Azərbaycan dilinin saflığının qorunub
saxlanılması və inkişaf etdirilməsi
daim dövlətin diqqət mərkəzindədir
Prezident İlham Əliyevin təsdiq
etdiyi yeni Dövlət Proqramı bu siyasəti daha da intensivləşdirir
Ana dilimizə hörmət və
qayğı daimi olmalıdır. Biz ana dilimizi xarici təsirdən
qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan
xalqının formalaşmasında, müstəqil Azərbaycanın
formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna
rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını
daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət
göstərilməlidir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Dilimiz çox zəngin
və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz
ana dilimi çox sevir və bu dildə
danışmağımla fəxr
edirəm...İnkişaf
etmiş zəngin dil mədəniyyətinə
sahib olan xalq əyilməzdir, ölməzdir,
böyük gələcəyə
malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən
qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir.
Heydər ƏLİYEV,
Ümummilli lider
Dil
millətin varlığının əsas şərtlərindən,
atributlarından və göstəricilərindən biridir. Hər
bir xalqın ana dili onun qürur mənbəyi, milli-mənəvi
sərvətidir. Xalqımızın varlığını
yaşadan, Azərbaycanı müstəqil dövlət kimi
tanıdan ana dilimiz hər bir azərbaycanlıya dövlət
rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir.
Ana dilimiz əsrlərdən bəri milli-mənəvi
varlığımızı, xalqımızın
mövcudluğunu qoruyub saxlayıb. Tarix boyu başı min bəlalar
çəkmiş Azərbaycan xalqı zaman-zaman repressiyalara məruz
qalsa da, öz ana dilini qoruyub saxlaya bilmişdir. Müxtəlif
dövrlərdə xalqımız ədalətsizliklərlə,
təzyiqlərlə, əzab - əziyyətlərlə
qarşılaşsa da müqəddəs sərvətimiz olan
ana dilimizi qoruyub yaşatmış, daha da inkişaf etdirərək
ən mükəmməl dil səviyyəsinə qaldıra
bilmişdir.
Böyük
tarixi şəxsiyyət Heydər Əliyevin 1969-cu ilin iyulunda
respublika rəhbərliyinə gəlişi ilə Azərbaycan
dilinə rəsmi münasibət çox sürətlə və
əsaslı şəkildə dəyişdi. Respublika rəhbəri
həmin çətin dövrdə ana dilinin
qorunmasını, onun işlənmə sferasını və
fəaliyyət dairəsini genişləndirməkdən
başladı. Ulu öndərin Azərbaycana, onun sosial-mədəni,
iqtisadi, siyasi inkişafına, milli-mənəvi intibahına həsr
olunan, xalqımızın tarixində bütöv mərhələ
təşkil edən yorulmaz fəaliyyətində milli dil
siyasəti həmişə prioritet təşkil edib. Azərbaycan
ədəbiyyatı və mədəniyyətinin bütöv
milli mühitini əhatə edən dil siyasəti xalqın
tarixi uğurlarına əsaslanaraq böyük perspektivlərə
istiqamətləndi. Sovet hakimiyyəti dövründə əhalisinin
əksəriyyətinin azərbaycanlılardan ibarət
olmasına baxmayaraq, respublikamızda Azərbaycan dili hakim bir
dil deyildi. Ana dilimizin inkişaf etdirilməsinə, zənginləşdirilməsinə
lazımi diqqət yetirilmirdi. Ümummilli lider ölkəyə
rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi tədbirlər
hesabına ana dilini dövlət dili səviyyəsinə
qaldırdı və xalqımızın milli sərvətini
özünə qaytardı. Heydər Əliyevin respublikaya rəhbərliyi
dövründəki fəaliyyətinin nəticəsi olaraq,
1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili
statusu təsbit edildi. Kommunist ideologiyasının sərt
hökmranlığı dövründə, sözün əsl
mənasında, qəhrəmanlığa bərabər olan bu
qətiyyətli addım gələcəyin müstəqil,
yeni Azərbaycanı naminə atılmışdı.
Ümumiyyətlə, ana dilimizin dünya dilləri səviyyəsinə
qalxaraq dünya azərbaycanlılarının ünsiyyət
vasitəsinə çevrilməsi və milli birlik göstəricisi
kimi beynəlxalq aləmdə böyük rol oynaması Heydər
Əliyevin adı ilə bağlıdır.
Müstəqil
Azərbaycan dövlətinin Konstitusiyası qəbul olunarkən
dövlət dili öndə olan bir məsələ idi. Ana
dilinə nüfuz qazandırmaq, bu məsələnin nə qədər
əhəmiyyətli olduğunu göstərmək
üçün ümummilli lider Heydər Əliyev bunun
ayrıca müzakirəsini və referendumda səsə
qoyulmasını təklif etdi. Çoxlu müzakirələr
aparıldı. Müzakirələrdə dilçilər, ədəbiyyatçılar,
tarixçilər, yazıçılar, filosoflar -
bütün ziyalılar iştirak etdilər və hər kəs
o zaman bu məsələ ilə bağlı öz fikrini
bildirdi.
1995-ci
il noyabrın 12-də qəbul edilmiş müstəqil
dövlətimizin Konstitusiyasında Azərbaycan dili rəsmi
dövlət dili elan olundu. Konstitusiyanın 21-ci maddəsində
deyilir: "Azərbaycan Respublikasının dövlət dili
Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan
dilinin inkişafını təmin edir".
Heydər
Əliyevin Azərbaycan dilinin milli-mənəvi,
siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində
atdığı zəruri addımlardan biri 2001-ci il iyunun 18-də
"Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi
haqqında" fərmanın imzalanması olmuşdur. Fərmanda
Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil
dövlətçilik atributu kimi rolu və funksiyası
göstərilmiş, əvvəlki illərdə tətbiqi vəziyyəti
və saflığının qorunması hərtərəfli
nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və
nöqsanlar müəyyənləşdirilərək
onların aradan qaldırılması barədə müvafiq
tapşırıqlar verilmiş və qəti olaraq 2001-ci il
avqust ayının 1-dən latın qrafikalı Azərbaycan əlifbasına
keçilməsi qərara alınmışdır. Həmin il
avqustun 9-da "Azərbaycan Respublikasında dövlət dili
haqqında" Qanun və dil siyasəti haqqında normativ hüquqi
aktlar qəbul olunmuşdur. Bununla da ölkəmizdə ana
dilinin hüquqi əsasları və dilimizin
saflığının qorunması, habelə
inkişafının icra mexanizmləri müəyyənləşdirilmişdir.
2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1
avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan
Dili Günü kimi qeyd edilir. Artıq 11 ildir ki, biz ana dilimizlə
bağlı bu qürur doğuracaq günü böyük təntənə
ilə qeyd edirik.
Latın
qrafikalı Azərbaycan əlifbasına keçilməsi
böyük əhəmiyyət kəsb edirdi. Bu, ilk növbədə
xalqımızın dünya xalqlarının ümumi yazı
sisteminə qoşulması üçün yeni perspektivlər
açdı. Bundan sonra ana dilimizin saflığının
qorunması və daha da inkişafı ilə əlaqədar
müvafiq qanunların, eləcə də digər normativ
aktların qəbul olunması sürətləndirildi.
Latın qrafikalı Azərbaycan əlifbasına keçilməsini
yüksək qiymətləndirən ulu öndər deyirdi:
"Bilirsiniz ki, mən son vaxtlar Azərbaycanın dövlət
dili, ana dili, Azərbaycan dili haqqında bir çox fərmanlar
vermişəm. Azərbaycanın latın əlifbasına,
latın qrafikasına keçməsi haqqında fərman
vermişəm. Bu, artıq avqust ayının 1-dən tətbiq
olunubdur. Çox məmnunam ki, mən buna nail oldum.
Çünki bəziləri etiraz edirdilər ki, qısa
müddətdə buna nail olmaq olmaz. Amma, oldu. Bütün
dövlət orqanlarında, hakimiyyət orqanlarında, təkcə
dövlət, hakimiyyət orqanlarında yox, təhsildə,
biznes sahəsində, hər yerdə Azərbaycanın
dövlət dili, ana dili, Azərbaycan dili hakim
olmalıdır".
Müstəqillik
illərində Azərbaycan dilçiliyinin uğurları
çoxdur. Xüsusən də Azərbaycan ədəbi dil
tarixinin tədqiqi geniş vüsət almışdır.
Dilimizin praktik məsələlərinin kamilləşməsinə,
onun tarixinin, mənşəyinin öyrənilməsinə
daha çox diqqət yetirilmişdir. "Millətin milliliyini
saxlayan onun dilidir" prinsipi ilə davam etdirilən dil siyasəti
ana dilimizin yüksək səviyyədə
inkişafını təmin etdi. Azərbaycan dilinin dövlət
dili kimi yaşaması, möhkəmlənməsi, inkişaf
etməsi xalqımızın ən böyük nailiyyətlərindən
biridir. Bu sahədə qəbul olunan qanunlar və qanunvericilik
aktları Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə
və türk dilləri arasında mötəbər mövqe
qazanmasına xidmət edirdi. Bu təkcə dil məsələsi
yox, eyni zamanda azərbaycançılıq məsələsi
idi. Bu siyasəti layiqincə davam etdirən möhtərəm
Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də
imzaladığı "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də
"Azərbaycan Milli Ensiklopediyasının nəşri
haqqında", eləcə də 2007-ci il dekabrın 30-da
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri
nəzərdə tutulan əsərlərinin
siyahısının təsdiq edilməsi haqqında" sərəncamları
ana dilinin həyatımızın bütün sahələrində
tam və müfəssəl tətbiqini gerçəkləşdirdi.
Ana dilimizi böyük ictimai-siyasi hadisə kimi dəyərləndirən
Prezident İlham Əliyev onun həyatımızın
mühüm amili olduğunu diqqətə çatdıraraq bu
dilin daha da inkişaf etdirilməsi və beynəlxalq səviyyəyə
çatdırılması üçün bir - birinin
ardınca sərəncamlar imzaladı və dövlət
proqramlarını təsdiqlədi. Dövlət
başçısının çıxışlarında
dil, ədəbiyyat məsələlərinə daim xüsusi
diqqət göstərilir, Azərbaycan dilinin, eyni zamanda,
türk dilləri miqyasında mövqeyi get-gedə sürətlə
yüksəlir.
Müasir
beynəlxalq münasibətlər şəraitində ana
dilini inkişaf etdirmək, həm də qorumaq çox
böyük əhəmiyyət kəsb edir. Bu gün Azərbaycan
dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə
yol açması, dünyanın ən mötəbər
tribunalarından eşidilməsi həyata keçirilən
siyasətin prioritet vəzifələrindən biridir. Prezident
İlham Əliyevin 2012-ci il 23 may tarixli "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" sərəncamı da bununla əlaqədar
qarşıya çox önəmli və aktual vəzifələr
qoyub. Azərbaycan Prezidentinin bu sərəncamı dövlətimizin
dil siyasətinin yeni mərhələdə davamıdır. Bu
əhəmiyyətli sənədin mühüm cəhətlərindən
biri dövlət başçısının ana dilinə,
dövlət dilinə münasibəti məsələsidir.
Bu münasibət göstərir ki, dövlətimiz həqiqətən
xalqın arzuları, idealları ilə yaşayan, bu
arzuları reallığa çevirən müstəqil
dövlətdir. Prezident İlham Əliyev milli xüsusiyyətlərimizin
saxlanmasında ana dili və ədəbiyyatımızın
başlıca amillərdən olduğunu dəfələrlə
diqqətə çəkərək demişdir: "Bizi millət
kimi qoruyub saxlayan məhz dilimiz, ədəbiyyatımız,
tariximiz, ənənələrimizdir".
Müasir
qloballaşma şəraitində Azərbaycan dünyaya
sürətlə inteqrasiya olunur. Ölkəmizin beynəlxalq
aləmdəki əlaqələri getdikcə genişlənir,
mövqeyi daha da möhkəmlənir.Azərbaycan yalnız
regionda deyil, eyni zamanda, dünyada güclü, iqtisadi cəhətdən
qüdrətli bir dövlətə çevrilir. Hazırda
ölkəmizlə əməkdaşlıq etmək istəyən
dövlətlərin sayı durmadan artır. Ona görə də
respublikamızın mədəniyyət siyasəti, o cümlədən
dil siyasəti də dünya üçün
maraqlıdır.
Prezident
İlham Əliyevin 2012-ci il 23 may tarixli "Azərbaycan
dilinin qloballaşma şəraitində zamanın tələblərinə
uyğun istifadəsinə və ölkədə
dilçiliyin inkişafına dair Dövlət Proqramı
haqqında" sərəncamı qarşıya bir sıra vəzifələr
qoymuşdur. Ölkə başçısının sərəncamı
qloballaşma şəraitində Azərbaycan dili ilə
bağlı bir sıra mühüm prinsipləri əhatə
edir. Bu sənədin Azərbaycan dilinin inkişafında
çox önəmli rolu olacaq. Açıq etiraf edək ki,
bu gün ölkəmizdə Azərbaycan dilinin
saflığının qorunması istənilən səviyyədə
deyil. Paytaxt küçələrindəki reklamlarda,
xüsusilə restoran və ticarət şəbəkələrinin
önündəki bildirişlərin xarici dillərdə
yazılması ana dilimizin saflığının
qorunmasına etinasız yanaşmadan xəbər verir.
Hazırda bir sıra dövlət idarələrində
işləyənlər hələ də əhali ilə rus
dilində danışırlar. Bu da həmin şəxslərin
ana dilini öyrənməsinə bir o qədər də
maraqlı olmadıqlarının nəticəsidir.
Görünür, belələri ana dilinin qorunması və
işlədilməsi haqqında qəbul olunan qanun və digər
sənədlərə əməl etmək istəmirlər.
Ancaq unudurlar ki, Azərbaycanda yaşayan və işləyən
hər bir şəxs ölkə qanunlarına qeyd - şərtsiz
əməl etməlidir. Xalqımızın milli sərvəti
sayılan ana dilimizin inkişafı, işlənməsi və
qorunması ilə əlaqədar qəbul edilən qərarların
icrasına nəzarət hər birimizin vətəndaşlıq
borcumuzdur. Azərbaycanda fəaliyyət göstərən hər
bir xarici şirkətə əlverişli şərait
yaradılması ölkəmizdə demokratik prinsiplərin
inkişafına xüsusi önəm verilməsinin və
müstəqil dövlətimizin beynəlxalq aləmə
inteqrasiyasının təzahürüdür. Ancaq həmin
şirkətlərin ana dilimizə
sayqısızlığının qarşısının
qanunla alınmaması dilimizin inkişafına vurulan zərbədir.
Bu
gün kütləvi informasiya vasitələrində,
xüsusilə hər gün insanlarla təmasda olan televiziya və
radio verilişlərində də ana dilimizin işlədilməsinə
və saflığının qorunmasına biganəlik hiss
olunur. Bu da ilk növbədə ondan irəli gəlir ki, həmin
sahədə çalışanların əksəriyyəti
qeyri - peşəkarlardır. Təəssüf ki, bəzi
televiziya kanalları özlərinə işçi axtararkən
ilk növbədə üstünlüyü xarici
görünüşə verirlər. Ancaq belələri
işə qəbul etdikləri şəxslərin Azərbaycan
dilini mükəmməl bilmələrini önəmli hesab
etmirlər. Bu da ana dilimizin inkişafına öz mənfi təsirini
göstərməkdədir. Acınacaqlı haldır ki, son
vaxtlar əksər televiziya ekranlarında və radio
verilişlərində belə hallarla çox tez - tez
qarşılaşırıq. Bu məsələ dövlət
səviyyəsində keçirilən tədbirlərdə də
dəfələrlə xüsusi vurğulanıb. Dövlətimizin
başçısı çıxışlarının
birində bəzi mətbuat orqanlarında, radio və televiziya
kanallarında ədəbi dil normalarının pozulmasının
adi hal aldığını diqqətə
çatdırmış və ana dilimizin işlədilməsinə
göstərilən biganəliyi kəskin tənqid edərək
demişdir:"Biz dilimizi qorumalıyıq. Kim bunu
qorumalıdır? İlk növbədə ziyalılar, ədiblər,
şairlər, eyni zamanda nüfuzlu insanlar, söz sahibləri,
bizim televiziya kanalları. Mən də baxıram bizim kanallara.
Başqa qüsurlarla yanaşı, bax, bu, məni çox
incidir. Bizim dilimizə aid olmayan kəlmələr işlədilir.
Nə üçün? Axı bizim eyni məna daşıyan
bir neçə kəlməmiz vardır. Sən Azərbaycan
sözündən istifadə et. Başqa dil bilmək
lazımdır. Mən hesab edirəm ki, bizim vətəndaşlarımız
nə qədər çox dil bilsə, o qədər
yaxşıdır. Xüsusilə gənclərimiz həm rus
dilini, ingilis dilini, həm türk dilini bilməlidirlər.
Ancaq biz dilimizi qorumalıyıq. Ona görə ki, bu, çox
ciddi məsələdir".
Yaddan
çıxarmamalıyıq ki, dil sadəcə ünsiyyət
vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir,
mahnıdır, musiqidir, millətin taleyidir. Azərbaycan dili
xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz təməlidir. Bu səbəbdən
də onun qorunması, işlədilməsi və qayğı
ilə əhatə olunması müstəqil Azərbaycanın
hər bir vətəndaşının müqəddəs
borcudur.
Ümid
edirik ki, ölkə başçısının 2012-ci il 23
may tarixli "Azərbaycan dilinin qloballaşma şəraitində
zamanın tələblərinə uyğun istifadəsinə
və ölkədə dilçiliyin inkişafına dair
Dövlət Proqramı haqqında" sərəncamı ana
dilimizin işlədilməsi və qorunması sahəsində
qarşıya çıxan nöqsanları birdəfəlik
aradan qaldıracaq. Əgər Azərbaycan dili dövlətçiliyimizin
başlıca rəmzlərindən sayılırsa, onun tətbiqində
də qarşıya qoyulan vəzifələrə ciddi riayət
olunmalıdır.
Əliqismət BƏDƏLOV
Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 4.