Ağdaş sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur

 

Ağdaş-Bakı yolunun sağ tərəfində, şəhərin çıxacağındakı geniş sahə, sözün əsl mənasında, tikinti meydançasını xatırladır. Əslində, burada tikinti işlərinə son vaxtlar başlanılıb. Ancaq işlərin sürət və miqyası o qədər genişdir ki, yerli sakinlər də, elə qonaqlar da maraq və təəccüblərini gizlədə bilmirlər. Hətta çoxları elə düşünür ki, bəlkə burada yeni şəhər salırlar. Yalnız vəziyyətlə ətraflı tanışlıqdan sonra əsl həqiqət meydana çıxır.

Düzdür, burada təzə şəhər salınmır. Tikilən, qurulan, yaradılan isə yeni inzibati mərkəzdir. Daha dəqiq desək, maraqlı layihələr əsasında ucalan və tikilən Ağdaş Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin, Gənclər Mərkəzinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binalarıdır.

Ağdaş rayonunun sosial-iqtisadi və mədəni inkişafı, burada son vaxtlar həyata keçirilən layihələr barədə bu yazını yeni inzibati mərkəzdən başlamağımız heç də təsadüfi deyil. Bu bir jurnalist olaraq mənə son vaxtlar rayonun bütün sahələrini əhatə edən inkişaf və yüksəlişin, yenilik və axtarışların başlanğıcı, timsalı kimi gəldi.

Hər şeydən əvvəl, qeyd edək ki, tikinti-abadlıq və quruculuq işləri cari ilin ötən ayları ərzində də sürət və keyfiyyətlə davam etdirilmişdir. Rayon icra hakimiyyətinin yeni rəhbərliyini daha çox ayrı-ayrı sahələrdə hələ də istifadə edilməmiş imkan və ehtiyat mənbələri, prioritet sahələr, inkişafın dinamikası, iş üslüb və metodlarının, təşkilat-idarəetmə məsələlərinin daha çevik və operativ şəkildə qurulması və s. maraqlandırırdı. İlk addımlar, təşəbbüslər də məhz bu istiqamətdə atıldı.

Düzdür, o qədər də uzun müddət keçməyib. Ancaq bununla bərabər, ilk uğurlu nəticələr barədə danışmaq, müqayisə və təhlil aparmaq mümkündür.

Belə ki, 2012-ci ilin ötən ayları ərzində Müşviq İsayev, 20 Yanvar küçələri, eləcə də şəhərin iki qəbiristanlığı abadlaşdırılmış, Ağdaş-Qəbələ yolunun kənarlarında səliqə-səhman yaradılmış, mərkəzdə "Azadlıq" meydanı yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin adını daşıyan park tamamilə yenidən qurulur. Tikinti və abadlıq işləri başa çatdıqdan sonra park, heç şübhəsiz, daha abad, müasir və gözəl olacaqdır. Qolqəti, Ərəbocaq və Tofiqi kəndlərində həkim məntəqələrinin, Qəribli, Abad və Şordəhnə kəndlərində 180 yerlik, Ovuclu kəndində 80 yerlik yeni məktəb binalarının tikintisində, S.Vurğun adına 1 nömrəli orta məktəbin və 11 nömrəli uşaq bağçasının əsaslı təmirində son tamamlama işləri görülür. Qarabağlı, Cardam, Kotanarx, Eymur kəndlərində 180 yerlik, Qaroğlan kəndində 80 yerlik əsas məktəb binalarının, 5 yerlik yeni bağça binasının inşasına başlanmışdır.

Son vaxtlar şəhər sakinlərinin dərin razılığına səbəb olan tədbirlərdən biri də çoxmərtəbəli yaşayış binalarının ətrafında, həyət-bacasında aparılan səliqə-sahman və abadlıq işləridir. Burada sakinlərin, xüsusilə kiçik yaşlıların dincəlməsi və əyləncəsi üçün hər cür şərait yaradılır.

Elektrik enerjisi və təbii qaz yanacağı ilə təminatı yaxşılaşdırmaq məqsədilə təmir işləri davam etdirilmiş, 47 kilometr uzunluğunda elektrik xətti əsaslı və cari təmir olunmuşdur. Rayonun Kükəl kəndi ərazisində elektrik yarımstansiyasının tikintisi davam etmişdir. Ağdaş şəhərinin və Ləki qəsəbəsinin küçələrində müxtəlif ölçülü qaz xətləri yenisi ilə əvəz olunmuşdur. Güvəkənd, Əmirarx, Bəylik kəndlərinə qaz xətləri çəkilmişdir. "Şəmsabad" qazpaylayıcı stansiyasından Ağdaş şəhərinə gələn xəttin xeyli hissəsi yeni yeraltı boru ilə əvəz edilmişdir.

Keçən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal olunmuşdur. Sahibkarlığın inkişaf etdirilməsi üçün 7 milyon 207 min manat, o cümlədən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 8 sahibkara 945 min manat həcmində kredit verilmişdir. 2012-ci ilin iyun ayında rayonda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kredit yarmarkası keçirilmiş və 10 sahibkara 140 min manat güzəştli kredit verilmişdir. Hazırda sahibkarlar tərəfindən Ağdaş şəhərində bir çoxmərtəbəli yaşayış binasının, bir istirahət mərkəzinin və bir sıra xidmət obyektinin tikintisi davam edir.

İqtisadiyyatın əsasını təşkil edən kənd təsərrüfatının inkişafı sahəsində də müəyyən işlər görülmüşdür. 2012-ci ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə taxıl 4552,7 ton, kartof 776,3 ton, tərəvəz 2643,7 ton, bostan 397,2 ton, meyvə 507 ton çox istehsal olunmuşdur. Bitkiçilik məhsulları istehsalının artması üçün aqrar bölmədə çalışanlara güzəştli qiymətlərlə 710,7 ton gübrə satılmışdır.

Müqayisə olunan dövrdə iri malın sayı 1758 baş, xırda malın sayı 2706 baş artmış, rayonda diri çəkidə ət istehsalı 239,3 ton, süd istehsalı 651 ton çoxalmışdır. Bakı şəhərində təşkil edilmiş kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarına 69 tondan çox müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir.

Mütəxəssislərin gəldiyi nəticəyə görə, Ağdaşın torpaq və iqlim şəraiti kənd təsərrüfatının ənənəvi sahələri ilə yanaşı, bağçılıq və tingçiliyi də sürətlə inkişaf etdirmək üçün olduqca əlverişlidir. Ona görə də hazırda yerlərdə bu istiqamətdə hazırlıq işləri görülür, inkişaf və ehtiyat mənbələri araşdırılır, sahənin daha çox intensiv yolla inkişafı üçün yollar axtarılır. Heç şübhəsiz ki, bu, rayonda əlavə gəlir mənbələrinin meydana çıxmasına, müvafiq emal müəssisələrinin yaradılmasına gətirib çıxaracaqdır.

Ümumiyyətlə, ötən dövr ərzində rayon üzrə ümumi məhsul istehsalı 5,3 faiz və ya 5 milyon 721 min manat artaraq 113 milyon 345 min manat, sənaye məhsulu istehsalı 2,5 faiz və ya 90 min manat artaraq 3 milyon 673 min manat, kənd təsərrüfatı məhsulu istehsalı 5,1 faiz və ya 3 milyon 202 min manat artaraq 65 milyon 470 min manat olmuşdur. Birinci yarım ildə 867 iş yeri yaradılmışdır. Bunun da 92-si daimidir. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 20 milyon 935 min manat həcmində, daha doğrusu, keçən ilin eyni dövrünə nisbətən 8,9 faiz çox investisiya qoyulmuşdur.

Bütün bunlar, əlbəttə, sevindiricidir. Lakin son vaxtlar aparılan təhlillər, yerlərdə keçirilən görüş və söhbətlər, mütəxəssislərin fikir və mülahizələri belə deməyə əsas verir ki, iqtisadiyyatın bütün sahələrində hələ istifadə edilməmiş imkan və ehtiyac mənbələri kifayət qədərdir. Məsələn, 2004-cü ildən başlanmış Ağdaş şəhərinin su-kanalizasiya şəbəkəsinin yenidən qurulmasının sürətləndirilməsi, çoxmənzilli yaşayış binalarının əsaslı təmir olunması, kəndlərarası yolların asfaltlaşdırılması, təbii qazla təmin olunmayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması, içməli su mənbəyi kimi suvarma arxlarından istifadə olunan 46 kənddə sutəmizləyici qurğuların quraşdırılması, aztəminatlı ailələr və əlillər üçün çoxmənzilli yaşayış binalarının tikintisi, əhalinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və başqa problemlərin aradan qaldırılması məqsədilə ardıcıl və sistemli iş aparılmalıdır.

Əhalinin kommunal xidmətlə təchizatında nöqsanlar və çatışmazlıqlar daha çoxdur. Bu cəhətdən "Ağdaş Su-Kanal" törəmə səhmdar cəmiyyətinin, kommunal müəssisələri kombinatının və Qaz İstismar Sahəsinin fəaliyyəti günün tələblərinə cavab vermir.

Aqrar bölmənin daha sürətlə inkişaf etdirilməsi, torpaqdan istifadənin səmərəliliyinin artırılması, suvarılan əkin sahələrinin genişləndirilməsi və şoranlaşmanın qarşısının alınması üçün Türyançay Suvarma Sistemləri və Pirəzə Mexaniki Suvarma idarələri öz fəaliyyətini daha da gücləndirməlidirlər. Bir çox ərazi icra nümayəndəlikləri uyğunlaşdırılmış və istismara yararsız vəziyyətdə olan binalarda yerləşdirilmişdir. Onların maddi-texniki bazasının möhkəmləndirilməsi, informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması sahəsində də hələ çox iş görülməlidir. Tikinti-quruculuq və abadlıq işləri heç də bütün qəsəbə və kəndlərdə qənaətbəxş səviyyədə təşkil olunmamışdır.

Vergilərin vaxtında toplanmaması bələdiyyə büdcəsinin formalaşmasına mənfi təsir etmiş, nəticədə, ərazilərdə problemlərin aradan qaldırılması mümkün olmamışdır. Göründüyü kimi, görüləsi işlər, həlli vacib problemlər kifayət qədərdir. Elə ona görə də hazırda rayonda bütün imkan və səylər bu istiqamətdə hərəkətə gətirilmiş, intizam və tələbkarlıq daha da gücləndirilmişdir. Əsas diqqət ona yönəldilmişdir ki, kadrlardan tapşırılmış iş üçün ciddi məsuliyyət tələb edilsin, insan amili, onların vacib sosial ehtiyaclarının vaxtında yerinə yetirilməsi təmin olunsun.

Son səfərimiz zamanı gördüklərimizə, müşahidə etdiklərimizə və eşitdiklərimizə əsaslanıb deyə bilərik ki, indi Ağdaş daha sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur.

 

 

Ziyəddin SULTANOV

 

Xalq qəzeti.- 2012.- 29 avqust.- S. 6.