Olimpiya qəhrəmanlarımız.
Fəxri kürsünün ən yüksək pilləsində
Şərif Şərifova uğur
gətirən 11-lər
Şərif
Şərifovun 11 rəqəminə bir əhəmiyyət
verib-vermədiyini bilmirəm. Ancaq maraqlı məqamdır -
Azərbaycanın sərbəst güləş üzrə
yığma komandasının üzvü 1988-ci il noyabrın
11-də, yəni 11-ci ayın 11-ci günü anadan olmuş,
24 yaşının tamam olmasına üç ay
qalmış - 2012-ci il avqustun 11-də isə özünü
bütün dünyaya XXX Yay Olimpiya Oyunlarının
çempionu kimi tanıtmışdır. Elə buna görə
də bundan sonra hər dəfə 11 eşidəndə, 11
oxuyanda yəqin ki, çöhrəsini təbəssüm
bürüməlidir. Londonda fəxri kürsünün zirvəsində
Beynəlxalq Güləş Federasiyasının (FİLA) rəhbərlərindən
qızıl medalı və təbrikləri qəbul edəkən
bu təntənə 11 avqustda həyatının ən gözəl
anlarını yaşayan güləşçimizə
çox yaraşırdı.
O,
Bakıdan İngiltərəyə ötən ilin
payızında İstanbulda keçirilmiş dünya
çempionatının qalibi kimi getmişdi. Amma bu heç də
ilk böyük nailiyyəti deyildi. Türkiyədən
qızıl medalla qayıtmazdan əvvəl daha bir neçə
mötəbər yarışda mükafatçılar
sırasında yer tutmuş, fəxri kürsüyə
yüksəlmişdi. Həmin uğurularını sadalamaq istəsək,
2009-cu ildə Danimarkanın Herninq şəhərində
keçirilmiş dünya çempionatının
bürünc, növbəti iki ildə əvvəlcə
Bakıda, sonra isə Almaniyada təşkil olunmuş Avropa
çempionatlarında müvafiq surətdə
gümüş və bürünc medalları, ötən
ilin sonunda Londonda olimpiyaqabağı sınaq turnirinin birinci
mükafatı da yada düşər.
Ancaq
Avropa və dünya çempionatlarının medallarından,
lap elə qızıllarından da qiymətli mükafat var. Elə
bir mükafat ki, onu qazanan idmançının təmsil etdiyi
ölkənin sərvətinə çevrilir, bu ölkənin
qənimətlər xəzinəsində ən layiqli yerlərdən
birini tutur. Əlbəttə, hiss etdiyiniz kimi, söhbət
dünyada tayı-bərabəri olmayan Olimpiya oyunları kimi
möhtəşəm, iki həftə ərzində
bütün planeti həyəcan içində, gərgin vəziyyətdə
saxlayan, kimiyə hədsiz, təsəvvürolunmaz sevinc gətirən,
kimini də məyus edən ən böyük idman
bayramından gedir. Bu yarışdan qalib ayrılıb
mükafat qazananların bütün həyatları boyu öz
idman hünərləri ilə fəxr etməyə haqları
var.
Dağıstanda
boya-başa çatmış Şərif də əksər
yaşıdları kimi, idmana uşaq yaşlarından maraq
göstərib, üstünlüyü sərbəst güləşə
verib, artıq on yaşında ikən bu növ üzrə
bölməyə yazılıb, tədricən təcrübə
toplayıb, yarışlarda qüvvəsini sınayıb və
tezliklə ilk qələbə və medallarını, fəxri
fərman və diplomlarını qazanıb. Belə demək
mümkünsə, bununla da ən böyük idman nailiyyətlərinin
- dünya çempionatının və Olimpiya
oyunlarının medallarının axtarışına
başlayıb və məqsədə doğru səbrlə,
təmkinlə irəliləyib.
Və
təxminən bir il ərzində - 2011-in sentyabrından
2012-nin avqustunadək böyük bir yol keçdi. Şərif
Şərifov əvvəlcə qardaş Türkiyədə
dünya çempionatının qızıl medalına və
onunla da birlikdə Olimpiya oyunlarına lisenziyaya sahib olmaqla, XXX
Olimpiadanın fəxri kürsüsünə doğru
özünə yol açdı və bu yolun sonunadək bir dəfə
də büdrəmədi, özünü də, komanda
yoldaşlarını da, məşqçilərini də -
bütün Azərbaycanı sevindirdi.
Londonda keçilən yola bir daha fəxrlə, qürur hissi ilə nəzər salsaq, nə görərik? Səkkizdəbir finalda türkiyəli İbrahim Bölükbaşı ilə görüşdə inamlı qələbə - 3:1, 5:3. Dörddəbir finalda ABŞ təmsilçisi Ceyk Herbert də Şərifin hücumlarına davam gətirmir və güləşçimizin hesabına daha böyük fərqlə qələbə yazılır - 4:1, 6:0. Yarımfinalda isə gələcək çempionumuz kəskin rəqabətlə üzləşir. İranlı Ehsan Laşqari ilə görüşün birinci hissəsi Şərifovun xeyrinə başa çatsa da (1:0), ikinci hissədə bu üstünlüyü qorumaq mümkün olmur (0:2) və əsas vaxtda rəqiblərdə sevinc və məyusluq hissləri qonşuluq edir, onlar 1:1 hesabı ilə razılaşırlar. Həlledici, üçüncü hissədə Azərbaycan idmançısı daha yaxşı güləşib (2:1) xalçanı qələbə ilə tərk edir.
Finalda isə təmsilçimiz heç bir problemlə üzləşmədi. Puerto Riko güləşçisi Xayme Espionola qalib gəlmək Şərif Şərifov üçün çətin olmadı. İki hissədə üst-üstə 7:1 hesabı da bu fikri təsdiqləyir - 5:1 və 2:0. Halbuki buna qədər Cənubi Amerika güləşçisi ilə heç vaxt heç bir yarışda yolları kəsişməmişdi.
Bu barədə o özü Olimpiadada son görüşünü başa vurduqdan sonra belə demişdi: - Çempion olacağıma yarımfinalda iranlı Laşqari üzərində qələbədən sonra inandım. Mən əvvəllər də, məsələn, Bakıda Dünya kuboku yarışında da ona qalib gəlmişdim. Puerto Riko güləşçisi Espionolu isə tamamilə tanımırdım, onun güləş üslubu barədə heç nə bilmirdim.
Beləliklə, Şərif Şərifov onunla eyni gündə xalça üzərinə çıxan və ondan bir qədər əvvəl 60 kiloqram çəki dərəcəsində London Olimpiadasının çempionu adını qazanan komanda yoldaşı Toğrul Əsgərovdan geri qalmadı, əksinə, onun müvəffəqiyyətini bir qədər də inkişaf etdirib həmin axşam "sərbəstlərin" yarışında ölkəmizə ikinci qızıl medal qazandırdı.
Finalın yenicə başa çatdığı anlarda Olimpiya çempionumuzun Azərbaycan milli komandasında məşqçiləri Saypulla Absaidov və Firdovsi Umudov necə də xoşbəxt görünürdülər! Onların bir çox il ərzində yorulmaq bilmədən Şərifə keçdikləri dərs, öyrətdikləri fəndlər yetirmələrini 84 kq çəki dərəcəsində Olimpiadanın 1 nömrəli güləşçisi kimi göylərə, şöhrətin zirvəsinə qaldırmışdı.
O, Londona Olimpiya oyunlarında uğurla çıxış etmək, medal qazanmaq, fəxri kürsüyə yüksəlmək məqsədilə getmişdi. Arzusuna çatmaq üçün də əlindən gələni etdi və son nəticədə XXX Olimpiadanın azərbaycanlı qəhrəmanlarından biri oldu. İdmanda isə Olimpiya oyunlarının çempionu olmaqdan böyük qələbə yoxdur. Bu qələbənin çevincini yaşamaq, tarixi bir zəfərə imza atmaq üçün gərək özün kimi böyük arzularla yaşayan, müxtəlif illərdə müxtəlif beynəlxalq yarışlarda ad çıxaran bir-birindən iddialı rəqiblərdən üstün güləşəsən.
Bundan ötrü Azərbaycanda hər cür imkan vardır. Milli Güləş Federasiyasının öz nümayəndələrinə göstərdiyi daimi qayğı və diqqət sayəsində onlara hər cür şərait yaradılmışdır. Bu şəraitdən mümkün qədər çox fayda götürmək istəyən güləşçilər və onların məşqçiləri də göstərilən qayğıya cavab olaraq yüksək etimadı doğrultmağı özlərinin başlıca vəzifəsi hesab edirlər.
Böyük təşkilatçılıq bacarığı, yüksək məsuliyyət hissi və xalça üzərinə tam hazırlıqla çıxmaq əzmi öz bəhrəsini verdi, XXX Yay Olimpiya Oyunlarının sərbəst güləş yarışlarının yeddi qızıl medalından ikisi Azərbaycan komandasının üzvlərinə təqdim olundu.
Bu da dərin bir rəmzi məna daşıyır ki, Toğrulla Şərifin London qələbələri Helsinki Olimpiadası - 52-də Azərbaycan güləş məktəbinin məşhur yetirməsi Rəşid Məmmədbəyovun SSRİ yığma komandası heyətində qazandığı gümüş medalın 60 illiyinə təsadüf edir. Altmış il əvvəl Finlandiya paytaxtında əsası qoyulmuş gözəl ənənə Londonda birdən-birə iki qızıl medalla daha da möhkəmləndirilmişdir. Əgər İngiltərə torpağınıda görüşlər başlananadək sərbəst güləşdə Namiq Abdullayevin timsalında Azərbaycanın bir Olimpiya çempionu var idisə, XXX Olimpiadanın sonuncudan əvvəlki günündən bəri daha iki "sərbəstimiz" Olimpiya oyunlarının qızıl medalının sahibidir. Namiq, Toğrul və Şərif. İndi bu adlar həmişə yanaşı çəkiləcək və daim xalqımız tərəfindən böyük hörmətlə, dərin minnətdarlıq hissi ilə xatırlanacaq.
Şərif Şərifov çox gərgin hazırlıq prosesindən və böyük qələbədən sonra hazırda layiqli istirahətdədir. O, yaranmış imkandan istifadə edərək futbola da gedir. Bunu azerisport.com-un avqustun 25-də yaydığı bir xəbərdən bilirəm. Həmin xəbərdə oxuduqlarımı sizin də diqqətinizə çatdırıram: "Olimpiya çempionu, Azərbaycanın sərbəst güləş üzrə yığma komanadasının üzvü Şərif Şərifov Avropa Liqasının təsnifat raundunda Mahaçqalanın "Anji" və Hollandiyanın AZ komandaları arasında matçıizləyib. Əslən Mahaçqaladan olan Şərifov oyuna London Olimpiadasının digər iki qalibi Rusiya cüdoçuları Mənsur İsayev və Tahir Xaybuxayevlə birlikdə gəlib.
Görüşdən sonra Olimpiya çempionları üçlüyü Mahaçqala futbolçularının paltardəyişmə otağınıda olub. Komandanın meneceri, futbol üzrə dünya çempionu Roberto Karlos öz tvitterində bu barədə belə yazıb: "Olimpiya çempionları qonağımızdırlar. Onlar dahi idmançılardır".
Yenicə oxuduğunuz bu sətirləri dünən qələmə aldıqdan sonra onları bir daha gözdən keçirərkən yadıma düşdü ki, Şərif Şərifov Olimpiadaya lisenziyanı 2011-ci ildə qazanmışdı. Deməli, tam dəqiqləşdirək. O, 1988-ci ilin 11-ci ayının 11-ci günü doğulmuş, 2011-ci ildə XXX Yay Olimpiya Oyunlarına lisenziya qazanmış və bu il avqustun 11-də çempion olmuşdur...
Oqtay BAYRAMOV
Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 5.