Naxçıvanın qədim qalası: dünənə açılan pəncərə

 

Min illərdir qədim yurd yerimizin üzərində ucalan daş salnaməmizdir qalalar. Böyük zəhmətlə daşı-daş üstünə qoyulmuş bu istehkamlar keçmişimizin bu günümüzə açılan pəncərəsi, ötənlərimizin oxunmamış kitabıdır. Naxçıvanda polad sinəli igidlərə qalxan, yağıya sipər olan yüzlərlə qala sıralanıb. Bu yazımızda da canlı tarix olan bir qala haqqında söhbət açacağıq. Bu, Naxçıvan şəhərinin cənub- şərqində salınan, Köhnəqala, Torpaqqala adları ilə məşhur olan qədim Yəzdəgird qalasıdır.

Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957-59-cu illərdə aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə saxsı qab fraqmentləri, daş gürzlər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan sonra belə daş gürzlərin Tunc dövründə (e.ə.III-II minilliklər) Duz mədənlərində istifadə olunduğu məlum olmuşdur. Qalanın III Sasani hökmdarı Yəzdəgird (632-51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, keçdikləri yerlərdə ot da bitmədiyi söylənən monqolların hücumları zamanı bu istehkam tamamilə dağıdılmışdır. Həmin qalanı sonralar Naxçıvanda olmuş avropalı səyyahlar ŞardenFrehanq da xatırladırlar.

Naxçıvan şəhərinin 1827-ci il planında bu qala sxematik qeyd olunmuşdur. Plana əsasən, qala iki hissədən - kiçikqala (narınqala) və böyükqaladan ibarətdir. Böyükqala Narınqalaya nisbətən daha çox dağıntıya məruz qalmışdır. Böyükqalanın düzbucaqlı formada olan ərazisi 7400 kvadratmetrdir. Sonralar inşaya bərpa edildiyi güman edilən bu qalanın döyməgil və çınqıl qatışığından hörülmüş, salamat qalmış divarları, kvadrat formalı, çəhrayı və sarı rəngdə bişmiş kərpicdən tikilmiş bina qalıqları tikilinin orta əsrlərdə bərpa olunduğunu sübut edir. Böyükqala yerləşdiyi təpənin relyefinə uyğun olaraq şimal-şərq və şimal-qərb tərəfdən nisbətən düz, cənub tərəfdən isə ziqzaq şəklində inşa edilmişdir. Ziqzaqların çöl tərəfə çıxan kəsişmələri konusvari bürclərlə tamamlanmışdır. Böyükqalanın salamat qalmış divarlarının eni 1 metrdən çox, hündürlüyü isə bəzi yerlərdə 5 metrə çatır.

Narınqala diametri əsasən 10 metr olan dairəvi qüllələrə malik olmuşdur. Güman edildiyinə görə, Narınqalanın darvazası onun qərb küncündəki qüllə ilə yanaşı olub. Divarlar qalanın qərb hissəsində salamat qalıb. Şimal-şərq səmtindəki yuxarıya doğru getdikcə nazilən dairəvi qüllələr isə qismən zamanımızadək gəlib çatmışdır. Narınqaladan cənub-qərbdə 300 nəfərin gizlənə biləcəyi yeraltı sığınacaq, mağara var. Onun havalandırılması və işıqlandırılması üçün yuxarıdan oyuq açılmışdır. Mağaradan qalanın şərqinə tərəf gedən gizli yol, çox güman ki, Naxçıvançaya çıxır.

Narınqalanın altından keçən kəhrizin iki quyusu qalanın içərisində yerləşir. Quyulardan biri mağaranın içərisindədir. Qalanın özünəməxsus xüsusiyyətlərindən biriBöyükqala və Narınqala hissələri arasında dar dəhliz formasındakı çıxış yolunun-"tələ"nin olmasıdır. Mühasirə zamanı düşmən bu dəhlizlərə buraxılır və ondan sonra mühasirəyə alınaraq məhv edilirdi. Zaman-zaman Naxçıvanın alınmazlıq rəmzi olan bu qala bölgədə mövcud olan qalaların ən böyüyüdür. Ərazisi təqribən 8 min kvadratmetr sahəni əhatə edir. Maraqlı burasıdır ki Nuh peyğəmbərin məzarı da bu qalanın yaxınlığındadır.

Zaman-zaman yadellilərdən qorunmaq üçün qalalara duyulan ehtiyac aradan qalxıb. Hərbi texnikanın inkişafı ilə qalalar öz strateji əhəmiyyətini itirməyə başlayıb. Rus imperiyasının tabeçiliyində olan xalqların tarixini silmək, təhrif etmək, keçmişdən qalan izlərini, abidələrini məhv etmək, dinindən, inanclarından, adət-ənənələrindən uzaqlaşdırmaq və bununla da milli-mənəvi dəyərlərinə zərbə vurmaq siyasəti xalqımızın tarixi yaddaşı sayılan bu qalaya da öz mənfi təsirini göstərmişdir. Təbiətin amansız sınaqlarına dayana bilməyən qalanın yerində bir neçə uçuq-sökük divar qalmış, ərazisi məişət və sənaye tullantıları ilə çirkləndirilmişdi...

İnsanlarımızın bu tikililərin varlığına mənəvi ehtiyacı daim hiss edilib. Çünki şanlı keçmişimizin yadigarı olan belə istehkamlar xalqımız üçün qürur mənbəyidir. Ona görə də bütün tarixi abidələrimiz kimi, yüzillər boyu bu torpaqlar üzərində varlığını sürdürən Köhnəqala bu günbiz naxçıvanlılar üçün əhəmiyyətini itirməyib.

Tarixi mənbələrdən və araşdırmalardan da belə məlum olur ki, bu qala arasıkəsilməz yadelli hücumları nəticəsində bir neçə dəfə dağıdılıb, yerlə-yeksan edilib. Ancaq bu torpağın qeyrətli oğullarının birgə səyləri nəticəsində yenidən bərpa olunub. Basqınlar zamanı igid müdafiəçilər və onların ailələri bu qalalara sığınıb. Torpağı müdafiə etmək istəyən fədailərə elə həmin torpaqdan yoğrulmuş kərpiclərlə hörülmüş uca divarlar həyan olub. Bu divarlar arxasına sığınan müdafiəçilər neçə-neçə düşmən ordusunu məğlubiyyətə uğradıb. Burnu dik, başı yelli yadelli sərkərdələrin mənəm-mənəmliyi də elə bu qala divarları önündə kədərli sonluqla başa çatıb.

Ulu öndər Heydər Əliyev Naxçıvan ərazisində olan abidələri misilsiz tarixi sərvət adlandırırdı və deyirdi :" Naxçıvan ərazisini götürsək, bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir...Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşı, hər qayası tarixin canlı şahididir".

Tarixi keçmişimizə göstərilən hörmət və ehtiramın nəticəsi idi ki, Naxçıvan ərazisində mövcud olan tarixi abidələr qorundu və mühafizə altına alındı. Bu gün göstərilən diqqət və qayğı sayəsində tarixi abidələrimizə yeni həyat verilir, daş yaddaşımız əvvəlki vəziyyətinə, görünüşünə qaytarılmaqla təzələnir. Tariximizin qaranlıq qalan hər bir səhifəsi yenidən vərəqlənir, oxunur.

Köhnəqalanın da yerində indi təzə qala ucaldılmaqdadır. Naxçıvan şəhər mədəniyyətinin günümüzə qədər gəlib çatan mühüm tarixi abidələrindən olan Köhnəqalada əsaslı bərpa və yenidənqurma işləri aparılır. Naxçıvan Elmi-Bərpa İstehsalat İdarəsinin memar və mühəndisləri qalanı köhnə görkəminə qaytarmağa çalışırlar. İstifadə olunan materiallar isə torpaq, saman və çınqıl daşlarıdır. Bu cür tikinti materialları min il bundan əvvəl olduğu kimi, indi də etibarlı sayılır. Qalanın bəzi yerləri isə xalq arasında "Ayıbalası" deyilən iri kərpiclərlə tikilirtaxtalardan istifadə olunur. Bərpa işlərinə xüsusi diqqət göstərilir.

Qalalarımız təkcə tariximizin şahidi olmayıb, eyni zamanda onu yaradan xalqın istedad və zəkasının məhsulu, mədəni səviyyəsinin meyarı olub. Köhnəqalanın divarları və bürclərinin qalıqları da sübut edir ki, bu tikili müdafiə məqsədi daşısa da gücün, qüdrətin, zəkanın, mədəniyyətin bir növ nümayişi olub. İndi bu qalanın tikilməsində müdafiə məqsədi güdülmür. Məqsəd minillər öncəsindən çox fərqlidir. Düşmən xeyli uzaqlıqdadır və bir addım belə önə gələ bilməz. İgid oğullarımız sərhədlərimizin hər daşını, qayasını alınmaz səngərə, sipərə çevirib. Bizləri qürurlandıran bu qalanı yenidən ucaldılmasında məqsəd özümüzü-özümüzə qaytarmaq, keçmişimizi yaşatmaqdır.

Tarixin şahidi olan qalalar, abidələr tarix boyu əyilməz olan bir xalqın, bir ulusun yadigarları, bu günə əmanətidir.

 

 

Səbuhi HÜSEYNOV

 

Xalq qəzeti.- 2012.- 26 avqust.- S. 7.