Sumqayıt:
inkişafın yeni mərhələsi sürətlənir
Dünya şöhrətli fransız yazıçısı Aleksandr Düma əsr yarım bundan əvvəl Sumqayıta gəlib. Kim inanmırsa, ədibin "Qafqaz səfəri" əsərinin "Şah Abbas karvansarası" adlı bölümündən bu hissəyə nəzər salsın: "Bütün günü yol gedib gecə Sumqayıt adlanan yerdə dayandıq. Poçt məntəqəsi burada yerləşirdi. Biz Xəzər dənizini bir neçə saat əvvəl görmüş və yolboyu onu müşayiət etmişdik. İndi isə dəniz o qədər yaxında idi ki, ləpələrin səsi eşidilirdi..." Alimlərin tədqiqatlarına görə isə Sumqayıtın ərazisində çox qədim zamanlarda insanlar məskunlaşıb.Hazırkı Sumqayıt şəhərinin tarixi 1949-cu ildən hesablanır. Bizsə deyə bilərik ki, Sumqayıtın gözəl bir şəhər kimi sürətli inkişafı yalnız dövlət müstəqilliyimizin bərpasından sonrakı dövrə, xüsusən də son illərə təsadüf edir.
Azərbaycanın tərəqqisinin yeni mərhələsi Sumqayıt şəhərinin timsalında xüsusilə aydın müşahidə olunur. İqtisadiyyatın sürətli bərpası və uğurla həyata keçrilən abadlıq-quruculuq işləri sayəsində Sumqayıt dünyanın gözəl və gənc şəhərləri sırasında layiqli yer tutmaqdadır. Sumqayıt Texnologiyalar Parkının müəssisələri, şəhərin şöhrət tacı hesab olunan və hazırda texniki cəhətdən müasirləşdirilən kimya zavodları, modern texnologiyalar, mədəni yüksəliş daha parlaq gələcəkdən soraq verir. Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən başlıca səbəbi isə möhtərəm Prezidentimiz İlham Əliyevin bu şəhərə xüsusi diqqət və qayğı göstərməsidir. Sevindirici haldır ki, Azərbaycan rəhbəri son bir ildə üç dəfə Sumqayıtda olmuş, burada aparılan işlərlə, insanların güzəranı ilə tanış olaraq, özünün dəyərli təkliflərini vermişdir.
Regional inkişaf üzrə ikinci Dövlət Proqramı kontekstində Sumqayıtda sürətli yüksəlişin yeni əsasları yaradılıb və bu proses kifayət qədər uğurla gedir. Bu gün Sumqayıtın mövcud potensialından daha səmərəli istifadə etməklə burada ilk növbədə müxtəlif profilli sənaye sahələrinin inkişafı sürətləndirilir. 20-dən çox iri, müasir istehsalat sahəsini özündə cəmləşdirmiş STP-də indi daha bir müəssisə - 500 kilovatlıq kabel zavodunun inşası üçüncü mərhələdədir. Həmçinin polikarbonat lövhələr, kanalizasiya boruları, dolğulu sendviç panelləri, transformator, metaləritmə və şüşə emalı sahələrinin inşası davam etdirilir. Bu il aprel ayının 25-də Prezident İlham Əliyev "Azgüntex" MMC-nin Günəş modulları və LED lampalar istehsalı sahələrinin açılış mərasimində iştirak etmişdir.
Dövlət başçısının müvafiq fərmanı ilə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq və əhalinin istehsal sahələrində məşğulluğunu artırmaq məqsədilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində işlər davam edir.
Bu islahatlar sahibkarlara lazımi dəstəklə müşahidə olunur və şəhərin iqtisadi dirçəlişi təmin edilir. Sumqayıtın infrastruktur təminatının yaxşılaşdırılması, mövcud obyektlərin müasir standartlara uyğunlaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Eyni zamanda əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, işsizliyin aradan qaldırılması, məşğulluğun artırılması, yoxsulluq səviyyəsinin azaldılması şəhər icra strukturlarının diqqət mərkəzindədir.
Cari ilin əvvəlindən Sumqayıtda ümumi məhsul buraxılışının həcmi 320 milyon manat olmuş, sosial-iqtisadi sahələrdə çalışan işçilərin orta əməkhaqqı 360 manat səviyyəsini ötmüşdür. İndi Sumqayıtın həm əhalinin say tərkibi baxımından, həm də inzibati ərazi vahidi olaraq sürətlə böyüməsi onun inkişafını şərtləndirən əsas faktorlardır. Azərbaycan paytaxtının əsas "peyk"i sayılan bu şəhərin mühüm hədəflərindən biri Bakı standartlarına sürətlə yaxınlaşmaqdır. Bu yaxınlaşmanı möhtərəm Prezidentimiz İlham Əliyev belə əsaslandırmışdır: "Sumqayıtla Bakı, demək olar ki, artıq birləşir. Çünki ölkəmizdə inkişaf o qədər sürətlə gedir və bu yol boyu tikintilər, yeni binalar, sənaye müəssisələri ona gətirib çıxaracaq ki, Bakıda yaşayanlar da gəlib Sumqayıtda işləyəcəklər ".
Təsadüfi deyil ki, dövlətimizin başçısı Sumqayıtın inkişafına konkret əməli və maddi dəstəyini əsirgəmir. Elə bu il aprelin 12-də möhtərəm Prezidentimizin növbəti sərəncamı ilə yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılmışdır. Gənclər şəhərinin, sözün həqiqi mənasında, inkişafını burada bir müddət olmayan hər kəs dərhal görə bilər. Bu gün şəhərin əksər küçə, meydan və məhəllələrində yüksək zövqlə yenidənqurma, abadlaşdırma tədbirləri reallaşdırılır. Bakı-Quba magistral yolundan Sumqayıt istiqamətinə dönərək "Sülh" küçəsi ilə şəhərə daxil olan kimi ilk baxışdanca baş verən mühüm yeniliklərlə qarşılaşırsan. Hər iki tərəfdən təbii yaşıllaqlara qərq olan yolun ətrafında sıra ilə cərgələnən hasarın işıqlandırılması valehedicidir. Axşamlar sanki işıq selinə düşən Sumqayıt ayrı bir aləmdir.
Bildiyimiz kimi, Azərbaycanı dünya miqyasında fərqləndirən əsas xüsusiyyətlərdən biri yüksək tolerantlıq, dini dözümlülük mühitinin mövcudluğudur. Sumqayıtda milli tərkib müxtəlifliyi və tolerantlıq özünü daha qabarıq göstərir. Şəhər dindarlarının əsas ibadət ocağının yenidən qurulması ilə bağlı ölkə başçısına ünvanladığı müraciətə cavab olaraq, Azərbaycan Prezidentinin tapşırığına əsasən Sumqayıt Cümə məscidində başlanan təmir işləri artıq sona yetmək üzrədir. Burada görülən işlər ölkə başçısının təklifləri və tövsiyələri əsasında aparılıb. Belə ki, məscidin yanında 34 metrlik minarənin ucaldılması artıq başa çatıb. Minarədə tamamlama işləri görülür. Məscidin giriş qapısı Şərq memarlığı üslubunda xüsusi daşlarla bəzədilib, içərisi İslam qaydalarına uyğun ornamentlərlə zənginləşdirilib. Hazırda məscidin müasir havalandırma sistemi quraşdırılır. Burada çalışan ustalar da, məscidə ibadətə gələn dindarlar da milli-mənəvi dəyərlərə yüksək önəm verilməsindən razı qaldıqlarını, görülən işlərdən zövq aldıqlarını bildirdilər. Sumqayıtın müqəddəslik ocağının yenidən qurulması şəhərin hər bir sakinini sevindirir. Hazırda məscidin ətrafında geniş yaşıllaşdırma işləri aparılır, ziyarətgaha gedən yollar asfaltlanaraq standart qaydalara uyğunlaşdırılır.
Şəhərdə abadlıq işləri xüsusi proqram üzrə aparılır. Heydər Əliyev, Koroğlu prospektlərində, Sülh, N.Nərimanov küçələrində mövcud tikililər, yaşayış binaları yenidən qurulur, simasını dəyişir. Küçələrə mərmər və qranitdən səki daşları düzülür, bəzi sahələr naxışlı plitələr və sementsiz döşəmə daşlarla bəzədilir ki, bu da klassik təsir bağışlayır. Bir çox binaların dam örtükləri və fasad hissələri tam yenilənir. Nəsimi abidəsinin yaxınlığında klassik üslubda qurulan binaların fasadları şəhərin ümumi mənzərəsini daha da zənginləşdirir. Ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsinin ətrafında axşamlar dekorativ bəzək işıqları ilə nurlandırılan binalar romantik ovqat yaradır. Meydan və xiyabanların qayğı ilə qulluq göstərilən əlvan çəmənlikləri, müasir fəvvarələr göz-könül oxşayır.
Respublikanın ikinci böyük şəhəri olan Sumqayıtın küçələrində əvvəllər mağaza və iaşə obyektləri nizamsız şəkildə düzülmüşdü, şəhərin estetik görkəminə xələl gətirirdi. Sıxlıq yaradan müxtəlif ölçülü köşklərin götürülməsi davam edir. Həmin obyektlərin yerində isə zövqlə tikilən yaraşıqlı dükanlar, xidmət sahələri gözəl boyunbağı dənələri kimi küçələrin "sap"ına düzülür.
Bu gün Sumqayıtın bütün parklarında əsaslı yenidənqurma işləri aparılır, şəhərə giriş yolları modernləşdirilir. Nəsimi adına Mədəniyyət və İstirahət Parkının bir neçə hissəsi artıq yeni görkəmdə sakinlərin ixtiyarındadır. Sumqayıtlılar axşamlar mavi Xəzərin sahilinə gəzintiyə çıxmağa üstünlük verir, Nəsimi parkında yaradılan nümunəvi şəraitə görə onu yaradanlara minnətdarlıq edirlər.
Dəvət olunmuş bir neçə qrup peşəkar memarın iştirakı ilə Heydər Əliyev Parkının birinci hissəsində geniş yenidənqurma işləri aparılıb. Təmir yekunlaşan sahələr rəmzi açılışla sakinlərin ixtiyarına verilib. Parkın girəcəyində piramida tipli estakadalar quraşdırılıb və oradakı kvadrat divar oyuqlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən nadir fotoşəkillər yerləşdirilib. Parkın ön hissəsinə gözəllik verən ikinci bir yenilik 8 metr hündürlükdə ucaldılan saat qülləsidir. Bu saat vacib şəhər atributu kimi diqqəti cəlb edir. Döşəmələri milli ornamentlərlə bəzədilən parkda istirahət meydançası və ecazkar fəvvarə quraşdırılıb. Burada həmçinin yaşıllıq zolaqları salınıb, köhnə ağacların aşağı hissələrinin budanması sayəsində park sanki bir qədər də cavanlaşıb. Müxtəlif yelləncəklər, attraksion qurğuları uşaqların sevinə-sevinə əyləndikləri yerlərdir. Müasir işıqlandırma sistemi bu parkı digərlərindən xeyli fərqləndirir. Yeni dizaynda rahat oturacaqlar, tamet döşəmələr, ideal səliqə-sahman burada bərpa və yenidənqurma işlərinin böyük zövqlə aparıldığını göstərir.
Heydər Əliyev Mərkəzinin, dövlət başçısının nəzarətində olan, ölkə əhəmiyyətli tarixi abidələrin siyahısına salınmış Nəsimi adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulması davam etdirilir. Üzeyir Hacıbəyli adına "Kimyaçı" mədəniyyət sarayının və bu möhtəşəm binanın qarşısındakı meydanın əsaslı təmiri də gözəlliklərin təzələnməsi baxımından önəmli olacaq. Şəhərin bir sıra əraziləri kimi, bura da üzərinə "Müvəqqəti narahatlığa görə üzr istəyirik" sözləri yazılmış hasarlarla əhatələnib. Kənardan baxan sakinlər dərhal anlayırlar ki, tezliklə yeni bir gözəllik ünvanı onların gözləri önündə canlanacaq.
Şəhərin mərkəzi hissəsində yaradılan Dövlət Bayrağı meydanı isə indidən göz oxşayır. Buradan keçən avtomobil yolu bağlanmış, böyük əraziyə zövqlə döşəmə daşlar düzülmüşdür. Üzbəüzdəki icra hakimiyyəti aparatının binası yeni görkəmində müasir memarlıq nümunəsidir. Layihəyə görə, bu bina yenə də əvvəlki vaxtlarda olduğu kimi, özünün "yaşıl libas"ına bürünəcək. Şəhər polis idarəsinin yeni inzibati binası artıq bir neçə aydır ki, istifadəyə verilmişdir.
Şəhər sakinlərinin arzuları nəzərə alınaraq, mikrorayonların abadlaşdırılması üzrə xüsusi proqram qəbul edilib. Bu gün artıq bir neçə mikrorayonda nümunəvi məhəllələr də mövcuddur. Əhalinin sıxlıq təşkil etdiyi yaşayış massivlərində - 18, 13 və 10-cu mikrorayonlarda müvafiq infrastruktura malik belə məhəllələr yaradılaraq əhalinin ixtiyarına verilmişdir. Açılış mərasimləri əsl toy-bayrama çevrilmişdir. Bu məhəllələrdə bir vaxt tikilən qarajlar, bəzi sakinlər tərəfindən qanunsuz şəkildə necə gəldi zəbt edilən torpaq sahələri təmizlənərək əhalinin istirahəti üçün lazım olan qurğularla əvəzlənmişdir. Həmin məhəllələrdə süni örtüklü idman meydançaları, xeyir-şər evləri, sakinlərin istirahəti üçün çardaq-kölgəliklər, uşaqların əyləncə guşələri, yumşaq ev əşyalarının yuyulub qurudulması üçün ətrafı bağlı yerlər yaradılmışdır. Nümunəvi məhəllələrə yeni ağaclar əkilmiş, ərazilərə asfalt döşənmiş, oturacaqlar düzülmüşdür. Əhalinin asudə vaxtının təşkilinə, gənclərin xoşagəlməz vərdişlərdən yayındırılmasına xidmət edən, uşaqlar üçün müxtəlif oyun və idman qurğularının yerləşdirildiyi 17-ci mikrorayon isə nümunəvi mikrorayona çevrilib. Həmin ərazidə yerləşən 20 yaşayış binasının fasadı təmir edilmiş, zövqoxşayan boyalar çəkilmişdir. Mikrorayonda abadlıq, yaşıllaşdırma işləri başa çatmışdır.
Elə həmin ərazidə tikilmiş və ötən ilin sonunda rəsmi açılış mərasimində Prezident İlham Əliyevin iştirak etdiyi Olimpiya İdman Kompleksi, həmçinin ondan bir qədər öncə istifadəyə verilmiş son dərəcə müasir UGİM Sumqayıt gənclərinin böyük həvəslə üz tutduqları ünvanlardır. Hazırda M.Hüseynzadə adına şəhər stadionu əsaslı şəkildə yenidən qurulmaqdadır. "İdman ili"ndə şəhərin idmançıları zəfər yürüşünü uğurla davam etdirirlər. İlin əvvəlindən onlar respublika və beynəlxalq miqyaslı yarışlarda 569 medal qazanmışlar. Bunlardan 180-i qızıl, 174-ü gümüş, 215-i isə bürünc mükafatlardır.
Bugünkü Sumqayıtın bir özəlliyi də yaşayış ərazilərində "Açıq mikrofon" tədbirlərinin keçirilməsidir. Artıq ənənəyə çevrilən bu görüşlərdə icra hakimiyyətinin başçısı ilə bərabər şəhərin bütün təsərrüfat və xidmət sahələrinin, hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak edir, sakinlərin şikayət, arzu, tələb və təkliflərini dinləyirlər. Sakinlər əsasən onları narahat edən problemlərdən, görülməsi lazım olan işlərdən söz açırlar. Bir çox hallarda müraciətlərlə əlaqədar yerindəcə operativ tədbirlər görülməsini sakinlər razılıqla qarşılayırlar. Onların müraciətləri əsasında təkcə bu ilin ilk yarısında yüzlərlə mənzilin dam örtüyü riberoid və şiferlə əsaslı təmir edilmiş, 30 binanın aşağı şəbəkə üzrə su və kanalizasiya xətləri yenilənmiş, onlarca yaşayış binasının zirzəmisi qurudularaq tullantılardan təmizlənmişdir. Sumqayıtın yollarında da xeyli təmir işləri aparılmışdır. Bir çox mikrorayon, məhəllə və qəsəbələrdə yollara asfalt döşənmiş, piyada keçidləri, yolkənarı səkilər qaydaya salınmışdır. Yeni su xətləri çəkilir, yaşıllıq zolaqları artırılır. Sarıqaya ərazisindən başlayaraq şəhərin sahilboyu hissəsində kanalizasiya xətti çəkilir. Artıq 7 kilometrdən artıq xətt hazırdır.
Corat və Hacı Zeynalabdin qəsəbələri Sumqayıtın qədim yaşayış məskənləridir. XIII-XIV əsrlərin görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin "Camiyyəti Təvarix" əsərində xatırlanan türk-monqol etnonimləri sırasında Corat qəbilə adını da çəkib ki, bu da Abşeron ərazisindəki Corat yer adında öz izini saxlayır. Bakının tarixinə dair sənəd toplularının birində 1813-cü ildə qədim şəhərin 37 ətraf kəndindən xəzinəyə daxil olan gəlirlər və əhalinin sayı haqqında siyahıda 10-cu sırada Coratın adı çəkilir. Hələ XIX əsrdə gəmi ilə İrana, Rusiyaya mal daşıyan tacirlər arasında Coratdan da zirək adamlar olub. Hazırkı Corat məktəbinin 114 yaşı var. Qədim bəy hamamı, məscid, sərdabə, daş sandıq kimi tarixi abidələr onun tarixindən soraq verir. Bu kəndin Abşeron və Xəzər turizm marşrutlarına qatılması çoxdankı zərurətdir. Amma bunun əksinə olaraq, Sumqayıt tikilib böyüyən dövrlərdə Corat iki dəfə sökülmək və ləğv olunmaq təhlükəsi yaşayıb. Ötən əsrin 60-cı illərində qədim qəsəbəni şəhərə qatmaq istəyən "novator" memarlar burada yeni mikrorayon salmaq eşqinə düşüblər. Vətənpərvər ziyalılar etiraz səslərini ucaldaraq buna yol verməyiblər. 27 il öncə isə bu məsələ ilə əlaqədar guya köhnə üslubu saxlamaqla qəsəbənin yenidən qurulması üçün ümumittifaq müsabiqəsi elan edilmiş və eston memarların "Qızıla məhəbbət" layihəsi bəyənilmişdir. Lakin sonrakı məlum ictimai-siyasi hadisələr səbəbindən layihə həyata keçirilməmişdir.
Qəsəbə icra nümayəndəsi Cəmil Quliyevin dediyinə görə, Corat illərcə diqqətdən kənarda qalıb. Adda-budda işlər görülüb. Yalnız indi Coratın da üstünə, necə deyərlər, gün doğub. Qəsəbənin Sahil küçəsindən giriş-çıxış hissəsində tarixi əbədiləşdirmək üçün ucaldılmış abidə memarlıq baxımından daha maraqlı üslubda yenidən qurulub. Yollar təmir edilib, qala divarları tikilib, qalaların üstünə qədim toplar qoyulub. Buradakı istirahət parkı, mədəniyyət evi əsaslı şəkildə yenidən qurulub, ətrafı abadlaşdırılıb.
İndi yüz bir yaşı olan Hacı Zeynalabdin qəsəbəsi isə Bakı-Quba yolunun 40-cı kilometrində Sumqayıtçayla Yaşma stansiyası arasındakı "Təkəqumu" adlanan yerdə qərarlaşıb. Yaranması "Şollar-Bakı" su kəmərinin çəkilməsi ilə bağlıdır. Bu kəmərin çəkilməsində Azərbaycan xalqının böyük xeyriyyəçi və mesenat oğlu Hacı Zeynalabdin Tağıyevin danılmaz xidmətləri olub. Bundan ötrü qəsəbəyə hətta Moskva-Bakı dəmiryolundan ayrıca xətt çəkilib. Düz 95 il öncə nasos stansiyası işə salınıb. Hazırda qəsəbədən Sumqayıta gələn su xəttinin böyük bir hissəsi təmir edilib. İllər ötdükcə böyüyən qəsəbədə vacib infrastruktur yaradılıb. İstirahət parkı başdan-başa abadlaşdırılıb. Bu il qəsəbədəki 40 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinə başlanıb.
Hazırda Sumqayıt qəsəbələrinin işıqlandırma sistemləri yenilərilə əvəzlənir, qədim tarixə malik binaların üz "qırış"ları götürülür. Sosial infrastrukturun təzələnməsi, əhaliyə yüksək keyfiyyətli xidmətlərin göstərilməsi, bu zaman qabaqcıl təcrübənin nəzərə alınması, insanların istirahəti üçün yüksək şəraitin yaradılması hər zaman əsas diqqət mərkəzində yer alıb.
Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq işləri ilə yanaşı, uzun müddət təmirsiz qalmış şəhərin simvol-abidəsində də yenidənqurma aparılır. Daha keyfiyyətli materiallarla forması saxlanmaqla təmir edilən həmin simvol-abidə tezliklə tam şəkildə təmir ediləcək. Şəhərdəki 28 nömrəli məktəbin, 26 və 63 nömrəli uşaq bağçalarının əsaslı təmiri də reallaşdırılır.
Prezident İlham Əliyevin 19 aprel 2012-ci il tarixli sərəncamı ilə 1 nömrəli şəhər xəstəxanasının yenidən qurulması və əsaslı təmir işləri, tibbi avadanlıq və inventar alınması üçün Səhiyyə Nazirliyinə 5 milyon manat ayrılıb. Burada da böyük bir iş cəbhəsi yaradılıb.
Taleyinə Azərbaycan paytaxtının qonşuluğunda yaşamaq düşən Sumqayıt indi Bakı standartlarına sürətlə yaxınlaşmaqdadır. Azərbaycanın əldə etdiyi nailiyyətlərdə Sumqayıtın da özünəməxsus payı var və ümumi inkişafa şəhərin verdiyi töhfələr ildən-ilə artır. Qarşıdakı illərdə görüləcək işlərin miqyası olduqca genişdir və əsas hədəflərə çatmaq üçün sumqayıtlılar əzmlə, şövqlə çalışırlar. Əsrimizin əvvəlindən ikinci gəncliyini yaşayan Sumqayıtın hər bir sakini ölkə başçısının tapşırıq və tövsiyələrinə əməli işlərlə cavab verir. Bu gün adı sakinlərinin qürur ünvanına çevrilən, küçə və meydanların əbədi sakinlərinin - xəzri və gilavarın belə gözəlliyindən anbaan sehirləndiyi sevimli bir şəhərdir Sumqayıt.
Əli
NƏCƏFXANLI
Xalq qəzeti.- 2012.- 28 avqust.- S. 6.