Xalqın
böyük məhəbbətini və etimadını
qazanmış birinci xanım
Xoşməramlı təşəbbüslərin,
nəcib fəaliyyətin, humanizmin və mərhəmətin
simvolu
Heydər Əliyev Fondunun fəaliyyəti
beynəlxalq ictimaiyyət tərəfindən yüksək
qiymətləndirilir
Heydər
Əliyev Fondunun və şəxsən fondun prezidenti Mehriban
xanım Əliyevanın fəaliyyəti təkcə Azərbaycanda
deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilir.
Təsadüfi deyil ki, 2004-cü ilin sentyabrında Mehriban
xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və
poeziyanın inkişafına verdiyi töhfələrə,
musiqi təhsili və dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə və
YUNESKO-nun ideyalarına göstərdiyi xidmətlərinə
görə bu təşkilatın şifahi ənənələr
və musiqi ənənələri sahəsində xoşməramlı
səfiri adına layiq görülmüşdür.
Sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə,
onların yaşayış şəraitinin
yaxşılaşdırılmasına, təhsilə, həmçinin
İslam aləmində görülən işlərə
böyük dəstəyinə görə xanım Mehriban Əliyeva
2006-cı il noyabrın 4-də İSESKO-nun xoşməramlı
səfiri adına layiq görülmüşdür. Həmin fəaliyyətin
nəticəsidir ki, 2006-cı il noyabrın 26-da İSESKO-nun
baş direktoru Əbdüləziz Bin Osman əl-Tüveycri
sivilizasiyaların yaxınlaşmasındakı fəaliyyətinə
görə Mehriban xanım Əliyevaya İSESKO-nun xoşməramlı
səfiri adının verilməsi haqqında diplomu təqdim
etmişdir. Bundan əlavə, 2008-ci il iyunun 10-da İKT-nin
Baş katibi Ekmələddin İhsanoğlu humanitar sahədəki
fəaliyyətinə görə Azərbaycanın birinci
xanımını "İKT-nin humanitar məsələlər
üzrə xüsusi elçisi" statusuna dair diplomla təltif
etmişdir. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın İslam ölkələrinin
daxil olduğu təşkilatın bu yüksək adlarına
layiq görülən ilk qadını olması çox əlamətdardır.
Ötən
illər ərzində Şərq ilə Qərbi birləşdirən
İpək Yolunun bərpası işinin təməli
Bakıda qoyulduğu kimi, respublikamızın paytaxtı
festivallar, incəsənət bayramları, beynəlxalq elmi
konfranslar mərkəzinə çevrildi. Bütün bu fəaliyyətin
nəticəsində, 2010-cu il iyulun 30-da YUNESKO-nun xoşməramlı
səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
YUNESKO-nun Baş direktoru İrina Bokova tərəfindən
"Qızıl Motsart" medalı təqdim olunmuşdur.
Bundan
başqa, xoşməramlı təşəbbüslərinə,
humanizmə əsaslanan, genişmiqyaslı xeyriyyəçilik
fəaliyyətinə, bəşəriyyətin ali
ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə
görə Mehriban xanım Əliyeva 2007-ci ilin mayında
"Qızıl ürək" beynəlxalq mükafatına
layiq görülmüşdür. 2009-cu il sentyabrın 14-də
Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin
inkişafındakı xidmətlərinə görə
Mehriban xanım Əliyeva Polşa Respublikasının
"Xidmətlərə görə" Böyük Komandor
Xaçı ordeni ilə təltif edilmişdir. Həmin il
"XXI əsrin böyük qadını" laureatı
adına layiq görülmüşdür. 2010-cu il fevralın
15-də Fransaya münasibətdə göstərdiyi xidmətlərinə
görə Fransa Respublikası Prezidentinin sərəncamı
ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi
ilə təltif edilmişdir. 2011-ci il iyunun 24-də Heydər Əliyev
Fondunun prezidentinə Krans Montana Forumunun Qızıl medalı
təqdim edilmiş, 2012-ci il fevralın 13-də o, Rusiya
Federasiyasının İ.M.Seçenov adına Birinci Moskva
Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq
görülmüşdür. 2012-ci il aprelin 13-də Mehriban
xanım Əliyevaya MDB iştirakçısı olan dövlətlərin
Humanitar Əməkdaşlıq Şurası və MDB
iştirakçısı olan ölkələrin Dövlətlərarası
Humanitar Əməkdaşlıq Fondu tərəfindən
"Birlik Ulduzları" dövlətlərarası
mükafatı təqdim edilmişdir. 2012-ci il iyunun
29-da isə ona Krans Montana Forumunun "Prix de la Fondation"
mükafatı təqdim edilib.
Nüfuzlu beynəlxalq təşkilatlarla
əlaqələr inkişaf edir
Bütün sahələr üzrə inkişaf edən
ölkəmizin beynəlxalq səviyyədə mədəni əlaqələrini
genişləndirməsi və bu sahədə nüfuzlu beynəlxalq
təşkilatlarla münasibətləri yüksək səviyyədə
davam etdirməsi, o cümlədən YUNESKO ilə
qarşılıqlı əməkdaşlıq Azərbaycanın
dünyadakı nüfuzunu daha da artırmışdır. Yuxarıda
qeyd etdiyimiz kimi, tolerantlığı ilə ad qazanmış
Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin tərəfdarı
kimi bu gün mədəniyyətlərarası dialoqun
inkişafına mühüm töhfələr verməklə
qlobal səviyyədə əhəmiyyətli missiyaya malik
aparıcı dövlət olduğunu hər kəsə
sübut etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın səyi ilə Azərbaycan-YUNESKO
münasibətləri bu gün özünün ən
yüksək inkişaf səviyyəsinə yüksəlmişdir. Keçən illər ərzində
YUNESKO çərçivəsində N.Tusinin anadan
olmasının 800 illik yubileyi, Azərbaycan alimi, şərqşünas
Mirzə Kazımbəyin 200 illik yubileyi, akademik Yusif Məmmədəliyevin,
məşhur xalçaçı-rəssam Lətif Kərimovun,
akademik Musa Əliyevin, görkəmli yazıçı Mir Cəlal
Paşayevin, məşhur rəssam Səttar Bəhlulzadənin
100 illik yubileyləri yüksək səviyyədə qeyd
edilmişdir.
Bir daha qeyd edək ki, 2003-cü ilin noyabr ayının
7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin
qeyri-maddi irsinin şah əsəri elan olunmuşdur. 2009-cu il sentyabrın 28-dən
oktyabrın 2-dək Birləşmiş Ərəb Əmirliklərinin
Abu-Dabi şəhərində keçirilən YUNESKO-nun
Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə
Hökumətlərarası Komitəsinin 4-cü
sessiyasında komitənin yekun qərarına əsasən, Azərbaycan
aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni
irs nümunəsi kimi Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi Mədəni
İrs üzrə Reprezentativ Siyahısına daxil
edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti
üçün mühüm hadisə hesab edilməlidir.
Azərbaycanla
İslam Konfransı Təşkilatının müxtəlif
strukturları arasında münasibətlərin inkişaf edib
möhkəmləndirilməsində Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Qeyd etdiyimiz kimi, Heydər Əliyev Fondunun prezidentinin
humanitar sahədəki fəaliyyətinə görə
"İKT-nin humanitar məsələlər üzrə
xüsusi elçisi" statusuna dair diplomla təltif
olunması da bununla əlaqədardır. Təsadüfi
deyil ki, Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə 2007-ci ilin noyabrında Bakıda təsis edilmiş hərəkatın
davamı olaraq 2011-ci il aprelin 9-dan 11-dək
Bakıda Sivilizasiyaların İttifaqı Uğrunda Qlobal Gənclər
Hərəkatı təsis edilmişdir.
2011-ci il
noyabrın 22-də isə Bakıda Heydər Əliyev Fondunun
təşəbbüsü, Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumunun və Azərbaycan
hökumətinin birgə təşkilatçılığı
ilə "İslam Əməkdaşlıq Təşkilatı
ölkələrinin Gənc İş Adamları Şəbəkəsinin
(İƏT GİAŞ) təsis qurultayı olmuşdur ki, bu
da dindaş ölkələrdəki gənc fəalların təşkilata
cəlb olunması üçün mühüm əhəmiyyət
daşıyır. Təsis qurultayında
çıxış edən Heydər Əliyev Fondunun
vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası
dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva bəyan edib
ki, gənclərin milli təbliğat məsələlərində
yeri və rolu, həmçinin müxtəlif istiqamətlərdə
şəbəkələşmə prosesi bu gün ən
aktual və qlobal mövzulardan biridir. O, şəbəkənin
dünyada müsəlman ölkələrini layiqli təmsil
edən bacarıqlı gənclər üçün önəmli
fəaliyyət qurumuna çevriləcəyini
vurğulayıb.
2011-ci ildə
Ciddə şəhərində keçirilmiş İslam
Konfransı Təşkilatının (İKT) iqtisadi, mədəni
və sosial məsələlər üzrə
komissiyasının 34-cü sessiyasında Dialoq və Əməkdaşlıq
Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ
İKGF) haqqında qətnamə layihəsi yekdilliklə qəbul
olunmuş qətnamənin vacib maddələrindən biri də
"XX əsrdə İKT-yə üzv ölkələrində
humanitar faciələr üzrə anma günü
proqramı" çərçivəsində Heydər Əliyev
Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən "Xocalıya ədalət"
beynəlxalq kampaniyasına həsr olunub. Xüsusilə,
qətnamə layihəsi dövlət üzvlərini, həmçinin
İKT institutlarını Xocalı kütləvi
qırğınının insanlıq əleyhinə yönəlmiş
cinayət kimi həm milli zəmində, həm də beynəlxalq
səviyyədə tanınması istiqamətində öz fəaliyyətlərini
gücləndirməyə çağırıb.
Yeri gəlmişkən,
qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən "Xocalıya ədalət"
kampaniyası çərçivəsində ermənilərin
azərbaycanlılara qarşı törətdikləri dəhşətli
soyqırımı barədə beynəlxalq ictimaiyyətə
geniş məlumat verilmişdir. Bu kampaniya vasitəsilə
erməni terror təşkilatlarının Azərbaycana
qarşı fəaliyyəti haqqında dünya birliyində
geniş məlumatlar yayılmışdır. Bununla əlaqədar Rusiya, Türkiyə, Fransa,
Macarıstan, Rumıniya, Belçika, Avstriya, Almaniya,
Çexiya, İsveçrə və Gürcüstanda silsilə
tədbirlər keçirilmişdir. Belə
tədbirlərdə fondun nəşr etdiyi "Qarabağ həqiqətləri"
toplusu da ictimaiyyət arasında geniş
yayılmışdır. Keçirilən
aksiyaların xarici ölkələrin kütləvi informasiya
vasitələrində işıqlandırılması
üçün hər cür şərait
yaradılmışdır.
Heydər Əliyev Fondu dünyanın unikal beynəlxalq
təşkilatı olan BMT ilə də əlaqələri
genişləndirir. Ötən ayın 10-da Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva
BMT-nin Ərzaq və Kənd Təsərrüfatının
(FAO) rəhbəri Məhəmməd Ruiqinin
başçılıq etdiyi nümayəndə heyəti ilə
keçirdiyi görüşdə BMT ilə sıx əməkdaşlığın
qurulduğu qeyd olunmuş, Heydər Əliyev Fondunun bu təşkilatla
birlikdə bir neçə müştərək layihə
reallaşdırdığı vurğulanmışdır. Mehriban Əliyeva FAO-nun nümayəndə heyətinin
ölkəmizə səfərinin əməkdaşlığın
inkişafına yeni təkan verəcəyinə ümidvar
olduğunu bildirmişdir. Fondun prezidenti, həmçinin
Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının fəaliyyətinə kömək
etməyə hazır olduğunu vurğulamışdır.
FAO missiyasının rəhbəri Məhəmməd
Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın
gördüyü işləri yüksək qiymətləndirdiyini
bildirmişdir.
Görüşdə Heydər Əliyev Fondunun
FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı,
ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə
xüsusi uşaq müəssisələrinin yaradılması
məsələləri müzakirə olunmuşdur.
Dünya mətbuatı Heydər Əliyev
Fondunun və onun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini
təqdir edir
Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın
irəli sürdüyü humanizmə söykənən
faydalı təşəbbüslər, məqsədyönlü
proqramlar Azərbaycanın beynəlxalq aləmdəki
nüfuzunu xeyli artırıb. Etiraf edək ki,
fond daha çox gələcəyə hesablanmış
addımlar atmağı bacarır və bu kimi məsələlər
təşkilatın daim diqqət mərkəzindədir.
Fondun fəaliyyətinin mərkəzində isə
milli genefondumuzun inkişafı və xalqımızın
minilliklərin süzgəcindən keçirib bu günə
çatdırdığı mədəni-etnoqrafik ənənələr
dayanır. Dünya ictimaiyyəti Azərbaycan
qadınını məhz Mehriban xanım Əliyevanın
siması və xoşməramlı fəaliyyəti ilə
tanıyır, bir sıra nüfuzlu ölkələrdə dərc
olunan qəzetlərdə Heydər Əliyev Fondunun prezidentinin
nurlu fəaliyyətindən söhbət açılır.
Təbii ki, Heydər Əliyev Fondu və onun prezidenti barədə
xarici ölkələrin mətbuatından dərc olunan məqalələrin
həcmi əsla bir yazıya sığmaz. Ancaq biz
onlardan bir neçəsini qeyd etmək isərdik. Öncə
deyək ki, Türkiyənin nüfuzlu iqtisadiyyat və iş
dünyası nəşri olan "Ekovitrin"
jurnalının keçirdiyi sorğunun nəticələrinə
görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci ilin yekunları üzrə
"İlin birinci xanımı" nominasiyasının qalibi
olmuşdur. Onu da deyək ki, səsvermə iki
ay ərzində 102 namizəd arasında 34 nominasiya üzrə
keçirilmişdir. Münsiflər heyəti
hər bir nominasiyada 3 namizədi müəyyənləşdirmiş,
sonda seçilən namizədlərə jurnalın
oxucuları səs vermişdir. Səsvermədə
ümumilikdə 250 mindən artıq respondent iştirak edib.
Jurnalın digər nominasiyaları üzrə
qaliblər arasında İslam Əməkdaşlıq Təşkilatının
baş katibi Ekmələddin İhsanoğlu və London meri
Boris Conson da var.
Almaniyanın "Die Welt" qəzetinin keçən
ay iyulun 13-də işıq üzü görən
sayının iqtisadiyyat bölməsində "Xəzər
sahillərində qlobal oyunçu: Azərbaycan iqtisadi
artımı mədəniyyətə rəğbətlə
birləşdirir" başlıqlı yazıda Heydər Əliyev
Fondunun fəaliyyəti haqqında geniş söhbət
açılır. Məlumat verilir ki, Heydər Əliyev
Fondu təhsil, mədəniyyət, maarif, elm, texnologiyalar,
ekologiya və idman sahələrində müxtəlif layihələrə
dəstək verir, həm ölkə çərçivəsində,
həm də beynəlxalq səviyyədə fəaliyyət
göstərir. Məqsəd müxtəlif
mədəniyyətlər arasında kəsişən
nöqtələri tapıb, qloballaşan dünyada sülh
şəraitində birgə yaşayışı təmin
etməkdir. Azərbaycan müxtəlif mədəniyyətlərin,
dinlərin, dəyərlərin, Qərb və Şərq təsirlərinin
qovşağı kimi birgə yaşayışa əyani
sübutdur. Fondun xaricdəki layihələrinə
Strasburqda kilsənin restavrasiyasına 1,5
milyon avro ayrılması və Vatikanla Romadakı bəzi abidələrin
restavrasiyası üçün imzalanan memorandum misal gətirilir.
Bildirilir ki, fond xeyriyyə işləri ilə yanaşı
çoxtərəfli layihələrə də dəstək
verir, məsələn BMT, İKT və sair beynəlxalq təşkilatların
savadsızlıqla mübarizə, uşaq, qadın
hüquqlarının təmin olunması,
ayrı-seçkiliyin aradan qaldırılması və digər
mövzularda tədbirlərin həyata keçirilməsində
iştirak edir. Məqalədə fondun prezidenti Mehriban
xanım Əliyevadan sitat gətirilir: "Dünyada ən
ağrılı problemlərdən biri mənəvi
ideyaların saxta ideyalar vasitəsilə
sıxışdırılmasıdır."
Son olaraq,
Pakistanda çıxan və bu ölkə ilə
yanaşı Böyük Britaniyada, Birləşmiş Ərəb
Əmirliklərində milyonlarla oxucusu olan nüfuzlu
ingilisdilli "Daily Times" qəzetində nəşrin
İslamabad bürosunun baş redaktoru xanım Dure Nəcəfin
"Mehriban Əliyeva - humanizm rəmzi" sərlövhəli
məqaləyə daha geniş yer vermək istərdik. Çünki bu məqalə ümumilikdə, digər
ölkələrin mətbuat orqanlarında çıxan məqalələrin,
necə deyərlər, ortaq mövqeyini ifadə edir.
"Mehriban Əliyeva - cəmiyyətin həyatında
müsbət dəyişikliklər etməyi bacaran,
mühüm əhəmiyyət kəsb edən məsələlərə
dair prinsipial mövqe tutan xanımdır" sözləri ilə
başlayan məqalədə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban Əliyevanın tanınmış ziyalı ailədə
dünyaya göz açdığı
vurğulanmışdır.Məqalədə Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə uşaqlar və ahıllar
evlərinə maddi və mənəvi yardımların
edildiyi, şikəst uşaqların cəmiyyətə
inteqrasiyası üçün yay düşərgələrinin
təşkil olunduğu, insulinin pulsuz paylandığı və
qanvermə aksiyalarının keçirildiyi qeyd olunmuşdur. Yazıda mədəniyyətin təbliğinin fondun
prioritet istiqamətlərindən biri olduğu qeyd edilmiş,
bu sahədə görülmüş işlər,
keçirilmiş beynəlxalq müsabiqələr və
konsertlər, Niaqarada Azərbaycan Muğamı Günləri,
Qəbələ festivalı haqqında ətraflı söhbət
açılmışdır. Azərbaycanı
tolerantlıq nümunəsi adlandıran müəllif fond tərəfindən
dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində
atılmış addımlardan da yazmışdır. Vurğulanmışdır ki, Heydər Əliyev
Fondu Azərbaycanda bir sıra dini məbədlərin, ziyarətgahların,
məscidlərin, kilsələrin yenidən qurulmasının
təşəbbüskarı olmuşdur. D.Nəcəf
dünya irsinin qorunub saxlanılması yolunda Mehriban xanım Əliyeva
tərəfindən görülmüş işlər barədə
də ətraflı məlumat vermişdir. Müəllif Strasburq kafedral kilsəsinin, Luvr
muzeyinin, Versal sarayının təmirinin də bu sıradan
olan işlərdən olduğunu vurğulamışdır.
Məqalədə Azərbaycanın birinci
xanımının, eyni zamanda, ölkənin Gimnastika
Federasiyasının prezidenti olduğu, 2003-cü, 2004-cü və
2005-ci illərdə gimnastika üzrə dünya
yarışmalarının Bakıda keçirildiyi qeyd
edilmişdir.
Jurnalist Mehriban xanım Əliyevanın idmana
qayğısını xüsusi vurğulamışdır.
Jurnalist Mehriban xanım Əliyevanın Avropanın ən
mötəbər mahnı müsabiqəsi olan
"Eurovision-2012"-nin hazırlıq
işlərinə rəhbərlik etdiyini qeyd etmişdir.
Bildirmişdir ki, bu münasibətlə Azərbaycanın paytaxtında
qısa bir zamanda Xəzər dənizi sahilində 23 min nəfərlik
möhtəşəm "Crystal Hall" konsert arenası
inşa edilmiş, yeni mehmanxanalar tikilmiş, şəhərin
infrastrukturu əsaslı surətdə yenilənmiş və
digər zəruri tədbirlər həyata
keçirilmişdir.
Məqalədə Mehriban xanım Əliyevanın Azərbaycanın
folklor ədəbiyyatı və musiqi irsinin inkişafına
görə YUNESKO-nun, həyatın müxtəlif sahələrində
genişmiqyaslı fəaliyyətinə görə isə
İSESKO-nun xoşməramlı səfiri titullarına layiq
görüldüyü qeyd edilmişdir. Yazıda, həmçinin
Mehriban xanım Əliyevanın təşəbbüsü və
dəstəyi ilə Pakistanda görülmüş işlərdən
bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, 2007-ci ildə zəlzələdən
zərər çəkmiş Müzəffərabad şəhərində
Heydər Əliyev Fondu tərəfindən 500 nəfərlik
qızlar məktəbi tikilmiş və cari ildə orada əsaslı
yenidənqurma və təmir işləri aparılmış,
tədris müəssisəsi lazımi avadanlıqla təmin
olunmuşdur. D.Nəcəf qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın
təşəbbüsü və dəstəyi ilə
Pakistanın Xayber Paxtunxva əyalətində Hepatit B virusuna
qarşı peyvəndləşdirmə aparılmış,
Laki Marvat şəhərindəki Serebral İflic
İnstitutunda pulsuz müalicə təşkil olunmuş,
Peşavar Qadın və Uşaq Xəstəxanasında
açıq ürəkdə əməliyyatlar
aparılmışdır.
Məqalədə
vurğulanmışdır ki, Heydər Əliyev Fondu cari il
iyunun 14-də Peşavarda Dünya Donarlar Gününə həsr
edilmiş mərasimdə qan xəstəliklərinin müayinəsi
ilə məşğul olan Həmzə Xeyriyyə Fonduna
xüsusi qanköçürmə laboratoriyası ilə təchiz
olunmuş təcili tibbi yardım avtomobili və minlərlə
qanköçürmə paketi təqdim etmişdir. Eyni zamanda, Heydər Əliyev Fondu Xayber Paxtunxva əyalətində
reallaşdırdığı humanitar layihələr
proqramı çərçivəsində Xayber Göz
Fonduna, bu təşkilatın nəzdində fəaliyyət
göstərən göz klinikasının yeni blokunun
inşası üçün maddi yardım etmişdir. Heydər Əliyev Fondu həmin xəstəxanada
imkansızlar üçün pulsuz göz əməliyyatlarının
keçirilməsini də təşkil etmişdir. D. Nəcəf
məqaləsində Mehriban xanım Əliyevanın təşəbbüsü
və dəstəyi ilə müqəddəs Ramazan ayında
Pakistanın dörd əyalətinin səkkiz şəhərində
1200-dən çox kimsəsiz uşaq üçün iftar
süfrəsinin və əyləncə proqramının təşkil
olunduğunu da qeyd etmişdir.
Bəli, Heydər Əliyev Fondunun fəaliyyəti
dünyada məhz xoşməramlı təşəbbüslərin,
nəcib fəaliyyətin, humanizmin və mərhəmətin,
insanlığa, bəşəriyyətə xidmətin simvolu
kimi qəbul edilir. Rusiyanın "Tribuna" qəzetində dərc olunan
"Mənəvi əlaqə" adlı məqalədə
qeyd olunduğu kimi, 2004-cü ildə yaradılmış Heydər
Əliyev Fondu təhsilin inkişafı proqramı çərçivəsində
artıq dünyanın müxtəlif guşələrində
məktəblər açmaqla Azərbaycan, Rumıniya, Misir,
Niderland, Pakistan, Rusiya və digər ölkələrdə
100 mindən çox fərqli millətlərdən olan
uşaqlar üçün təhsil almaq imkanı
yaratmışdır ki, bu da insanlığa, bəşəriyyətə
xidmətin ən gözəl nümunəsidir.
Heydər
Əliyev Fondunun fəaliyyətini yüksək qiymətləndirən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
minlərlə insanın fikirlərini, qəlbindən
keçən duyğularını haqlı olaraq bu sözlərlə
ifadə etmişdir: "Heydər Əliyev Fondu, sözün əsl
mənasında, ümumxalq fondu olmuşdur. Bu
fondun xətti ilə aparılan işlər, görülən
tədbirlər, irəli sürülmüş təşəbbüslər
göz qabağındadır. İstər təhsil, istər
səhiyyə sahəsində, mədəniyyət sahəsində,
mənəvi irsimizin qorunması işində, Azərbaycanın
dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın
olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin geniş mənada
dünya birliyinə düzgün şəkildə
çatdırılması işində Heydər Əliyev
Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm.
Bu fond sübut etdi ki, əgər istək olarsa,
əgər iradə olarsa və əgər xoş niyyət
olarsa, istənilən sahədə istənilən məsələ
həll oluna bilər. Bu fondun
çoxşaxəli fəaliyyətini əgər bir sözlə
xarakterizə etmək mümkündürsə, mən
"Xoş niyyət" deyərdim. Çünki
bütün sahələrdə biz bunu görürük".
(əvvəli qəzetin
26 avqust 2012-ci il tarixli sayında)
Xalq qəzeti.- 2012.- 28 avqust.- S. 3.