları AXC - Müsavat hakimiyyətindən fərqli olaraq, xalqın maraqlarını müdafə etmək məsələlərində qətiyyətli davranır, sürətlə mərkəzləşmiş vahid hakimiyyət modelini və onun konstitusion mexanizmini təşkil edirdi. Bu, o dövr idi ki, yarımhərbi birləşmələr mərkəzə tabe olmur və hələ də dövlət siyasətinə qarşı getməkdə israr edirdilər. Ancaq zəngin idarəetmə təcrübəsinə malik olan ulu öndər bütün bu destruktiv qüvvələri zərərsizləşdirməyi bacardı.

Ulu öndər həm geosiyasi nəzəriyyənin, həm də ideologiyanın vəhdətindən ibarət kontr siyasi konsepsiyanı həyata keçirə bildi. Xüsusilə dövlət institutunu qeyri-müəyyən hadisələrdən qorumaq üçün ulu öndər konstitusion islahatlara başladı. Beləliklə, qısa müddət ərzində siyasi islahatlara başlanılmış, hüquq sistemində demokratik elementlər əsaslı şəkildə dəstəklənmişdir. Fikrimizcə, siyasi elita öz tarixi missiyasını həyata keçirərkən bir neçə cəbhədə eyni qüvvələrə qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdır. Bu, çox mürəkkəb prosesdir. Ancaq Heydər Əliyevin uzaqgörənliyi burada da özünü göstərməkdədir. Belə ki, dahi şəxsiyyət tarixin bu dövründə milli siyasət tarixinə güclü məntiqi ilə müraciət etmiş, tarixi millət - dövlət epoxasına kardinal dəyişiklik edərkən çox həssaslıq və ehtiyatla yanaşmışdır. Belə ki, dahi şəxsiyyət Atabəylər dövləti epoxasına siyasi fəaliyyəti dövründə xüsusi ehtiramla yanaşmışdır. Bu tarixi epoxaya dahi şəxsiyyətin siyasi fəaliyyəti dövründə bu qədər həssaslıqla yanaşması, əslində, dövlətçilik fəlsəfəsinin ideoloji konturlarını və bütün bu proseslərin fonunda dövlət - millət epoxasına yanaşmanın konsepsiyasını, strateji hədəflərini izah etmişdir.

Deməli, dahi şəxsiyyətin dövlətşünaslıq fəlsəfəsi bu böyük tarixi prosesin məntiqi sonluğunu da bir sıra xarici və daxili qüvvələr üçün izah etmişdir. Azərbaycanın indiki xarici və daxili siyasəti bütün bu qeyd edilənlərin nə qədər həqiqət olduğunu nümayiş etdirir. Başqa tərəfdən, bunlarla bərabər, hüquq sistemində də ciddi islahatlar həyata keçirilmişdir. Ulu öndər, şübhəsiz, Azərbaycanın siyasi elitasını formalaşdırarkən siyasi elitanın hüquq fəlsəfəsini də ideologiyalara qarşı həssaslıqla qorumuşdur. Hətta postimperalist "milli ideologiyanın" təsirlərinə güclü şəkildə məruz qalmış marjinal hüquq sistemini və ya ənənəvi sistemsiz fəlsəfi görüşləri qəbul etməmiş, eyni zamanda, milli dövlətçilik institutunu yad konsepsiyaların təsirindən kənar saxlamaq üçün bütün imkanlarını səfərbər etmişdir. Dahi şəxsiyyət xüsusi siyasi insitutlar vasitəsilə bu prosesləri yönləndirə bilmişdir. Çünki geosiyasi təzyiqlər davam edir və hələ də dövlət institutuna kənar müdaxilələr baş verirdi. Xüsusilə teokratik elementlərin ideologiyada, xüsusilə siyasi ideologiyada özünü hiss etdirməsi daha təhlükəli tendensiyadır. Hər halda, Heydər Əliyev siyasi xəttində sabit, sistemli və öz mövqeyinə görə dövlətin strateji konsepsiyalarını qətiyyətlə dəstəkləyən və dövlət siyasətinin həyata keçirilməsində iştirak edən ideologiya xüsusi əhəmiyyət daşıyırdı. Dahi şəxsiyyət milli ideologiyanı, onun bütün hissələrini tamamilə dövlət maraqlarına uyğunlaşdırmışdır. Doğrudur, milli iftixar hissini ifadə edən belə ideoloji siyasi konsepsiyalar anti-milli qüvvələr tərəfindən mənasız addımlar sayılmışdır. Ancaq xüsusilə azərbaycançılıq ideologiyası dövlətin imkanlarını mərkəzləşdirən xüsusi əhəmiyyətə layiq ideologiya idi.

Bir sözlə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi tarixi ədalətsizliklərə qarşı həm də milli siyasi mübarizə konsepsiyası idi. O, tarixi şərait baxımından siyasi elitanı müxtəlif formalara salan, postimperiya ideologiyasına qarşı mübarizədə də Azərbaycan tarixinin şanlı səhifələrinə müraciət etmiş əks-ideologiyaya milli tarixi faktlarla cavab verərək dövləti ziyanlı meyillərdən xilas etmişdir. Hamımız yaxşı xatırlayırıq ki, 1993-cü il hadisələrində bəzi qüvvələr postimperiyanın strateji maraqlarını bizim siyasi elita dəhlizlərində üstüörtülü, bəzən də açıq şəkildə dəstəkləmişdilər. Bu tarixi həqiqətləri kimsə inkar etməməlidir və etmir də. Bütün bu təhlillərdən sonra belə bir qənaət hasil olur ki ulu öndərin siyasi fəaliyyəti, diplomatik dünyagörüşü, ideoloji görüşləri xalqın fundamental hüquqları və maraqları kontekstində formalaşmışdır. Onun üçündür ki, dahi şəxsiyyət siyasi elitada kardinal dəyişiklik edərək onun xarakterinə milli elementləri güclü şəkildə bərqərar etmişdir. Bununla da siyasi elitanın bütün hissələri, xüsusilə intellektual hissəsi tarixdə ilk dəfə olaraq real idarəetmədə iştirak etmiş, siyasi elitanı müxtəlif formalarda əks-qüvvələrin ideoloji konsepsiyalarından məharətlə qorumuşdur. Bu faktor dahi şəxsiyyətin ən qabaqcıl siyasi texnoloji manevrlərdən belə üstün zəkaya sahib olduğunu sübut edən amildir.

Ulu öndər Heydər Əliyev həm də milli xüsusiyyətlərlə demokratiya arasındakı harmoniyanın təşkilində xüsusi məharət sərgiləmiş, unikal, fantastik dərəcədə konseptual proqrama malik olmuşdur. O, demokratiyanı milli dəyərlərin üstündə tutmamış, eyni zamanda, milli xüsusiyyətlərin də demokratiyanı dəstəkləyən modelini təşkil edə bilmişdir. Bu tarixi nailiyyət və güclü kombinasiyadır.

Tarixi şəraiti düzgün dəyərləndirən ulu öndər ideologiyalara münasibətdə də dövlətin ali məqsəd və vəzifələrini əsas götürmüş, milli maraqları ifadə etməyən marjinal xarakterli ideoloji fəlsəfələrə qarşı effektiv mübarizə aparmışdır. Hər halda, bütün bu tarixi prosesi təhlil etmək üçün Azərbaycan tarixi ən obyektiv mənbədir. Etiraf etmək lazımdır ki, Heydər Əliyev klassik Azərbaycan tarixində siyasi elita nəzəriyyəsinin banisi kimi, həm həddindən çox demokrat, həm də bəzi məsələlərdə mühafizəkar olmuşdur. O, dövlət adamı kimi bütün ali keyfiyyətlərin məcmusundan ibarət şəxsiyyətdir. Çünki onun ideyaları xalqın milli maraqları ilə eyni məqsədləri bölüşür.

Heydər Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərini qiymətləndirərkən, fikrimizcə, ölkəmizin yerləşdiyi bölgəni və tarixi hadisələri dərindən təhlil etməliyik. Bu zaman Azərbaycana qarşı yüz illərdir qəsbkarlıq siyasəti həyata keçirən postmillətçi elitaların məkrli siyasətini indi də onların varisləri həyata keçirdiyini anlaya bilərik. Bu tarixi həqiqəti, bəlkə də, ən yaxşı duyan, tarixi ideoloji proseslərin mahiyyətini dərindən bilən şəxsiyyət, elə ulu öndər Heydər Əliyev olmuşdur. Bütün bunların nəticəsi idi ki, dahi şəxsiyyət hazırkı siyasi elitanı təxminən 40 ilə yaxın bir müddət ərzində yetişdirib formalaşdırmışdı. Deməli, böyük zəka sahibinin strateji konsepsiyası dərin məhəbbətlə sevdiyi xalqının taleyinə biganə qalmamağın sübutu kimidir. Fenomenal zəkaya, dərin dövlətçilik təcrübəsinə malik olan bu böyük şəxsiyyət tarixin müxtəlif dövrlərində siyasi həyatın müxtəlif hissələrində elə bir siyasi münasibətlər sistemini təşkil etmişdir ki, orada xalqın maraqları daim müdafiə olunmuşdur. Demək olar ki, tarixi şəxsiyyətin strateji dövlətçilik konsepsiyası dövlət institutunun əsaslı şəkildə formalaşdırılmasını başa çatdırmışdır. Həqiqətən, yuxarıdakı fikirlərin əlavəsi olaraq demək lazımdır ki, yalnız dahi şəxsiyyət Heydər Əliyevin siyasi qabiliyyəti nəticəsində dövlətçilik institutu formalaşdırılmış, siyasi elitanın xarakterinə kardinal dəyişikliklər edilmişdir.

Şübhəsiz, indi siyasi elita daha çox nüfuza malikdir və o, müxtəlif sahələrdə, o cümlədən xarici siyasət sahəsində uğurlar qazanır. Belə ki, xarici siyasətdə ulu öndərin ağıllı geosiyasi nəzəriyyələri özünü doğruldur, beynəlxalq siyasi münasibətlər sistemində inamlı tərafdaşlıq mühiti yaradılır. Xarici siyasət daxili siyasi vasitələrlə tam harmonik vəziyyətdə inkişaf etdirilir. Xüsusilə milli təhlükəsizlik sektorunda dövlət siyasəti qətiyyətli mövqedə dayanmışdır. Transmilli mütəşşəkil cinayətkarlığa, qlobal terrorizimə qarşı mübarizədə uğurlar əldə edilmişdir. Qlobal terrorizmə qarşı mübarizədə aktiv iştirak edən Azərbaycanın xarici aləmdə nüfuzu yüksəlməkdədir. Dövlətin imkanlarını genişləndirən amilləri ardıcıl düzsək, onda geosiyasi nəzəriyyə ilə milli ideologiyanın vəhdət təşkil etdiyini açıq-aşkar görə bilərik. Bütün bunlar, şübhəsiz, dahi şəxsiyyət Heydər Əliyevin uzaqgörənliyi nəticəsində belə olmuşdur. Heydər Əliyev, qeyd edildiyi kimi, tarixi - millət - dövlət epoxasına kardinal yanaşmalar ortaya qoymuşdur. Doğrudur, biz hələ bu istiqamətlərdə prosesləri aydın müşahidə edə bilmirik. Fikrimizcə, bu həm də ona görə belə olmuşdur ki, xalqın arzuları sistemli şəkildə təmin edilsin. Heydər Əliyevin siyasi fəaliyyətində milli siyasi elita anlayışı öz məntiqi izahını tapmışdır. Heydər Əliyev tarixin elə bir mərhələsində siyasi proseslərə təsir edərək konstitusion hüquq dövlətini təsis etmişdir ki, bu dövr milli fəlakət dövrü kimi yaddaşlarda qalmışdır. Respublikada üçüncü ölkələrin hərbi-siyasi fraksiyaları özbaşınalıq edir, Vətən torpaqları Ermənistan silahlı birləşmələri tərəfindən işgal edilirdi. Xalqımız milli fəlakətlə üz-üzə qalmışdı. Məhz ümummilli liderin uzaqgörənliyi və dərin dövlətçilik təcrübəsi sayəsində müstəqilliyimizin itirilməsi təhlükəsi ortadan qalxmışdır.

Təsəvvür etmək çətin deyil ki, təhlükələrin trayektoriyasına - həm də bu qədər geniş əhatəli formalarına qarşı duruş gətirmək, onları neyrtallaşdırmaq nə qədər çətin idi. Heydər Əliyev müxtəlif təyinatlı qüvvələrin cəmindən ibarət kontr - qüvvə kimi qeyri-müəyyən vəziyyətdə olan və müxtəlif mərkəzlərlə əlaqələri sübut olunmuş qruplara cəsarətlə dövlətin və xalqın maraqlarını aydın şəkildə izah etmişdir. Ulu öndər siyasi səhnədə elə bir diplomatik ustalıq nümayiş etdirmişdir ki, müxtəlif geosiyasi mərkəzlərin təsir dairəsinə qapılmış qüvvələrin çox hissəsi, elə həmin hadisələr zamanı dahi şəxsiyyətin ətrafında sıx birləşməyi qərara almışdır. Bu, xalqa həqiqətləri çatdırmaq missiyası idi. Ulu öndər həqiqətləri qətiyyətlə, çəkinmədən, uca səslə xalqına çatdırırdı. O başa düşürdü ki, bu qüvvələr təsirə məruz qalmış tərəflərdir və onlara xalqın gələcək taleyini izah etmək lazımdır. Siyasi hakimiyyətin müxtəlif hissələrində indi birmənalı olaraq belə bir fikir formalaşmışdır: əgər Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtmasaydı, indi bizim müstəqil Azərbaycan dövlətimiz mövcud olmayacaqdı. Heydər Əliyevin tarixi qələbəsi fərdi qələbə deyildir. Bu tarixi şəxsiyyətin qələbəsi milli dövlətçilik institutunun təşkili prosesi ilə də məhdudlaşmamışdır. Həqiqətən, qeyd edilən tarixi nailiyyətlərlə böyük azərbaycanlı, dahi şəxsiyyət Heydər Əliyev milli siyasi elita məktəbinin nəzəriyyəsini, onun fəlsəfəsini, geniş planda, dövlətçilik fəlsəfəsini, milli siyasət strategiyasını konsepsiyalaşdırmışdır. Bu, sonsuza qədər belə qalacaqdır.

 

 

Zamin AXUNDOV

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 5.