Azərbaycanın bütün
regionları dinamik inkişaf edir
Azərbaycanda
xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də
regionların inkişafına yönəldilməsi,
işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin
yaxşılaşdırılması məsələləri
Azərbaycan Prezidenti İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin
prioritet istiqamətləri kimi diqqəti cəlb edir. Bu
baxımdan son illərdə regional inkişaf və qeyri-neft
sektorunun tərəqqisi istiqamətində
reallaşdırılmış tədbirləri xüsusi
vurğulamaq olar.
Əvvəlcə
xatırladaq ki, regionlarda aqrar sahə keyfiyyətcə yeni
inkişaf mərhələsinə qədəm qoymuş,
respublikamızda ərzaq təhlükəsizliyinin
yaradılması prosesində mühüm uğurlar əldə
edilmişdir. Bu da təsadüfi deyil. Çünki ölkəmizin
bazar iqtisadiyyatı sisteminə transformasiyası ilk əvvəl
aqrar sahədən başlamış, kənd təsərrüfatında
90-cı illərin əvvəllərində özünü
qabarıq büruzə verən tənəzzül meyilləri
dayandırılmış, iqtisadi artıma və inkişafa
nail olunmuşdur. Şübhəsiz ki, bunun da regionların
sosial-iqtisadi simasının dəyişməsində
mühüm rolu danılmazdır.
Nazirlər
Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında dövlət
başçımız regionların inkişafı ilə
bağlı demişdir: "Bölgələrdə regional
inkişaf proqramı uğurla icra edilir. Ötən dövr ərzində,
yəni, ilin 6 ayında 46 min yeni iş yeri
açılmışdır ki, onlardan 37 mini daimi iş
yeridir. Bu proses davam edir və bu, təbiidir. Çünki demək
olar ki, Azərbaycanda hər həftə yeni müəssisə,
yeni fabrik və yeni zavod tikilir, insanların məşğulluğu
artır. Regionlarda gedən quruculuq-abadlıq işləri
artıq ənənəvi xarakter daşıyır. Mən
bölgələrdə mütəmadi qaydada oluram və hər
dəfə yenilikləri görəndə çox sevinirəm.
Deyə bilərəm ki, rayonlar arasında sağlam rəqabət
gedir. Həm rayon rəhbərləri, eyni zamanda, ictimaiyyət,
əlbəttə, hər bir rayon sakini istəyir ki, onun rayonu
daha da gözəl, abad və inkişaf etmiş olsun. Biz də
bu meyilləri gücləndiririk və Prezidentin Ehtiyat Fondundan
ayrılan vəsaitin mütləq əksəriyyəti
bölgələrin inkişafına yönəldilibdir".
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda
regionların inkişafı ilə yanaşı,
sahibkarlığın dinamik yüksəlişinə də
xüsusi önəm verilir. Proqrama əsasən,
sahibkarlığın inkişafı ölkə
iqtisadiyyatının diversifikasiyası baxımından həyata
keçirilən dövlət siyasətinin aparıcı
istiqamətlərindən birini təşkil edir. Bu siyasət
iqtisadiyyatın bütün sahələrində, xüsusilə
prioritet inkişaf sahələrində işgüzar fəaliyyət
üçün normativ-hüquqi, təşkilati və maliyyə
təminatı səviyyəsinin yüksəldilməsinə də
yönəldilir. Dövlət Proqramında həmçinin
davamlı iqtisadi inkişafın təmin edilməsi
baxımından kiçik və orta sahibkarlığın
dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi,
ixrac potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi
nəzərdə tutulur.
Dövlətimizin
başçısının ölkədə
sahibkarlığın inkişafı istiqamətində
atdığı addımlar sistemli və ardıcıl fəaliyyət
konsepsiyasına əsaslanır. Azərbaycan Prezidenti hesab edir
ki, bazar mexanizminin hərəkətverici qüvvəsi hesab
edilən sahibkarlığın inkişafı sosial-iqtisadi
sistemin yenidən qurulmasında, sosialyönümlü problemlərin
kompleks həllində mühüm rol oynayır. Ötən illər
ərzində sahibkarlığın hüquqi bazasının
sistem halına gətirilməsini təmin edən qanunlar və
bir sıra digər mühüm normativ sənədlər qəbul
edilmişdir. Eyni zamanda, mərkəzdə və regionlarda
infrastrukturun yeniləşdirilməsinin, respublikanın
müxtəlif bölgələrində modul tipli elektrik
stansiyalarının qurulması dövlətin özəl
sektora dəstəyinin real təzahürüdür.
Dövlət
başçımızın 2008-ci il 25 avqust tarixli sərəncamı
ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında əhalinin ərzaq məhsulları ilə
etibarlı təminatına dair Dövlət Proqramı"
qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin
təmin edilməsi baxımından müstəsna əhəmiyyətə
malikdir. Həmin proqramda nəzərdə tutulan 164 tədbirin
101-i kənd təsərrüfatının müxtəlif
istiqamətlərinə aiddir. Bu, təsadüfi deyil.
Çünki aqrar sahənin inkişaf etdirilməsi ölkə
əhalisinin ərzaq, emal sənayesinin xammal təminatını
yaxşılaşdırmağa, kənd əhalisinin həyat
səviyyəsinin yüksəldilməsinə və
heyvandarlıqda etibarlı yem bazasının
yaradılmasına xidmət edir.
Azərbaycan
Prezidenti İlham Əliyevin 2007-ci il 23 yanvar tarixli "Kənd
təsərrüfatı məhsulları
istehsalçılarına dövlət dəstəyi
haqqında" və 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı
məhsulları istehsalçılarının toxum, gübrə
və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə
dəstək verilməsi barədə" sərəncamları
da aqrar sahədə mövcud problemlərin aradan
qaldırılmasına, bu sahənin dinamik inkişafına
ciddi təkan vermişdir. Həmin sərəncamlar kənd təsərrüfatı
məhsullarının istehsalının
artırılmasına, istehsalçıların yüksək
reproduksiyası buğda toxumuna, cins damazlıq mal-qaraya olan
ehtiyacının ödənilməsinə, habelə mineral
gübrə və texnikanın saxlanması üçün
xüsusi anbarın tikilməsinin təmin edilməsinə
müsbət təsir göstərmiş, sadalanan işlərin
görülməsini sürətləndirmişdir.
Yeri gəlmişkən,
aqrar sahədəki vəziyyətə statistik göstəricilərin
fonunda diqqət yetirək. Bu il iyun ayının 22-nə kimi
373,7 min hektar sahədə yazlıq bitkilərin əkini
aparılaraq 31,7 min hektar sahədə dənli və dənli
paxlalılar, 35,8 min hektar sahədə dən
üçün qarğıdalı, 78 min hektar sahədə
tərəvəz, 66 min hektar sahədə kartof, 29,1 min hektar
sahədə pambıq, 30 min hektar sahədə bostan bitkiləri,
3,6 min hektar sahədə şəkər çuğunduru,
10,7 min hektarda dən üçün günəbaxan, 1530
hektar sahədə tütün və s. əkilmişdir.
Ötən illə müqayisədə yazlıq bitkilərin əkin
sahəsi 23,6 min hektar azalmış, eyni zamanda dənli və
paxlalıların əkin sahəsi 2 min hektar, dən
üçün qarğıdalının əkin sahəsi
2,2 min hektar, kartofun əkin sahəsi 841 hektar, tütünün
əkin sahəsi 95 hektar artmışdır.
Kənd əməkçiləri
yazlıq bitkilərin əkinini başa vuraraq yetişdirdikləri
məhsulu yığmağa başlamışlar. İyul
ayının 1-nə kimi qarğıdalı istisna olmaqla 606,6
min hektarın taxılı biçilmiş və həmin sahələrdən
1606,9 min ton məhsul toplanmışdır. Keçən ilin
müvafiq dövrü ilə müqayisədə 119,7 min
hektar çox sahənin taxılı biçilmiş və
415 min ton çox məhsul toplanmış, məhsuldarlıq
2 sentner yüksələrək hər hektardan orta hesabla 26,5
sentnerə bərabər olmuşdur.
Yığım
başlanandan tarlalardan 245,8 min ton kartof, 315,3 min ton tərəvəz,
71,6 min ton meyvə və giləmeyvə, 48 min ton bostan məhsulları,
54 ton tütün, 277,7 ton yaşıl çay yarpağı
toplanmışdır. 2011-ci ilin analoji dövrü ilə
müqayisədə tərəvəz istehsalı 8,4 min ton,
yaxud 2,7 faiz, bostan məhsulları istehsalı 19,2 min ton (66,4
faiz), tütün istehsalı 16,7 ton (44,8 faiz), meyvə və
giləmeyvə istehsalı 8,8 min ton (14 faiz) artmış,
kartof istehsalı 20,6 min ton və ya 7,7 faiz yaşıl
çay yarpağı istehsalı 8,3 ton (2,9 faiz) azalmışdır.
Keçən
ilin müvafiq dövrünə nisbətən qara malın
baş sayı 1,5 faiz artaraq 2703,5 min başa, qoyun və
keçilərin sayı 1,3 faiz çoxalaraq 8741,2 min başa
çatmışdır. Bu dövrdə 3,2 faiz çox və
ya diri çəkidə 214,6 min ton ət, 7,3 faiz çox,
yaxud 856,4 min ton süd, 16 faiz az və ya 600,4 milyon ədəd
yumurta, 3 faiz çox, yaxud 14,6 min ton yun istehsal edilmişdir.
Ötən ilin birinci yarısı ilə müqayisədə
bitkiçilik məhsulları istehsalı 17,5 faiz,
heyvandarlıq məhsulları istehsalı 5,5 faiz,
bütövlükdə kənd təsərrüfatı məhsulları
istehsalı 10,4 faiz artmışdır.
Prezident
İlham Əliyevin bölgələrə ardıcıl səfərlər
etməsi, əhalinin problemləri ilə maraqlanması
regionların sürətli inkişafına göstərilən
diqqət və qayğının bariz nümunəsidir.
Dövlət başçısının
imzaladığı 2004-2008-ci illər üçün
regionların sosial-iqtisadi inkişafına dair dövlət
proqramının, eləcə də "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
uğurla icra edilməsi nəticəsində bölgələrin
sürətli sosial-iqtisadi inkişafına nail olunmuşdur.
Dövlət Proqramında regionlarımızın mövcud
potensialından daha səmərəli istifadə etməklə
yerlərdə sənayenin və kənd təsərrüfatının
inkişafını sürətləndirmək, sahibkarlara hərtərəfli
yardım göstərmək, əhalinin həyat səviyyəsini
daha da yaxşılaşdırmaqla yoxsulluq problemini aradan
qaldırmaq əsas məqsəd kimi qarşıya
qoyulmuşdur.
Hazırda
regionlarda həyata keçirilən kompleks tədbirlər
çərçivəsində infrastruktur layihələri
uğurla icra edilir, əhalinin qaza, içməli suya olan tələbatı
ödənilir. Kənd yollarının
asfaltlaşdırılması, magistral yolların çəkilməsi
əhalinin gediş-gəlişini daha da
yaxşılaşdırır. Kənd təsərrüfatının
inkişafı üçün fermerlərə kreditlər,
subsidiyalar verilir. Bütün bunlar və bölgələrdə
mövcud olan bəzi problemlərin həll edilməsi əhalinin
güzəranını daha da yüksəldir.
Bunu Statistika Komitəsinin məlumatından da aydın görə bilərik. Belə ki, ilin əvvəlindən inşaat kompleksində 5,9 milyard manat məbləğində investisiyadan istifadə edilmişdir. İstifadə edilmiş vəsaitin 57,1 faizi və ya 3,4 milyard manatı bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. 2011-ci ilin birinci yarısına nisbətən inşaat işlərinə sərf olunmuş investisiyanın həcmi 29,6 faiz, bilavasitə tikinti-quraşdırma işlərinə yönəldilmiş vəsaitin miqdarı isə 29,5 faiz artmışdır. Əsas kapitala yönəldilmiş vəsaitin 77,9 faizini və ya 4,6 milyard manatını daxili investisiyalar təşkil etmiş və 38,8 faiz artmışdır.
Kompleks aparılmış inşaat işləri nəticəsində bir sıra istehsal və sosial obyektlər istifadəyə verilmişdir. Altı ay ərzində Naxçıvan şəhərində poliklinika və Naxçıvan-Culfa maqistral avtomobil yolu, Sumqayıt şəhərində "Azğüntex", ağır maşınqayırma və dəqiq emal zavodları, Gəncə şəhərində Alüminium zavodu kompleksi, Goranboy rayonunda şahmat məktəbi, Qusar rayonunda Mərkəzi xəstəxana və şahmat məktəbi, Masallı rayonunda soyuducu anbar və istixana kompleksləri, Astara rayonunda Olimpiya İdman Kompleksi, Kijəba-Ojakəran və Kijəba-Qəcimardə avtomobil yolu, Qazax rayonunda konserv müəssisəsi, Tovuz rayonunda "Ayan Palace" oteli, digər istehsal və qeyri-istehsal təyinatlı obyektlər istismara verilmişdir.
Cari ildə inşasının davam etdirilməsi məqsədəuyğun sayılan obyektlərdə işlərin aparılması üçün dövlət büdcəsində nəzərdə tutulmuş 5924,4 milyon manat vəsaitin 2402,9 milyon manatından istifadə edilmişdir.
İnfrastruktur layihələri respublikamızın bütün bölgələrini əhatə etməklə yanaşı, regional xarakter almışdır. Belə ki, mühüm nəqliyyat və kommunikasiya layihələri Azərbaycanla bərabər, digər qonşu dövlətlərin də ərazisini əhatə edir ki, bu da bölgədə çox nəhəng infrastruktur şəbəkəsinin yaradılması deməkdir. Qədim İpək Yolunun modernləşdirilməsi, Rusiya və İran istiqamətində tranzit marşrutlarının dünya səviyyəsində yenidən qurulması, Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin sürətləndirilməsi çoxşaxəli regional infrastruktur sisteminin yaradılmasının əyani təzahürüdür. Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür layihələr həm ölkəmizin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırır, həm insanların daha rahat infrastrukturla təmin olunmasına səbəb olur, həm də Azərbaycanın regionda gücünü artırır.
Vaqif BAYRAMOV
Xalq qəzeti.- 2012.- 28 avqust.- S. 1.